Pepsin— zülalları daha kiçik peptidlərə və amin turşusulara parçalayan endopeptidazadır. O, insanlarda və bir çox digər heyvanlarda həzm sisteminin əsas həzm fermentilərindən biridir və qidadakı zülalların həzm olunmasına kömək edir. Pepsin aktiv mərkəzində katalitik aspartatdan istifadə edən aspartik proteazadır.

O, insan həzm sistemində mövcud olan üç əsas endopeptidazadan (zülalları orta hissədən kəsən fermentlərdən) biridir; digər ikisi ximotripsin və tripsindir. Bundan əlavə, zülalların hər iki ucundan ayrı-ayrı amin turşularını ayıran ekzopeptidazalar da mövcuddur (mədəaltı vəzi tərəfindən istehsal olunan karboksipeptidazalar və nazik bağırsaq tərəfindən ifraz olunan aminopeptidazalar). Həzm prosesi zamanı bu fermentlər, hər biri müəyyən növ amin turşusular arasındakı rabitələri qırmaq üzrə ixtisaslaşmış olmaqla, qida zülallarını onların tərkib hissələrinə, yəni peptidlərə və amin turşularına parçalamaq üçün birlikdə fəaliyyət göstərirlər. Bu maddələr sonradan nazik bağırsaq tərəfindən asanlıqla sorula bilir. Pepsinin parçalama spesifikliyi genişdir, lakin tirozin, fenilalanin və triptofan kimi bəzi amin turşusular parçalanma ehtimalını artırır.

Pepsinin zimoqeni (profermenti) olan pepsinogen, mədə divarındakı mədənin baş hüceyrələri tərəfindən ifraz olunur və mədə şirəsindəki duz turşusu ilə qarışdıqdan sonra aktivləşərək pepsinə çevrilir.

Tarixi

Pepsin 1836-cı ildə Teord Şvan tərəfindən kəşf edilmiş ilk fermentlərdən biri olmuşdur. Şvann onun adını yunan sözü olan pepsis sözündən götürmüşdür ki, bu da «həzm» mənasını verir ( peptein — «həzm etmək» sözündən)., . Azot tərkibli qidaları suda həll olunan maddəyə çevirə bilən turş xarakterli maddənin pepsin olduğu müəyyən edilmişdir.

1928-ci ildə Con H. Nortrop pepsini dializ, filtrasiya və soyutma üsullarından istifadə etməklə kristallaşdırdıqda, pepsin kristallaşdırılmış ilk fermentlərdən biri olmuşdur.

Sələfi

Pepsin pepsinogen adlanan zimoqen şəklində ifadə olunur və onun ilkin strukturu aktiv fermentlə müqayisədə əlavə 44 amin turşusu ehtiva edir.

Mədədə mədənin baş hüceyrələri pepsinogeni ifraz edir. Bu zimoqen mədə selikli qişasındakı parietal hüceyrələr tərəfindən ifraz olunan duz turşusu (HCl) vasitəsilə aktivləşdirilir. Qastrin hormonu və azan siniri qida qəbul edildikdə həm pepsinogenin, həm də HCl-nin mədə selikli qişasından ifraz olunmasını stimullaşdırır. Duz turşusu turş mühit yaradır ki, bu da pepsinogenin açılmasına və avtokataliz yolu ilə özünü parçalayaraq pepsin (aktiv forma) əmələ gətirməsinə imkan verir. Pepsinogenin tərkibindən 44 amin turşusu ayrılır və nəticədə daha çox pepsin yaranır.

Pepsinogenlər ilkin strukturlarına əsasən əsasən 5 fərqli qrupa bölünür: pepsinogen A (həmçinin pepsinogen I adlanır), pepsinogen B, proqastriksin (həmçinin pepsinogen II və pepsinogen C adlanır), proximozin (həmçinin prorennin adlanır) və pepsinogen F (həmçinin hamiləliklə əlaqəli qlikoprotein adlanır).

Aktivlik və sabitlik

Pepsin pH 1,5–2,5 arasında olan turş mühitdə ən aktivdir. Buna uyğun olaraq, onun əsas sintez və aktivlik yeri mədədir (pH 1,5–2). İnsanlarda mədədə pepsinin konsentrasiyası 0,5–1 mq/ml-ə çatır.

Pepsin pH 6,5 və daha yüksək olduqda aktiv deyil; lakin pH 8,0-ə qədər pepsin tamamilə denaturasiya olunmur və ya geri dönməz şəkildə inaktivləşmir. Buna görə də, pH 8,0-ə qədər olan məhlullarda pepsin yenidən turşulaşdırıldıqda yenidən aktivləşə bilər. Yüksək pH-da pepsinin sabitliyi laringofaringeal reflükslə əlaqəli xəstəliklər baxımından mühüm əhəmiyyət daşıyır. Mədə reflüksü baş verdikdən sonra pepsin qırtlaqda qalır. Laringofarenksin orta pH-sında (pH = 6,8) pepsin aktivsiz olardı, lakin sonrakı turş reflüks epizodları zamanı yenidən aktivləşə və nəticədə yerli toxumalara zərər verə bilər.

Pepsin geniş parçalanma spesifikliyinə malikdir. Pepsin qəbul edilmiş amid rabitələrinin 20%-ə qədərini parçalaya bilir. P1 və P1' mövqelərindəki qalıqlarP1 və P1' mövqeləri müvafiq olaraq karboksil və amin tərəflərində parçalanacaq rabitəyə bilavasitə bitişik amin turşusu qalıqlarını ifadə edir. parçalanma ehtimalının müəyyən edilməsində ən mühüm amillərdəndir. P1 və P1' mövqelərində hidrofob amin turşusuların olması parçalanma ehtimalını artırır. P1 mövqeyində fenilalanin, leysin və metionin, P1' mövqeyində isə fenilalanin, triptofan və tirozin parçalanma ehtimalının ən yüksək olduğu qalıqlardır. P1 mövqeyində müsbət yüklü amin turşusular olan histidin, lizin və arginin parçalanmanı zəiflədir.

Laringofaringeal reflüksdə

Pepsin laringofaringeal reflüks zamanı selikli qişanın zədələnməsinin əsas səbəblərindən biridir. Mədə reflüksü baş verdikdən sonra pepsin qırtlaqda (pH 6,8) qalır. Bu mühitdə fermentativ baxımdan aktiv olmasa da, pepsin sabit qalır və sonrakı turş reflüks epizodları zamanı yenidən aktivləşə bilər. Qırtlaq selikli qişasının fermentativ cəhətdən aktiv pepsinə məruz qalması, lakin geri dönməz şəkildə inaktivləşdirilmiş pepsinə və ya turşuya məruz qalması deyil, qoruyucu zülalların ekspressiyasının azalmasına səbəb olur və bununla da qırtlağın zədələnməyə həssaslığını artırır.

Pepsin zəif turş və ya turşu olmayan mədə reflüksü zamanı da selikli qişanın zədələnməsinə səbəb ola bilər. Zəif turş və ya turşu olmayan reflüks reflüks simptomları və selikli qişanın zədələnməsi ilə əlaqələndirilir. Turşu olmayan şəraitdə (neytral pH) pepsin qırtlaq və hipofarenks kimi yuxarı tənəffüs yollarının hüceyrələri tərəfindən reseptor vasitəli endositoz adlanan proses vasitəsilə hüceyrədaxilinə alınır. Pepsinin endositozunu təmin edən reseptor hazırda məlum deyil. Hüceyrə daxilinə alındıqdan sonra pepsin aşağı pH-a malik hüceyrədaxili vezikullarda saxlanılır və burada onun fermentativ aktivliyi bərpa oluna bilər. Pepsin hüceyrə daxilində 24 saata qədər saxlanılır. Neytral pH-da pepsinə məruz qalma və pepsinin endositozu iltihabla əlaqəli gen ekspressiyasında dəyişikliklərə səbəb olur ki, bu da reflüksün əlamət və simptomlarının əsasını təşkil edir, həmçinin şiş inkişafında rol oynayır. Bu və digər tədqiqatlar pepsinin mədə reflüksü ilə əlaqələndirilən kanserogenezdə rol oynadığını göstərir. Pepsin tənəffüs yollarından götürülmüş nümunələrdə laringofaringeal reflüks üçün həssas və spesifik marker hesab olunur. Mədə reflüksünün müalicəsi və diaqnostikası üçün pepsini hədəf alan yeni terapevtik və diaqnostik vasitələrin hazırlanması istiqamətində tədqiqatlar davam edir. Hazırda tüpürcək nümunələrində pepsinin mövcudluğunu müəyyən edən Peptest adlı sürətli, qeyri-invaziv pepsin diaqnostik testi mövcuddur.

İnhibitorlar

Pepsin yüksək pH ilə (bax: Aktivlik və sabitlik) və ya inhibitor birləşmələr vasitəsilə inhibə edilə bilər. Pepstatin aşağı molekulyar kütləli birləşmədir və turş proteazalara qarşı güclü və spesifik inhibitordur; onun pepsin üçün inhibəedici dissosiasiya sabiti (Ki) təxminən 10−10 M-dir. Pepstatinin statil qalığının pepsinin pepstatin tərəfindən inhibə edilməsinə cavabdeh olduğu düşünülür; statin pepsin və digər turş proteazalar tərəfindən kataliz zamanı keçid vəziyyətinin potensial analoqudur. Pepstatin pepsinə kovalent şəkildə bağlanmır və buna görə də pepsinin pepstatin tərəfindən inhibə edilməsi geri dönəndir. 1-bis(diazoasetil)-2-feniletan pH 5-də pepsini geri dönən şəkildə inaktivləşdirir və bu reaksiya Cu(II)-nin iştirakı ilə sürətlənir.

Donuz pepsini donuzların iri yumru qurdları tərəfindən (Ascaris suum) istehsal olunan pepsin inhibitoru-3 (PI-3) tərəfindən inhibə edilir. PI-3 öz N-terminal qalıqlarından istifadə edərək pepsinin aktiv mərkəzini tutur və bununla da substratın bağlanmasını bloklayır. Yetkin PI-3-ün 1–3-cü amin turşusu qalıqları (Gln-Phe-Leu) pepsinin P1'–P3' mövqelərinə bağlanır. PI-3:pepsin kompleksində PI-3-ün N-terminusu hidrogen rabitəsi vasitəsilə yerləşdirilir və nəticədə səkkiz zəncirli β-vərəq əmələ gəlir; bu vərəqin üç zəncirini pepsin, beş zəncirini isə PI-3 təşkil edir.

Pepsin tərəfindən zülalların həzm olunması nəticəsində əmələ gələn məhsullardan biri reaksiyanı inhibə edir.

Sukralfat, mədə xoralarının və pepsinlə əlaqəli digər xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitəsi olmaqla yanaşı, pepsinin aktivliyini də inhibə edir.

Tətbiqləri

Sənaye məqsədli pepsin donuzların mədəsinin vəzili qatından alınır. O, pendir istehsalı zamanı südün kəsilməsi üçün istifadə olunan rennetin tərkib hissəsidir. Pepsin qida istehsalında müxtəlif məqsədlər üçün istifadə olunur: soya zülalının və jelatinin xassələrini dəyişdirmək və onlara köpüklənmə xüsusiyyəti vermək, bitki zülallarını südsüz qəlyanaltı məhsullarında istifadə üçün modifikasiya etmək, əvvəlcədən bişirilmiş dənli bitkiləri ani hazırlanan isti dənli qidalara çevirmək, həmçinin qida və içkilərə dad vermək üçün heyvan və bitki mənşəli zülal hidrolizatları hazırlamaq. Pepsin dəri sənayesində dərilərdən tüklərin və qalıq toxumaların təmizlənməsi, həmçinin gümüşü saxlayan jelatin qatının həzm edilməsi yolu ilə istifadədən çıxarılmış fotoqrafiya plyonkalarından gümüşün bərpası üçün istifadə olunur. Pepsin tarixən Dr. Edwin E. Beeman tərəfindən hazırlanmış Beemans çeynənən saqqızının tərkib hissəsi olmuşdur. Pepsodent adının mənşəyi pepsinlə əlaqəlidir; bu maddə dişlərdəki qida qalıqlarını parçalamaq və həzm etmək üçün nəzərdə tutulmuşdu. Pepsin ilk Pepsodent diş məcunlarının tərkibində istifadə olunan maddələrdən biri olmuşdur.

Pepsin antikorlardan F(ab')2 fraqmentinin hazırlanmasında geniş istifadə olunur. Bəzi analizlərdə antikorun yalnız antigeni bağlayan (Fab) hissəsindən istifadə etmək üstünlük təşkil edir. Bu tətbiqlərdə antikorlar fermentativ şəkildə həzm edilərək ya Fab, ya da antikorun F(ab')2 fraqmentini əmələ gətirə bilər. F(ab')2 fraqmenti əldə etmək üçün IgG pepsinlə həzm edilir və pepsin ağır zəncirləri ilgək bölgəsinin yaxınlığından parçalayır. İlgək bölgəsində ağır zəncirləri birləşdirən disulfid rabitələrindən biri və ya bir neçəsi qorunub saxlanılır və bununla da antikorun iki Fab bölgəsi bir-birinə bağlı qalaraq iki valentli molekul (iki antikor bağlanma sahəsi olan molekul) əmələ gətirir; buna görə də F(ab')2 adlandırılır. Yüngül zəncirlər bütöv qalır və ağır zəncirə bağlı olur. Fc fraqmenti kiçik peptidlərə parçalanır. Fab fraqmentləri pepsin əvəzinə papain istifadə etməklə IgG-nin parçalanması nəticəsində əmələ gətirilir. Papain ağır zəncirləri birləşdirən disulfid rabitələrini ehtiva edən ilgək bölgəsinin yuxarısından, yüngül və ağır zəncir arasındakı disulfid rabitəsinin yerləşdiyi sahənin isə aşağısından IgG-ni parçalayır. Bu proses iki ayrı monovalent (yalnız bir antikor bağlanma sahəsi olan) Fab fraqmenti və bütöv Fc fraqmenti əmələ gətirir. Fraqmentlər gel filtrasiyası, ion mübadiləsi və ya affinitet xromatoqrafiyası ilə təmizlənə bilər.

Fab və F(ab')2 antikor fraqmentləri Fc bölgəsinin mövcudluğunun problem yarada biləcəyi analiz sistemlərində istifadə olunur. Limfa düyünləri və ya dalaq kimi toxumalarda, yaxud periferik qan preparatlarında Fc reseptorlarına malik hüceyrələr (makrofaqlar, monositlər, B limfositləri və təbii killer hüceyrələri) mövcuddur. Bu hüceyrələr bütöv antikorların Fc bölgəsinə bağlanaraq hədəf antigenin olmadığı sahələrdə fon boyanmasına səbəb ola bilər. F(ab')2 və ya Fab fraqmentlərindən istifadə antikorların Fc reseptorlarına deyil, antigenə bağlanmasını təmin edir. Bu fraqmentlər plazmanın iştirakı ilə hüceyrə preparatlarının boyanması üçün də əlverişli ola bilər, çünki onlar hüceyrələri lizisə uğrada bilən komplementə bağlana bilmirlər. F(ab')2 və xüsusilə Fab fraqmentləri hədəf antigenin daha dəqiq lokalizasiyasına imkan verir; məsələn, elektron mikroskopiyası üçün toxumanın boyanması zamanı. F(ab')2 fraqmentinin iki valentli olması onun antigenləri bir-birinə bağlamasına imkan verir və buna görə də çöktürmə analizlərində, səthi antigenlər vasitəsilə hüceyrə aqreqasiyasında və ya rozet əmələgəlmə analizlərində istifadə oluna bilər.

İstinadlar

Kateqoriya:11 xromosom genləri Kateqoriya:1836-cı ildə elm Kateqoriya:6 xromosom genləri Kateqoriya:Fermentlər Kateqoriya:Mədə