Təşkilati mədəniyyət və ya Korporativ mədəniyyət () — müəssisənin hər bir əməkdaşı tərəfindən paylaşılan, onların davranışlarını müəyyən edən və təşkilatın həyat fəaliyyətinin xarakterini şərtləndirən dəyərlər və inamlar sistemidir. Korporativ mədəniyyət, eyni zamanda, müstəqil şəkildə inkişaf edən bir təşkilat yaratmağın üsulu və vasitəsidir.
Korporativ mədəniyyətin məqsədi — istehsal menecmentinin səmərəliliyini maksimallaşdırmaq və aşağıdakı vasitələrlə müəssisənin fəaliyyətini keyfiyyətcə yaxşılaşdırmaq hesabına yüksək gəlirliliyi təmin etməkdir: Əməkdaşların rəhbərliyə və qəbul edilmiş qərarlara loyallığını təmin etmək üçün insan resurslarının idarəetməsini təkmilləşdirmək; İşçilərdə müəssisəyə öz "evləri" kimi yanaşma hissini formalaşdırmaq; Həm işgüzar, həm də şəxsi münasibətlərdə müəyyən olunmuş davranış normalarına söykənmək və problemləri münaqişəsiz həll etmək bacarığını inkişaf etdirmək.
Korporativ mədəniyyət anlayışının yaranma tarixi
"Korporativ mədəniyyət" termini ilk dəfə XIX əsrdə alman feldmarşalı və hərbi nəzəriyyəçisi Moltke tərəfindən zabitlər mühitindəki qarşılıqlı münasibətləri xarakterizə etmək üçün istifadə edilmişdir. O dövrdə bu münasibətlər təkcə nizamnamələr və şərəf məhkəmələri ilə deyil, həm də duellərlə tənzimlənirdi: çapıq izi zabit "korporasiyasına" aid olmağın mütləq atributu sayılırdı. O dövrdə mövcud olan peşəkar və digər birliklər çox vaxt xarici atributlara malik idilər. Bunlar əsasən geyimin kəsimi və rəngi, aksesuarlar və davranış nişanələri ilə bağlı idi ki, bu da birlik üzvlərinə "özününküləri" "özgələrdən" fərqləndirməyə imkan verirdi. Bu gün də Oksford və Kembric universitetlərinin tələbələri müəyyən rəngli qalstuklar, Tartu Universiteti tələbələri isə xüsusi papaqlar taxırlar. Təşkilatları tədqiq edən bir çox alim öz işlərində bu termini birbaşa istifadə etməsələr də, onun müxtəlif aspektlərini təsvir etmişlər (məsələn, XX əsrin əvvəllərində Anri Fayol "korporativ ruh" haqqında yazmışdır).
Amerikalı tədqiqatçılar bu anlayışla 1970-1980-ci illərdə məşğul olmağa başlasalar da, qeyd etmək vacibdir ki, həmin dövrdə "korporativ mədəniyyət" hələ bir termin kimi tam formalaşmamışdı.
Bu dövrdə bir sıra amerikalı tədqiqatçılar (T. Piters, R. Uotermen) əmək davranışının tənzimlənməsi və motivasiyanın stimullaşdırılmasının universal metodlarının (məsələn, F. Teylorun "qamçı və kökə" metodu, insan münasibətləri məktəbinin prinsipləri) əsaslandığı rasional idarəetmə nəzəriyyələrinin artıq özünü doğrultmadığına diqqət çəkmişdilər. Məlum oldu ki, müxtəlif təşkilati mühitlərdə eyni tipli idarəetmə təsirləri fərqli (bəzən əks) davranış reaksiyalarına səbəb olur, idarəetmə üsul və metodları isə bir çox hallarda ənənələr və mədəni xüsusiyyətlərlə müəyyən edilir.
1960-cı illərin sonunda ABŞ-da təşkilatlarda qəbul edilmiş müxtəlif ənənələrə, ayinlərə və rituallara diqqət yetirən əsərlər (D. Hempton, X. Transu) nəşr olunmağa başlayır. Harvard Biznes Məktəbinin professorları Renato Tadjuri və Corc Litvin, 1968-ci ildə nəşr olunmuş "Təşkilati iqlim: Konsepsiyanın tədqiqi" () kitabında korporativ mədəniyyəti təşkilati iqlim konsepsiyası çərçivəsində öyrənmişlər. Təşkilatların öz "mədəniyyətlərinə" malik olması fikri P. Terner (1971), S. Qandi (1978) və A. Pettikryu (1979) kimi tədqiqatçılar tərəfindən də irəli sürülmüşdür. Alimlərin əksəriyyəti hesab edir ki, korporativ mədəniyyət nəzəriyyəsinin əsasları 1973-cü ildə Klifford Qirts tərəfindən "Mədəniyyətlərin şərhi" () kitabında qoyulmuşdur.
1980-ci illərdə "European Management Journal", "Academy of Management Review" kimi jurnallarda top-menecerlər Konosuke Matsuşita, Akio Morita və L. Lojkanın praktiki müşahidələrinə əsaslanan məqalələr dərc olunur.
Təşkilat daxilindəki davranışa və sosial inkişafa təsir edən ən vacib amil kimi "korporativ mədəniyyət" anlayışını ilk dəfə 1982-ci ildə Terens Dil və Allan Kennedi formalaşdırmışdır. Onlar aşkar etmişdirlər ki, yüksək ixtisaslı personal və effektiv idarəetmə ilə yanaşı, müəssisələr həm daxili, həm də xarici bazarda nailiyyətlər qazanmağa kömək edən güclü mədəniyyətə və xüsusi üsluba malikdirlər.
Tomas Piters və R. Uotermenin tədqiqatları müəssisənin nailiyyəti üçün korporativ mədəniyyətin əhəmiyyətini açmağa kömək etmişdir. Onlar idarəçinin təkcə iqtisadi məsələlərlə deyil, həm də təşkilatın dəyərlər sistemini idarə etməli olduğu ideyasını dəqiq ifadə etmişdirlər.
Bu problemin tədqiqində ilk mühüm nəzəri əsər amerikalı psixoloq Edqar Şeynin "Təşkilati mədəniyyət və liderlik" (1985) kitabı hesab olunur. Müəllif korporativ mədəniyyətin öyrənilməsi üçün üçsəviyyəli modelini təklif etmişdir: Birinci səviyyə — artefaktlar (zahiri təzahürlər); İkinci səviyyə — bəyan edilən dəyərlər; Üçüncü səviyyə — baza fərziyyələri (fundamental inanclar).
Sonrakı bütün tədqiqatlar məhz bu model üzərində formalaşdırılmışdır.
Korporativ mədəniyyət anlayışının digər tərifləri
Korporativ mədəniyyət — təşkilatın qavranılan xüsusiyyətlərinin unikal məcmusudur ki, bu da onu sahədəki digər müəssisələrdən fərqləndirir (D. Eldric və A. Krombi).Eldridge J., Crombie A. A sociology of organization. — London: Allen&Unwin, 1974. Korporativ mədəniyyət — təşkilatın özünəməxsus xüsusiyyətlərinin unikal məcmusudur və onu digər fəaliyyət sahələrindən fərqləndirən amildir (K. Qold).Gold K. Managing for Success: A comparison of the private and public sectors // Public Administration Review. — 1982. — Nov.-Dec. Korporativ mədəniyyət — müəssisələrin fəaliyyətini istiqamətləndirən əsas dəyərlərin, inancların və ideologiyaların ötürülməsi üçün dil, folklor, ənənələr və digər vasitələrdən istifadə etməklə korporativ fəaliyyətin həyata keçirilməsi üsuludur (H. Morqan).Morgan G. Images of Organization. — Beverly Hills, CA.: Sage, 1986. Korporativ mədəniyyət — təşkilat daxilindəki iqlimdir; o, təşkilata xas olan adət-ənənələri əks etdirir (M. Meskon).Maykl Meskon. İdarəetmənin əsasları: Kitaba qlossari, 2007. Korporativ mədəniyyət — kollektiv üzvlərinə yönəlmiş, təşkilat tərəfindən bəyan edilən dəyərlərdə ifadə olunan və insanların davranış və hərəkətləri üçün oriyentirlər müəyyən edən ən vacib fərziyyələr məcmusudur (O. S. Vixanski və A. İ. Naumov).Vixanskiy O. S., Naumov A. I. Menecment: Dərslik. — 3-cü nəşr. — M.: Qardariki, 2003. — 528 s. ISBN 5-8297-0005-0 Korporativ mədəniyyət — müəyyən bir təşkilatda insanların necə işləməli və özlərini necə aparmalı olduqlarını müəyyən edən yazılmamış qaydalar olan inanclar, davranış normaları, mövqelər və dəyərlər sistemidir. Burada söhbət təşkilat üzvlərinin mütləq əksəriyyəti tərəfindən paylaşılan inanc və dəyərlərdən gedir (M. İ. Maqura).Maqura M. İ. Təşkilati dəyişikliklərin uğurlu həyata keçirilməsi vasitəsi kimi təşkilati mədəniyyət // Personalın idarə edilməsi. — 2002. — № 1. — S. 24-29. Korporativ mədəniyyət — təşkilatın ətraf mühitə adaptasiyası və əməkdaşların identifikasiyası funksiyalarını yerinə yetirən təşkilati yarımsturukturlardan (texnoloji və inzibati) biridir. Bu mənada "korporativ mədəniyyət" termini qrupun atributunu və ya xüsusiyyətini təsvir edir; müəssisəyə xas olan paylaşılan dəyərlərə müvafiq gələn və hər bir üzvə şifahi şəkildə həyat təcrübəsi kimi ötürülən davranışlar, simvollar, rituallar və miflərin məcmusudur (S. A. Lipatov).Lipatov S. A. Təşkilati mədəniyyət: konseptual modellər və diaqnostika metodları // Moskva Dövlət Universitetinin Xəbərləri. Seriya 14. Psixologiya. — 1997. — № 4. — S. 62-63. Korporativ mədəniyyət — hər şeydən əvvəl baza fərziyyələri sistemidir; yəni təkcə sənədlərdə qeyd olunan və qrup tərəfindən riayət edilən təqdimatlar deyil, insanların zehinlərində mövcud olan və onların təşkilatdakı fəaliyyətini tənzimləyən fundamental təsəvvürlərdir (Edqar Şeyn).Shein E.H. Organizational Culture and Leadership: A dynamic view. — San Fransisco. CA.: Jossey-Bass Inc., 1985. Korporativ mədəniyyət — təşkilatın dəyərlərinin dərk edilmə dərəcəsindən asılı olaraq, fəaliyyətin səmərəlilik vektorunun güclənməsinə kömək edən müəyyən bir fondur. Bu fon xüsusilə strukturun və ya fəaliyyət növünün dinamik dəyişiklikləri zamanı özünü göstərir və təşkilat üzvlərinin kollektiv baza təsəvvürlərinin məcmusunu əks etdirir (O. B. Babiç, 2005).Babiç O.B. Korporativ mədəniyyətin tətbiqi əsasında dövlət idarəçiliyi və yerli özünüidarəetmə subyektlərinin fəaliyyətinin səmərəliliyi: Avtoreferat. diss. — X., 2005.
Korporativ mədəniyyət anlayışının öyrənilməsinə dair yanaşmalar
Simvolik yanaşma — bu yanaşmanın əsasında şirkətin daxili mühitinin müəyyən dərəcədə sosial qeyri-müəyyənliklə xarakterizə olunan bir sistem olduğu ideyası dayanır. Belə şəraitdə kollektiv tərəfindən eyni şəkildə dərk edilən simvollar əsas oriyentir rolunu oynayır və işçilər tərəfindən xidməti münasibətləri nizamlamaq üçün istifadə olunur. Şirkətin müxtəlif həlqələri arasında ziddiyət aşkar edildikdə, onun mədəni sistemi optimizasiyaya məruz qalır. Rəhbərlik işçilərin şüurunda "düzgün" simvol-mayakların formalaşdırılmasına nail olur ki, bu vasitə ilə müəssisənin idarəetməsinin bütün sahələrinə təsir göstərir.
Koqnitiv yanaşma — bu yanaşma zamanı korporativ mədəniyyət, xarici sosial və xidməti qarşılıqlı əlaqələrin təqdimatı zamanı şirkət üzvləri tərəfindən mənimsənilmiş qaydalar, inanclar və biliklərin xüsusi məcmusu kimi nəzərdən keçirilir. Bu yanaşmada təşkilatdakı davranış şablonları işçilərin müştərək əmək fəaliyyətinə əsaslanır. Mədəniyyətin idarəetməsi müxtəlif təlim formaları, treninqlər və personalların məlumatlandırılması vasitəsilə həyata keçirilir. Beləliklə, işçilərin təşkilatın iqtisadi davranış məntiqini və kollektivin yaşadığı dəyər oriyentasiyalarını kifayət qədər bilməməsi və başa düşməməsi ilə əlaqədar problemlər həll edilir.
Sistematik yanaşma — əsas mədəni müəyyənedici kimi təşkilati iqlimin seçilməsinə əsaslanan yanaşmadır. Təşkilati iqlim bir tərəfdən təşkilatın obyektiv xüsusiyyətlərinin (rəhbərlik üslubu, təşkilatın missiyası və s.) təsiri ilə formalaşır, digər tərəfdən isə psixoloji mühitin vəziyyəti ilə, yəni işçilərin şüurunda subyektiv təəssürat və fikirlər kompleksinin möhkəmlənməsi ilə xarakterizə olunur. Bu zaman dominant mədəniyyət ya xidməti davranış nümunələri, kommunikasiya və təşkilat üzvlərinin maddi vasitələrə münasibəti vasitəsilə, ya da insanları kollektivdə birləşdirən mövcud inanclar və dəyərlər əsasında müəyyən edilir.
Korporativ mədəniyyətin tərkib hissələri
Ünsiyyət dili və kommunikasiya sistemi — şifahi, yazılı və qeyri-verbal kommunikasiyadan, həmçinin jest və mimikalardan istifadə. Təşkilatdakı rolun dərk edilməsi — bəzi mədəniyyətlərdə əməkdaşın öz daxili niyyətlərini gizlətməsi üstün tutulur, digərlərində isə əksinə, onların xaricə büruzə verilməsi təşviq edilir. Bəzi şirkətlər əməkdaşlıq mühitinə, digərləri isə fərdi özünüifadəyə yönəlmişdir. İşçilərin xarici görünüşü — səliqəlilik, xüsusi geyim formasının və ya uniformanın mövcudluğu. Gündəlik iş rejiminə riayət olunması. Qidalanmanın təşkili — yemək fasilələrinin müddəti və dövriliyi, bütün işçilər üçün vahid yeməkxananın olması və ya rəhbər heyət ilə sıravi işçilər üçün ayrılmış yerlərin mövcudluğu. Kollektiv daxilində və müştərilərlə münasibətlər — bura cins, yaş, din və cəmiyyətdəki status fərqləri, həmçinin münaqişələrin həlli yolları daxildir. Təşkilatın normaları və dəyərləri. Motivasiya və əmək etikası — görülən işə görə məsuliyyət, işin keyfiyyəti, işin qiymətləndirilməsi və mükafatlandırılması, karyera pillələrində irəliləyiş. İnam — müvəfəqiyyətə, köməyə, dəstəyə, ədalətə və öz güclərinə olan inam. Təşkilati simvolika — rituallar, şüarlar və təşkilati tabular.
Korporativ mədəniyyətin növləri
C. Sonnenfeldə görə korporativ mədəniyyət növləri
C. Sonnenfeld mədəniyyətin dörd tipini fərqləndirir: "beysbol komandası", "klub mədəniyyəti", "akademik mədəniyyət" və "müdafiə mədəniyyəti" ("qala"). Bu mədəniyyətlərin hər biri təşkilata fərqli şəkildə təsir edir və işçilərin karyerasında özünü büruzə verir.