200px|thumb|right|Naxçıvan MR (qırmızı rəngli) Azərbaycanın (ağ rəngli) tərkibində

Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklər — 2025–2026-cı illərdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilməsi planlaşdırılan dəyişikliklər. Bu dəyişikliklər 2025-ci ilin fevralında Naxçıvan Ali Məclisindən, iyulunda isə Azərbaycan Milli Məclisindən keçmişdir. 2026-cı ilin 2 fevral tarixində dəyişikliklər Azərbaycan Milli Məclisində II səsvermədə təsdiqlənmişdir. 2026-cı ilin 10 martında Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləmişdir.

Zəmin 21 dekabr 2022-ci ildə Naxçıvanın rəhbəri Vasif Talıbov vəzifəsindən istefa vermiş və Naxçıvan Ali Məclisi bu qərarı tanımışdır. Fuad Nəcəfli Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi təyin edilmişdir. Bundan sonra Naxçıvanda islahatlar və struktur dəyişiklikləri həyata keçirilmişdir.

"Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu, II Qarabağ (Zəfər) müharibəsinin 5-ci ildönümünü dövlət səviyyəsində qeyd etmək, adıçəkilən əlamətdar hadisələrin əhəmiyyətini yaşatmaq" məqsədilə 2025-ci il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilmişdir.

Dəyişikliklər 200px|thumb|Qars müqaviləsinə həsr edilmiş, 2011-ci il Azərbaycan poçt markası. 2025-ci ildə Naxçıvan MR Konstitusiyasına dəyişikliklər nəticəsində, Qars müqaviləsinə istinad ali sənəddən çıxarılacaq.

Konstitusiyaya dəyişikliklərə görə, 1921-ci ildə imzalanmış və Naxçıvan muxtariyyətinin qurulmasında rol oynamış Moskva və Qars müqavilələrinə istinad ali sənəddən çıxarılır. Konstitusiyaya Naxçıvanın Azərbaycanın ayrılmaz bir hissəsi olması faktı əlavə edilir. Naxçıvan Konstitusiyasının əsası olaraq "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" 1991-ci il Bəyannaməsi, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" 1991-ci il Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycanın 1995-ci il Konstitusiyası göstəriləcək.

Dəyişiklik nəticəsində Naxçıvan Ali Məclisinin sədri Naxçıvanın ali vəzifəli şəxsi hesab edilməyəcək və bunun əvvəl qeyd edildiyi 5-ci maddə ümumiyyətlə ləğv ediləcək. Dəyişiklik nəticəsində, Naxçıvan Ali Məclisinə seçkilər Azərbaycan Prezidenti tərəfindən, Naxçıvan Ali Məclisi sədrinin təklifi əsasında təyin ediləcək. Konstitusiyada növbədənkənar sessiyasının çağırılması və seçkilərdən sonra ilk iclasın keçirilməsi qaydaları dəyişdiriləcək, müharibə şəraitində Naxçıvan Ali Məclisinin əməliyyatlar bitənə qədər fəaliyyətini davam etdirməsi qeyd ediləcək. Azərbaycan Prezidentinin Naxçıvan Ali Məclisini buraxmaq hüququ olacaq.

Dəyişiklik nəticəsində, Naxçıvanın Nazirlər Kabineti Naxçıvan Ali Məclisinə yox, Azərbaycan Prezidentinə tabe olacaq və iş qaydasını onunla dəqiqləşdirəcək. Azərbaycan Prezidentinin razılığı olmadan Naxçıvanda qurum yaratmaq mümkün olmayacaq. Mərkəzi icra hakimiyyəti orqanlarının yaradılması və ləğv edilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçiriləcək.

Naxçıvan Ali Məclisinin ali təhsilli hər bir deputatı Ali Məclisin sədri ola biləcək. Naxçıvan Ali Məclisi sədrinə muxtar ərazini xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etmə, Azərbaycan Prezidentinə Naxçıvanda dövlət orqanlarında xidmət keçən şəxslərə ali xüsusi rütbələrin və ixtisas dərəcələrinin verilməsi üçün təkliflər vermə və s. yeni səlahiyyətlər veriləcək. "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı maddəyə əsasən, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi konstitusiyada qeyd ediləcək və onun birbaşa Azərbaycan Prezidentinə tabe olması faktı əlavə ediləcək.

Qəbul edilməsi 2025-ci ilin 20 fevralında Naxçıvan Ali Məclisinin iclası keçirilmiş, iclasda muxtar bölgədə islahatların aparılması, yeni idarəçilik qaydalarının tətbiqi və s. üçün yerli konstitusiyaya dəyişikliklərin edilməsi zəruri hesab edilmişdir. Ali Məclisdə konstitusiya dəyişiklikləri səsə qoyularaq qəbul edilmiş və Azərbaycan Milli Məclisinə təsdiq olunması üçün göndərilmişdir. 2025-ci ilin 21 iyununda Azərbaycan Milli Məclisində "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya Qanununun layihəsi birinci oxunuşdan keçmişdir. 8 iyul 2025-ci ildə Azərbaycan Milli Məclisi Naxçıvan MR Konstitusiyasına dəyişiklikləri təsdiqləmişdir. 2026-cı ilin 2 fevral tarixində dəyişikliklər II səsvermədə təsdiqlənmişdir.

2026-cı ilin 10 martında Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləmişdir.

Analizi Azərbaycanın Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov Naxçıvan MR Konstitusiyasına dəyişiklikləri muxtar bölgədə hakimiyyət bölgüsünün tətbiq edilməsi üçün, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin rəsmiləşdirilməsi üçün zəruri hesab etmişdir. Deputat Qüdrət Həsənquliyev isə Naxçıvanın muxtariyyətini tamamilə ləğv etməyi təklif etmişdir. Naxçıvan MR Konstitusiyasına dəyişikliklər siyasətçi Natiq Cəfərli tərəfindən Naxçıvan muxtariyyətinin mərhələli şəkildə ləğv edilməsinin bir hissəsi olaraq şərh edilmişdir. Siyasi şərhçi Kamran Məmmədli Qars müqaviləsinə istinadın Naxçıvan MR Konstitusiyasından çıxardılmasını şərh etmiş, 2021-ci ildə Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsinin Qars müqaviləsinin funksional əvəzləyicisinə çevrildiyini qeyd etmişdir.

Vikimənbədə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu

İstinadlar

Kateqoriya:Naxçıvan Muxtar Respublikası tarixi Kateqoriya:Azərbaycanda postmüharibə dövrü Kateqoriya:Konstitusiya ili