Araz Məmməd Mübariz oğlu Əlizadə () — azərbaycanlı siyasətçi, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 2013-cü il prezident seçkilərində iştirak etmiş namizəd.

Həyatı Araz Məmməd Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulmuşdur. Milliyyətcə azərbaycanlıdır. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975–1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləmiş, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs demişdir.

1985-ci ildə xuliqanlğa görə mühakimə olunmuşdur. 1987-ci ildən Bakıya qayıtmışdır. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında münaqişə baş qaldıranda, bu problemin ədalətli həlli uğrunda siyasi mübarizəyə qatılmışdır.

1988-ci il mayın 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısıdır. 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 1995-ci ildən 2012-ci ilə qədər ASDP-nin həmsədri, 2012-ci il iyunun 30-da keçirilən partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra – sədridir. (Partiya 1989-cu il dekabrın 10-da "Villi Brandtın Dostları Klubu"nun – 1970-ci illərin əvvəllərindən Azərbaycan Dövlət Universitetində A. Əlizadənin rəhbərliyi altında fəaliyyət göstərən təşkilatın – bazasında yaradılmışdır.)

1991–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci ildə Azərbaycan Respublikasının "Respublika Müdafiə Şurası"nın üzvü olmuşdur. 1988–1991-ci illərdə SSRİ-də yaranan qeyri-formal demokratik təşkilatların fəal üzvü olmuş və onların rəhbərliyinə daxil olmuşdur.

1990-cı ildən çoxsaylı beynəlxalq simpoziumlarda, konfranslarda və konqreslərdə iştirak etmişdir.

6 oktyabr 2022-ci ildə onkoloji xəstəlik səbəbi ilə 70 yaşında ölmüşdür.

Ailəsi Anası Zinyət Əlizadə . Atası Məmməd Mübariz Əlizadə dahi "Nizami"nin "Xəmsə"sini Azərbaycan dilinə tərcümə edib. Məmməd Mübariz Əlizadənin oğlu, Nüşabə Əlizadənin və Zərdüşt Əlizadənin qardaşıdır.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Sosial Demokrat Partiyasının sədrləri Kateqoriya:Azərbaycan prezidentliyinə namizədlər Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikasının Müdafiə Şurasının üzvləri Kateqoriya:Azərbaycan tərcüməçiləri