Nataliya Xerşe (; ) — Belaruslu siyasətçi və keçmiş siyasi məhbus. Onun Belarus və İsveçrə vətəndaşlığı var.2020-2021-ci illərdə Belarusda baş verən etirazlar zamanı o, polis məmurunun əlindən balaklava çəkib və sonradan iki il yarım həbs cəzasına məhkum edilib. Xerşe cəzasının bir hissəsini kişilər üçün nəzərdə tutulmuş həbsxanada çəkib. O, əfv istəməkdən imtina edib, lakin İsveçrənin Belarusa səfir göndərməsindən və ölkənin diplomatik təcridini pozmasından sonra 2022-ci ilin fevral ayında azadlığa buraxılıb. Həyatı Nataliya Xerşe Belarusun şimal-şərqində yerləşən Orşa şəhərində anadan olub. O, Belarus Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə dərəcə alıb və Orşada çalışıb. Təxminən 2009-cu ildə bir İsveçrə vətəndaşı ilə nişanlanaraq Sankt-Qallen şəhərinə köçüb. O, yerli pivə zavodunda, daha sonra isə qab-qacaq istehsalı müəssisəsinin keyfiyyətə nəzarət şöbəsində işləyib. Həyat yoldaşı vəfat etdikdən sonra başqa bir İsveçrə vətəndaşı ilə ailə qurub. Herşenin ilk nikahından iki övladı var.

Həbsi

Nataliya Xerşe hər il Belarusu ziyarət edib. 2021-ci il sentyabrın 11-də o, yenidən Minskə qayıdıb. Sentyabrın 21-də İsveçrəyə dönmək niyyətində olub və artıq dönüş biletini də alıb. Sentyabrın 19-da bir dostu ilə görüşüb və dinc aksiya olan "Ümumbelarus qadınlar yürüşü"ndə iştirak etmək qərarına gəlib. Bu yürüş zamanı çevik polis alayı qadınları dağıtmaq üçün güc tətbiq edib və onlardan bir qrupunu saxlayıb. Çevik polis zabiti Syarhey Konçık Herşeni polis avtobusuna mindirməyə çalışarkən, Natallya onun maskasından yapışıb. O, "icazəsiz kütləvi tədbirdə iştirak" ittihamı ilə həbs edilib. Onun bu hərəkəti Belarus Cinayət Məcəlləsinin 363-cü maddəsi ("Polis əməkdaşına müqavimət göstərmə") ilə cinayət işinin açılmasına səbəb olub. Bir müddət Nataliya Xerşe peşəkar basketbolçu Yelena Levçanka ilə eyni kamerada qalıb. Levçanka kameraların həddindən artıq dolu olduğunu, buna görə bir neçə qadının yerdə yatmağa məcbür qaldığını bildirib. Levçanka həmçinin jurnalistlərə su çatışmazlığı və zəruri gigiyena vasitələrinin yoxluğu barədə məlumat verib.

Konçık fiziki və mənəvi əzab çəkdiyini iddia edərək, öz əzablarını əvvəlcə 500 rubl (BYN), sonra isə 1000 BYN məbləğində qiymətləndirib. Nataliya Xerşe onun maskasını çıxarmağa çalışdığını təsdiqləsə də, polisin üzünə toxunmadığını bildirib. Yürüş zamanı həbs edildiyi üçün o, İsveçrəyə qayıda bilməyib. 3 dekabr 2020-ci ildə Minsk şəhərinin Sovet Rayon Məhkəməsində onun məhkəməsi başlayıb və dekabrın 7-də hakim Syarhey Şatsila ona 2,5 il həbs cəzası verib.

Belarusun insan haqları təşkilatlarının rəyinə görə, Herşenin hərəkətləri müqavimət kimi qiymətləndirilə bilməzdi, çünki o, yalnız balaklavanı (maskanı) çıxarmağa cəhd göstərib. Buna görə də onlar bildiriblər ki, bu hərəkəti müqavimət kimi tövsif etmək çətindir və verilən cəza törədilən əmələ mütənasib deyil. Onlar həmçinin ATƏT-in "Dinc toplaşmaq azadlığı haqqında" rəhbər prinsiplərinin 131-ci bəndinə istinad edərək, tamamilə dinc xarakter daşıdığı üçün hakimiyyətin bu aksiyanı qorumalı olduğunu qeyd ediblər.

Onun həbsi Belarus-İsveçrə münasibətlərində problemə çevrilib və İsveçrənin aparıcı mediası vaxtaşırı onun haqqında məqalələr dərc edib. İsveçrə parlamentariləri və "Libereco" insan haqları təşkilatı onun azadlığa buraxılması üçün kampaniyaya başlayıb.

İlkin olaraq Nataliya Xerşe Qomeldəki qadın islah koloniyasına yerləşdirilib. Bu koloniya polis və ordu üçün paltar tikib, lakin Nataliya Xerşe bunu etməkdən imtina edib. 2021-ci ilin martında o, aclıq aksiyasına başlayıb. 2021-ci ilin sentyabrında o, Belarusun ən sərt cəzaçəkmə müəssisəsi növü olan Mogilyovdakı həbsxanaya köçürülüb. Qeyd edilib ki, Belarusda qadınlar üçün xüsusi həbsxanalar yoxdur və qadınların bu tip müəssisələrə köçürülməsi nadir hallarda baş verib.

Hakimiyyət orqanları onu Aleksandr Lukaşenkodan əfv diləməyə məcbur etməyə çalışsa da, Nataliya Xerşe günahsız olduğunu bildirərək bundan imtina edib.

18 fevral 2022-ci ildə o, gözlənilmədən vaxtından əvvəl azadlığa buraxılıb. Həbsdə olduğu müddətdə o, 6 kiloqram çəki itirib və saçlarının üçdə biri tökülüb. Nataliya Xerşe öz azadlığını İsveçrə səfirinin Minskə gəlişi ilə əlaqələndirib.

İstinadlar

Xarici keçidlər Profile on Viasna96 human rights group Warum Natallia Hersches Widerstand ungebrochen ist. In: :en:Tages-Anzeiger, 6 August 2022 (Documentary, German)

Kateqoriya:Belarusda "Vesna" İnsan Hüquqları Mərkəzi tərəfindən siyasi məhbus elan edilmiş şəxslər