Suymenkul Çokmorov (; ) — SSRİ–Qırğızıstan kino aktyoru və rəssamı. 1981-ci ildə SSRİ Xalq artisti fəxri adına layiq görülmüşdür. O, 2024-cü ildə ölümündən sonra Qırğızıstan Respublikasının Əmək Qəhrəmanı adına layiq görülmüşdür.
Həyatı Suymenkul Çokmorov 9 noyabr 1939-cu ildə Frunze şəhəri yaxınlığındakı Çon-Taş kəndində (hazırda Qırğızıstan Respublikası, Çuy vilayəti, Alamedin rayonu) anadan olmuşdur. O, Çuy vadisində məskunlaşmış Cetigen tayfasının nümayəndəsidir.
Ailədə ondan başqa yeddi oğlan və üç qız uşağı olmuşdur. Uşaqlıq illərində ağır xəstəlik keçirən Suymenkul Çokmorov xəstəliyə qalib gəlmək məqsədilə idmanla məşğul olmağa başlamışdır. O, voleybol üzrə Qırğızıstan SSR və Leninqrad yığma komandalarının heyətində çıxış etmişdir.
Eyni dövrdə rəssamlığa maraq göstərən Suymenkul Çokmorov 1953–1958-ci illərdə Frunze Rəssamlıq Məktəbində təhsil almış, daha sonra isə 1964-cü ildə İ. E. Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun boyakarlıq şöbəsini bitirmişdir. 1964–1967-ci illərdə Frunze Rəssamlıq Məktəbində boyakarlıq və kompozisiya fənlərini tədris etmişdir.
Kino sahəsinə 1967-ci ildə gələn aktyorun ilk və birbaşa baş rolu "Qaraş aşırımında atəş" filmində olmuşdur. O, həm "Yeddinci güllə", "Dersu Uzala", "İssık-Kulun qırmızı lalələri" kimi tarixi və macəra filmlərində, həm də müasir mövzulu "Qırmızı alma" kimi dramlarda rol almışdır. 1970–1980-ci illərdə sovet Orta Asiyasının tarixi-inqilabi mövzulu "istern" janrında çəkilən filmlərin ən tanınmış aktyorlarından biri hesab edilmişdir. O, yazıçı Çingiz Aytmatovun əsərlərinin ekranlaşdırıldığı bir çox layihədə iştirak etmişdir.
Məşhur bir kino xadimi kimi sovet kino sənətini bir çox xarici ölkələrdə təmsil etmişdir. Rəssamlıq fəaliyyəti dövründə mənzərə, natürmort və portret janrlarında 400-ə yaxın əsər ərsəyə gətirmişdir. Onun rəsm əsərlərinin personajları, əsasən, yaradıcı insanlardan ibarət olmuşdur. Əsas boyakarlıq nümunələri hazırda Qırğızıstan Dövlət Təsviri Sənət Muzeyində mühafizə olunur.
Suymenkul Çokmorov Qırğızıstan SSR və SSRİ Kinematoqrafçılar ittifaqlarının (1971-ci ildən), habelə Qırğızıstan SSR (1974-cü ildən) və SSRİ Rəssamlar ittifaqlarının (1967-ci ildən) üzvü olmuşdur.
O, 1975-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, həmçinin Qırğızıstan SSR Ali Sovetinin 10-cu və 11-ci çağırış deputatı seçilmişdir.
Suymenkul Çokmorov uzun sürən xəstəlikdən sonra 26 sentyabr 1992-ci ildə vəfat etmişdir. Mərhum Bişkek şəhərində yerləşən Ala-Arça qəbiristanlığında dəfn olunmuşdur.
Şəxsi həyatı Həyat yoldaşı Səlimə Sərdiyevna Şabazova (1934–1995) sənətşünas olmuşdur. O, gələcək həyat yoldaşı ilə tanış olduğu Frunze Rəssamlıq Məktəbini, daha sonra isə İ. E. Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. Səlimə Şabazova Q. Aytiyev adına Qırğızıstan Təsviri Sənət Muzeyində ekskursiyaçı və elmi katib vəzifələrindən muzeyin direktoru (1985–1995) vəzifəsinədək yüksəlmişdir. O, 1995-ci ildə Qırğızıstan SSR-nin Əməkdar mədəniyyət xadimi fəxri adına layiq görülmüşdür. Oğlu Baxtıqul atasının kinoda ifa etdiyi ilk rolun şərəfinə adlandırılmışdır. Atay adında bir nəvəsi vardır.
Boyakarlıq əsərləri Süymənqul Çokmorovun fırçasına məxsus rəsm əsərləri arasında "S. Qaralayevin portreti" (1971-ci il), "İthaf. Sayakbay Qaralayev" (1974-cü il), "Aktyor Cumadilov" (1971-ci il), "Qırğızıstan SSR Xalq artisti A. Canqorozovanın portreti" (1973-cü il), "Qırğızıstan kinematoqrafçıları" (1986-cı il), "Veteran Sadıbakasın portreti" kimi işlər mühüm yer tutur. Müəllif, həmçinin yapon kinorejissoru Akira Kurosavanın (1987-ci il) və aktyoru Toşiro Mifunenin, italyan aktrisası Monika Vittinin portretlərini yaratmışdır. Onun yaradıcılığında "Ana" (1967-ci il), "Mənim oğlum" (1972-ci il), "Kənddə bahar" (1985-ci il), "Kənddə səhər" (1985-ci il) və "Qurbanjan Datka" (1988-ci il) kimi tablolar rəssamın bədii üslubunu səciyyələndirən nümunələr hesab olunur.
Mükafatları Qırğızıstan Respublikasının Əmək Qəhrəmanı ("Əmək Baatırı") (28 avqust 2024-cü il, ölümündən sonra) — qırğız xalqının mənəvi mədəniyyət xəzinəsinə verdiyi görkəmli töhfəyə, yaradıcılıq və ictimai fəaliyyətindəki yüksək vətəndaşlıq mövqeyinə görə;Президент Садыр Жапаров вручил госнаграды отличившимся кыргызстанцам Qırğızıstan SSR-in Əməkdar artisti (1973-cü il);Официальный веб сайт Суйменкула Чокморова — Народного артиста СССР, Народного художника Киргизской ССР Qırğızıstan SSR-in Xalq artisti (1975-ci il); SSRİ Xalq artisti (18 avqust 1981-ci il); Qırğızıstan SSR-in Xalq rəssamı (1990-cı il); Lenin Komsomolu mükafatı (1972-ci il) — sovet insanı obrazlarının istedadlı bədii təcəssümünə, gənclərdə vətəndaşlıq, mərdlik və Vətənə sevgi hisslərini tərbiyə edən kino əsərlərinin yaradılmasına görə; Toktokul Satılqanov adına Qırğızıstan SSR Dövlət mükafatı (1978-ci il) — "Ulan" (1977) filmindəki Azad Bayramov roluna görə; "Şərəf nişanı" ordeni (1981-ci il); Qırğızıstan SSR Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) medalı (1985-ci il); SSRİ Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1969-cu il) — qırğız kino sənəti sahəsindəki uğurlarına görə; Orta Asiya respublikaları və Qazaxıstan kinematoqrafçılarının VIII baxış-müsabiqəsinin diplomu ("Qaraş aşırımında atəş" filmində ən yaxşı kişi roluna görə, Alma-Ata, 1969-cu il); Ümumittifaq Kinofestivalının "Aktyor işinə görə mükafatlar" nominasiyası üzrə mükafatı ("İssık-Kulun qırmızı lalələri" filmində ən yaxşı kişi roluna görə, Tbilisi, 1972-ci il); Ümumittifaq Kinofestivalının "Aktyor işinə görə birinci mükafatlar" nominasiyası üzrə mükafatı ("Amansız" filmində ən yaxşı kişi roluna görə, Bakı, 1974-cü il); Ümumittifaq Kinofestivalının "Aktyor işinə görə mükafatlar" nominasiyası üzrə mükafatı (İrəvan, 1978-ci il); Ümumittifaq Kinofestivalının mükafat və diplomu ("Qadınsız kişilər" filmində ən yaxşı kişi roluna görə, Tallinn, 1982-ci il); Ədəbiyyat, incəsənət və mədəniyyət sahəsində Ç. Aytmatov Klubu Beynəlxalq mükafatı (1991-ci il) — qırğız təsviri sənətinin və kino sənətinin inkişafına verdiyi böyük töhfəyə, Ç. Aytmatovun əsərləri əsasında çəkilmiş filmlərdəki yüksək peşəkarlıqla ifa etdiyi rollara görə.
2000-ci il ərəfəsində XX əsr Qırğızıstanının ən yaxşı aktyoru seçilmişdir.
Mirası 2006-cı ildə Qırğızıstanda Suymenkul Çokmorova həsr olunmuş poçt markası dövriyyəyə buraxılmışdır. 2009-cu ildə üzərində aktyorun portreti əks olunan 5000 somluq pul əsginası istifadəyə verilmişdir. Bişkek şəhərinin küçələrindən biri onun adını daşıyır. Çuy vilayətinin Alamedin rayonunda yerləşən yaşayış məntəqəsi — Suymenkul Çokmorov adına kənd onun şərəfinə adlandırılmışdır. 2017-ci ildə Bişkek şəhərində, Çuy prospekti ilə Tınıstanov küçəsinin kəsişməsində aktyorun abidəsi ucaldılmışdır.
İstinadlar
Əlavə ədəbiyyat Фуртичев В. И. Суйменкул Чокморов. — Фрунзе: Киргизская ССР, 1981. — 84 с.
Xarici keçidlər
Kateqoriya:Qırğızıstan aktyorları Kateqoriya:Qırğızıstan rəssamları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:XX əsr rəssamları