Bolqarıstan Üçüncü Həvəskar Futbol Liqası () — Bolqarıstan futbol liqa sisteminin üçüncü səviyyəsidir. Adətən Treta Liga və ya Bolqarıstan Üçüncü Liqası kimi tanınır. Hal hazırda sponsorluq səbəblərinə görə ELITBET Third League adlanır.
Üçüncü Liqa Bolqarıstan futbol liqası piramidasının ikinci və dördüncü səviyyələri — müvafiq olaraq İkinci Liqa və A Vilayət Futbol Qrupları ilə yüksəlmə və aşağı düşmə sistemi əsasında fəaliyyət göstərir.
Hazırda Üçüncü Liqa ölkənin dörd regiona bölünməsi ilə formalaşan dörd diviziondan ibarətdir: Şimal-Qərb, Cənub-Qərb, Şimal-Şərq və Cənub-Şərq. Divizionlar mövsüm ərzində paralel şəkildə fəaliyyət göstərir, lakin hər divizionda komandaların sayı fərqli ola bildiyi üçün turların sayı da dəyişə bilər. Hər bir komanda digər hər bir komanda ilə ev-səfər əsasında ən azı iki dəfə oynamalıdır.
Üçüncü Liqa 1950-ci ildə ikinci səviyyə ilə birlikdə yaradılmışdır. O, Bolqarıstan Futbol İttifaqı tərəfindən idarə olunur və tərkibindəki klublar həvəskar statusuna malikdir. Müasir dövrdə yalnız hər divizionun ən yaxşı komandaları Bolqarıstan Kuboku turnirində iştirak etmək hüququna malikdir, lakin 1995-ci ildən qrupdakı klublar Bolqarıstan Həvəskar Futbol Liqası Kuboku yarışında iştirak edə bilirlər.
Ümumi baxış Üçüncü Liqa 1950-ci ildə Bolqarıstan futbol liqa sisteminin üçüncü səviyyəsi kimi, eyni piramidadakı ikinci səviyyə — İkinci Liqa ilə birlikdə yaradılmışdır. Ozamankı adı — "V qrupu", "V" (bolq. "В") hərfinin kiril əlifbasının üçüncü hərfi olması faktından qaynaqlanır, beləliklə futbol piramidasının üçüncü səviyyəsi əlifbanın üçüncü hərfinin adını daşıyır (A qrupu və B qrupu isə müvafiq olaraq birinci və ikincidir).
Futbol piramidasındakı ilk iki səviyyə (A qrupu və B qrupu) peşəkar olduğu halda, üçüncü səviyyə həvəskar statusundadır və komanda üçün peşəkar lisenziyalaşdırma tələb etmir. Üçüncü səviyyənin həvəskar statusu illər ərzində bu səviyyənin rəsmi olaraq bir neçə dəfə "V Həvəskar Futbol Qrupu" (və ya bənzər) adlandırılmasına səbəb olmuşdur, buna görə də V qrupu adətən "V AFG" kimi qısaldılır. 2016-cı ildən liqanın adı "Üçüncü Həvəskar Futbol Liqası" olaraq dəyişdirilmişdir.
Üçüncü Liqa tarixən eyni vaxtda fəaliyyət göstərən dörd fərqli qrupa bölünmüşdür (Şimal-Qərb TAFL, Cənub-Qərb TAFL, Şimal-Şərq TAFL və Cənub-Şərq TAFL). Hər bir qrup fərqli inzibati futbol zonası mərkəzi tərəfindən idarə olunur — Cənub-Qərb üçün Sofiya, Cənub-Şərq üçün Plovdiv, Şimal-Şərq üçün Varna və Şimal-Qərb üçün Veliko Tırnovo.
Üçüncü Liqanın hər bir klubunun mübarizə apardığı iki yerli kubok var — Bolqarıstan Kuboku və Bolqarıstan Həvəskar Futbol Liqası Kuboku.
Yarışın formatı Bolqarıstan Üçüncü Həvəskar Futbol Liqasının paralel fəaliyyət göstərən coğrafi cəhətdən müəyyən edilmiş dörd divizionu var: Şimal-Qərb TAFL, Cənub-Qərb TAFL, Şimal-Şərq TAFL və Cənub-Şərq TAFL. Hər qrupun ölçüsü klubların coğrafi yerləşməsinə əsaslanır və hər qrupda 15–22 komanda iştirak edir.
Bütün qruplarda hər bir komanda mövsüm ərzində qrupdakı digər hər bir klubla iki dəfə — bir dəfə ev sahibi komanda, bir dəfə qonaq komanda kimi oynamalıdır. Komanda qələbəyə görə üç xal, heç-heçəyə görə bir xal alır. Məğlubiyyətə görə xal verilmir. Üçüncü Liqanın hər bir turunun oyunları hər bazar günü keçirilir.
Üçüncü Liqanın dörd fərqli qrupunun dörd çempionu Bolqarıstan futbolunun daha yüksək divizionu olan İkinci Liqaya yüksələ bilər. Yüksəlmə ya birbaşa müvafiq qrupda çempion olmaqla, ya da növbəti mövsüm üçün İkinci Liqaya yüksələcək komandaları müəyyən edən pley-off mərhələləri vasitəsilə qazanılır.
Öz qruplarında sonuncu yerləri tutan komandalar Üçüncü Liqadan aşağı düşür və növbəti mövsümdə öz müvafiq regional qruplarında mübarizə aparırlar.
2022–23 mövsümündən etibarən, Üçüncü Liqanın dörd divizionunun dörd çempionu, yuxarı səviyyədə iştirak etmək üçün lazım olan peşəkar lisenziyanı əldə etdikləri təqdirdə növbəti mövsüm üçün birbaşa İkinci Liqaya yüksəlirlər. Əgər bir klub lisenziya ala bilməsə, adətən Bolqarıstan Futbol İttifaqının İcraiyyə Komitəsi başqa hansı komandanın yüksəlməyə uyğun olduğuna və lisenziya almayan klubun yerini doldurmaq üçün pley-off turnirinin lazım olub-olmamasına qərar verir. Hər divizionun son bir-iki komandası birbaşa piramidanın dördüncü səviyyəsindəki müvafiq regional qruplarına düşür.
İstinadlar