"Azərbaycan Mədəniyyəti – 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası — Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli 888 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycanda mədəniyyət sahəsində 2040-cı ilədək dövlət siyasətinin məqsədlərini, prioritet istiqamətlərini və maliyyələşdirmə mexanizmlərini müəyyən edən uzunmüddətli strateji sənəd. Sərəncamın məqsədi milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması və mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması kimi göstərilib.

Konsepsiya 2026–2030, 2031–2035 və 2036–2040-cı illəri əhatə edən üç mərhələdə həyata keçirilir. Sənədə ilk mərhələ üçün 2026–2030-cu illər üzrə Tədbirlər Planı da daxildir. Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi Mədəniyyət Nazirliyinə, icrasının monitorinqi və qiymətləndirilməsi isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.

Hazırlanması və qəbulu Konsepsiyada qeyd olunur ki, 2003–2025-ci illərdə mədəniyyət sahəsində əhəmiyyətli işlər görülmüş, Prezidentin 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası" icra olunmuşdur. Yeni sənədin hazırlanması Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra azərbaycançılıq məfkurəsi əsasında yeni mədəniyyət siyasətinin formalaşdırılması zərurəti ilə əsaslandırılıb.

Sənəddə nəzərə alınan beynəlxalq çərçivələr sırasında BMT Baş Assambleyasının 2015-ci ildə qəbul etdiyi "2030 Gündəliyi" və Dayanıqlı inkişaf məqsədləri, UNESCO-nun 2005-ci il "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında" Konvensiyası, Türk Dövlətləri Təşkilatının "Türk Dünyası 2040 Vizyonu" sənədi, eləcə də Azərbaycanın 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsində irəli sürdüyü "İqlim üçün mədəniyyət" (C4C) təşəbbüsü göstərilir.

Quruluşu Konsepsiya aşağıdakı hissələrdən ibarətdir: Qısa xülasə Qlobal trendlər Mövcud vəziyyətin təhlili Konsepsiyanın hədəf göstəriciləri Konsepsiyanın məqsədləri Konsepsiyanın prioritet istiqamətləri Maliyyələşdirmə mexanizmləri 2026–2030-cu illər üçün Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı

Əhatə etdiyi sahələr və dəyərlər Konsepsiya mədəniyyətin altı əsas sahəsini əhatə edir: Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irs. Sənəddə "Azərbaycanın mədəniyyət dəyərləri" kimi milli-mənəvi dəyərlər, tolerantlıq, Azərbaycan dili, fərdilik və özünəməxsusluq, əlçatanlıq, dövlət rəmzlərində təsbit edilən dəyərlər, tarixi şüur, dövlətçilik və milli həmrəylik, habelə hüququn aliliyi, ədalətlilik, bərabərlik, azadlıq və digər ümumbəşəri dəyərlər müəyyən edilib.

"Bilgi mədəniyyəti" anlayışı Azərbaycanın mədəniyyət siyasəti sənədlərində yeni yanaşma kimi qiymətləndirilib; Qafqazinfo-nun təhlilinə görə, sənəd mədəniyyəti yalnız incəsənət və irs çərçivəsində deyil, cəmiyyətin davranış modeli və düşüncə sistemi kimi daha geniş strukturda təqdim edir.

Hədəflər və məqsədlər Konsepsiyanın icrası nəticəsində nail olunması nəzərdə tutulan hədəflər aşağıdakılardır: Azərbaycanın mədəniyyət dəyərlərinin qorunması və Azərbaycan mədəniyyətinin mütərəqqi modelinin formalaşdırılması; Azərbaycan dilinin dünya dilləri arasında mövqeyinin möhkəmləndirilməsi və regional ünsiyyət vasitəsi kimi rolunun artırılması; yeni kommunikasiya modelləri vasitəsilə cəmiyyətdə ünsiyyətin və sosial əlaqələrin keyfiyyətinin artırılması; mədəni irsin müəyyən edilməsi, araşdırılması, bərpası, qorunması və təbliği üzrə mütərəqqi sistemin yaradılması; mədəni turizmin inkişafı; mədəni və yaradıcı sənayenin inkişafı və onun məhsullarının ixracının artırılması; mədəniyyətə investisiyaların cəlb edilməsi, infrastrukturun təkmilləşdirilməsi və mədəniyyətin rəqəmsallaşdırılması; mədəniyyət diplomatiyasının inkişafı.

Sənəddə bunlarla yanaşı 15 məqsəd sadalanır; onların sırasında mədəniyyətin ÜDM-də payının artırılması, mədəni turizmdə müasir dəyər zəncirinin formalaşdırılması, mədəniyyət sahəsində əqli mülkiyyət hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi, mədəniyyət sahəsində rəqəmsal ekosistemin formalaşdırılması və işğaldan azad edilmiş ərazilərdə mədəniyyət institutlarının bərpası, mədəni həyatın canlandırılması və mədəni irsin qorunması da var. Konsepsiyanın əsas hədəflərindən biri kimi həmçinin Azərbaycanın "öz tarixi coğrafiyasına mədəni qayıdışı", məhv edilmiş tarixi-mədəni irsin bərpası və Azərbaycan dilinin birləşdirici amil kimi regional rolunun bərpası göstərilir.

Prioritet istiqamətlər Konsepsiyada səkkiz prioritet istiqamət müəyyən edilib və onların hər biri üçün əsaslandırma, görüləcək tədbirlər, gözlənilən nəticələr, nəticə indikatorları və risklər göstərilib: mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi; Azərbaycan dilinin inkişafı; davranış mədəniyyəti və bilgi mədəniyyəti; ədəbiyyatın inkişafı; incəsənətin inkişafı; mədəni irsin qorunması və inkişafı; mədəni və yaradıcı sənayenin inkişafı; mədəniyyət diplomatiyasının inkişafı.

Dövlət proqramları Konsepsiya çərçivəsində aşağıdakı dövlət proqramlarının layihələrinin hazırlanması nəzərdə tutulur: Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramı; Azərbaycanın mədəni və təbii irsinin qorunması ilə bağlı dövlət proqramı; İncəsənətin inkişafı ilə bağlı dövlət proqramı; Audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı; Davranış mədəniyyətinin və bilgi mədəniyyətinin inkişafı ilə bağlı dövlət proqramı; Mədəni və yaradıcı sənayenin inkişafı ilə bağlı dövlət proqramı.

Mədəniyyət diplomatiyası Konsepsiyaya görə, mədəniyyət diplomatiyası Azərbaycanın beynəlxalq aləmdə təbliğinin əsas alətlərindən biridir və Azərbaycanın "yumşaq gücü"nün artırılması məqsədilə həyata keçirilən dövlət siyasəti siyasi, iqtisadi və sosial təsir gücünə malik olmalıdır. Bu istiqamətdə diplomatik nümayəndəliklərin nəzdindəki mədəniyyət mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi, Azərbaycan dilinin yayılma coğrafiyasının genişləndirilməsi və mədəni irsin nüfuzlu onlayn platformalarda təqdim olunması nəzərdə tutulur. Tədbirlər Planına əsasən, 2026–2030-cu illərdə Nazirlər Kabineti, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlar Azərbaycanın beynəlxalq imicinə, tarixinə və mədəniyyətinə qarşı aparılan mənfi təbliğatın qarşısının alınması üçün qurumlararası birgə fəaliyyət planı hazırlamalıdır.

İqtisadi aspektlər Mövcud vəziyyət Konsepsiyanın "Mövcud vəziyyətin təhlili" hissəsində mədəni və yaradıcı sənayenin (MYS) iqtisadi göstəriciləri təqdim olunur. İlkin hesablamalara görə, MYS-nin ÜDM-də payı aşağıdakı kimi olub: İl 2018 2019 2020 2021 2022 2023 2024 MYS-nin ÜDM-də payı 0,6% 0,8% 0,9% 0,69% 0,6% 0,72% 0,8% Sənədə görə, MYS-nin qeyri-neft sektorunda payı 2021-ci ildəki 1,1 faizdən 1,2 faizə yüksəlib, 2024-cü ildə MYS-nin ölkənin mal ixracında payı 2022-ci illə müqayisədə 2,5 dəfə artıb, MYS subyektlərinin və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin sayı da 2022-ci illə müqayisədə çoxalıb.

Daha geniş "yaradıcı iqtisadiyyat" anlayışı üzrə isə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının metodikasına əsaslanaraq Əqli Mülkiyyət Agentliyinin apardığı hesablamalara görə, yaradıcı iqtisadiyyatın ÜDM-də payı 2010-cu ildəki 3,5 faizdən 2023-cü ildə 5,2 faizə qədər artıb. Konsepsiyada MYS-nin iqtisadi və sosial təsirlərinin qiymətləndirilməsi və ÜDM-dəki payının ölçülməsi üçün beynəlxalq praktikaya uyğun metodologiyanın və normativ bazanın yaradılması ayrıca çağırış kimi qeyd olunub.

İqtisadi hədəflər Konsepsiyanın məqsədləri sırasında MYS-nin iqtisadiyyata inteqrasiyası, o cümlədən bu sahədə iqtisadi fəaliyyət və peşə növlərinin sayının, məşğulluğun, ixrac edilən mal və xidmətlərin həcminin və rəqabət qabiliyyətinin artırılması, mədəniyyətin ÜDM-də payının yüksəldilməsi və mədəniyyətə cəlb edilən investisiyaların artırılması və diversifikasiyası göstərilir. MYS istiqaməti üzrə gözlənilən nəticələr kimi bu sahəyə investisiya qoyuluşlarının artması, dəyər zəncirinin təkmilləşdirilməsi, ixrac potensialının gücləndirilməsi və məşğulluğun artması müəyyən edilib.

Tədbirlər Planında iqtisadi öhdəliklər 2026–2030-cu illər üzrə Tədbirlər Planında iqtisadi xarakterli aşağıdakı tədbirlər nəzərdə tutulub: Tədbir Əsas icraçılar Müddət Mədəniyyət sahəsinə investisiyaların cəlb edilməsi üçün təşviq mexanizmləri, imtiyaz və güzəştlərlə bağlı təkliflərin hazırlanması Nazirlər Kabineti, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi 2026–2027 Özəl investisiyaların cəlb edilməsi məqsədilə mədəniyyət sahəsində iqtisadi idarəetmənin liberallaşdırılması; özəlləşdirilməsi qadağan olunmayan dövlət mədəniyyət müəssisə və obyektlərinin özəlləşdirilməsi və ya özəl sektorla birgə istifadəsi üzrə təhlil və təkliflər Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi 2026–2030 Mədəniyyət sahəsinin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi və yeni maliyyə alətlərinin müəyyənləşdirilməsi Mədəniyyət Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi 2026–2028 Mədəniyyət sahəsində dövlət-özəl tərəfdaşlığı modellərinin yaradılması və layihələrin investorlara təqdimatı Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi 2026–2030 Regionlarda mədəni turizmin və MYS məhsulları istehsalı potensialının təhlili, turizmlə əlaqəli infrastruktur işləri Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi 2026–2028 MYS üzrə klasterlər, qovşaqlar və yaradıcı sənaye parkları kimi "təşkilatlanma mühiti"nin formalaşdırılması, MYS-nin ÜDM-də payının və ixrac potensialının artırılması Mədəniyyət Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və digər qurumlar 2026–2030 MYS-nin maliyyə mənbələrinin diversifikasiyası və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi 2026–2030 MYS-nin müqayisəli üstünlüyə malik sahələrində dəyər zəncirinin formalaşdırılması, milli brendlərin yaradılması və qlobal dəyər zəncirlərinə inteqrasiya Mədəniyyət Nazirliyi və digər qurumlar 2026–2030 Kino sənayesində keyfiyyətə və milli-mənəvi dəyərlərə əsaslanan yeni dövlət sifarişi sisteminin yaradılması, nümayiş və yayım sisteminin təkmilləşdirilməsi Mədəniyyət Nazirliyi, Əqli Mülkiyyət Agentliyi 2026–2030 Filmlərin dublyajı ekosisteminin təkmilləşdirilməsi və dublyaja dəstək mexanizmlərinin hazırlanması Mədəniyyət Nazirliyi, Əqli Mülkiyyət Agentliyi 2026–2028

Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov 2026-cı ilin fevralında verdiyi müsahibədə bildirib ki, konsepsiyaya uyğun olaraq «Azərbaycanfilm» kinostudiyasının tarixi irsi qorunmaqla onun özəl sektorun iştirakı ilə kino sənaye parkına çevrilməsi nəzərdə tutulur.

Maliyyələşdirmə Konsepsiyaya əsasən, tədbirlər müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində icraçı qurumlar üçün nəzərdə tutulmuş vəsait, dövlət-özəl tərəfdaşlığı yolu ilə özəl tərəfdaşların vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Sənəddə bəzi istiqamətlər üzrə tədbirlərin sahibkarların və digər maraqlı tərəflərin vəsaiti hesabına həyata keçirilə biləcəyi, bu vəsait kifayət etmədikdə isə digər mənbələrin cəlb ediləcəyi göstərilir. Sənəddə ümumi maliyyə həcmi və ya rəqəmlə ifadə olunmuş hədəf göstəriciləri müəyyən edilməyib.

Tədbirlər Planı (2026–2030) Sərəncamla təsdiq edilmiş Tədbirlər Planı səkkiz prioritet istiqamət üzrə qruplaşdırılıb; hər bir tədbir üçün əsas və digər icraçı qurumlar, icra müddəti, habelə ilkin, aralıq və yekun nəticə indikatorları müəyyən olunub. Mədəniyyət Nazirliyinin məlumatına görə, plan 84 genişmiqyaslı tədbirdən ibarətdir.

Plan çərçivəsində 2026–2027-ci illərdə Mədəniyyət Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mədəniyyət sahəsində dövlət informasiya resurslarını inteqrasiya edəcək və vahid kommunikasiya siyasətini təmin edəcək "e-mədəniyyət" platformasının yaradılması nəzərdə tutulub.

İcrası