Konfusiçilik (Çincə: 儒學, köhnə 儒学) — Çində dini-etik təlim.
Konfusiçilik Çində e.ə. V–VI əsrlərdə yaranıb. O, ən qədim fəlsəfi sistemlərdən və daosizm və buddizmlə birlikdə üç əsas dini-etik təlimdən biri hesab edilir. Çin imperiyasının müəyyən tarixi məqamlarında isə konfusiçilik əsas din, rəsmi dövlət ideologiyası funksiyasını oynayıb. Onların ön plana çəkdiyi və ciddi-cəhdlə tətbiq etdiyi sosial etika cəmiyyət hüdudlarında fərdin mənəvi kamillyinə yönələrək qədimiliyin nüfuzu ilə təqdis edilən ciddi müəyyənləşdirilmiş normalar çərçivəsində, mahiyyət etibarilə, digər dinlərin də əsasında duran mistikaya, bəzən isə hətta ekstaza bürünmüş kortəbii etiqadın ekvivalenti idi.
Din olmasa da, konfusiçilik sözün əsl mənasında az qala dindən də güclüdür. Konfusiçilik həm siyasi, həm inzibati sistem, həm də iqtisadi və sosial proseslərin əsas tənzimləyicisi, bir sözlə, Çin həyat tərzinin özülü idi.
2000 ildən çox bir müddətdə konfusiçilik çinlilərin ağıl və duyğularının formalaşmasına, onların inanclarına, psixologiyalarına, düşüncələrinə, davranışlarına və məişətlərinə ciddi təsir etdi. Bu mənada konfusiçilik dünyanın geniş yayılmış dinlərinin heç birindən geri qalmır. Bu təlim Çin milli mədəniyyətinin bütün çalarlarına, əhalinin milli xarakterinə nəzərə çarpacaq dərəcədə rəng qatdı.
thumb|Konfusi
Konfusiçiliyin əsl adında (ju – ([tzya tzyao]) – "intellektual şagirdlər məktəbi") onun yaradıcısının adının olmaması da təsadüfi deyildi. Çünki Konfusinin məqsədi yeni təlim yaratmaq yox, çox uzaq keçmişi sevmək və ona inanmaq idi. Konfusiçilərin sələfləri əsasən məmur ailələrindən olan və rəsmi mövqelərini itirdikdən sonra müəllimlik edənlər idi. Onlar sonralar Onüçkitabçılığın bir hissəsini təşkil etmiş qədim kitabları təlim etməklə dolanırdılar. Onüçkitabçılıq təlimləri (Şi-san tzin) – konfusiçiliyin qanun-qaydalarını təşkil edən 13 qədim Çin klassik əsərləridir. Onüçkitabçılığın tarixi isə Xan dövrünə gedib çıxır. O zaman (e.ə. 140–87-ci illər) aşağıda adı çəkilən əsərlərin daxil olduğu Beşkitabçılıq mövcud idi. 1. Şitzin (mahnı və himnlər kitabı); 2. Şutzin (tarix kitabı); 3. İtzin (dəyişikliklər kitabı); 4. Li tzı (mərasimlər haqqında qeydlər); 5. Çuntzyu (payız və yaz salnaməsi). Tan sülaləsi dövründə (e.ə. 907–618-ci illər) Beşkitabçılığa aşağıdakılar əlavə eildi: 6. Çjou li (Çjou sülaləsinin ritualları); 7. İli (etiket və mərasimlər haqqında kitab); 8. Tzou-Çjuan (cənab Tsyuminin xronikası); 9. Qunyan-Çjuan (cənab Qunyan Qaonun xronikası); 10. Qulyan-Çjuan (cənab Qulyan Çinin xronikası). İmperator Ven-tszuenin dövründə (e.ə. 840–827-ci illər) bu mətnlər daş plitələrə yazıldı. Bu zaman onlara daha üç kitab əlavə edildi: 11. Syao Yzsin (ehtiramlı oğullar kitabı); 12. Lun yuy (mülahizə və söhbətlər); 13. Er ya (nəfis sinonimlər lüğəti və kanon kitablarına şərhlər). Onüçkitabçılığın formalaşması Şimali Sun dönəmində (e.ə. 1127–960-cı illər) Men-tzsı traktatı əlavə edilməklə sona çatdı. Bu kitablar Çinin tarixində mühüm rol oynayaraq iki min il ərzində ölkənin və təlim-tərbiyənin idarə olunmasının əsasını təşkil edirdilər. Konfusi (Kun-tszı, e.ə. 551–479-cu illər) Çjou sülaləsi dönəmində Lu səltənətində (indiki Şandun əyalətinin Tsyuyfu şəhəri) O, 22 yaşında Çinin ən məşhur pedaqoqu kimi ad aldı. Kun-tszı məktəbində 4 kitab: əxlaq (Şitszin), dil (Şutszin), siyasət (Litszi) və ədəbiyyat (Yuetszin) öyrədilirdi.
Konfutsinin konsepsiyası Humanizm (jen) özündə təvazökarlıq, təmənnasızlıq, ləyaqət, insanlara sevgi və s. keyfiyyətləri birləşdirir. Jen – yalnız qədim insanların malik olduğu, demək olar ki, əlçatmaz bir idealdır. Konfusi müasirlərindən humanist olaraq yalnız özünü və sevimli şagirdi Yan Xueyi hesab edirdi. Lakin əsl tzyun-tszı üçün təkcə humanizm kifayət etmirdi. O, həmçinin daha vacib bir keyfiyyət – borcluluq duyğusuna malik olmalı idi. Borc – humanist insanın öz məziyyətləri çərçivəsində üzərinə götürdüyü mənəvi öhdəlikdir.
Borcluluq duyğusu, bir qayda olaraq, öz xeyrini bilməklə yox, bilik və yüksək prinsiplərlə şərtlənir. "Xeyirxah adam borc haqqında düşünür, rəzil adam isə mənfəət haqqında düşünür" deyə Konfusi öyrədirdi. O, həmçinin düzlük və səmimilik (çjen), ədəb, əxlaq, mərasim və ənənələrə sadiqlik (li) kimi anlayışları da təhlil edir. Konfusi ilə təmasda olan şagirdlərin yazılarında filosof ədalətli, soyuqqanlı, təmkinli, işgüzar təsvir edilir. Həyatda praktik olan Konfusi öz təlimində də bu cürdür. Onun bütün söhbətləri və təlimatları, həyatı müdriklik xarakteri daşıyır və adi, təbii tələbatları aşmır. Onun bütün təlimi üç əsas: dövlətin təbəələri ilə, ataların uşaqları ilə və ərlərin arvadları ilə düzgün davranmalarında tamamlanır. Bundan başqa, 5 ali məziyyət və ya öhdəliklərin tam yerinə yetirilməsi tələb olunur:
— insansevərlik, yəni özün kimi hamıya şəfqətlə yanaşmaq; — ədalət və ya üzgörənlik etmədən hər bir kəsin layiq olduğu mükafat və cəzanın verilməsi; — qanunlara tabeolma və hakim dinin təyin etdiyi adət-ənənələrə riayət olunması; — həqiqətə uyğunluq, daha doğrusu hər cür yalana daim ikrah bəslənilməsi; — hər zaman və hər yerdə düzlük və təmizlik. Konfusi bu qaydalara əməl olunmasının xoşbəxtlik gətirəcəyinə inanırdı və onlara əsaslanaraq öz təlimini yaratmışdı. Bu təlimin əsas prinsipi fəaliyyətdə tarazlığın qorunması və bütün anlarda sakitliyin saxlanması, heç bir vəchlə ehtirasa qapılmamadır. Konfusiyə görə, hər bir müdrikin can atmalı olduğu mənəvi kamillik elə budur. İnsan hər zaman ortanı gözləməlidir: nə qatı nifrət, nə məhəbbət; çox kədərlənməməli, çox sevinməməli – bir sözlə, heç zaman ifrata qapılmamalıdır. Bundan başqa, digərlərinə olan münasibətlərdə də əxlaq qaydalarına əməl etməlidir, yəni özünə arzulamadığını başqlarına da arzulamamalıdır. Ədalət və düzgünlük, özünə və sözünə inam, səmimilik anlaşılmazlıqların aradan qaldırılmasına və ictimai münasibətlərə xeyirxah yanaşmanın əsasıdır. Özündən böyüklərə hörmət və ehtiram, həlimlik, dözüm və nəhayət istisnasız hər kəsə nəzakətlə yanaşmaqla ortanı və harmoniyanı gözləmək olar.
Bu prinsiplərə riayət edilməsi alicənab tzyun-tszının borcudur. Beləliklə, Konfusinin "alicənab insanı" ibrətamiz məziyyətlərə malik mücərrəd sosial idealdır. Bu ideal bənzətmə üçün mütləq sayılırdı, ona yaxın olmaq isə sosial nüfuz və şərəf hesab olunurdu. Bu, xüsusilə, Xan dövründə (e.ə. III əsr) Çin imperiyasını idarə edən məmurlara aid idi. Bu təlim dövlət quruluşunu, xalqın mənəvi və əxlaqi durumunu, məişətini əhatə edən bütün səviyyələr üçün stimul sayılırdı. Xalqa bu təlimi daha yaxşı aşılamaq üçün Konfusi mərasimlər adlanan bütöv bir kodeks yaratmışdır. Mərasimlər insanlara müəyyən vəziyyət və zamanda özlərini necə aparmalarını, mübahisə və toqquşmalardan qaçaraq ədəb-ərkan qaydalarına riayət etməyi öyrədir. Konfusi deyirdi ki, mərasimlər səma ilə yerin əlaqəsini, insanlar arasında qayda-qanunu təsdiq edir və süni deyildir. O, öyrədirdi ki, mərasimlər əşyaların müxtəlifliyinə, onların aşağı və ya yüksək məziyyətlərinə, təbiətin hər yerində mövcud olan müxtəlifliyə əsaslanır. Buna görə də, nikah, dəfn, qurbankəsmə zamanı həyata keçiriləcək müxtəlif təlimatlar nəzərdə tutulmuş, eləcə də hakim və məmur, ata və övlad, ər və arvad, böyüklər və kiçiklər arasında əlaqələrin forması müəyyən edilmişdi. Beləcə, bu təlim Çinin siyasi və ailə quruluşuna tətbiq edilirdi. Hakimin demokratik təməli və qeyri-məhdud hakimiyyətinin tərəfdarı olan bu təlim eyni zamanda "qızıl orta" prinsipini də unutmurdu: – "hökmdarın yalnız həddini keçən tələblərinə riayət etməmək olar". "Qızıl orta" cəmiyyət və onun üzvlərinin ideal vəziyyəti sayılırdı. Ona nail olmaq üçün isə bütün hərəkətləri düşünərək etmək, tələsməmək və qaydalara pedantcasına əməl etmək zəruri idi.
Bunlardan başqa nifrət və sevgiyə də ölçülü yanaşılmalı idi. Konfusi pisliyə, bədxahlığa qarşı yaxşılıqla, xeyirxahlıqla cavab verilməsinin cəfəng və mənasız olması qənaətindəydi: "Bəs onda xeyirxahlığı nə ilə cavablandıraq?", – deyə soruşurdu. O, həmçinin, mənasız qəhrəmanlığı da qəbul etmirdi. Əgər görürsən ki, insanı xilas etmək mümkün deyil, onda niyə hədər yerə risk edəsən ki? Münasibətlərin əsasında hörmət, dostluq, qayğıkeşlik dayanmalıdır. Heç vaxt Li çərçivəsindən kənara çıxmaq olmaz. Konfusi hər zaman etiketin yalnız davranış üçün praktik orientir olduğunu xatırladırdı: "Əgər Li nə olduğu bilinmirsə, heç nəyə ümid etmək mümkün deyil".
Lao-tszı hərəkətsizlik və ibtidai sadəliyi öyrətdiyi halda, Konfusi hadisələrin gedişinə aktiv müdaxilə olunmasını təkid edirdi. Onun fikrincə, xalqı tale yazısına buraxmaq olmaz. Cəmiyyətin həyatında təbiilik və qanunlar arasındakı harmoniya hökm sürməlidir. "Təbiət sünilikdən irəlidə olanda barbarlıq, sünilik təbiəti ötəndə isə ikiüzlülük alınır. Yalnız təbii və süninin tarazlığı xeyirxah insanı yaradır".
Konfusinin dövlət haqqında olan baxışları Konfusiçilik yarandığı ilk gündən sosial-etik və dövlət aparatına qovuşma cəhdinə görə seçilib. Bu cəhdə ailə-qohumluq kateqoriyalarına dövlət və səmavi hakimliyinin nəzəri izahları da uyğun gəlirdi: "dövlət – bir ailədir", Səma oğlu həm də "xalqın atası və anasıdır". Dövlət cəmiyyət ilə, sosial münasibətlər isə ailə strukturunun əsasında olan ata və oğul arasındakı şəxsiyyətlərarası əlaqələrlə eyniləşdirilirdi. Konfusinin dövlət haqqında olan baxışlarında əsas diqqət "adların bərpasına" ayrılır. Hər bir insan özünü tutduğu mövqeyə tam uyğun şəkildə aparmalıdır. Əgər hökmdar əməldə yox, yalnız sözdə hakimdirsə, bu çox pisdir. Konfusi bir knyaza -"Dövlət, hakimin hakim, təbəənin təbəə, atanın ata, oğulun oğul olduğu halda çiçəkləyir", – demişdi. Əgər dövlət dövlət olmaq istəyirsə, "onun kifayət qədər ərzağı, qoşunu olmalı və xalq hökmdarına inanmalıdır". İmperator ölkənin atasıdır və təbəələr onun sadiq övladları olmalıdır. Ölkənin əhalisi 4 kateqoriyaya bölünürdü (bir növ hind kastalarını xatırladır): 1. Anadangəlmə müdrik olanlar; 2. Müdriklik qazana biləcək insanlar; 3. Çətinliklə təlim görə biləcək insanlar; 4. Müdrilklik qazana və bilik əldə edə bilməyəcək camaat. Belə sıralanmış cəmiyyət, ali (düşünən və idarəedənlər) və aşağı (işləyən və tabe olanlar) təbəqədən ibarət olmalı idi. Hansı təbəqəyə mənsub olma kriteriyası kimi varislik və var-dövlət prinsipi deyil, insanın tzyun-tszı idealına yaxınlıq dairəsi götürülməliydi. Əslində bu kriteriya istənilən şəxsin yuxarıya yolunu çətinləşdirirdi: sadə camaatın məmurlardan "heroqliflər divarı" olan bilik ayırırdı. Li-tszıda (mərasimlər haqqında qeydlər) mərasim və qaydaların sadə camaata aid olmaması və ağır fiziki cəzaların savadlılara verilməməsi haqqında xüsusi qeydlər vardı.
Konfusi idarəolunmada son və ali məqsəd olaraq xalqın maraqlarını ifadə etməyə çalışırdı. Bunula belə, o, əmin idi ki, xalqın özünə öz maraqları anlaşılmazdırr və təlim görmüş konfusiçilərin köməyi olmadan onun idarə olunması mümkün deyil. "Xalqı doğru yolla getməyə məcbur etmək lazımdır, amma səbəbini izah etmək lazım deyil".
Konfusi həyatın mənası, Allah və ölümsüzlük haqqında suallara cavab axtarmırdı. Onu təbiətin sirrləri və insan mövcudluğunun faciəsi narahat etmirdi. Konfusi üçün əsas məsələ cəmiyyətin sakit çiçəklənməsinin yolunu tapmaq idi. O, Dao haqqında danışarkən, bu sözün arxasında əlçatmaz və sirli bir şey olduğunu düşünmürdü: "Dao insandan uzaqda deyil: ağıldan uzaq bir yol seçilməsi əsil Dao deyil". Onun izah etdiyi Dao konkret sosial və etik ideal idi.
Amma bu Konfusinin Ali Başlanğıcı inkar etməsi anlamına gəlmir. Bu, sadəcə olaraq, Konfusiyə uzaq və mücərrəd göründüyü üçün onu az maraqlandırırdı. Onun dini baxışları isə mərasimlərə riayət olunması, özünün və təliminin taleyinin Səmadan asılı olmasını dərk etməsində idi. Ölümsüzlüyün mövcudluğu haqqında suala Konfusi belə cavab vermişdi: "Biz həyatın nə olduğunu bilmiriksə, ölümün nə olduğunu haradan bilərik?".