Azərbaycan–Portuqaliya futbol matçı — 4 sentyabr 1999-cu ildə Azərbaycan və Portuqaliya milli futbol komandaları arasında baş tutmuş futbol matçı. Qarşılaşma 2000-ci il Avropa çempionatının təsnifat mərhələsinin 7-ci qrupu çərçivəsində, Bakıda yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmişdir. Seçmə mərhələnin 7-ci qrupunda mübarizə aparan Azərbaycan və Portuqaliya komandaları qitə birinciliyinə vəsiqə qazanmaq uğrunda yarışmışdılar.
Oyun zamanı stadionun projektorlarının sönməsi səbəbindən matç növbəti günə təxirə salınmışdır. Qarşılaşmanın 51-ci dəqiqəsində Azərbaycan milli komandasının 20 yaşlı futbolçusu Zaur Tağızadənin vurduğu qoldan sonra Portuqaliya komandası hesabı bərabərləşdirmək məcburiyyətində qalmış və matç sensasiyalı xarakter almışdır. Yalnız oyunun son dəqiqələrində Luiş Fiqu qol vuraraq öz komandasını məğlubiyyətdən xilas edə bilmişdir.
Portuqaliya mətbuatında Azərbaycan milli komandasının göstərdiyi bu nəticə böyük nailiyyət kimi qiymətləndirilmişdir. Bu nəticə, təxminən beş ay əvvəl eyni Portuqaliya komandasının öz meydanında Azərbaycanı 7:0 hesabı ilə məğlub etməsi faktı nəzərə alındıqda daha da diqqətçəkici hesab olunmuşdur. Azərbaycanda isə bu qarşılaşma milli komandanın tarixindəki ən yaxşı oyunlardan biri sayılır.
Bu matç iki komanda arasında keçirilmiş səkkiz oyundan Azərbaycan milli komandasının Portuqaliyaya məğlub olmadığı və qol vura bildiyi yeganə görüşdür.
Oyundan əvvəlki vəziyyət Azərbaycan və Portuqaliya komandalarının görüşü 7-ci qrupun 22-ci oyunu olmalı idi. Bura qədər Azərbaycan milli komandası səfərdə Rumıniya yığmasına 0:4 hesabı ilə məğlub olmuşdu və qrupun autsayderi hesab edilirdi. Portuqaliya milli komandası isə iyun ayında Lixtenşteyn yığmasını 8:0 hesabı ilə darmadağın edərək bu oyunun aşkar favoriti sayılırdı.
Matç
3 sentyabr oyunu Matçın əvvəlində dövlət himnlərinin səsləndirilməməsi dərhal marağa səbəb olmuşdu. Bununla eyni vaxtda, elektrik təchizatı ilə bağlı texniki problemlər ucbatından nə "RTP 1", nə də "Sport TV" kanallarının Portuqaliyaya görüntünü ötürə bilmədiyi barədə məlumat yayılmışdır.
Portuqaliya milli futbol komandası oyuna yaxşı başlamışdı. İlk yeddi dəqiqədə başla vurulan zərbələrlə həm Paulu Madeyra, həm də Paulu Bentu hesabı aça bilərdilər. Bu zərbələrin ardınca meydan sahiblərinin sürətli əks-hücumları baş tutmuşdu. Təxminən 20-ci dəqiqədə portuqaliyalılar ard-arda üç künc zərbəsindən yararlanmış, Joau Pintu isə tirin üstündən keçən qüvvətli zərbə endirmişdi. Bu vaxtdan etibarən Portuqaliya komandasının oyunu zəifləməyə başlamışdı. Portuqaliyanın "Record" qəzeti qeyd edirdi ki, ötürmələr və asmalar tez-tez dəqiq olmurdu, pressinq isə zəifləmişdi. Bu vəziyyət azərbaycanlılara topla davranmaq üçün daha çox məkan və vaxt qazandırmış, hətta müəyyən cəsarətlə Portuqaliyanın cərimə meydançası yaxınlığında təhlükəli məqamlar yaratmağa imkan vermişdir.
Üç mərkəz müdafiəçisi və iki cinah oyunçusundan ibarət sıx müdafiə xətti quran Azərbaycan milli futbol komandası qüvvələrini yarımmüdafiədə cəmləşdirmiş və Karlos Sekretariu ilə Dimaş Teyşeyranı saxlamaq məqsədilə iki futbolçunu xətt boyunca saxlamağa üstünlük vermişdi. Bu hər dəfə uğurlu alınmasa da, məhz Portuqaliya müdafiəsinin sol cinahında Dimaşın irəlidə mövqe tutmasından istifadə edən azərbaycanlılar iki-üç dəfə nisbətən rahatlıqla irəliləyə bilmişdilər.
Portuqaliyanın on səkkiz zərbə endirməsinə baxmayaraq, birinci hissədə hesab açılmamışdır. "Record" qəzetinin müxbirləri Portuqaliya komandasının bəzi əsas oyunçularının, xüsusilə Luiş Fiqu, Ruy Koşta və Sa Pintunun bir-biri ilə lazımi səviyyədə anlaşa bilmədiyini yazırdılar. Fasilədə Umbertu Koelyu, görünür, daha çox cinahlardan oynamaq niyyəti ilə Paulu Bentunu Kapuşu ilə əvəzləməyə hazırlaşmışdır.
Oyunun ingiltərəli baş hakimi Dermot Qallaxer üç sarı vərəqə göstərmiş, bunlardan biri Paulu Madeyraya verilmişdir.
İşıqlandırma problemləri və təxirəsalma Fasilədə stadondakı dörd projektordan ikisinin sönməsi oyunun normal şəraitdə keçirilməsinə mane olmuşdur. Portuqaliyanın "Record" qəzetinin 4 sentyabr 1999-cu il tarixli nüsxəsində baş verənlər böyük hərc-mərclik kimi təsvir edilmiş, mühafizənin yetərsizliyi səbəbindən azarkeşlərin jurnalistlərin fəaliyyətinə mane olduğu və vəziyyəti daha da mürəkkəbləşdirdiyi qeyd olunmuşdur.
Fasilədən sonra komandalar meydana qayıtmış, təxminən yarım saatlıq gözləmə müddətində hakimlər, hər iki komandanın nümayəndələri, UEFA nümayəndəsi və stadion əməkdaşları arasında müzakirələr aparılmışdır. Azərbaycan tərəfi işığın kifayət edəcəyini iddia edərək oyunu davam etdirməyi təklif etsə də, Portuqaliya milli komandasının nümayəndələri buna etiraz etmişdilər. Hakimin ayırdığı vaxt bitdikdən sonra oyunun saxlanıldığı təsdiqlənmişdir. Artıq Portuqaliya komandasının avtobusu stadionu tərk edib mehmanxanaya tərəf yönəldikdən sonra Portuqaliya Futbol Federasiyasından Karlos Qodinyo qarşılaşmanın davam etdirilməyəcəyini bildirmişdir.
Oyunun irlandiyalı nümayəndəsi Patrik Kelli hadisə barədə dərhal UEFA-nın İsveçrədəki baş katibinə məlumat vermişdir. O isə öz növbəsində Fövqəladə Hallar Komitəsini toplamışdır. Qərar tez bir zamanda verilmişdir. Təkrar oyun şənbə günü saat 17:30-da keçirilməli idi. Stadionda belə bir vəziyyət üçün generatorun olmamasına baxmayaraq, Azərbaycan milli komandası səhlənkarlığa görə texniki məğlubiyyətdən yayınmışdır. O matçda Azərbaycan milli komandasının yarımmüdafiəçisi olmuş Kamal Quliyevin sözlərinə görə, Portuqaliya tərəfi oyunun təxirə salınmasına razı olmasaydı, Azərbaycana texniki məğlubiyyət veriləcəkdi, lakin Portuqaliya Futbol Federasiyası matçın növbəti gün keçirilməsinə razılıq vermişdir.
Təkrar oyun növbəti gün, 4 sentyabr 1999-cu il tarixində, yerli vaxtla saat 17:30-da (Lissabon vaxtı ilə 13:30-da) baş tutmuşdur.
4 sentyabr oyunu 4 sentyabr oyunu Mehmanxanaya qayıtdıqdan sonra Azərbaycan milli komandasının baş məşqçisi Əhməd Ələsgərov futbolçulara mehmanxananı tərk etməməyi, erkən yatıb istirahət etməyi tapşırmışdır. Taktika dəyişməz qalmışdır. Baş məşqçi Luiş Fiquya xüsusi diqqət yetirilməsini tələb edərək, onun hər iki ayağı ilə yaxşı oynadığını bildirmiş və manevrlərinə uymamağı tapşırmışdır. Növbəti gün komandalar birinci hissəni yenidən 0:0 hesabı ilə başa vurmuşdular.
Sensasiya 51-ci dəqiqədə baş vermişdir. Azərbaycan milli komandasının 20 yaşlı yarımmüdafiəçisi Zaur Tağızadə Portuqaliya milli komandasının kapitanı Vitor Baya ilə qarşı-qarşıya qalaraq topu onun ayaqları arasından torla qovuşdurmuş və meydan sahiblərini irəli çıxarmışdır. Epizod zamanı Bəxtiyar Musayev mərkəzdə rəqibi keçərək sağa tərəf yönəlmiş və ayağının xarici hissəsi ilə Zaur Tağızadəyə hiyləgər ötürmə vermişdir. Zaur Tağızadə isə məşqçinin tapşırığına əsasən, mərkəzdən irəliyə doğru qaçaraq bu ötürməyə çatmışdır. Ötürmə anında Portuqaliya futbolçuları oyundankənar vəziyyət olduğunu zənn edərək bir anlıq dayanmışdılar. Fürsətdən istifadə edən Zaur cərimə meydançasına daxil olmuş və hesabı açmışdır. Bu qol Tağızadənin karyerasında vurulmuş ən məşhur qol sayılır və bu vurulan qola görə futbolçuya sonradan "qızıl oğlan" ləqəbi verilmişdir, lakin matçın qəhrəmanına çevrilən Tağızadə 84-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulmuşdur. Azərbaycan komandası ikinci qolu da vura bilərdi, lakin Vyaçeslav Lıçkinin zərbəsi dirəkdən qayıtmışdır.
Matçın əsas vaxtı meydan sahiblərinin üstünlüyü ilə başa çatsa da, Luiş Fiqunun 92-ci dəqiqədə vurduğu qol portuqaliyalıları məğlubiyyətdən xilas etmişdir. Baş hakim oyuna 6 dəqiqə əlavə etmişdir. Əlavə olunmuş vaxtda Portuqaliya futbolçuları sol cinahdan hücum təşkil edərək qapıya zərbə endirmişdilər. Qapıçı Dmitri Kramarenko topu dəf etsə də, nəzarətsiz qalan Luiş Fiqu təkrar zərbə ilə hesabı bərabərləşdirmişdir. Bu epizodda Azərbaycan futbolçuları bir anlıq diqqətsizlik nümayiş etdirmişdilər. Komandanın taktikasına əsasən, cinahdan hücum zamanı mərkəz müdafiəçisi cinah müdafiəçisinə köməyə getməli, əks cinahdakı müdafiəçi mərkəz müdafiəçisinin yerini tutmalı, yarımmüdafiəçi isə cinah müdafiəçisinin zonasını bağlamalı idi. Kramarenko topu dəf etdikdən sonra Elşən Qəmbərov həmin zonaya daxil olmalı olsa da, bunu etməmiş və nəticədə Fiqu tamamilə boş qalaraq qol vurmuşdur.
Oyundan sonra Luiş Fiqu ilə onu kölgə kimi izləmək tapşırılan Azərbaycan milli komandasının müdafiəçisi Kamal Quliyev formalarını dəyişmişdilər. Son dəqiqələrdə buraxılan qol Azərbaycan komandasının futbolçularını bərk kədərləndirmişdir. Oyundan sonra soyunub-geyinmə otağına daxil olan Əhməd Ələsgərov yetirmələrinə bu oyunda məğlub olmayacaqlarını bildiyini, futbolçuların tapşırığın öhdəsindən əla gəldiklərini və onun üçün bu matçın qalibi olduqlarını vurğulamışdır.
Oyunun detalları
AZƏRBAYCAN: Q 1Dmitri Kramarenko M 2Emin Ağayev M 3 Vladimir PoşexontsevM 4Tərlan Əhmədov (k)YM 5 Vyaçeslav Lıçkin M 6 İqor GetmanYM 7 Kamal Quliyev YM 9Bəxtiyar Musayev YM 8Zaur Tağızadə H 10Vadim Vasilyev M 11 Ədəhim Niftəliyev Ehtiyat oyunçular:Q 12 Rauf Mehdiyev M 13 Aleksey Stukas M 14Arif Əsədov YM 15Elşən Qəmbərov YM 16Mahmud Qurbanov Baş məşqçi: Əhməd Ələsgərov300pxPORTUQALİYA: Q 1 Vitor Baya (k)M 2Sekretariu M 3Dimaş M 4 Paulu Madeyra M 5 Fernandu KoutuYM 6Paulu Souza YM 7Luiş Fiqu YM 8Juan PintuH 9Sa Pintu YM 10Rui KoştaYM 11 Paulu Bentu Ehtiyat oyunçular:Q 12Pedru EşpinyanM 13Ruy BentuYM 14Serjiu Konseysan YM 15Kapuşu M 16Jorje Koşta H 17Nunu Qomeş H 18Pauleta Baş məşqçi: Umbertu Koelyu Matçın nizamnaməsi 90 dəqiqədən ibarət əsas vaxt. Maksimum üç əvəzetmə.
Statistika UEFA-nın rəsmi saytının məlumatına görə, matçın ətraflı statistikası aşağıdakı kimidir: Azərbaycan Göstərici Portuqaliya 1 Qollar 1 1 Qapıya zərbələr 1 6 Sarı vərəqələr 3 1 Qırmızı vərəqələr 0
Matçdan sonra FİFA reytinqi Oyunun nəticəsi FİFA reytinqindəki mövqelərə də təsir göstərmişdir. Belə ki, Azərbaycan milli komandası avqust ayında 103-cü pillədə qərarlaşdığı halda, Macarıstana qarşı növbəti məğlubiyyətə baxmayaraq, sentyabr ayında 98-ci sıraya yüksəlmişdir. Eyni zamanda, bu qarşılaşmadan və Rumıniya ilə növbəti heç-heçədən sonra Portuqaliya əvvəlki FİFA reytinqində tutduğu 12-ci pillədən 13-cü sıraya enmişdir.
Azərbaycanda Azərbaycan idman icmalçıları bu qarşılaşmanı ölkə milli komandasının tarixindəki en yaxşı oyunlardan biri hesab edirlər. Məsələn, "1news.az" saytından Elmir Əliyev Azərbaycan milli komandasının Portuqaliya ilə bu oyununu yığmanın əsas uğurlarından biri kimi qiymətləndirir. "SPORT AZ" nəşrindən Rauf Əliyev isə bu matçı Azərbaycan milli komandasının en yaxşı beş oyunu sırasına daxil edərək, baş məşqçi Əhməd Ələsgərovun komandanı Portuqaliyanın "Qızıl nəsli" kimi tanınan güclü rəqibə qarşı mükəmməl hazırladığını və futbolçuları yalnız qələbəyə köklədiyini vurğulayır.
Portuqaliyada Portuqaliyanın "Expresso" qəzeti "Portuqaliyanın Azərbaycanla heç-heçə etdiyi gün" başlıqlı məqaləsində müstəqillik əldə etməsindən 10 ildən də az vaxt keçən Azərbaycanın Portuqaliya ilə 1:1 hesablı heç-heçə edərək hər kəsi təəccübləndirdiyini, Fiqunun isə 92-ci dəqiqədə komandanı uğursuzluqdan xilas etdiyini yazmışdır. Qəzet Azərbaycan milli komandasının göstərdiyi bu nəticəni böyük nailiyyət adlandırmış və təxminən beş ay əvvəl eyni Portuqaliya komandasının öz meydanında Azərbaycanı 7:0 hesabı ilə darmadağın etməsi faktı nəzərə alındıqda bunun daha da diqqətçəkici olduğunu qeyd etmişdir.
Portuqaliyanın "RTP Madeira" telekanalı Portuqaliyanın Bakıda böyük çətinliklərlə üzləşdiyini və keçmiş Sovet İttifaqı komandasına qarşı gözlənilməz məğlubiyyətə çox yaxın olduğunu bildirmişdir.
İstinadlar
Xarici keçidlər Azərbaycan dilində
Portuqal dilində
Kateqoriya:1999-cu ildə Azərbaycanda idman Kateqoriya:3 sentyabrdakı hadisələr Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunları Kateqoriya:Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:Bakıda keçirilmiş beynəlxalq idman yarışları Kateqoriya:Portuqaliya milli futbol komandasının oyunları