Əbu Musa İsa ibn Əbən ibn Sədəqə (; ) — Məhəmməd ibn Həsən əş-Şeybaninin tələbəsi, fəqih və qazı. O, Məhəmməd ibn Həsən əş-Şeybaninin tələbələri arasında üsul və füruya dair görüşlərinə mənbələrdə ən çox yer verilmiş alimlərdəndir.

Mənbələrdə İsa ibn Əbənin qazılıq peşəsini dərindən bilməsi, diqqətli və son dərəcə dəqiq olması vurğulanır, onun məhkəmə işlərini sürətlə nəticələndirdiyi qeyd edilir. Hilal ibn Yəhya demişdir ki, İslamın gəlişindən onun yaşadığı dövrə qədər Bəsrədə ondan daha fəqih bir qazı vəzifə icra etməmişdir.

Zəhəbi, İsa ibn Əbənin "zəif" və ya "siqa" ravi olduğunu söyləyən heç bir kəsi tanımadığını qeyd etmişdir. İsa ibn Əbənin əş-Şafiidən nəql etdiyi bir rəvayətin Şafii mənbələrində mövcud olmaması səbəbilə bir çox Şafii alimi İsa ibn Əbəni etibarlı ravi hesab etmişlər. Onlar həmin rəvayəti rədd etmək əvəzinə onu şərh və təvil etməyə üstünlük vermişlər. Nəvəvi də onun "siqa" sayılması hökmü dəstəklədiyini bildirmişdir.

Hənəfi məzhəbinin funtameltal prinsiplərini, məsələlərini mənimsəyən, müdafiə edən və şərh edən İsa ibn Əbən, dövrünün elmi müzakirələrində mühüm rol oynamışdır. Əş-Şafiinin onunla debatlar etdiyi və dostlarına özü ilə debat etmələrini istədiyi qeyd edilsə də, bəzi Şafii alimləri onun əş-Şafii ilə qarşılaşmadığını bildirmişlər.

Həyatı Əslən Fəsa şəhərindəndir. Bağdad şəhərində yetişmiş, Hüşeym ibn Bəşir, İsmayıl ibn Cəfər əl-Ənsari və İbn Əbu Zəidə kimi alimlərdən hədis öyrənmişdir.

Əvvəllər Əhli-Hədisə mənsub olsa da, Məhəmməd ibn Həsən əş-Şeybani ilə tanış olduqdan sonra Əhli-Rəyə yönəlmişdir. Digər rəvayətə görə, hədis sahəsində iki dəfə yanıldıqdan sonra, hədis təhsilinin xətadan qorumadığını anlamış və Məhəmməd ibn Həsən əş-Şeybaninin dərslərində iştirak etməyə başlamışdır.

Ondan dərs almış şəxslər arasında isə Həsən ibn Səllam əs-Səvvak, Əbu Həzim əl-Qazı, Bəkkar ibn Quteybə və Şuayb ibn Əyyub əs-Sərifini vardır.

İsa ibn Əbən əvvəl Bağdadda qazı naibi, sonra da Bəsrə qazı işləmişdir.

Ömrünün axırına yaxın həcc ziyarətinə yollanan İsa ibn Əbən, həcdən qayıtdıqdan sonra Bəsrədə vəfat etmişdir (yanvar və ya fevral 836). Bəzi mənbələrdə ölüm tarixinin 835-ci ilin yanvarı olduğu qeyd edilmişdir.

Əsərləri "Hücəcüs-səğir" və ya "Hüccətüs-səğir". Bu əsər onu hənəfilər arasında şöhrətə çatdırmışdır. Onun mənbələrdə adı çəkilən digər əsərləri də vardır.

Həmçinin bax Hənəfilərin siyahısı

İstinadlar

Kateqoriya:Hənəfilər