Romas Kalanta (; ) — Litvada Sovet rejiminə etiraz olaraq özünü yandıraraq intihar edən 19 yaşlı litvalı orta məktəb şagirdi. Onun ölümü Litvada müharibədən sonrakı dövrün ən böyük iğtişaşlarına səbəb oldu ki, buna bənzər özünü yandırma aksiyalarına stimul verdi. 1972-ci ildə Litvada daha 13 nəfər özünü yandıraraq intihar etdi.
Kalanta 1970-1980-ci illərdə Litva müqavimətinin simvoluna çevrildi. 2000-ci ildə o, ölümündən sonra "Vitis Xaçı" ordeni ilə təltif edilib.
Həyatı və ölümü Dindar olan Kalanta məktəb esselərindən birində Roma Katolik keşişi olmaq istədiyini qeyd etmişdi ki, bu da onun hakimiyyət orqanları ilə problem yaşamasına səbəb olmuşdu. Fabrikdə çalışan Kalanta axşam məktəbində təhsil alırdı. Kalanta gitara çalır, rəsm çəkirdi. Uzun saçları olan Kslantanın hippilərə rəğbəti var idi. Sonralar onun rəğbətindən Sovet hakimiyyəti qurumları tərəfindən yaşlı nəsil arasında Kalantanı nüfuzdan salmaq üçün istifadə edilmişdi.
14 may 1972-ci ilin günorta saatlarında Kalanta, Kaunas Dövlət Musiqili Teatrının qarşısındakı Laysves prospektinə bitişik meydanda üzərinə üç litr neft tökərək özünü yandırdı. Məhz həmin teatrda 1940-cı ildə qanunverici orqan olan Xalq Seymi Litva Sovet Sosialist Respublikasının qurulduğunu elan etmiş və Litvanın Sovet respublikalarından biri kimi qəbul edilməsi üçün SSRİ-yə müraciət etmişdi. Kalanta yanğından 14 saat sonra xəstəxanada vəfat etdi. İntihardan əvvəl Kalanta skamyanın üzərində qeyd dəftərini də qoymuşdu. Buradakı yazının məzmunu yalnız 1990-cı ildə müstəqillik elan edildikdən və DTK-nin (KGB) məxfi arxivləri açıldıqdan sonra məlum oldu. Yazıda: "ölümümdə yalnız rejim günahkardır" () yazılmışdı. İntihara tam olaraq nəyin səbəb olması haqqında başqa yazı tapılmadı.
Ölümündən sonra bir neçə sinif yoldaşının vətənpərvər qrup yaradaraq, ölüm missiyasının kimin yerinə yetirəcəyi ilə bağlı püşk atıldığına dair şayiələr yayıldı. Rəsmi Sovet təbliğatı isə Kalantanı psixi xəstə kimi qələmə verirdi.
İğtişaşlar və sonrakı hadisələr
Sovet hökuməti hadisəni ört-basdır etmək istəsə də, şahidlər bu xəbəri dildən-dilə yaydılar. Mayın 18-də Sovet rəsmiləri ictimaiyyətin diqqətini cəlb etməmək üçün Kalantanın dəfnini tezləşdirdilər. Onun dəfn mərasimi minlərlə insanın küçələrə axışaraq "Litva üçün azadlıq!" şüarlarının səslənməsinə və iki günlük üsyana təkan verdi. Etirazçılar polis bölməsinə və partiya binalarına hücum etdilər. Yuxarı sinif şagirdləri və gənc işçilərdən ibarət kütlənin başlatdığı iğtişaş DTK, milis və daxili qoşunlar tərəfindən zorakılıqla yatırıldı. Növbəti gün Laysves prospekti boyunca yürüşə çıxan 3000 nəfərdən 402-i həbs olundu. "The New York Times" qəzeti Sovet qoşunları arasında çoxsaylı yaralıların və bir ölüm halının olduğunu yazmışdı.
1972-1973-cü illərdə ictimai hərəkatlar böyük vüsət almaqda davam edirdi. 1972-ci ildə Litvada özünü yandıraraq 13 intihar faktı qeydə alınmışdı. Bura; 29 may tarixində Varenada 24 yaşlı V.Stonis, 3 iyunda Kaunasda 60 yaşlı A.Andreyukevis, 10 iyunda 62 yaşlı Zalişauskas və 22 iyunda Şyaulyay şəhərində 40 yaşlı Yuzopas Baratsveçyusun intihar faktlar daxil idi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Uşaq intiharları Kateqoriya:SSRİ dissidentləri Kateqoriya:Özünü yandıraraq intihar edənlər