Nassaulu Sofiya Vilhelmina Marianna Henretta (; ) — Nassau hersoqu Vilhelmin qızı, İsveç-Norveç kraliçası.
9 iyul 1836-cı ildə Visbadendəki Bibrix sarayında dünyaya gəldi. Atası Nassau hersoqu Vilhelm, anası isə onun ikinci xanımı və Vürtemberq kralı I Fridrixin nəvəsi Paulina Frederikadır. Hələ 3 yaşında ikən atası vəfat etdi və ögey qardaşı Adolf taxta çıxdı. Bu səbəblə, mükəmməl saray təlim-tərbiyəsi aldı. 1853-cü ilin qışını Mixail Pavloviçlə evli olan xalasının Sankt-Peterburqdakı sarayında keçirdi. Bu dövrdə məşhur pianoçu Anton Rubinşteyndən dərslər aldı. Krım müharibəsinin başlamasının ardından vətənə döndülər. Anasının 1856-cı ildə vəfatının ardından ögey bacısı Vayd şahzadəsi Mariya Vilhelmina ilə birlikdə yaşamağa başladı.
Anasının vəfatıyla bağlı digər monarx ailələrindən gələn ziyarətçiləri qəbul etdi. Bu ziyarətçilərdən biri də İsveç kralı I Oskarın ikinci oğlu şahzadə Oskar oldu. Bu ziyarət əsnasında cütlük bir-birinə aşiq oldu. Həmin ilin sentyabrında cütlüyün nişanlandığı elan edildi. Nişanın ardından İsveç və Norveç dili, eləcə də tarixiylə bağlı dərslər aldı.
6 iyun 1857-ci ildə Bibrix sarayında evlənən cütlük 19 iyunda Stokholmda təntənəli şəkildə qarşılandı. Cütlüyün bu nigahdan 4 övladı doğuldu.
V Qustav (1858-1950) Oskar (1859-1953) Karl (1861-1951) Eugen (1865-1947)
Qaynatasının vəfatının ardından 1859-cu ildə qaynı XV Karl taxta çıxdı. Ancaq qaynı evli olsa da, yetkinlik yaşına çatan oğul varisi yox idi və bu səbəblə, əri şahzadə Oskarla birlikdə vəliəhd ünvanı daşımağa başladılar. Siyasətlə maraqlanırdı və bəzən parlament iclaslarında da iştirak edirdi. Ana vətəni olan Nassau hersoqluğunun 1866-cı ildə Prussiya tərəfindən ilhaq edilməsinin ardından Prussiya əleyhdarlığını açıq şəkildə bildirməyə başladı. 1870-ci ildə qurulan Almaniya imperiyasındakı Prussiya nüfuzundan narazı olsa da, Prussiya vəliəhdi şahzadə Fridrix və xanımı Viktoriya ilə yaxşı münasibətləri vardı.
Qaynı XV Karlın vəfatının ardından 1872-ci ildə əri II Oskar adıyla taxta çıxdı. Beləcə, İsveç və Norveç kraliçası ünvanlarını qazandı. 12 may 1873-cü ildə Stokholmda, 18 iyun 1873-cü ildə isə Tronheymdə əriylə birlikdə tacqoyma mərasiminə qatıldı. 1875-ci ildə cütlük Avropa dövlətlərinə səyahətə çıxdı. Danimarka, Berlin, Drezdenə səyahət etdi. Ancaq Drezdendə səhhəti pisləşdi və geri döndü. Ancaq əri II Oskar səyahəti davam etdirdi və Veymara, ardından Sankt-Peterburqa yollandı.
1878-ci ildən etibarən dini mərasimlərə və ayinlərə yönəldi. 1881-ci ildə əriylə birlikdə Britaniyaya səyahət etdilər və burada Kraliça Viktoriya tərəfindən qarşılandılar.
1885-ci ildə oğlu Karl İstanbulda xəstələndi və bu səbəblə, əri II Oskarla birlikdə Osmanlı sultanı II Əbdülhəmidin şəxsi qonaqları kimi İstanbula səyahət etdilər. Bu səyahət əsnasında sultan hərəmini ziyarət etməsinə icazə verildi.
1887-ci ildə yumurtalıq əməliyyatı oldu. Əməliyyatdan sağ çıxması halında oğlu Oskarın məşuqəsi Ebba Munkla evlənməsinə icazə verəcəyini bildirdi. Beləcə, oğlu bütün taxt hüquqlarından və soyadından imtina edərək evləndi.
1905-ci ildə İsveç-Norveç birliyinin dağılması əsnasında hərbi müdaxiləyə qarşı çıxdığı bilinir. Ərinin 1907-ci ildə vəfatının ardından böyük oğlu V Qustav İsveç taxtına çıxdı. Son illərində xeyriyyəçiliklə məşğul oldu. 30 dekabr 1913-cü ildə Stokholmda vəfat etdi.
Mənbə
Ədəbiyyat
Sofia W M H, urn:sbl:6102, Svenskt biografiskt lexikon (art av Torgny Nevéus), hämtad 2013-11-07. Anne-Marie Riiber (1959). Drottning Sophia. (Queen Sophia) Uppsala: J. A. Lindblads Förlag.
İstinadlar Kateqoriya:Bernadotlar Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:XX əsr monarxları Kateqoriya:XIX əsr Almaniya şəxsləri Kateqoriya:XIX əsr şəxsləri Kateqoriya:Kraliça-həyat yoldaşları