Pyer Qaspar Şomett (), digər adı ilə Anaksaqor Şomett (; ) — Fransa inqilabı dövrünün Fransa siyasi xadimi, 1792-ci il Paris Kommunasının prokuror-sindiki, "Ağıl kultu"nun banilərindən biridir.

Həyatı O, ilkin olaraq gəmidə gəmiçi köməkçisi kimi xidmət etmiş, daha sonra Parisdə mirzəliklə məşğul olmuşdur.

İnqilab illərində o, inqilabi mətbuatın (xüsusilə "Révolutions de Paris" qəzetinin) fəaliyyətində iştirak etmiş və kordelyerlər klubunda müəyyən rol oynamışdır.

10 avqust 1792-ci il üsyanından sonra Şomett Paris Kommunasının üzvü və baş prokuroru olmuşdur. O, öz müavini Jak-Rene Eber ilə birlikdə Paris sankülotları hərəkatının rəhbərlərindən birinə çevrilmişdir. Bu vəzifələri icra edərkən onların hər ikisi sentyabr qətliamlarının təşkilində mühüm rol oynamışdılar. Şomett terror siyasətinin ən ifrat tərəfdarlarından biri hesab olunurdu.

İnqilabi tribunalların təsis edilməsi, jirondistlərin təqib olunması, "Ağıl kultu"nun tətbiqi, şübhəlilər haqqında qanunun qəbul edilməsi kimi məsələlərin hər birində Şomett ya təşəbbüskarlardan biri, ya da ən azı fəal tərəfdarlardan biri kimi çıxış etmişdir. Köhnə nizama və dinə bəslədiyi nifrət səbəbindən o, qədim kilsələrdə qorunub saxlanılan bir çox incəsənət əsərini məhv etmişdir. Xristianlığın ləğvi prosesi çərçivəsində o, öz katolik adlarından imtina etmiş və o dövrün antik adlara olan dəbi fonunda, ateist mülahizələrinə görə təqiblərə məruz qalmış qədim yunan filosofunun şərəfinə özünü Anaksaqor adlandırmışdır.

Digər tərəfdən, Şomett fəal sosial islahatçı olmuşdur və onun bu sahədə müəyyən xidmətləri mövcuddur. O, məktəblərdə cismani cəzaların ləğv edilməsi, savadlılığın yayılması və digər bu kimi məsələlərin tərəfdarı kimi çıxış etmişdir. O, bütün respublikaçıların taxta başmaqdan başqa ayaqqabı geyinməməsini, nəfis və baha başa gələn təamlar yeməməsini tələb edirdi. Maksimilyen Robespyer və Jorj Jak Danton onun üçün, eləcə də Jak-Rene Eber üçün hədsiz dərəcədə mötədil fiqurlar hesab olunurdu və Şomett onlara qarşı mübarizə aparırdı. Ebertçilər məhkəməyə cəlb edilərkən Şomett də onların prosesinə daxil edilmiş və 13 aprel 1794-cü il tarixində gilyotin ilə edam olunmuşdur.

İstinadlar

Kateqoriya:Edam olunmuş inqilabçılar Kateqoriya:Fransa inqilabçıları Kateqoriya:Fransa siyasətçiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri