Nəriman Sadiq (; ) — Misir və Sudan kraliçası.
31 oktyabr 1933-cü ildə Qahirədə dünyaya gəldi. Atası Misir Nəqliyyat Nazirinin müavini Hüseyn Fəhmi Sadiq, anası isə əl-Minya əyalətinin rəisi Kamil Mahmudun qızı Əsli Kamildir. 1948-ci ildə rəsmən boşanan və oğul varisi üçün yenidən evlənməyi planlaşdıran Misir kralı I Faruq üçün gəlin namizədi seçildi. Bunun üçün Romadakı Misir səfirliyinə göndərildi və burada qısa zamanda təlim-tərbiyə aldı. Müxtəlif dillərlə yanaşı, tarix, davranış qaydaları öyrəndi. Olduqca ağır çəkili idi və kralın özəl istəyilə, xüsusi dieta ilə çəkisi azaldıldı.
Nəhayət, 6 may 1951-ci ildə I Faruqla evləndirildi. Cütlüyün bu nigahdan yeganə oğlu Əhməd Fuad dünyaya gəldi. Ancaq elə həmin il 1952 Misir inqilabı baş tutdu və əri taxtdan endirildi. Cəmi 7 aylıq oğlu II Fuad adıyla kral elan edildi. Ancaq onun bu oyuncaq səltənəti cəmi 1 il sonra sonlandı və Misirdə respublika dövrü başladı.
Yeni kralın azyaşlı olması səbəbilə, ailənin digər üzvləriylə sürgünə getməyən Nəriman xanım Misirdə qaldı. Üstəlik ertəsi il baş tutan inqilabın ardından ölkəni tərk etmədi. I Faruqun eşqbaz həyat tərzindən bezmişdi və 1954-cü ilin fevralında cütlük rəsmi şəkildə boşandılar. Elə həmin il - 3 may 1954-cü ildə Kral Faruqun şəxsi həkimi Əthəm əl-Naqiblə evləndi və bu nigahdan da Əkrəm əl-Naqib adlı bir oğlu dünyaya gəldi. buna baxmayaraq cütlük 1961-ci ildə boşandılar.
1967-ci ildə həkim İsmayıl Fəhmiylə evləndi. Qalan ömrünü sakit və səssiz yaşadı. 16 fevral 2005-ci ildə Qahirədə beyninə qan sızma səbəbilə vəfat etdi.
Mənbə
Ədəbiyyat
"Wife divorces Farouk, yields child custody". The Miami News. Cairo. AP. 1 February 1954 "Narriman Sadek". The Telegraph. 1 March 2005
İstinadlar