thumb|Balıqlardan quru onurğalılarına qədər təkamülün kladoqramı ən görkəmli keçid formalarını göstərir. Aşağıdan yuxarıya: Eusthenopteron, Panderichthys, Tiktaalik, Acanthostega, Ichthyostega, Pederpes Təkamül — populyasiya daxili gen və özəllik paylanmalarının nəsillər içərisindəki dəyişməsi. Bu tərifin hər bir komponenti təkamül anlayışı üçün zəruridir:
Populyasiya: Təkamül prosesində dəyişənlər fərdlər deyil, populyasiyalardır. Yəni, ayrı-ayrı fərdlər heç vaxt təkamül keçirmirlər. Fərdlər təkamül keçirmir; onlar inkişaf edirlər (bunu öyrənən bilim sahəsi inkişaf biologiyasıdır). Ancaq bir növün bütün fərdlərinin təşkil etdiyi populyasiyalar hər bir nəsildə öncəki nəsildən fərqli özəllik paylanmalarına malik olurlar. Təkamülü təkamül biologiyası adlı elm sahəsi öyrənir. Gen və özəllik paylanmaları: Təkamüldə bir növün başqa bir növə çevrilməsi mütləq deyildir. Təkamüldə dəyişən populyasiyalarda genlərin və ya yeni özəlliklərin paylanmasıdır. Məsələn, uzunboyluluqla bağlı genlərin populyasiyada rastlanma tezliyi bir nəsildən digərinə keçərkən 5%-dən 7%-ə qalxırsa, bu həmin populyasiyanın təkamül keçirdiyini göstərir. Növəmələgəlmə təkamülün labüd nəticələrindən biridir, ancaq təkamül üçün onun baş verməsi şərt deyil. Nəsillər içindəki dəyişmə: Təkamül dəyişikliyindən danışmaq üçün mütləq ən azı bir nəsil keçməlidir. Bir fərdin öz ömrü (nəsli) boyunca keçirdiyi heç bir dəyişiklik təkamül hesab edilmir. Belə dəyişikliklərə "təkamül" yox, "inkişaf" adlanır. Təkamül biologiyası ilə inkişaf biologiyası ayrı-ayrı biologiya sahələridir.
Təkamül genetik variasiyaya təsir edən genetik sürüşmə və təbii seçmə kimi proseslər nəticəsində baş verir; bununla da bəlli özəlliklər populyasiya daxilində nəsillər boyu daha çox və ya daha az yayılır. Təkamül prosesi bioloji təşkilatlanmanın hər səviyyəsində biomüxtəlifliyin yaranmasına səbəb olmuşdur.
Təbii seçmə yolu ilə təkamülün elmi nəzəriyyəsini XIX əsrin ortalarında ingilis təbiətşünasları Çarlz Darvin və Alfred Rassel Uolles orqanizmlərin fiziki və bioloji mühitlərə necə uyğunlaşdıqlarını açıqlamaq üçün müstəqil surətdə irəli sürmüşlər. Bu nəzəriyyə ilk dəfə ətraflı şəkildə Darvinin "Növlərin mənşəyi" kitabında təqdim edilmişdir. Təbii seçmə yolu ilə təkamül canlı orqanizmlər haqqındakı müşahidə edilə bilən faktlarla təsdiqlənir:
Hədsiz çoxalma: çox zaman sağ qala biləcəyindən daha çox fərd əmələ gəlir; Dəyişkənlik: fərdlər arasında morfologiya, fiziologiya və davranış baxımından özəlliklərdə fərqlilik mövcuddur; Fərqliləşmiş (diferensial) çoxalma uğuru: müxtəlif özəlliklər fərqli yaşama və çoxalma nisbətlərinə səbəb olur; İrsiyyət: özəlliklər nəsildən-nəslə ötürülür.
Nəticədə nəsillər boyunca populyasiya üzvləri getdikcə daha çox həmin mühit üçün əlverişli özəlliklərə malik olan fərdlərin nəsilləri ilə əvəz olunur.
XX əsrin əvvəllərində təkamül haqqında rəqabətli nəzəriyyələr təkzib olunmuş və təkamül anlayışı Mendelin irsiyyət qanunları və populyasiya genetikası ilə birləşdirilərək müasir təkamül nəzəriyyəsinin yaranmasına səbəb olmuşdur. Bu sintezə görə irsiyyətin əsası nəsildən-nəsilə bilgi ötürən DNT molekullarında yerləşir. Populyasiyada DNT-ni dəyişdirən proseslərə təbii seçmə, genetik sürüşmə, mutasiya və gen axını daxildir.
Yer üzündəki bütün canlılar — o cümlədən insanlar təxminən 3,5-3,8 milyard il öncə yaşamış son universal ortaq əcdadı (SUOƏ) bölüşürlər. Fosil qeydləri erkən biogen qrafitdən mikrob qatlarının qalıqlarına, oradan isə çoxhüceyrəli orqanizmlərin fosillərinə qədər təkamül ardıcıllığını əks etdirir.
Mövcud biomüxtəliflik örnəkləri Yer üzündə həyatın təkamül tarixi boyunca yeni növlərin yaranması (növləşmə), növlər daxilində dəyişikliklər (anagenez) və növlərin məhvi (nəsil tükənməsi) kimi təkrarlanan hadisələr nəticəsində formalaşmışdır. Morfoloji və biokimyəvi özəlliklər daha yaxın ortaq əcdadı olan növlər arasında adətən daha çox oxşarlıq göstərir; tarixən bu oxşarlıqlardan filogenetik ağacların qurulmasında istifadə edilsə də, hazırda birbaşa genetik ardıcıllıqların müqayisəsi daha geniş yayılmış üsuldur.NAS 2008, p. 17
Təkamül bioloqları təkamülün müxtəlif aspektlərini öyrənməyə, hipotezlər qurmağa və onları sınaqdan keçirməyə, həmçinin sahə və laboratoriya sübutlarına və riyazi və nəzəri biologiya metodları ilə əldə edilən bilgilərə əsaslanan nəzəriyyələr yaratmağa davam edirlər. Onların kəşfləri yalnız biologiyanın inkişafına deyil, həm də kənd təsərrüfatı, tibb və kompüter bilimi kimi digər sahələrə də təsir göstərmişdir.
İrsiyyət left|thumb|DNT-nin quruluşu: əsaslar mərkəzdə yerləşir və onları ikiqat spiral şəklində olan fosfat-şəkər zəncirləri əhatə edir. Canlı orqanizmlərdə təkamül irsi özəlliklərdəki dəyişikliklər nəticəsində baş verir. Məsələn, insanlarda göz rəngi irsi özəllikdir və bir fərd "qəhvəyi göz" özəlliyini valideynlərinin birindən miras ala bilər. İrsi özəlliklər genlər tərəfindən idarə olunur və bir orqanizmin genetik materialının, yəni genomunun tam toplusuna onun genotipi deyilir.
Orqanizmin quruluşunu və davranışını müəyyən edən müşahidə oluna bilən özəlliklərin tam toplusuna isə fenotip deyilir. Bu özəlliklərin bir hissəsi genotipin mühitlə qarşılıqlı təsirindən yaranır, digərləri isə neytraldır. Bəzi müşahidə olunan özəlliklər irsi deyil. Məsələn, günəş altında dərinin qaralması insanın genotipi ilə günəş işığının qarşılıqlı təsirinin nəticəsidir; buna görə də qaralmış dəri uşaqlara keçmir. Burada fenotip dərinin günəş işığına məruz qaldıqda qaralma bacarığıdır. Lakin bəzi insanlar digərlərinə nisbətən daha asan qaralır; bu da genetik fərqlərlə bağlıdır. Məsələn, albinizm irsi özəlliyinə malik olan insanlar ümumiyyətlə qaralmır və günəş yanığına qarşı çox həssas olurlar.
İrsi özəlliklər nəsildən-nəslə DNT vasitəsilə ötürülür. DNT genetik bilgini kodlaşdıran molekuldur. O, dörd növ əsasdan ibarət uzun biopolimerdir. DNT zəncirində bu əsasların ardıcıllığı genetik bilgini müəyyən edir — eynilə hərflərin ardıcıllığının cümlə yaratması kimi. Hüceyrə bölünməzdən öncə DNT surətlənir və nəticədə əmələ gələn hər iki yeni hüceyrə eyni DNT ardıcıllığını miras alır.
DNT molekulunun bəlli bir funksional vahidi müəyyən edən hissələrinə gen deyilir; müxtəlif genlərin əsas ardıcıllığı fərqlidir. Hüceyrələrdə hər uzun DNT zənciri xromosom adlanır. Xromosom daxilində DNT ardıcıllığının yerləşdiyi dəqiq nöqtəyə lokus deyilir. Əgər bu ardıcıllıq fərdlər arasında dəyişirsə, həmin fərqli formalar allel adlanır.
DNT ardıcıllıqları mutasiyalar nəticəsində dəyişə bilər və yeni allellər yarana bilər. Əgər mutasiya bir genin daxilində baş verirsə, yeni allel həmin genin idarə etdiyi özəlliyə təsir edə və orqanizmin fenotipini dəyişdirə bilər. Bununla belə, bu sadə ilişik (bir allel – bir özəllik) bəzi hallarda işləsə də, əksər özəlliklər birdən çox genin birgə və ya qarşılıqlı (epistatik) təsiri ilə formalaşır.
Variasiya qaynaqları
Canlılarda təkamül populyasiya daxilində genetik müxtəliflik olduqda baş verir. Dəyişkənlik genomda baş verən mutasiyalardan, cinsi çoxalma nəticəsində genlərin yenidən qarışmasından və populyasiyalar arasında fərdlərin və ya genlərin hərəkətindən yaranır. Mutasiya və gen axını nəticəsində yeni variasiyalar davamlı şəkildə meydana gəlsə də, bir növün genomunun böyük hissəsi həmin növə aid olan bütün fərdlərdə çox oxşardır. Bununla belə, təkamül inkişaf biologiyası sahəsində aparılan tədqiqatlar göstərmişdir ki, genotipdəki nisbətən kiçik fərqlər belə həm növdaxili, həm də növlərarası səviyyədə fenotipdə nəzərəçarpacaq fərqlərə səbəb ola bilər.
Fərdi orqanizmin fenotipi həm onun genotipindən, həm də yaşadığı mühitin təsirindən asılıdır. Müasir təkamül sintezi təkamülü zamanla genetik müxtəliflikdə baş verən dəyişiklik kimi müəyyənləşdirir. Müəyyən bir allelin tezliyi digər allellərlə müqayisədə ya artır, ya da azalır. Dəyişkənlik isə yeni allel fiksasiya nöqtəsinə çatdıqda, yəni populyasiyadan tamamilə yox olduqda və ya ilkin alleli tam əvəz etdikdə aradan qalxır.
Mutasiya thumb|541x541px|Xromosomun bir hissəsinin ikiqatlaşması Mutasiyalar hüceyrənin genomundakı DNT ardıcıllığında baş verən dəyişikliklərdir və bütün canlı orqanizmlərdə genetik müxtəlifliyin əsas mənbəyidir. Mutasiya baş verdikdə, genin məhsulunu dəyişə, genin fəaliyyətini poza və ya heç bir təsir göstərməyə bilər.
Zülal kodlaşdıran genlərin kodlaşdırıcı bölgələrində baş verən mutasiyaların təxminən yarısı zərərli, yarısı isə neytral xarakter daşıyır. Bu bölgədəki ümumi mutasiyaların kiçik bir hissəsi isə orqanizmin uyğunlaşmasına müsbət təsir göstərir. Genomun digər hissələrində baş verən bəzi mutasiyalar da zərərli ola bilər, lakin onların böyük əksəriyyəti neytraldır və yalnız az bir hissəsi faydalıdır.
Mutasiyalar bəzən xromosomun böyük hissələrinin təkrarlanması ilə müşayiət olunur. Bu, adətən genetik rekombinasiya nəticəsində baş verir və genomda əlavə gen nüsxələrinin yaranmasına səbəb olur. Genlərin artıq nüsxələri yeni genlərin təkamül etməsi üçün ilkin material rolunu oynayır. Bu mühüm prosesdir, çünki çoxlu yeni genlər ortaq mənşəyə malik əvvəlki gen ailələri daxilində təkamül edir. Məsələn, insan gözündə işığı qavrama funksiyasını təmin edən dörd gen vardır: üçü rəngli görməyə, biri isə gecə görməyə xidmət edir. Bu dörd gen hamısı eyni əcdad genindən yaranmışdır.
Yeni genlər əcdad genin surəti mutasiyaya uğrayıb yeni funksiya qazandıqda əmələ gələ bilər. Genin təkrarlanmasından sonra bu proses daha asan baş verir, çünki sistemdə artıq nüsxə yaranır: genlərdən biri yeni funksiya qazana bilir, digəri isə əvvəlki funksiyasını davam etdirir. Digər mutasiya növləri isə əvvəlcə heç bir zülal kodlaşdırmayan DNT bölgələrindən tamamilə yeni genlərin yaranmasına gətirib çıxara bilər; bu hadisə de novo gen doğuluşu adlanır.
Yeni genlərin yaranması həmçinin bir neçə fərqli gendən kiçik hissələrin təkrarlanması və daha sonra bu fraqmentlərin rekombinasiyası ilə baş verə bilər. Bu proses nəticəsində yeni funksiyalara malik gen birləşmələri yaranır. Yeni genlər mövcud hissələrin yenidən qarışdırılması ilə formalaşdıqda, domenlər sadə və müstəqil funksiyaları olan modullar kimi çıxış edir; bu modullar müxtəlif formalarda birləşərək mürəkkəb və yeni funksiyalara malik sistemlər yaradır. Məsələn, poliketid sintetazlar adlanan böyük fermentlər antibiotiklərin sintezində iştirak edir; bu fermentlərdə hər biri prosesin bir mərhələsini həyata keçirən yüzədək müstəqil domen ola bilər.
Mutasiyaya nümunə kimi vəhşi donuz balalarını göstərmək olar. Onların dərisi kamuflyaj rənglidir və tünd və açıq zolaqlardan ibarət özünəməxsus naxışa malikdir. Lakin melanokortin 1 reseptoru (MC1R) genində baş verən mutasiyalar bu naxışı pozur. Donuz cinslərinin əksəriyyətində vəhşitipli rənglənməni dəyişdirən və ya qara rəngin üstün gəlməsinə səbəb olan MC1R mutasiyaları mövcuddur.
Cinsi çoxalma və rekombinasiya Cinsiyyətsiz orqanizmlərdə genlər birlikdə, yəni bağlanmış şəkildə irsən ötürülür, çünki çoxalma zamanı digər orqanizmlərin genləri ilə qarışa bilmirlər. Bunun əksinə olaraq, cinsiyyətli orqanizmlərin nəsli valideynlərinin xromosomlarının təsadüfi qarışıqlarını daşıyır və bu qarışıqlar müstəqil paylanma prosesi nəticəsində yaranır. Homoloqların rekombinasiyası adlanan əlaqəli prosesdə isə cinsiyyətliorqanizmlər uyğun xromosomlar arasında DNT mübadiləsi aparır. Rekombinasiya və yenidən paylanma allellərin tezliyini dəyişdirmir, yalnız allellərin bir-biri ilə birləşmə şəklini dəyişdirir və nəticədə yeni allel kombinasiyalarına malik nəsil yaranır. Cinsi çoxalma adətən genetik müxtəlifliyi artırır və təkamül sürətini yüksəldir. thumb|Bu diaqram cinsi çoxalmanın ikiqat sərfini təsvir edir. Əgər hər bir fərd eyni sayda (iki) nəslə töhfə versə, (a) cinsi çoxalma zamanı populyasiyanın ölçüsü hər nəsildə eyni qalır, (b) qeyri-cinsi çoxalma zamanı isə populyasiya hər nəsildə ikiqat artır