Stepan Rudanski (; ) — ukraynalı şair. Folklor və özündən əvvəlki nəsil ukraynalı müəlliflərdən təsirlənən Rudanskinin yaradıcılığında romantik balladalarla yanaşı, sosial məsələlərin müzakirəsi də önəmli yer tutur. Həyatı Keşiş oğlu olan Stepan Rudanski 1834-cü il yanvarın 6-da Podolyenin Xomutıntsi kəndində anadan olub. Şeir yazmağa hələ Kamyanets-Podilski ilahiyyat seminariyasında təhsil alarkən başlamışdır. Rudanskinin ilk nəşrləri 1861-ci ildə Sankt-Peterburqda təhsili zamanı işıq üzü görüb. Burada "Osnova" jurnalında çalışan bir qrup ukraynalı yazıçı ilə dostluq edib. 1861-ci ildə məzun olduqdan sonra Rudanski ömrünün qalan hissəsini həkim kimi çalışaraq keçirib və nəhayət Krımın Yalta şəhərində məskunlaşıb. Şahzadə Mixail Semyonoviç Vorontsovun şəxsi həkimi kimi işə düzələn Rudanskinin, şahzadənin əslən Ukraynadan olan həyat yoldaşı qrafinya Yelizaveta Braniçkaya ilə əlaqəsinin olduğu da bildirilir. Stepan Rudanski 1873-cü il mayın 3-də vərəm xəstəliyindən vəfat edib. Şeriyyət Rudanskinin erkən yaradıcılığı romantizm janrına əsalanırdı və Ukrayna xalq ənənələrindən güclü təsirlənmişdi. Lakin Taras Şevçenkonun təsiri ilə sonrakı əsərlərində o, daha aktual sosial mövzulara və tarixi hadisələrə yer vermiş, təhkimçilik hüququnu tənqid etmiş, həmkarları və həmvətənlərini Ukrayna mədəniyyətini təbliğ etməyə çağırmışdır. Rudanskinin "maqnum opus" yəni şah əsəri olan "Spivomovky" (Oxunan qafiyələr) müxtəlif şeirlər, atalar sözləri və lətifələrdən ibarət topludur. Xalq mədəniyyətindən ilhamlanan bu əsərdə mülkədarlar, ruhanilər, qaraçılar, moskvalılar, polyaklar, yəhudilər, almanlar, həmçinin iblislər, kazaklar, kəndlilər, digər sosial və etnik qruplar onun satirik qəhrəmanlarıdır. Rudanskinin lirik poeziyası kədər və iztirab hisslərini özündə cəmləşdirib. Onun bir çox şeirləri avtobioqrafik xarakter daşıyır. Rudanskinin mühüm əsərlərinin əksəriyyəti yalnız ölümündən sonra nəşr edilsə də, bəzi şeirləri o qədər populyarlaşıb ki, onların bir qismi xalq mahnılarına da çevrilmişdir.
Tərcümələri Stepan Rudanski bir sıra klassiklərin əsərlərini ukrain dilinə tərcümə etmişdir. Tərcümələri sırasında: "İqor polku haqqında dastan", Homerin "İliada"sı, Vergilinin "Eneida"sı, eləcə də Mixail Lermontov, Henrix Heyne, Teofil Lenartoviç, Branko Radiçeviç və digərlərinin əsər və şeirləri yer alıb. İstinadlar
Kateqoriya:Ukrayna həkimləri Kateqoriya:XIX əsr həkimləri Kateqoriya:Rusiya imperiyası şairləri