"Insieme: 1992" — Toto Kutunyo tərəfindən bəstələnmiş və lentə alınmış mahnı. Kompozisiya Zaqreb şəhərində keçirilən 1990-cı il Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı təmsil etmiş və ölkəyə bu müsabiqədəki ikinci qələbəsini qazandırmışdır.
Konsepsiya "Insieme: 1992" mahnısı Toto Kutunyo tərəfindən italyan dilində yazılmış və yazdırılmışdır. İfaçı kompozisiyada Avropanın bir-birindən ayrı düşmüş xalqlarının yaxınlaşmasından bəhs etmişdir. Addakı "1992" rəqəmi Avropa İttifaqının fəaliyyətə başlamalı olduğu ilə istinad edir və beləliklə, mahnının mətnində əks olunan ümidləri reallığa çevirir.
Avroviziya İtaliya Radio və Televiziyası (RAI) bu mahnını 35-ci Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil etmək üçün seçmişdir. Müsabiqədə iştirak etmək üçün mahnının xronometrajı üç dəqiqəyə qədər qısaldılmışdır.
5 may 1990-cı il tarixində Zaqreb şəhərindəki Vatroslav Lisinski adına konsert zalında Yuqoslaviya Radio və Televiziyasının (JRT) adından Zaqreb radiostansiyası tərəfindən təşkil olunan və bütün qitədə canlı yayımlanan Avroviziya Mahnı Müsabiqəsi baş tutmuşdur. Toto Kutunyo "Insieme: 1992" mahnısını həmin gecə "Edin-Ådahl" qrupunun ifasındakı İsveçin "Som en vind" kompozisiyasından sonra və Simonanın ifa etdiyi Avstriyanın "Keine Mauern mehr" mahnısından əvvəl, on doqquzuncu nömrə altında ifa etmişdir. Səhnədə onu Sloveniyadan olan beş müğənnidən ibarət, 1975-ci ildə Yuqoslaviya adından çıxış etmiş "Pepel in kri" qrupunun üzvləri — Zvezdana Sterle, Ditka Haberl, Tadey Qruşovar "Deyvi", Oliver Antauer və Miran Rudan müşayiət etmişdir. İtaliya nümayəndə heyətinin çıxışı zamanı canlı orkestrə Canni Madonini dirijorluq etmişdir.
Səsvermənin nəticələrinə əsasən, mahnı 149 xal toplayaraq iyirmi iki iştirakçı arasında birinci yeri tutmuş və müsabiqənin qalibi olmuşdur. Bu, İtaliyanın müsabiqədəki ikinci qələbəsi kimi tarixə düşmüşdir.
İstinadlar