Tələt Əli oğlu Qasımov () — Azərbaycan həkimi və tibb təşkilatçısı, tibb elmləri namizədi, Azərbaycanın səhiyyə naziri (1979–1992).

Həyatı Tələt Əli oğlu Qasımov 1939-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1956-cı ildə Bakı şəhər 6 nömrəli orta məktəbini bitirdikdən sonra, 1957-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (ADTİ) qəbul olunmuşdur. Tələbəlik illərində Bakı şəhər 2 №-li klinik xəstəxanasının travmatologiya şöbəsində tibb qardaşı, həmin xəstəxananın cərrahiyyə şöbəsində narkotizator işləmişdir.

Təhsilini başa vurduqdan sonra, 1963–1965-ci illərdə Sovet Ordusunda səhra tibb məntəqəsinin rəisi kimi hərbi xidmətdə olmuşdur. Daha sonra o, ADTİ-yə qayıdaraq hospital kafedrasında ordinator vəzifəsinə götürülmüş, eyni zamanda gənclər təşkilatının (komsomol) katibi seçilmiş və institutun tədris hissə üzrə istehsalat şöbəsinin müdiri vəzifəsini daşımışdır. 1968-ci ildə hospital terapiyası kafedrasında assistent vəzifəsinə təyin edilmişdir.

Tələt Qasımov 1967-ci ildə "Bronxial astma zamanı ağırlaşmanın qan laxtalanması dinamikası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək (elmi rəhbər: Cahangir Abdullayev) tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 1970-ci ildən Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri olmuş, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin büro üzvü seçilmişdir.

1974-cü ildə Tələt Qasımov partiya işinə irəli çəkilərək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Elm və tədris müəssisələri şöbəsinin təlimatçısı, 1976-cı ildə isə həmin şöbənin səhiyyə və sosial təminat bölməsinin (sektorunun) müdiri təyin edilmişdir. 1978–1979-cu illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini — nazirliyin 4-cü baş idarəsinin rəisi vəzifəsində işləmişdir.

Tələt Qasımov 1979-cu ilin iyun ayından 1992-ci ilin aprel ayınadək Azərbaycanın səhiyyə naziri (müstəqil Azərbaycanın ilk səhiyyə naziridir) olmuşdur. Onun nazir işlədiyi dövrdə Azərbaycanda Diaqnostik Mərkəz, Neyrocərrahlıq Mərkəzi, Stomatoloji Mərkəz, Uşaq Stomatoloji Mərkəzi, Yanıq Mərkəzi, Toksikoloji Mərkəz, Kardioloji Mərkəz (Elmi-Tədqiqat İnstitutu) kimi səhiyyə obyektləri inşa olunmuş, Azərbaycan Təbabəti Muzeyi açılmışdır.

Tələt Qasımov 1992–1993-cü illərdə Azərbaycan Respublikasının Moskva şəhərində səlahiyyətli nümayəndəliyinə ümumi məsələlər üzrə müşavir vəzifəsində çalışmışdır.

Tələt Qasımov 1964-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK üzvü seçilmişdir. "Şərəf nişanı" ordeni (1981), "Səhiyyə əlaçısı" döş nişanı (1970) ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar həkimi" fəxri adına (1989) layiq görülmüşdür.

Tələt Qasımov 1998-ci ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycanın səhiyyə nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri