Məsih () və ya Messiya (HWV 56)Həmçinin HG xlv və HHA i/17 kimi kataloqlaşdırılmışdır. — Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə bəstələnmiş ingilisdilli oratoriya. Əsərin mətni Çarlz Cennens tərəfindən Kral Ceymsin Bibliyası və Koverdeyl Psalteriyasından götürülmüş parçalar əsasında tərtib edilmişdir. Əsər ilk dəfə 13 aprel 1742-ci ildə Dublində ifa olunmuş, bir il sonra isə Londonda premyerası keçirilmişdir. İlkin dövrdə ictimaiyyət tərəfindən nisbətən təmkinlə qarşılanan oratoriya sonradan getdikcə daha böyük populyarlıq qazanmış və nəticədə Qərb musiqisinin ən məşhur və ən çox ifa olunan xor əsərlərindən birinə çevrilmişdir.

Hendel 1712-ci ildən etibarən yaşadığı İngiltərədə şöhrətini İtalyan operaları bəstələməklə qazanmışdı. 1730-cu illərdə ictimai zövqdə baş verən dəyişikliklərə cavab olaraq o, ingilisdilli oratoriya janrına müraciət etmişdir; Məsih onun bu janrda bəstələdiyi altıncı əsər idi. Əsərin quruluşu operaya bənzəsə də, dramatik formada deyil: burada personajların səhnəvi təcəssümü və birbaşa nitq yoxdur. Bunun əvəzinə Cennensin tərtib etdiyi mətn Məsih adlandırılan İsa haqqında geniş dini düşüncədən ibarətdir. I hissə Yesaya və digər peyğəmbərlərin peyğəmbərlikləri ilə başlayır və daha sonra İncillərdən götürülmüş yeganə "səhnə" olan Çobanlara müjdənin verilməsi epizoduna keçir. II hissədə Hendel əsas diqqəti İsanın iztirabları yönəldir və hissə "Halleluya" xoru ilə başa çatır. III hissədə isə həvari Pavelin ölülərin dirilməsi haqqında təlimindən və Məsihin göylərdə izzətləndirilməsindən bəhs olunur.

Hendel Məsih əsərini nisbətən kiçik vokal və instrumental heyət üçün bəstələmiş, ayrı-ayrı nömrələrin bir çoxu üçün alternativ ifa variantları da nəzərdə tutmuşdur. Bəstəkarın ölümündən sonrakı illərdə əsər daha geniş miqyaslı ifalar üçün uyğunlaşdırılmış, nəhəng orkestrlər və ümumi sayı 800 nəfərə çatan xor heyətləri ilə səsləndirilmişdir. Əsərin orkestr quruluşunun müasirləşdirilməsi istiqamətində ilk cəhdlər Motsartın "Der Messias" versiyası ilə başlanmışdır. XX əsrin sonu və XXI əsrin əvvəllərində isə Hendelin ilkin bədii niyyətlərinə mümkün qədər sadiq ifa ənənəsinin bərpasına meyl güclənmişdir. Bununla belə, Məsih əsərinin böyük ifaçı heyətləri ilə hazırlanmış monumental tamaşaları da təşkil olunmağa davam edir. Əsərin demək olar ki, tam versiyası 1928-ci ildə 78 dövr/dəqiqə sürətli qrammofon vallarında buraxılmış, bundan sonra isə dəfələrlə səsyazmaya alınmışdır.

Oratoriyanın avtoqraf əlyazması Britaniya Kitabxanasında qorunub saxlanılır.

Tarixi-mədəni mühit 200px|thumb|left|Londondakı Voksholl bağlarında Hendelin şərəfinə ucaldılmış heykəl; hazırda Viktoriya və Albert Muzeyində saxlanılır. Bəstəkar Georq Fridrix Hendel 1685-ci ildə Brandenburq-Prussiyanın (indiki Almaniya ərazisi) Halle şəhərində anadan olmuş, 1712-ci ildə Londonda daimi məskunlaşmış və 1727-ci ildə Britaniya təbəəliyinə qəbul edilmişdir. 1741-ci ilə gəldikdə Hendelin Britaniya musiqi həyatındakı aparıcı mövqeyi onun layiq görüldüyü çoxsaylı fəxri mükafat və vəzifələrdə aydın şəkildə özünü göstərirdi. Bunların arasında Böyük Britaniya kralı II Georqun sarayı tərəfindən təyin edilmiş pensiya, Kral kapellasında musiqi bəstəkarı vəzifəsi, həmçinin sağlığında bir şəxs üçün olduqca qeyri-adi hal olaraq Voksholl bağlarında onun şərəfinə heykəlin ucaldılması var idi. Geniş və rəngarəng yaradıcılıq irsinə malik olan Hendel italyan operasının fəal tərəfdarlarından biri idi. O, bu janrı 1711-ci ildə "Rinaldo" operası ilə London səhnəsinə gətirmişdi. Sonrakı illərdə Hendel London teatrları üçün bu janrda 40-dan çox opera bəstələmiş və səhnəyə qoymuşdur.

1730-cu illərin əvvəllərində ictimaiyyətin İtaliya operasına marağı azalmağa başlamışdı. Con Qey və İohann Kristof Pepuşun ilk dəfə 1728-ci ildə səhnələşdirilmiş "Dilənçi operası" () əsərinin böyük uğur qazanması İtalyan operasının iddialı və təmtəraqlı xüsusiyyətlərini məsxərəyə qoyan ingilisdilli ballada-operaların geniş yayılmasının başlanğıcını qoymuşdu. Bilet satışlarından əldə olunan gəlirin azalması ilə Hendelin tamaşaları getdikcə daha çox zadəganların şəxsi maliyyə dəstəyindən asılı vəziyyətə düşürdü. 1730-cu ildə onun truppasına rəqib olan "Opera of the Nobility" opera şirkətinin yaradılmasından sonra belə maliyyə dəstəyini əldə etmək daha da çətinləşdi. Hendel bu çətinliyin öhdəsindən gəlsə də, bunun üçün şəxsi vəsaitindən böyük məbləğlər xərcləməli olmuşdu. İtalyan operasının gələcək perspektivləri zəifləsə də, Hendel bu janra sadiq qalırdı. Bununla belə, səhnə əsərlərinə alternativ olaraq ingilisdilli oratoriyalar təqdim etməyə başladı. O, 1707–1708-ci illərdə Romada, şəhərdə Papanın fərmanı ilə opera tamaşalarının müvəqqəti qadağan edildiyi dövrdə iki italyandilli oratoriya bəstələmişdi. Hendelin ingilisdilli oratoriya janrındakı ilk təcrübəsi təxminən 1718-ci ildə xüsusi himayədar üçün yazılmış və ifa edilmiş "Ester" əsəri olmuşdur.

1732-ci ildə Hendel "Ester"in yenidən işlənmiş və genişləndirilmiş versiyasını Heymarketdəki Kral Teatrında səhnəyə qoymuşdur. Mayın 6-da keçirilən təntənəli premyerada kral ailəsinin üzvləri də iştirak etmişlər. Əsərin uğuru Hendeli daha iki oratoriya — "Debora" və "Ataliya" — bəstələməyə həvəsləndirmişdir. 1733-cü ilin ortalarında hər üç oratoriya Oksforddakı Şeldon Teatrında böyük və rəğbətli tamaşaçı auditoriyası qarşısında ifa edilmişdir. Məlumatlara görə, universitet tələbələri beş şillinq qiymətində olan biletləri almaq üçün hətta öz mebellərini satırdılar.

1735-ci ildə Hendel musiqi və ədəbiyyata maraq göstərən varlı torpaq sahibi və librettist Çarlz Cennensdən "Saul" adlı yeni oratoriyanın mətnini almışdır. Hendelin yaradıcılığında əsas diqqət hələ də operaya yönəldiyindən o, "Saul" üçün musiqini yalnız 1738-ci ildə, 1738–1739-cu illər teatr mövsümünə hazırlıq zamanı bəstələmişdir. Əsər 1739-cu ilin yanvarında Kral Teatrında səhnəyə qoyulmuş və rəğbətlə qarşılanmışdır. Bunun ardınca qısa müddət sonra, ehtimal ki, mətni yenə Cennens tərəfindən hazırlanmış, lakin daha az uğur qazanmış "Misirdə İsrail" oratoriyası təqdim edilmişdir. Hendel opera bəstələməyə davam etsə də, onilliyin sonuna doğru ingilisdilli əsərlərə artan meyl qarşısıalınmaz xarakter almışdı. 1741-ci ilin yanvar və fevral aylarında sonuncu İtalyan operası Deidamiyanın üç tamaşasından sonra Hendel bu janrdan imtina etmişdir.

1741-ci ilin iyulunda Cennens Hendelə yeni oratoriya üçün libretto göndərmişdir. O, 10 iyul tarixində dostu Edvard Holdsvorta ünvanladığı məktubda yazırdı: "Ümid edirəm ki, [Hendel] bütün dühasını və məharətini bu əsərə sərf edəcək və nəticədə bəstə onun əvvəlki bütün əsərlərini üstələyəcək, necə ki, onun mövzusu bütün digər mövzulardan üstündür. Mövzu Məsihdir."

Sinopsis

Xristian teologiyasında Məsih bəşəriyyətin xilaskarıdır. Məsih (Māšîaḥ) Əhdi-Ətiqdə işlədilən və "məsh edilmiş şəxs" mənasını verən ivrit sözüdür; Əhdi-Cədidin yunan dilində onun qarşılığı Xristos sözüdür. Bu titul Nazaretli İsaya verilmiş və onun ardıcılları onu "İsa Məsih" adlandırmışlar. Qədim musiqi üzrə tədqiqatçı Riçard Lakett Handelin Məsih əsərini "[İsa Məsihin] doğulması, iztirabları, dirilməsi və göyə yüksəlməsinin şərhi" kimi səciyyələndirmişdir; əsər peyğəmbərlər vasitəsilə bildirilən Tanrı vədləri ilə başlayır və Məsihin göylərdə izzətləndirilməsi ilə başa çatır. Handelin əksər oratoriyalarından fərqli olaraq, Məsihdə müğənnilər dramatik rolları ifa etmirlər; əsərdə vahid və dominant təhkiyəçi səsi yoxdur və birbaşa nitqdən çox az istifadə edilir. Librettonun hazırlanması zamanı Çarlz Cennensin məqsədi İsanın həyatını və təlimlərini dramatik şəkildə təsvir etmək deyil, Müqəddəs Kitabın Kral Ceyms versiyasından, eləcə də 1662-ci il Ümumi dua kitabına daxil edilmiş Zəbur mətnlərindən seçilmiş parçaları bir araya gətirməklə "möminliyin sirri"ni () tərənnüm etmək idi.

Əsərin üç hissəli quruluşu Handelin üçpərdəli operalarının strukturuna təxminən uyğun gəlir; Cennens bu "hissələri" öz növbəsində "səhnələrə" bölmüşdür. Hər səhnə reçitativ, ariya və xor şəklində yazılmış ayrı-ayrı nömrələrdən və ya "hissələrdən" ibarətdir. Əsərdə iki instrumental nömrə mövcuddur: fransız uvertürası üslubunda yazılmış başlanğıc Sinfoniya və I hissənin ortasında səslənən, çox vaxt "pastoral simfoniya" adlandırılan pastoral xarakterli Pifa.

I hissədə Məsihin gəlişi və İsanın bakirədən doğulması Əhdi-Ətiq peyğəmbərləri tərəfindən əvvəlcədən xəbər verilir. Məsihin doğulmasının çobanlara müjdələnməsi Lukanın İncilindən götürülmüş sözlərlə təqdim olunur. II hissə Məsihin iztirabları və ölümü, onun dirilməsi və göyə yüksəlməsi, İncilin dünyada ilk dəfə yayılması, eləcə də "Halleluya" xorunda ümumiləşdirilən Tanrının əzəmətinin qəti şəkildə bəyan edilməsini əhatə edir. III hissə xilas vədi ilə başlayır, daha sonra Böyük məhkəmə günü və ümumi dirilmə haqqında öncəgörmə təqdim edilir; əsər günah və ölüm üzərində son qələbə və Məsihin tərənnümü ilə başa çatır. Musiqişünas Donald Berrouzun fikrincə, mətnin böyük hissəsi eyham və istinadlarla o qədər zəngindir ki, Bibliya hekayələri ilə tanış olmayan şəxslər üçün onun mənasının əhəmiyyətli hissəsi anlaşılmaz qala bilər. Buna görə də Cennens dinləyicilər üçün Müqəddəs Yazılardan seçdiyi parçaların səbəblərini izah edən xüsusi broşür hazırlamış və nəşr etdirmişdi.

Yazılma tarixi Librettosu 200px|thumb|left|Meyson Çemberlin tərəfindən çəkilmiş Çarlz Cennensin portreti, 1750-ci il Çarlz Cennens təxminən 1700-cü ildə varlı torpaq sahibi ailəsində anadan olmuşdur. O, sonradan ailəsinin Vorvikşir və Lesterşir qraflıqlarındakı torpaq və mülklərini miras almışdır. Onun dini və siyasi baxışları — Britaniya taxtına Hannover sülaləsinin keçməsini təmin edən 1701-ci il Taxt-tacın varisliyi haqqında Akta () qarşı çıxması — Oksford Universitetinin Balliol Kollecində təhsilini elmi dərəcə ilə başa vurmasına və hər hansı dövlət karyerası qurmasına mane olmuşdur. Ailəsinin sərvəti Cennensə maddi qayğılardan azad həyat sürməyə və vaxtını ədəbiyyat və musiqiyə olan maraqlarına həsr etməyə imkan verirdi.

Musiqişünas Uotkins Şou Cennensi "heç bir xüsusi qabiliyyəti olmayan özündənrazı şəxs" kimi səciyyələndirsə də, Berrouz onun haqqında yazırdı: "Cennensin musiqi savadına heç bir şübhə ola bilməz". Cennens, şübhəsiz ki, Hendelin musiqisinə böyük rəğbət bəsləyirdi və 1725-ci ildə "Rodelinda" operasından başlayaraq Hendelin bütün partituralarının nəşrinin maliyyələşdirilməsinə kömək etmişdi.(subscription) 1741-ci ilədək, onların "Saul" üzərində əməkdaşlığından sonra, aralarında yaxın dostluq münasibətləri yaranmışdı və Hendel, Cennens ailəsinin Qopsolldakı malikanəsinə tez-tez qonaq gedirdi.

Cennensin 10 iyul 1741-ci ildə Holdsvorta yazdığı və Məsih əsərindən ilk dəfə bəhs etdiyi məktub mətnin həmin dövrdə yeni hazırlandığını, ehtimal ki, elə həmin ilin yayının əvvəlində tərtib edildiyini göstərir. Dindar anqlikan və Müqəddəs Yazıların mütləq nüfuzuna inanan Cennens bu mətn vasitəsilə Tanrının insanların işlərinə müdaxiləsi haqqında təlimi rədd edən deizm tərəfdarlarının baxışlarına qarşı çıxmağı nəzərdə tuturdu.

Şou mətni "xristian düşüncəsi və etiqadında Rəbbimizin Məsih kimi təbiəti haqqında düşüncə" kimi səciyyələndirir. Cennensin şəxsiyyətinə tənqidi yanaşmasına baxmayaraq, o, tamamlanmış librettonun "dahiyanə əsər adlandırılmağa çox yaxın" olduğunu da qəbul edir. Hendelin "Saul" əsərində olduğu kimi, mətnin seçilməsi və ya hazırlanmasında fəal iştirak etdiyini göstərən heç bir sübut yoxdur. Əksinə, görünür, Hendel Cennensin hazırladığı mətnə hər hansı əhəmiyyətli dəyişiklik etməyə ehtiyac görməmişdir.

Bəstələnməsi 230px|thumb|right|Georq Fridrix Hendel 1741-ci ildə. Rəssam Tomas Hadson tərəfindən çəkilmiş portret Hamburq Dövlət və Universitet Kitabxanasının kolleksiyasında saxlanılır.