Ruri Rocks, həmçinin Introduction to Mineralogy, Yaponiyada tanınan adı ilə – Keyiçiro Şibuya tərəfindən yazılan və illüstrasiya olunan manqa seriyası. 2019-cu ilin avqustundan "Enterbrain" nəşriyyatının "Harta" jurnalında serializasiya olunur. 2025-ci ilin sentyabrına qədər 7 tankobon cildi buraxılmışdır. Manqa seriyası mineralları və qiymətli daşları sevən Ruri Taniqava adlı lisey tələbəsindən bəhs edir. Bir gün o, mineralogiya ilə maraqlanan məzun Naqi Arato ilə tanış olur və mineralogiyaya marağı getdikcə artır.

"Studio Bind" studiyası tərəfindən çəkilmiş anime serialı adaptasiyası 2025-ci ilin iyulundan sentyabrına qədər yayımlanmışdır.

Məzmun Ruri Taniqava cəvahirat və qiymətli daşları sevən lisey tələbəsidir. Bir gün o, cəvahirat mağazasına daxil olur və kristallardan hazırlanmış aksesuarlar görür. Ruri kristalların gözəlliyindən heyrətə gəlir, lakin pulu olmadığı üçün ala bilmir. Buna görə kristalları təbiətdə tapmağa qərar verir. Axtarışlar zamanı mineralogiya təhsili alan məzun tələbə Naqi Arato ilə qarşılaşır. Naqi ona axtardığı kristalları tapmaqda kömək edir. Bu tanışlıq Rurinin mineralogiyaya və kristallara olan həvəsini artırır. Tezliklərə onların komandasına Naqinin həmkarı Yoko İmari və Rurinin ən yaxın dostu Şoko Seto da qoşulur.

Manqa seriyası personajların kvars, pirit, qranat, qızıl və flüorit kimi mineralları axtarmalarından, ələk, çəkic və topoqrafik xəritə kimi mineralogiya alətlərindən istifadə etmələrindən bəhs edir.

Personajlar

Mineralogiya ilə maraqlanan lisey şagirdi. Naqi ilə tanış olandan sonra onunla birlikdə minerallar axtarmağa başlayır. hərfi tərcümədə "lacivərd daşı" deməkdir.

Mineralogiya təhsili almış məzun tələbə. Ruri ilə birlikdə minerallar axtarır, ona minerallar haqqında öyrədici məlumatlar verir.

Naqinin həmkarı. Mineralogiya haqqında kitablar oxumağı sevir. Ruri və Naqi ilə birlikdə minerallar axtarır.

Rurinin yaxın dostu və sinif yoldaşı. Uşaqlıqdan etibarən minerallarla maraqlanır, lakin dostları və valideynləri tərəfindən kifayət qədər dəstək görməyib. Gələcəkdə mineraloq olmaq istəyir. Digərləri ilə birlikdə minerallar axtarmağa başlayır. "硝" kancisi "şüşə" mənasına gəlir.

İstehsal Manqa Manqa müəllifi Keyiçiro Şibuyanın mineralogiya üzrə elmi dərəcəsi var və manqanı yazarkən elmi biliklərindən istifadə etmişdir. O, bu manqadan öncə "Daikagaku Shoujo" adlı başqa bir elmi manqa üzərisində işləmişdir. Şibuya hər iki manqadakı hadisələrin eyni dünyada baş verdiyini bildirmişdir.

Anime Yaradıcılıq prosesi Anime adaptasiyasının rejissoru Şinqo Fucii universitetdə geologiya ixtisası üzrə oxumuş, geologiya və paleontologiya təhsili almışdır. O, manqanı oxuyandan sonra anime adaptasiyasını çəkmək istəmişdir. Fucii, xüsusilə, Şoko Setonun hekayəsinin yer aldığı fəsillərdən təsirlənmiş, animeni çəkmək qərarını məhz həmin hissəni oxuyandan sonra vermişdir.

Fucii animedə realizmə böyük diqqət ayırmağa çalışdığını qeyd etmişdir. İstehsalçı heyət minerallar barəsində orijinal müəllif Şibuya ilə məsləhətləşmələr aparmışdır. Animedə görünən kristalların və mineralların realistik görünməsi üçün mineralları çəkmək üzrə mütəxəssis olan illüstrator Cluselleri layihəyə cəlb etmişdirlər. Cluseller həm mineralların animasiyasında, həm də onların xüsusi effektlərinin hazırlanmasında iştirak etmişdir. Piritlə qızıl bir-birinə oxşadığından onları animedə fərqli göstərmək üçün çətinlik çəkmişdirlər. Onlar qranat və qızıl üçün müxtəlif yerlərə baş çəkmiş, təlimçilər və mütəxəssislərdən rəylər almışdırlar. Fucii dağa dırmaşmağı "üzləşdikləri ən çətin əngəl" adlandırmışdır. Onlar flüorit səhnələrinin dəqiq alınması üçün Sasahora flüorit mədənini gəzmək icazəsi almışdırlar. Kristalları mikroskop altında detallı şəkildə təsvir üçün işi arxa plan, animasiya, minerallar və kinematoqrafiya üzrə bölmüşdürlər. Bəzi minerallardakı göy qurşağı rəngi effektini yaratmaq üçün kinematoqrafiya və xüsusi effektlərin qarışığından istifadə olunmuşdur.

Fucii animedə təbiəti kəşf etmək hissini yaratmaq üçün birinci seriyadan etibarən təbiət təsvirlərinə üstünlük vermiş, böcək və quşların mütəmadi olaraq görünməsinə, eləcə də, suyun şırıltısı və heyvan pıçıldıları kimi səslərə diqqət yetirmişdir. Mineralları toplayanda vaxtın çoxu maraqsız və sakit keçdiyi üçün bu anları maraqlı göstərməyə çalışmışdır. Animedə yer alan minipersonaj səhnələri əvvəlcə sadəcə mətnlərdən ibarət olsa da, seyyular həmin mətnləri səsləndirmiş və heyət həmin hissələri şirin hesab edərək saxlamağa qərar vermişdir. Bəzi hissələr çox akademik olduğu üçün onları animedə izah etmək mümkün olmamış, bu səbəbdən izləyicilərin onları rahat oxuması üçün ara səhnələr əlavə etmişdirlər. Fucii sapfir arkını ən vacib ark hesab etsə də, Şokonun hekayəsindən xeyli təsirləndiyini bildirmişdir. Bu səbəbdən animenin ssenaristi Miçiko Yokotenin təklifi ilə 7-ci seriyanın ssenarisini Fucii yazmışdır. Fucii həmin seriya üçün Şokonun keçmiş və gələcəyini əks etdirən xüsusi sonluq hazırlamaq istəsə də, işin həcmi çox olduğu üçün əvvəlcə bu ideyadan əl çəkmişdir. Lakin istehsalçı heyətin təkidindən sonra bu ideyanı həyata keçirməyə qərar vermişdir. Şoko animedə gec görünən sonuncu əsas personaj olduğu üçün izləyicilərə daha güclü təsir edən anlar yaratmaq istəmişdir.

Mənbə və orijinal hissələr thumb|Rejissor 10-cu epizodda görünən lokomotiv üçün Milli Təbiət və Elm Muzeyindəki lokomotivdən təsirlənmişdir. Animenin istehsalı zamanı bir çox istinad məkandan və mənbədən istifadə olunmuşdur. Laboratoriyanın dizaynı üçün Şibuya öz laboratoriyasının fotosunu göndərmişdir. Topoqrafik xəritələr üçün seriya rejissoru Akie İşii kitabxana və digər mənbələr əsasında köhnə xəritələri araşdırmışdır. Tərk edilmiş fabrik mühiti Mamoru Kurosva tərəfindən yaradılmışdır. O, bunun üçün tərk edilmiş bir neçə fabrik fotosundan ilham almışdır. Çimərlikdə sahilə çıxmış əşyaların təsviri üçün rejissor Masaho Hori və animasiya rejissoru Qenki Uçiyama bir neçə çimərlik bölgəsini ziyarət etmişdirlər. Daha realistik səhnə çəkmək üçün çimərlikdə əşya toplamışdırlar. 10-cu seriyada peyda olan lokomotiv üçün rejissor Milli Təbiət və Elm Muzeyinə getmiş, fotolar çəkmiş və miniatür buxar lokomotivindən istifadə etmişdir. İstehsalçı heyət final seriyasındakı onsen səhnələri üçün Kanaquyanı ziyarət edərək fotolar çəkmiş və məlumatlar toplamışdırlar. Onlar onsenin sahibindən onsenin mənşəyi, su işləri və Kanaquyanın tarixi haqqında informasiya əldə etmişdirlər. Boru mağazası sahibi ilə görüşərək onsen boruları çöküntüləri haqqında məlumatlar öyrənmiş, borular və onsen daşları ilə tanış olmuşdurlar. Onlar istinad üçün onsen daşı da götürmüşdürlər. Meteoritlərlə bağlı səhnənin dəqiq alınması üçün Fucii "Mikrometeoritlərin izahlı şəkilli kitabı"ndan istifadə etmişdir.

Manqanın sonlarına doğru Aoy Kasamaru personajı əsas personajlarından birinə çevrilsə də, animedə həmin epizodları əks etdirmək üçün kifayət qədər vaxt qalmamışdır. Bu səbəbdən istehsalçı heyət manqa müəllifi ilə məsləhətləşərək manqada olmayan, orijinal seriya çəkməyə qərar vermişdirlər. Şibuya seriyanın kristal radiodan bəhs etməsini təklif etmişdir. Onlar bunun üçün əvvəlcə özləri kristal radio hazırlamağa çalışmışdırlar. Köməkçi rejissor Akiyama Yasuhiko kristal radio üçün lazım olan ləvazimatları almışdır. Animedə görünən kristal radio onların hazırladıqları modelə əsaslanmışdır. Onlar radio haqqında daha dəqiq məlumatlar əldə etmək üçün Yaponiya Radio Muzeyinin əməkdaşı olan Okabedən kömək istəmişdirlər. Okabe layihəni yoxlamış və ideyalarını irəli sürmüş, QSL kartının təsvirini göndərmişdir. Hətta həmin seriyada Naqinin son sitatları Okabe tərəfindən təklif olunmuşdur. Personajların radiodan mahnı dinlədikləri səhnə üçün Fucii əvvəlcə köhnə bir mahnı qoymağı düşünmüş, lakin səs rejissoru Yoşida Koheyin təklifi ilə açılış mahnısından istifadə olunmasına qərar verilmişdir. Kohey bunun seriyanın "birləşdirici" mövzusuna daha uyğun gələcəyini düşünmüşdür. Həmin seriyadakı texniki mağaza səhnəsində "Daikagaku Shoujo" manqasında olan personajlar da yer almışdır. Belə ki, hər iki manqa eyni dünyada baş verdiyi üçün rejissor o manqadan olan personajların da animedə görünməsini istəmişdir.

Media Manqa "Ruri Rocks" Keyiçiro Şibuya tərəfindən yazılır və illüstrasiya olunur. Manqa 10 avqust 2019-cu ildə "Enterbrain" nəşriyyatının "Harta" jurnalında serializasiya olunmağa başlamışdır. İlk tankobon cildi 15 oktyabr 2020-ci ildə buraxılmışdır. Birinci cild 2020-ci ildə baş tutmuş 29-cu Tokio Mineral Şousunda da təqdim olunmuşdur. 12 sentyabr 2025-ci ilə qədər 7 tankobon cildi buraxılmışdır.

12 sentyabr 2025-ci ildə "Kodansha" nəşriyyatı manqada yer alan minerallar haqqında ətraflı məlumatlar verən rəsmi şəkilli ensiklopediya buraxmışdır. Ensiklopediya mineroloq Katsuaki Vatanabe tərəfindən yazılmış, illüstrasiyalar Keyiçiro Şibuya tərəfindən çəkilmişdir.

Cild siyahısı

Anime Manqa seriyası əsasında anime serialı adaptasiyası 11 sentyabr 2024-cü ildə anons edilmişdir. "Studio Bind" studiyası tərəfindən çəkilmiş anime serialının rejissoru Şinqo Fucii, ssenaristi Miçiko Yokote, personaj dizayneri Mayu Fucii, bəstəkarları Daysuke Açiva və Kazuki Yanaqava, səs rejissoru Kohey Yoşidadır. Anime serialı 6 iyuldan 28 sentyabr 2025-ci ilə qədər AT-X və digər kanallar vasitəsilə yayımlanmışdır. Açılış mahnısı Rey Yasuda tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı Hana Hope tərəfindən ifa olunan mahnısıdır. Anime "Crunchyroll" tərəfindən lisenziyalaşdırılmışdır.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2019-cu ilin manqaları Kateqoriya:2025-ci ilin anime serialları Kateqoriya:Enterbrain manqaları Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Gündəlik həyat haqqında anime və manqalar Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Crunchyroll animeləri Kateqoriya:Seynen manqaları Kateqoriya:Mineralogiya