Abbas Məlikzadə Milani () () — İran–ABŞ tarixçisi, pedaqoqu və müəllifi. Milani Stanford Universitetində politologiya üzrə dəvət olunmuş professor, həmçinin Həmid və Kristina Müqəddəm adına İran Araşdırmaları proqramının direktorudur. O, eyni zamanda Stanford Universitetinin Huver İnstitutunda elmi işçi və İran Demokratiyası Layihəsinin həmsədri vəzifəsini icra edir. Milani özünün "Lost Wisdom: Rethinking Modernity in Iran" (2004-cü il, "Mage Publications") adlı kitabında İranda modernizmin tarixinin min ildən daha əvvələ təsadüf etdiyinə dair sübutlar aşkar etdiyini bildirmişdir.

Həyatı Milani İranda imkanlı bir ailədə anadan olmuş, on altı yaşında Kaliforniyaya göndərilmiş və cəmi bir illik təhsildən sonra 1966-cı ildə Oklend Texniki Orta Məktəbini bitirmişdir. Milani 1970-ci ildə Berkli Kaliforniya Universitetində politologiya və iqtisadiyyat üzrə bakalavr dərəcəsi, 1944-cü ildə isə Havay Universitetində politologiya üzrə fəlsəfə doktoru dərəcəsi qazanmışdır.

Milani o zamankı sevgilisi Fəriştə ilə birlikdə İrana qayıdaraq 1975-ci ildən 1977-ci ilə qədər İran Milli Universitetində politologiya üzrə assistent professor kimi fəaliyyət göstərmişdir. O, metaforalarla pərdələnmiş marksist mövzularda mühazirələr oxumuş, lakin "hökumətə qarşı fəaliyyətlərinə" görə siyasi məhbus kimi iki il müddətinə həbs edilmişdir. 1977-ci ildən 1978-ci ilə qədər İran Sosial Araşdırmalar Mərkəzində elmi işçi kimi çalışmışdır. O, həmçinin 1979-cu ildən 1986-cı ilə qədər Tehran Universitetində hüquq və politologiya üzrə assistent professor və Tehran Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzinin idarə heyətinin üzvü olmuşdur, lakin İran İslam İnqilabından sonra onun hər hansı material nəşr etməsinə və ya dərs deməsinə icazə verilməmişdir. 1986-cı ildə, İran-İraq müharibəsi dövründə İrandan ayrılaraq Amerika Birləşmiş Ştatlarına köçmüş, ardınca isə oğlu Həmid və həyat yoldaşı Fəriştə də onun yanına getmişdir.

Kaliforniyaya qayıdan Milani, Belmont şəhərindəki Notr-Dam de Namür Universitetində tarix və politologiya professoru, həmçinin kafedra müdiri təyin edilmişdir. O, həmçinin Kaliforniya Universitetinin (Berkli) Beynəlxalq Araşdırmalar İnstitutunda elmi işçi qismində fəaliyyət göstərmişdir.

Milani 2001-ci ildə Huver İnstitutunda elmi işçi olmuş, 2002-ci ildə isə Notr-Dam de Namür Universitetindən Stanford Universitetinə keçmişdir. O, hazırda Stanford Universitetində Həmid və Kristina Müqəddəm adına İran Araşdırmaları proqramının direktorudur.

Milaninin fəaliyyəti 2011-ci ildə ümumi rəğbətlə qarşılanan "The Shah" kitabının nəşrindən sonra beynəlxalq miqyasda geniş tanınma qazanmışdır. Rəyçilər əsərin elmi dərinliyini və belə bir ziddiyyətli mövzunun işıqlandırılmasında Milaninin bitərəfliyini yüksək qiymətləndirmişdi. Bu xüsusda "Washington Times" qəzetindən Devid K. Açeson araşdırma və təhlillərin "təsirli" olduğunu qeyd etmişdir. Açeson istifadə olunan geniş mənbələr, qeydlər, müsahibələr və yazışmaları əsərin elmi ciddiliyinin və dolğunluğunun sübutu kimi göstərmiş, "The Shah" kitabının bu mövzuda fundamental bioqrafiya olacağını vurğulamışdır.

2011-ci ildən bəri Milani tədqiqatlarının diqqət mərkəzini şah Rza Pəhləvi dövrünə yönəltmişdir.

Siyasi fəaliyyəti Gənclik illərində marksizm–leninizm ideyalarını mənimsəyən Milani 1975-ci ildə İran təhlükəsizlik qüvvələri tərəfindən ifşa olunmuş gizli bir maoçu dərnəyin üzvü olmuşdur. Bunun ardınca Evin həbsxanasına salınmış və burada inqilabi siyasətdən məyusluq yaşamışdır. Onun sonrakı ideologiyası neokonservatizm kimi xarakterizə edilmişdir. 2009-cu ilin iyul ayında, İrandakı prezident seçkiləri etirazları fonunda Milani Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələrdə çıxış etmiş, iranlılara qarşı "çoxtərəfli və sarsıdıcı sanksiyaların" tətbiq edilməsinə çağırmışdır. O, həmçinin konqresmenlərə İrana hərbi müdaxiləni dəstəkləməməyi tövsiyə etmiş və bunun rejim dəyişikliyinə dair ABŞ-nin siyasi məqsədinə töhfə verməyəcəyini bildirmişdir. Bu hadisədən qısa müddət sonra, seçkidən sonrakı məhkəmə proseslərində İran prokurorları müttəhimlərin Milani ilə əlaqəsini iddia edərək rəsmi ittihamnamədə onun adını xüsusi qeyd etmişdilər. Həmid Dəbaşi İrandakı yerli demokratiya əvəzinə xarici müdaxiləni dəstəklədiyinə və bununla da İran Yaşıl Hərəkatına zərər vurduğuna görə Milanini tənqid etmişdir.

Şəxsi həyatı Milani ilk həyat yoldaşı Fəriştə Davarandan 1988-ci ildə ayrılmışdır. O, hazırda Stanford şəhərciyində (kampusunda) Notr-Dam de Namür Universitetinin psixologiya kafedrasının keçmiş müdiri və fəxri professoru (professor emerita) olan ikinci həyat yoldaşı Cin Nayland ilə birlikdə yaşayır.

Əsərləri

Kitablar

Esse və məqalələr

İstinadlar

Xarici keçidlər

Milani's Official Stanford Web Site Milani's Hoover Institution Biography

Kateqoriya:İranda siyasi məhbuslar Kateqoriya:XX əsr İran tarixçiləri