Macarıstan Feminist Assosiasiyası və ya Macarıstan Feministlər Birliyi () — 1904-cü ildə Rozika Şvimmer və Vilma Qlüklix tərəfindən təsis edilən macar feministləri təşkilatı. Təşkilat Macarıstanda qadın həyatının bütün sahələrində bərabərliyin təmin olunması üçün mübarizə aparırdı.
Onlar qadınların səsvermə hüququ üçün təzyiq göstərməklə yanaşı, nikah qanunvericiliyində edilən dəyişikliklərə dair rəsmi etirazlar və təkliflər hazırlayır, həmçinin qadın işçilərin məşğulluğu və peşə hazırlığı məsələlərinin həlli üçün hökuməti addım atmağa çağırırdılar. Tarixi 250px|thumb|right|Vilma Qlüklix təşkilatın təsisçilərindən biri Həm Vilma Qlüklix, həm də Rozika Şvimmer qadın işçilərin təşkilatlanması və hüquqlarının qorunması sahəsindən gələrək, daha sonra ümumilikdə qadın problemləri sahəsinə keçiblər. Beynəlxalq qadın hərəkatı ilə əlaqələrini davam etdirən Şvimmer, Avstriyadan Mari Lanq və Adelhayd Popp, Niderlanddan isə Aletta Yakobs kimi qadınlarla yazışırdı. Bu görkəmli feministlər digər qadın təşkilatlarının müxtəlif maraqlarını vahid bir mərkəzdə birləşdirəcək Macarıstan qadın təşkilatının yaradılmasını təkid edirdilər. Xüsusilə Yakobs, Şvimmeri Beynəlxalq Qadınlar Şurasına (ICW) qəbul edilə biləcək bir təşkilat yaratmağa çağırırdı. O, həmçinin Şvimmeri 1904-cü ildə Berlində keçiriləcək konqresdə iştirak etməyə təşviq etdi. Qlüklix və Şvimmer hər ikisi konfransa getmək qərarına gəldilər və orada beynəlxalq qadınların paylaşdığı dəstək şəbəkəsi və ortaq problemlərlə yaxından tanış oldular. Budapeştə qayıtdıqdan qısa müddət sonra onlar Feministlər Birliyini təsis etdilər. Təşkilat yaradıldıqdan dərhal sonra Macarıstan filialı kimi Beynəlxalq Qadın Səsvermə Hüququ Alyansına (IWSA) qoşuldu.
Strukturu və fəaliyyəti Qlüklix birliyin icraçı direktoru və praktiki məsləhətçisi, Şvimmer isə Siyasi Komitənin sədri və birliyin jurnallarının redaktoru kimi fəaliyyət göstərirdi. Təşkilatın məqsədi qadınlara təsir edən sosial-iqtisadi və siyasi bərabərsizlikləri aradan qaldırmaq idi. Onların Marişka Qardoşun rəhbərlik etdiyi Macarıstan Qadın İşçilər Milli Assosiasiyası (NOE) ilə sıx əlaqələri və dostluq mühitində iş münasibətləri var idi.
Qadınların səsvermə hüququ qrupun həll etməyə çalışdığı əsas məsələlərdən biri olsa da, onlar həmçinin bərabər əmək haqqı, təhsilə bərabər çıxış imkanı, qadınların həyatını yaxşılaşdıracaq mülki və hüquqi islahatlarla da məşğul olurdular. Feminist Assosiasiyası həmçinin cəmiyyətin mənəvi tənəzzülü və uşaq əməyinə qarşı mübarizə aparır, gənc qadınlara karyera bələdçiliyi edən "Peşə Seç" adlı məsləhət proqramı vasitəsilə mühazirələr təşkil edirdi. Proqram çərçivəsində cinsi tərbiyə, uşaq sağlamlığı və təhsili üzrə mühazirələri əhatə edən valideynlik bacarıqlarını öyrədən materiallar da təqdim olunurdu.
1907-ci ildə İrma Szirmai hüquqi məsləhət, işə düzəltmə xidmətləri, uşaq bağçaları üçün təqaüdlər, qaçqınlar üçün sığınacaq və himayədar ailə xidmətlərini təmin edən "Ana və Uşaq Müdafiə Komitəsi"nə rəhbər təyin edildi. Təşkilat qadınları müxtəlif məsələlərdə maarifləndirmək və feminist inkişafı müzakirə etmək üçün iki jurnal təsis etdi:
Qadın və Cəmiyyət (A Nő és a Társadalom, 1907-1913) Qadın — Feminist jurnal (A Nő — Feminista Folyóirat, 1914-1927)
Təşkilatın qurucu üzvlərindən biri olan Yevgeniya Miskoltsi Meller, Şvimmer xaricdə olanda onu əvəz edir, 1914-cü ildə isə Siyasi Komitədə Şvimmeri rəsmən əvəzləyir.
Təşkilatın dağılması Yevgeniya Miskoltsi Meller 1913-cü il Macarıstan Mülki Məcəlləsi üçün nikah tənzimləmə islahatının təhlillərini hazırlayaraq gender bərabərliyi və bərabər rəftar tələb etdi. O, həmçinin 1913-cü ildə Budapeştdə keçirilən ISWA konfransının və 1916-cı il Feminist Konfransının əsas təşkilatçılarından biri idi. Lakin 1916-cı il konfransı qadınların pasifizmi (sülhsevərliyi) təbliğ etməsi səbəbindən rəsmi şəxslər tərəfindən qadağan edildi. Həmin il FE parlamentə müraciət edərək müharibədə dul qalan və ya yaralananların ailəni dolandırmaq məsuliyyətini öz üzərinə götürmüş həyat yoldaşlarının məşğulluğu və peşə hazırlığı məsələsini həll etməyə çağırdı. 1927-ci ildə Qlüklix vəfat etdikdən sonra İrma Szirmai FE-nin həm-rəhbəri vəzifəsini icra etdi, lakin ailə vəziyyəti ilə əlaqədar geri çəkilməli oldu və təşkilatın təkbaşına rəhbərliyi Mellerin üzərinə düşdü. Melani Vamberi 1913-cü ildən 1938-ci ilə — nasistlərdən gizlənmək üçün kəndə köçənə qədər təşkilatın katibi vəzifəsində çalışdı. O, İkinci Dünya müharibəsi zamanı konsentrasiya düşərgəsində vəfat etdi.
Budapeştdəki fəaliyyətləri ilə yanaşı, FE ölkə boyu mühazirələr keçirir və yerli filiallar yaradaraq təşkilati işlər aparırdı. Təşkilat 1942-ci ildə pasifist fəaliyyətinə görə qadağan edildi, lakin 1944-cü ilin mayına qədər gizli şəkildə fəaliyyətini davam etdirdi. Həmin vaxt Meller həbs olundu və bir neçə ay sonra Kistartsa (Kistarcsa) saxlama mərkəzinə göndərildi. Təşkilat 1946-cı ildə Sirmainin sədrliyi ilə yenidən təşkil olundu. O, 1948-ci ildə Şvimmer üçün təşkil edilən anım mərasiminə rəhbərlik etdi, lakin FE 1949-cu ildə hökumət tərəfindən yenidən ləğv edildi. 1958-ci ildə təşkilatın sonuncu katibi Noemi Kobor, əlindəki qeydləri Milli Seçeni (Széchényi) Kitabxanasına bağışladı. Kitabxana onları qoruya bilmədiyi üçün növbəti il sənədləri Macarıstan Milli Arxivinə göndərdi. Təşkilatın sənədlərinin bir hissəsi isə Rozika Şvimmerin 1920-ci ildə Nyu-York İctimai Kitabxanasına təhvil verdiyi şəxsi arxivində yerləşir.
İstinadlar
Xarici keçidlər