Peter Madyar (, 16 mart 1981, Budapeşt), həmçinin Peter Macyar və ya Peter Macar — Macarıstan siyasətçisi, hüquqşünas və dövlət xadimi. 9 may 2026-cı ildən Macarıstanın Baş naziri, 2024-cü ildən Hörmət və Azadlıq Partiyasının (TISZA) sədridir. 2024–2026-cı illərdə Avropa Parlamentinin deputatı olmuşdur.
Həyatı Peter Madyar 16 mart 1981-ci ildə Budapeşt şəhərində hüquqşünas ailəsində anadan olmuşdur. Ana tərəfdən qohumu olan Ferents Madl 2000–2005-ci illərdə Macarıstanın prezidenti vəzifəsində çalışmışdır. Peter Madyar Budapeştdəki Pazman Peter Katolik Universitetində hüquq təhsili almış, təhsilinin bir hissəsini Berlin Humboldt Universitetində keçirmişdir. 2004-cü ildə universiteti bitirdikdən sonra hüquqşünas kimi əmək fəaliyyətinə başlamışdır. Əsasən kommersiya və korporativ hüquq sahələrində ixtisaslaşmış, Macarıstanda fəaliyyət göstərən beynəlxalq şirkətlərə hüquqi xidmət göstərmişdir.
Peter Madyar 2006-cı ildə sonralar Macarıstanın ədliyyə naziri vəzifəsində çalışmış Yudit Varqa ilə evlənmişdir. Bu nikahdan üç oğlu dünyaya gəlmişdir. Cütlük 2023-cü ildə boşanmışdır.
Siyasi fəaliyyəti Peter Madyar 2002-ci ildə Fides Partiyasına üzv olmuşdur. 2010-cu ildə Viktor Orbanın yenidən baş nazir seçilməsindən sonra Macarıstan Xarici İşlər Nazirliyində fəaliyyətə başlamışdır. 2011-ci ildə Macarıstanın Avropa İttifaqı yanındakı Daimi Nümayəndəliyində vəzifəyə təyin edilmiş və bir neçə il Brüsseldə çalışmışdır. 2015-ci ildə Macarıstan Baş nazirinin Aparatında fəaliyyətini davam etdirərək hökumətlə Avropa Parlamenti arasındakı əlaqələr üzrə məsul vəzifə tutmuşdur. 2018-ci ilin sentyabrında dövlətə məxsus MKB bankına keçmiş, burada Avropa İttifaqı qanunvericiliyi ilə bağlı məsələlərə rəhbərlik etmişdir. Sonrakı illərdə müxtəlif dövlət müəssisələrində və maliyyə qurumlarında rəhbər vəzifələr tutmuşdur.
Müxalifət lideri kimi 2024-cü ilin fevralında Macarıstan prezidenti Katalin Novakın əfv qərarı ilə bağlı yaranmış siyasi qalmaqal fonunda hökumətlə əlaqəli bütün vəzifələrindən istefa verdiyini açıqlamışdır. Qalmaqal nəticəsində Katalin Novak prezident vəzifəsindən istefa vermiş, Peter Madyarın keçmiş həyat yoldaşı, sabiq ədliyyə naziri Yudit Varqa isə deputat mandatından imtina edərək siyasətdən getmişdir. Peter Madyar bundan sonra Viktor Orbanın rəhbərlik etdiyi Fides Partiyasından ayrılmış və hökumətin idarəçilik siyasətini açıq şəkildə tənqid etməyə başlamışdır. 11 fevral 2024-cü ildə verdiyi müsahibə geniş ictimai rezonans doğurmuş və onun ölkə miqyasında tanınmasına səbəb olmuşdur.
15 mart 2024-cü ildə Budapeştdə keçirilən kütləvi tədbirdə həm hakimiyyətdən, həm də mövcud müxalifət partiyalarından narazı olan vətəndaşları birləşdirmək məqsədilə yeni siyasi platforma yaratmaq niyyətini elan etmişdir. Həmin ilin aprelində o vaxta qədər az tanınan Hörmət və Azadlıq Partiyasına (Tisztelet és Szabadság Párt, TISZA) qoşulmuş və partiyanın sədr müavini seçilmişdir. Peter Madyarın rəhbərliyi altında TISZA qısa müddətdə Macarıstanın əsas müxalifət qüvvələrindən birinə çevrilmişdir.
2024-cü ilin iyununda keçirilmiş Avropa Parlamenti seçkilərində TISZA partiyası səslərin 29,6 faizini qazanaraq hakim Fides–KDNP ittifaqından sonra ikinci yeri tutmuş və yeddi deputat mandatı əldə etmişdir. Peter Madyar Avropa Parlamentinə deputat seçilmiş və 16 iyul 2024-cü ildə səlahiyyətlərinin icrasına başlamışdır. Parlamentdə Avropa Xalq Partiyası fraksiyasına qoşulmuşdur. 22 iyul 2024-cü ildə TISZA partiyasının sədri seçilmişdir.
Peter Madyar siyasi fəaliyyətində korrupsiyaya qarşı mübarizə, dövlət idarəçiliyində şəffaflığın artırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi və Macarıstanın Avropa İttifaqı ilə münasibətlərinin yaxşılaşdırılması məsələlərinə xüsusi yer vermişdir. O, öz siyasi mövqeyini Avropa yönümlü mühafizəkar liberalizm kimi xarakterizə etmişdir. Bununla yanaşı, Avropa İttifaqı daxilində milli dövlətlərin suverenliyinin qorunmasını müdafiə etmiş, miqrasiya siyasəti və Ukrayna ilə bağlı bəzi məsələlərdə Viktor Orban hökumətinin mövqeyinə yaxın yanaşmalar nümayiş etdirmişdir.
Baş nazirliyi 12 aprel 2026-cı ildə keçirilmiş parlament seçkilərində Peter Madyarın rəhbərlik etdiyi TISZA partiyası proporsional səsvermədə səslərin 53,2 faizini qazanaraq 199 yerlik Macarıstan parlamentində 141 mandat əldə etmişdir. Bununla da Viktor Orbanın rəhbərlik etdiyi Fides–KDNP ittifaqının 16 illik hakimiyyətinə son qoyulmuşdur. Seçkilərdə Fides–KDNP ittifaqı 52, Bizim Vətənimiz Hərəkatı isə 6 mandat qazanmışdır.
9 may 2026-cı ildə Macarıstan parlamentinin yeni tərkibdə keçirilən ilk iclasında Peter Madyar 140 lehinə, 54 əleyhinə və 1 bitərəf səslə ölkənin baş naziri seçilmişdir. Həmin gün and içərək vəzifəsinin icrasına başlamış və Macarıstanın 60-cı baş naziri olmuşdur. Baş nazir seçildikdən sonra korrupsiyaya qarşı mübarizəni, dövlət institutlarının fəaliyyətinin yenidən qurulmasını və Avropa İttifaqı ilə münasibətlərin normallaşdırılmasını hökumətin əsas prioritetləri kimi müəyyənləşdirmişdir.
Peter Madyarın rəhbərlik etdiyi yeni hökumət fəaliyyətinin ilk aylarında dövlət idarəçiliyində islahatlara başlamış, səhiyyə və təhsil sahələri üzrə ayrıca nazirliklər yaratmış, dövlət vəsaitlərinin istifadəsinə nəzarətin gücləndirilməsi və Avropa İttifaqı tərəfindən dayandırılmış maliyyə vəsaitlərinin bərpası istiqamətində tədbirlər həyata keçirmişdir.
İstinadlar
Kateqoriya:Macarıstan baş nazirləri Kateqoriya:Macarıstan siyasətçiləri