Mürtəza Yəzdi () () — İran həkimi, "53-lər" qrupunun üzvü, İran Tudə Partiyasının təsisçilərindən biri, Mərkəzi Komitəsinin üzvü və səhiyyə naziri. O, Tehran Universitetinin professoru və Tehranın tanınmış cərrahlarından biri hesab edilirdi. Atası Şeyx Məhəmmədhüseyn Nəduşəni Yəzdi, anası isə Səfiyyə Yəzdi olmuşdur. Atası məşrutəçi ruhanilərdən və Tehranı təmsil edən Milli Məclisin ilk üç çağırışının deputatı idi. O, şah Rza Pəhləvinin tərəfdarı olmuş və 1925-ci ilin dekabrında konstitusiyaya edilən dəyişikliklərlə Pəhləvilər sülaləsinin hakimiyyətini rəsmiləşdirən Müəssislər Məclisində ən yaşlı deputat kimi iştirak etmişdir. Həyat yoldaşı Helabdorftis almanmənşəli idi və onların iki oğlu var idi.

Təhsili

Mürtəza Yəzdi 1907-ci ildə Yəzddə yüksək vəzifəli ruhani ailəsində anadan olmuşdur. Atası İran Konstitusiya inqilabına töhfələr vermiş yüksək vəzifəli ruhani idi. Atasının ölümündən sonra İbrahim Hakimi onun qəyyum atası kimi rol oynamışdır.

Mürtəza Yəzdi atasının mövqeyi sayəsində şah Rza Pəhləvinin dövründə tələbələrin kütləvi şəkildə xaricə göndərilməsi proqramından əvvəl İran hökumətinin vəsaiti hesabına təhsil almaq üçün Almaniyaya göndərilmişdir. O, 1925-ci ildə dövlət təqaüdü ilə Berlinə getmiş, cərrahlıq ixtisası üzrə mütəxəssislik dərəcəsi aldıqdan sonra 1931-ci ildə İrana qayıtmışdır. İlkin olaraq onun üçün aylıq otuz tümən təqaüd müəyyən edilmişdir, lakin bu məbləğ 1928-ci ildə aylıq altmış tümənə qaldırılmışdır. O, Berlində olduğu müddətdə Tağı Ərani ilə əlaqəli idi.

Siyasi fəaliyyəti Almaniyada olduğu müddətdə Mürtəza Ələvi vasitəsilə kommunizm ideyaları ilə tanış olmuşdur. Şah Rza Pəhləvi hakimiyyəti dövründə 1937-ci ildə Tağı Əraninin sosialist birliyinə ("53 nəfər" qrupu) üzv olmaq ittihamı ilə bir müddət həbs edilmişdir, lakin o, məhkəmədəki müdafiə çıxışında doktor Əraninin partiyasına üzv olduğunu inkar etmişdir. Doktor Mürtəza Yəzdi Tağı Əraninin "53 nəfər" qrupuna üzv olmaq ittihamı ilə aldığı beş illik həbs cəzasına yenidən baxılması üçün həbsxanada olduğu müddətdə, cəzasının təxminən iki ilini çəkdikdən sonra bir ərizə yazaraq 1939-cu ilin yanvarında Ali Məhkəməyə göndərmişdir.

1941-ci ilin sentyabr hadisələrindən və Tudə Partiyasının yaradılmasından sonra o, bu partiyanın təsisçi üzvlərindən biri olmuş və rəhbər heyətinə seçilmişdir. O, daha sonra partiyanın mərkəzi şurasının üzvü seçilmiş və təşkilatın mülayim qanadına mənsub olmuşdur. 1944-cü ildə keçirilən parlament seçkilərində Tehran bölgəsindən namizədliyini irəli sürmüş, lakin təxminən 41 000 səsdən 4 719-nu (təxminən %11.5) qazanaraq uğur əldə edə bilməmişdir.

1946-cı ildə Azərbaycan məsələsinin həlli və şimal nefti güzəştləri çərçivəsində Əhməd Qəvamın kabinetinə daxil olan üç "tudəçi" nazirdən biri kimi Səhiyyə Nazirliyinə rəhbərlik etmişdir. 1949-cu ildə şaha qarşı edilən sui-qəsd cəhdindən sonra yenidən həbs olunmuşdur. 19 avqust 1953-cü il çevrilişindən sonra doktor Yəzdi bir çox digər "tudəçilər" kimi həbs edilmiş, ölüm cəzasına məhkum olunmuşdur. Əfv dilədikdən sonra şah onun cəzasını bir dərəcə yüngülləşdirərək ömürlük azadlıqdan məhrumetmə ilə əvəzləmiş, sonradan isə o, azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra yalnız həkimlik və müəllimlik fəaliyyəti ilə məşğul olmuş, siyasi fəaliyyətdən uzaq durmuşdur. Bundan əlavə, o, ən azı 1979-cu ilə qədər Tudə Partiyası ilə dost münasibətləri saxlamışdır. Onun oğlu Hüseyn Yəzdi Tudə Partiyası daxilində SAVAK üçün casusluq fəaliyyəti göstərmişdir. İstinadlar

Kateqoriya:İranlı məhbuslar və məhkumlar