"Everybody" — musiqisi İvar Must, mətni isə Mayan-Anna Kyarmas tərəfindən yazılmış, Tanel Padar və Deyv Benton tərəfindən "2XL" qrupu ilə birgə lentə alınmış mahnı. Kompozisiya Kopenhagen şəhərində keçirilən 2001-ci il Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı təmsil etmiş və ölkəyə bu müsabiqə tarixindəki yeganə qələbəsini qazandırmışdır. Bu, həmçinin "dəmir pərdə"nin süqutundan sonra, 1990-cı illərdə müsabiqədə debüt etmiş ölkələrdən birinin qazandığı ilk qələbə olmuşdur.

Konsepsiya "Everybody" mahnısı Mayan-Anna Kyarmasın sözlərinə İvar Must tərəfindən bəstələnmişdir. Mətn baxımından mahnı sadə bir şənlik dəvəti olub, duetin "hər gecənin cümə günü" olması barədə ifasından bəhs edir.

Avroviziya 3 fevral 2001-ci il tarixində Tanel Padar və Deyv Bentonun ifasında, "2XL" qrupunun üzvləri — Lauri Pihlap, Kaydo Pıldma, Sergey Morqun və İndrek Soomun bek-vokalı ilə müşayiət olunan "Everybody" mahnısı "Eurolaul 2001" yarışmasında iştirak etmişdir. Bu yarışma Estoniya Televiziyası (ETV) tərəfindən 46-cı Avroviziya Mahnı Müsabiqəsi üçün mahnı və ifaçı seçmək məqsədilə təşkil olunmuş milli seçim mərhələsi idi. Kompozisiya müsabiqədə qalib gələrək Estoniyanın "Avroviziya" təmsilçisi hüququnu qazanmışdır. Tanel Padar daha əvvəl, 2000-ci ildə Estoniyanı təmsil edən və onun həmin dövrdəki sevgilisi olan Eda-Ines Ettinin ifasındakı "Once in a Lifetime" mahnısında bek-vokalçı kimi çıxış etmişdir. 12 may 2001-ci il tarixində Kopenhagen şəhərindəki "Parken" stadionunda Danimarka Yayım Korporasiyası (DR) tərəfindən təşkil olunan və bütün qitədə canlı yayımlanan Avroviziya Mahnı Müsabiqəsi baş tutmuşdur. Tanel Padar və Deyv Benton "2XL" qrupu ilə birlikdə "Everybody" mahnısını həmin gecə Mişelin ifasındakı Almaniyanın "Wer Liebe lebt" kompozisiyasından sonra və Fabrisio Faniellonun ifa etdiyi Maltanın "Another Summer Night" mahnısından əvvəl, iyirminci nömrə altında ifa etmişdir. Səsvermənin nəticələrinə əsasən, mahnı 198 xal toplayaraq (Yunanıstan, Latviya, Litva, Malta, Niderland, Polşa, Sloveniya, Türkiyə və Böyük Britaniyadan maksimum 12 xal alınmışdır) iyirmi üç mahnı arasında birinci yeri tutmuş və müsabiqənin qalibi olmuşdur. Deyv Benton müsabiqədə qələbə qazanan ilk qaradərili iştirakçı, eyni zamanda bu uğura nail olan ən yaşlı şəxs kimi tarixə düşmüşdür. 2002-ci ildə Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən növbəti müsabiqədə ölkəni Sahlene tərəfindən ifa olunan "Runaway" kompozisiyası təmsil etmişdir.

İstinadlar

Kateqoriya:2001-ci ilin mahnıları Kateqoriya:İngilis dilində mahnılar