Mehman Mirəziz oğlu Şirvanov () — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının polkovnik-leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gecən xüsusi əməliyyat zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı Mehman Mirəziz oğlu Şirvanov 1980-ci il, fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olub.

1997-ci ildə Lənkəran rayonu T. Zamanov adına Ürgə kənd tam orta məktəbindən məzun olub. 1998–2002-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 26 iyul 2002-ci il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 18 il ərzində motoatıcı taqım komandiri, motoatıcı bölüyün komandiri, motoatıcı taborun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi, motoatıcı maborun qərargah rəisinin maddi-texniki təminat üzə müavini, mexanikləşdirilmiş taborun (BMP-2) qərargah rəisi — tabor komandirinin müavini, mexanikləşdirilmiş taborun (BMP-3) qərargah rəisi — tabor komandirinin müavini, hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi, motoatıcı taborun komandiri vəzifələrində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ zirvələri uğrunda gedən xüsusi əməliyyata komandiri olduğu hərbi hissənin şəxsi heyəti ilə qatılıb. Sentyabrın 30-da Goranboy rayonunu ərazisində, Gülüstan kəndi istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. Lənkəran rayonunun Ürgə kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Evli idi, 1 qızı var.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar