Yaranması 1911-ci ildə Azərbaycanda ilk futbol komandaları yaranmağa başlayıb. Həmin dövrdə ingilislərin neft yataqlarına meyil etməsi futbolun inkişafına müsbət və mənfi təsirlərini göstərib. Futbolun vətəni İngiltərə olduğundan onların Bakıya gəlməsi yerli əhali arasında da bu idman növünü populyarlaşdırdı. Elə Bakıda ilk futbol komandasının da adı "Britaniya klubu" oldu. Əvvəlcə burada oyunlar keçirən "Britaniya klubu" 1912-ci ildə Gürcüstana yola düşərək ilk beynəlxalq oyununu keçirib. Tbilisidə keçirilən qarşılaşmada, yerli "Sokol" Bakı təmsilçisinə 2:4 hesabıyla məğlub olub. Azərbaycanda sovet hökuməti qurulanadək gürcülərlə Bakı komandalarının 11 görüşü baş tutub və ümumi hesab Azərbaycan komandalarının xeyrinə olub.
1914-cü ildə Bakı Futbol İttifaqı (BFİ) yaransa da, bu təşkilatın ömrü çox sürməyib. 1917-ci ildə sovet hökuməti qurulandan sonra 20 komandanı birləşdirən BFİ süquta uğrayıb.
Sovet dövrü 1920-ci ildə futbol həyatı Bakıya qayıdıb və ilk şəhər birinciliyinin qalibi "Sokol" olub. 1923-cü ilin yazında komsomolun Zaqafqaziya olimpiadası keçirilib. Tbilisidə düzənlənən yarışa meydan sahiblərilə yanaşı, Bakı, Batumi, İrəvan komandaları da iştirak edib. Bütün görüşlərdə qələbə qazanan bakılılar ilk olimpiadanın qalibi olub. 1925-ci və 1926-cı illərdə də Bakı komandası birinci yeri tutub.
1921-ci ildə Bakıda fəaliyyət göstərən komandalar arasında "Komsomolçu" və "İdman" daha uğurla çıxış edib. 1923-cü ildə "Komsomolçu"nun adı dəyişdirilib və bir çox variantlar arasından "Proqress" seçilib. Bundan sonra isə "Proqress"lə "İdman"dan vahid komanda yaratmaq zəruri hesab edilib. Yenidən ad məsələsi gündəmə çıxıb. Bu dəfə qərar daha ədalətli olub: iki komanda arasında görüş keçirərək vahid komandaya qalibin adını vermək. "Proqress" 4:2 hesablı qələbə qazanıb və adını tarixdə əbədiləşdirib. Daha çox Balaxanı sakinlərindən ibarət olan bu komanda, 1926-cı ildə Zaqafqaziya çempionatında Azərbaycanı təmsil edib. Tbilisidə keçirilən turnirin açılış oyununda qonaqlar – Bakı və İrəvan komandaları üz-üzə gəlib. Balaxanı futbolçuları ilk rəsmi oyunda 4:0 hesabıyla qələbə qazanıb. Meydan sahibləri erməniləri daha iri hesabla (7:0) məğlub edib. Son oyunda gürcüləri heç-heçə də qane edirdi. Oyunun bitməsinə 4 dəqiqə qalmış hesab 3:3 idi, lakin Qnezdovun qolu ilk çempionatın qalibi adını "Proqress"ə gətirdi.
İlk Zaqafqaziya çempionu adını bu futbolçular qazanıb: qapıçılar – Aqapov, Makoqonov; müdafiəçilər – Maraxtanov, Kosenkov; yarımmüdafiəçilər – Frolov, İvanov, Pantsev; hücumçular – Qnezdov, Yeliseyev, Kuznetsov, Makoqonov, Komarov, Semyanistı. Oyunlardakı sxemə gəlincə 2-3-5 sistemi tətbiq olunub. Növbəti mövsüm "Proqress"in Azərbaycanı təmsil etməyinin əleyhinə çıxan bir neçə komanda öz oyunçularını da ezam etməyi təklif edib. Heyətdə xeyli dəyişikliyə baxmayaraq, komanda gürcülərlə "duel"dən xalla ayrıla bilib – 1:1. Gürcülərin ermənilərlə də qarşılaşması 1:1 bitib, bakılıların ilk pilləyə şansı xeyli artıb. Komanda erməniləri 6:3 hesabı ilə məğlub edib. Bu oyunda qapıçı İkonnikov ermənilərin iki penalti zərbəsini dəf etməyə müvəffəq olub. Beləcə, ikinci Zaqafqaziya çempionatının qalibi adına yenə də Azərbaycan komandası layiq görülüb.
1931-ci ildən etibarən "Proqress" Lenin rayonunun komandası adlandırıldı. Bundan 1 il sonra isə Almaniya və İngiltərənin fəhlə komandalarıyla qarşılaşan komanda müvafiq olaraq 5:3 və 5:2 hesablı qələbələrə imza atıb.
Azərbaycan futbolçuları ilk beynəlxalq yoldaşlıq görüşlərini 1926-cı ildə keçiribIər. Bakının gənclərdən ibarət seçmə komandası İranın yığma komandasına qalib gəlib – 4:3. Azərbaycan Pedaqoji İnstitutunun futbolçuları ilə İran yığma komandasının görüşü heç-heçə (0:0) nəticələnib. Həmin il Bakının "Tərəqqi" komandası da İran futbolçularını məğlub edib – 3:1.
1929-cu ildə Bakının yığma komandası İranda bu ölkənin seçmə komandasına (4:1), Tehranın yığma komandasına (11:0 və 4:0) qarşı keçirdiyi oyunların hər üçündə qələbə qazanıb.
1930–1931-ci illərdə Azərbaycanı yoldaşlıq görüşlərində Bakının seçmə fəhlə komandası təmsil edib. Komanda Almaniyanın seçmə fəhlə komandası (4:3 və 1:0) və İngiltərənin seçmə fəhlə komandası (5:2 və 3:1) üzərində qələbə qazanıb. İkinci Dünya müharibəsindən sonrakı illərdə Azərbaycan futbolçuları xarici ölkələrdə əsasən "Neftçi"nin timsalında tanınıblar.
1937–1948 1922-ci ildən SSRİ birincilikləri şəhərlərin yığma komandalarının iştirakıyla keçirilirdi. 1937-ci ildən isə qərara alındı ki, çempionat klub komandalarının iştirakıyla təşkil edilsin. Həmin vaxt Azərbaycanda bir neçə sahənin təmsilçisi olsa da, neft sahəsi sanki unudulmuşdu, halbuki həmin dövrdə Bakı artıq neft şəhəri kimi şöhrət qazanmışdı. Buna görə də "qara qızıl" sahəsində çalışanlar tezliklə futbol komandası yaratdılar. Ad üzərində də çox fikirləşmək lazım gəlmədi. Elə öz adlarını da komandaya verdilər, amma həmin dövrdə rus dili daha işlək olduğundan komanda əvvəlcə "Neftyannik" adlandırıldı. Komandanın geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanələr əks olundu. Emblemdə neft buruğunun fonunda kiril əlifbasının "H" hərfi "Neftyannik" sözünün birinci hərfi idi. Təbii ki, "qara qızıl"ın da rəngi formanın əsasını təşkil etdi. Həmin dövrdə neftlə bərabər "ağ qızıl" adlandırılan pambıq da Azərbaycanın şöhrətlənməsində neftdən az rol oynamadığından qərara alındı ki, pambığın rəngi də formada əks olunsun. O vaxtdan Azərbaycan futbolunun tarixinə çevrilən "Neftçi" ağ-qara rənglərə sadiq qaldı.
Yarandığı ildən SSRİ çempionatının "Q" qrupunda çıxış edən komanda debüt ilində 12 komanda arasında 11-ci yeri tutdu. Həmin il SSRİ kuboku uğrunda yarışlarda isə 1/64 finalda İrəvanın, 1/32 finalda isə Batuminin "Dinamo" komandalarına qalib gəlsə də, 1/16 finalda Tbilisi "Dinamo"suna uduzaraq mübarizəni dayandırdı. 1938–1941-ci illərdə "Neftçi" Azərbaycan və Zaqafqaziya birinciliklərində iştirak edib. Müharibənin başlaması ilə əlaqədar olaraq, futbolçular da Böyük Vətən müharibəsinə yollanıblar. Həlak olanlar arasında isə müharibəyəqədərki dövrdə komandanın şərəfini qorumuş Mirmehdi Ağayev də olub. 1938-ci ildə SSRİ kubokunda iştirak etmiş "Neftçi" zona yarışlarındaca məğlub olub. Müharibə sona yaxınlaşdıqca artıq komanda da fəaliyyətini bərpa edirdi. 1944-cü ildə "Neftçi" yenidən Azərbaycan birinciliyinə qayıtdı və bir il sonra Azərbaycan çempionu oldu. 1946-cı ildə SSRİ çempionatının 2-ci Cənub yarımqrupunda çıxış edən "Neftçi" 1947-də İkinci qrupda 4-cü yerə yüksəldi. Növbəti mövsüm 17 yaşlı Ələkbər Məmmədovun debüt ili oldu.
1949–1959 1949-cu ildə güclülər dəstəsini genişləndirmək qərarı nəticəsində "Neftçi" də A qrupunda debüt etdi. Həmin heyətə sonralar tanınmış hakimə çevrilən Tofiq Bəhramov və məşhur Ələkbər Məmmədov da daxil idi. "Neftçi" A qrupu tarixində ilk oyununu o vaxt Lenininin adını daşıyan indiki "İsmət Qayıbov" stadionunda HHQ (Hərbi Hava Qüvvələri) ilə keçirib. Bu tarixi matçda komanda 1:0 hesabı ilə qalib gəlib. SSRİ çempionatının A qrupunda ilk qolu isə Viktor Anoşkin vurub.
Çempionatın startı sensasion oldu: beş turdan sonra birinci pilləyə "Neftçi" yüksəlmişdi, lakin təcrübəsizlik tezliklə özünü göstərdi və yekunda komanda 14-cü oldu.
Növbəti çempionatda isə komanda daha zəif çıxış edərək, sonuncu – 19-cu pilləni tutub elitanı tərk etdi. 1951-ci il Azərbaycan futbol tarixinə ən dramatik mövsüm kimi daxil oldu. Güclülər dəstəsindəki uğursuzluqdan sonra "B" qrupuna yuvarlanan komanda əsas heyəti qoruya bildi. 18 komandanın yarışdığı turnirin ilk turlarından "Neftçi" liderliyi ələ keçirdi. İkinci dövrənin finişində əsas rəqibləri olan – Minsk "Dinamo"suna, Moskva "Lokomotiv"inə və Vilnüs "Spartak"ına müvafiq olaraq 4:2, 2:1 və 4:0 qalib gələn "Neftçi"nin elitaya dönəcəyinə şübhə edən yox idi. Son iki matçı komanda yeni tikilmiş Respublika stadionunda keçirdi. Son səfər Orta Asiyaya oldu. Daşkənd, Frunze (indiki Bişkək), Alma-Ata və İrəvanda zəif rəqiblərlə oyunlarda da flaqmanın xal itirməyəcəyi gözlənilirdi, amma faciə Daşkənddən başladı. Matçın ilk dəqiqələrində Ələkbər Məmmədovu cərimə meydançasında yıxırlar, lakin Abramaşvili penaltidən yararlanmır. Bu azmış kimi, Jamkoçan iki dəfə topu öz qapımıza göndərir. Onlarla təhlükəli imkan yaradan bakılılar, yalnız Terentyevin ifasında vurulan bir qolla təsəlli tapdı. Bu məğlubiyyət komandanı "sındırdı" və qalan görüşlərdə o aktivinə yalnız 2 xal yaza bildi. Nəticədə "Neftçi" elitaya vəsiqə verən ilk 3 pillədən geri qaldı. 50-ci illərdə "Neftçi"nin güclülər dəstəsinə qayıtmaq səyləri bəhrəsini vermədi. 1954-cü ildə komanda "A" qrupuna qayıtmağa daha yaxın idi. İlkin qrup mərhələsinin qaliblərindən biri olmuş komanda, final yarışlarının ilk oyununda Leninqrad (indiki Sankt-Peterburq) "Zenit"inə 0:1 məğlub oldu, Rostov "torpedoçuları" və İrəvan "spartakçıları"nı müvafiq olaraq 2:0 və 4:2 yendi, lakin finişdə qazanılan bir xal, "Neftçi"nin "elitaya qayıtmasına imkan vermədi.
1960–1972 1960-cı ildə SSRİ-nin futbol federasiyasının güclülər dəstəsinin iştirakçılarının sayını 22-yə yüksəltməsi, "Neftçi"nin lehinə qəbul edilmiş bir qərar oldu. Debüt mövsümündə bakılılar yalnız 21-ci oldu, amma gənclərlə zəngin olan kollektivin üzvləri xeyli təcrübə topladı. 1961-ci il mövsümündə komandanın "sükanı arxası"na tanınmış məşqçi Boris Arkadyev keçdi. Əsas heyət 18-ci olsa da, əvəzedicilərin çempionatında "Neftçi" 5-ci yeri tutdu. Həmin il məktəblilərin ümumittifaq spartakiadasında Azərbaycan yığması çempion oldu. Həmin uşaqlardan təşkil olmuş komandanın bir neçə üzvü 1966-cı ildə ölkə arenasında sözlərini dedi. 1962-ci il mövsümü "Neftçi"nin doğru yolda olduğunu göstərdi: komanda çempionatı 10-cu pillədə bitirdi. Növbəti çempionata komandanı Ələkbər Məmmədov hazırlaşdırdı. Mütəxəssislər komandanın hücum futbolu oynadığını qeyd etməklə yanaşı, futbolçuların da püxtələşdiyini vurğulayırdı. Ölkə çempionu olmuş Moskva "Spartak"ından 1 (1:1), Kiyev "Dinamo"sundan 3 (3:2 və 1:1), İrəvan "Ararat"ından isə 4 (2:0 və 2:1) xal almağı bacaran Məmmədovun yetirmələri yekun cədvəlində 5-ci oldu, lakin növbəti iki mövsümü komandanın aktivinə yazmaq olmaz. 1964-cü il mövsümündə 12-ci, bir il sonra isə 11-ci pilləylə kifayətlənməli olan klubun uğursuzluğu futbolçuların arxayınçılıqlarıyla izah edilir. Rəhbərlik 1965 mövsümünün birinci dövrəsindən sonra məşqçi dəyişikliyinə əl atsa da, (Məmmədovu Sokolov əvəz etdi), nəzərəçarpacaq "inqilab" baş tutmadı.
"Qızıl" il