Nikolay Zeydlits () — Rusiya imperiyasının təbiətşünası, statistik və etnoqrafı. 1882-ci ildə həqiqi mülki müşavir rütbəsi almış, fəxri sülh hakimi olmuşdur. O, həmçinin Rusiyanın və xarici ölkələrin bir çox elmi cəmiyyətlərinin fəxri üzvü seçilmişdir.

Haqqında Nikolay Karloviç fon Zeydlits 25 iyun (7 iyul) 1831-ci ildə Riqa mühəndis komandasının rəisi Karl fon Zeydlitsin ailəsində anadan olmuşdur. Təxminən 1840-cı ildə ailəsi Narva yaxınlığındakı Tyürsel kəndinə köçmüşdür.

O, Revel Zadəgan Məktəbini bitirmiş, burada təhsil aldığı dövrdə görkəmli təbiətşünas Karl Ernst fon Ber ilə tanış olmuşdur. 1851-ci ildən Derpt Universitetində təhsil almış, tələbələr qrupunun tərkibində Karl fon Ber və Aleksandr Middendorf ilə birlikdə sahilə çıxmış balinanın anatomik tədqiqində iştirak etmişdir.

1854-cü ildə universitetin təbiət elmləri fakültəsini namizəd dərəcəsi ilə bitirdikdən sonra, 1855–1857-ci illərdə Şərqi Zaqafqaziya və Cənubi Azərbaycan boyunca elmi səfərlər etmişdir. Bu səfərlərin nəticələrinə əsasən "Şərqi Zaqafqaziya və Azərbaycan vilayəti üzrə səfərin botaniki nəticələri" adlı magistr dissertasiyasını hazırlamış və 1857-ci ildə Derptdə nəşr etdirmişdir. 1858–1863-cü illərdə Çar-Abad İpəkçilik Məktəbinin direktoru, daha sonra torpaqölçmə üzrə müvəkkil və 1865-ci ildən etibarən Bakı Quberniya Statistika Komitəsinin redaktor-üzvü kimi fəaliyyət göstərmişdir. Bu vəzifələr ona regionun demək olar ki, bütün ərazilərini gəzib öyrənmək imkanı yaratmışdır.

1868-ci ildə Qafqaz Statistika Komitəsinin baş redaktoru təyin olunan Zeydlits əsasən Zaqafqaziyanın əhalisi və yaşayış məntəqələrinə həsr olunmuş çoxcildlik statistik nəşrlər hazırlamışdır. 1880-ci ildə onun tərtib etdiyi Qafqazın etnoqrafik xəritəsi nəşr edilmiş, kiçildilmiş variantı isə "Petermann's Geographische Mitteilungen" jurnalında dərc olunmuşdur. O, həmçinin "Russische Revue" və digər elmi nəşrlərdə Qafqazşünaslığa dair çoxsaylı məqalələr dərc etdirmişdir.

Onun mühüm əsərləri sırasında "Cənubi Xəzər limanları və ticarətinin oçerki" (1867; 1869-cu ildə Tiflisdə yenidən çap olunmuş), "Qafqazda üzümçülüyün oçerki" (1873, xəritə ilə birlikdə), eləcə də "Bakı quberniyasının yaşayış məntəqələrinin siyahısı" (1870) xüsusi yer tutur. Sonuncu əsərin giriş hissəsi Bakı quberniyasının tarixi və etnoqrafiyasına dair geniş icmaldan ibarət idi və bu materiallardan macar şərqşünası Armin Vamberi "Das Türkenvolk" (Leypsiq, 1885) əsərində istifadə etmişdir.

1894-cü ildə nəşr etdirdiyi "Zaqafqaziya əhalisinə dair statistik məlumatlar toplusu, şəhər və kəndlərin tam əlifba göstəricisi ilə" adlı əsərində regionun 9984 yaşayış məntəqəsi haqqında ətraflı statistik məlumat təqdim olunmuşdur. Zeydlits həmçinin Batumi yaxınlığında, Çakva çayı vadisində Çin çayı plantasiyalarının salınmasının və evkalipt başda olmaqla dövr üçün ekzotik hesab olunan bitkilərin iqlimə uyğunlaşdırılmasının təşəbbüskarı olmuşdur.

1877–1878-ci illər Rusiya–Türkiyə müharibəsi zamanı Qırmızı Xaçın müvəkkili kimi fəaliyyət göstərmişdir. 1899-cu ildən istefaya çıxaraq Tiflisdə yaşamışdır. O, İmperator Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin həqiqi üzvü olmuşdur.

Nikolay Karloviç fon Zeydlits 15 (28) oktyabr 1907-ci ildə Tiflisdə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Botanika taksonlarının müəllifləri