Juan Ubaldu Ribeyru (; ) — tanınmış Braziliya yazıçısı, jurnalist, ssenarist və professordur. Onun bir çox kitabı və hekayəsi Braziliyada bədii filmlərə və teleseriallara uyğunlaşdırılmışdır. Ribeyru 1994-cü ildə Braziliya Ədəbiyyat Akademiyasının üzvü seçilmişdir. Vəfat etdiyi vaxt bir çoxları onu Braziliyanın ən görkəmli müasir romançısı hesab edirdi.

Bioqrafiyası

Ribeyru, Manuel Ribeyru və Mariya Felipa Ozorio Pimentelin üç övladından birincisi idi. Ribeyrunun iki ayı tamam olanda ailəsi şimal-şərq ştatı olan Serjipinin Arakaju şəhərinə köçmüşdür. O, erkən yaşlarından ədəbiyyata maraq göstərmişdir. 1955-ci ildə o, "Colégio da Bahia"da təhsil almağa başlamış, burada 1956-cı ildə dostlaşdığı Qlauber Roşa ilə tanış olmuşdur.

1957-ci ildə Ribeyru yerli qəzetlərdə jurnalist kimi fəaliyyətə başlamışdır. Növbəti il o, hüquq təhsili almaq üçün Baiya Federal Universitetinə daxil olmuşdur. Bu dövrdə o, Roşa ilə birlikdə bir neçə jurnal və dövri nəşr çap etdirmişdir. 1959-cu ildə onun Baiya hekayələrindən ibarət "Lugar e circunstância" ("Məkan və şərait") adlı antologiyası işıq üzü görmüşdür. 1960-cı ildə o, tələbə yoldaşı Mariya Beatris Moreyra Kaldas ilə ailə qurmuş, doqquz il sonra isə boşanmışdır. 1963-cü ildə o, ilk romanı olan "Setembro não faz sentido"nu ("Sentyabrın mənası yoxdur") yazmışdır.

1964-cü ildə Ribeyru siyasi səbəblərdən ölkəni tərk edərək iqtisadiyyat üzrə təhsil almaq üçün ABŞ-yə getmiş, növbəti il isə Baiya Federal Universitetində siyasi elmlər üzrə mühazirə oxumaq üçün geri dönmüşdür. Altı ildən sonra akademik karyerasına ara verərək yenidən jurnalistikaya qayıtmışdır. 1969-cu ildə tarixçi Monika Mariya Roters ilə evlənmiş və bu nikahdan iki qızı dünyaya gəlmişdir: Emiliya (1970) və Manuela (1972).

1971-ci ildə yazıçının uğur qazanan "Sargento Getúlio" ("Çavuş Jetulio") romanı nəşr olunmuş, üç il sonra isə "Vencecavalo e o outro povo" əsəri işıq üzü görmüşdür. 1980-ci ildə Ribeyru Berenis Batella ilə üçüncü dəfə ailə həyatı qurmuş və bu nikahdan Bento (1981) və Fransiska (1983) adlı övladları olmuşdur. 1981-ci ildə o, "Caretta" jurnalı üçün yazmaq məqsədilə ailəsi ilə birlikdə Lissabona köçmüşdür.

Braziliyaya qayıtdığı vaxtdan vəfatına qədər o, Rio-de-Janeyroda yaşamışdır.

Ribeyru 1990–1991-ci illərdə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Berlin Rəssamlar Proqramının iştirakçısı kimi Berlində yaşamışdır. O, bu şəhərdəki təcrübələrini əks etdirən bir neçə qəzet məqaləsi yazmış və bu yazılar sonradan onun "Um brasileiro em Berlim" ("Berlində bir braziliyalı") kitabının əsasını təşkil etmişdir.

1994-cü ildə Ribeiru Braziliya Ədəbiyyat Akademiyasına qəbul edilmiş və 34-cü kürsünü tutmuşdur.

2008-ci ildə Ribeiru portuqaldilli ədəbiyyatın ən mühüm mükafatı olan "Kamões" (Prémio Camões) mükafatına layiq görülmüşdür. O, 18 iyul 2014-cü ildə 73 yaşında Rio-de-Janeyronun Lablon məhəlləsindəki evində vəfat etmişdir. Ubaldo ağciyər emboliyasından dünyasını dəyişmiş, iyulun 19-da cənazəsi kremasiya edilmişdir.

İstinadlar

Xarici keçidlər Infoplease A biography in Portuguese

Kateqoriya:23 yanvarda doğulanlar Kateqoriya:1941-ci ildə doğulanlar Kateqoriya:18 iyulda vəfat edənlər Kateqoriya:2014-cü ildə vəfat edənlər Kateqoriya:Rio-de-Janeyroda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Braziliya yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Braziliya jurnalistləri