Əhməd Yaşıltəpə (; doğ. mart 1968, İzmir) — Türkiyə jurnalisti, radio və televiziya aparıcısı, sənədli film rejissoru. O, xüsusilə türk xalqlarının mənşəyi, Orta Asiya tarixi və mədəniyyəti haqqında hazırladığı sənədli layihələrlə tanınır.
Həyatı və təhsili Əhməd Yaşıltəpə 1968-ci ildə anadan olub. Atası Səlahəddin Yaşıltəpə polis rəisi, anası Kamilə Yaşıltəpə isə "Göztepe" idman klubunun tarixindəki ilk və tək qadın rəhbər olub. İzmirdə orta təhsilini tamamladıqdan sonra Əskişəhərdə yerləşən Anadolu Universitetinin Kommunikasiya fakültəsinin (Kino və Televiziya bölümü) məzunu olmuşdur.
Peşəkar fəaliyyəti Televiziya fəaliyyətinə 1992-ci ildə TRT kanalında müxbir kimi başlayıb. Karyerasının ilk illərində Bosniya müharibəsi və Kosovo müharibəsi kimi mühüm hadisələri hərbi müxbir kimi işıqlandırıb. Daha sonra London və Nyu-York şəhərlərində media marketinqi üzrə magistr təhsili alıb.
1997-ci ildə NTV telekanalının Nyu-York bürosunu qurub və yeddi il ərzində ABŞ-da müxbir vəzifəsini icra edib. 2004-cü ildən etibarən Türkiyəyə qayıdaraq NTV-də "Ana Haber" (Əsas Xəbərlər) proqramını və bir çox analitik verilişləri təqdim etməyə başlayıb.
Sənədli filmləri Tarix, arxeologiya və mədəniyyət mövzularına xüsusi marağı olan Yaşıltəpə, NTV üçün aşağıdakı məşhur sənədli layihələri hazırlamışdır: "Zaman Yolcusu — Uzaklar" (Zaman səyyahı — Uzaqlar); "Zaman Yolcusu — Türklerin İzinde" (Zaman səyyahı — Türklərin izində); "Müze Ziyaretçisi" (Muzey ziyarətçisi); "Kurtuluş Yolu" (Qurtuluş yolu); "Çanakkale’de 100. Yıl — 7 İnsan 7 Öykü" (Çanaqqalada 100-cü il — 7 insan, 7 hekayə).
Mükafatları 2004-cü ildə NTV Radioda yayımlanan "Babil Qülləsi" proqramına görə Türkiyə Jurnalistlər Cəmiyyətinin Sedat Simavi mükafatına layiq görülüb. 2017-ci ildə Qazaxıstanda fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən türk dünyasının mədəniyyət və tarixinin təbliğindəki xidmətlərinə görə "İsmayıl bəy Qaspıralı" adına media mükafatı ilə təltif edilmişdir.
Şəxsi həyatı Evlidir, Lidya (2012) və Mina (2016) adlı iki qızı var.
İstinadlar
Kateqoriya:Türkiyə jurnalistləri Kateqoriya:1968-ci ildə doğulanlar Kateqoriya:Televiziya aparıcıları Kateqoriya:Sənədli film rejissorları Kateqoriya:Türkiyənin televiziya aparıcıları