Mixail Aleksandroviç Vlasov (; ) — Azərbaycan-sovet rəssamı, qrafikaçı və kitab illüstrasiyaçısı, Azərbaycan SSR xalq rəssamı (1964).
Həyatı və yaradıcılığı Mixail Aleksandroviç Vlasov 1898-ci ildə Peterburqda anadan olmuşdur. Rəssamlıq təhsilini Peterburq və Həştərxanda fəaliyyət göstərən özəl studiyalarda almışdır.
Mixail Vlasovun yaradıcılıq fəaliyyəti Oktyabr inqilabından sonrakı ilk illərdə, Qırmızı Ordu sıralarında xidmət etdiyi dövrdə başlamışdır. 1918-ci ildə RSFSR Xalq Maarif Komissarlığının kollegiyasının qərarı ilə Şimal Vilayəti Kommunalar İttifaqının Sovetlər Evinin zalı üçün nəzərdə tutulmuş tematik divar rəsmi layihəsinin eskizinə görə ona rəssam adı verilmişdir. Qırmızı Orduda xidmət etdiyi müddətdə cəbhədə vərəqələr və təbliğat plakatları hazırlamış, hərbi klublarda göstərilən tamaşalar üçün dekorasiyalar tərtib etmişdir.
1920-ci ilin aprelində XI Qırmızı Ordunun hissələrinin tərkibində Azərbaycana gəlmişdir. Bundan sonra yaradıcılıq fəaliyyəti, əsasən, Azərbaycanda qrafika sənəti ilə bağlı olmuşdur. 1926–1928-ci illərdə "Azdövlətkino"da rəssam işləmişdir.
Mixail Vlasov 1928-ci ildən kitab rəssamı kimi fəaliyyət göstərmiş, "Azərnəşr", "Azneftnəşr", Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, "Muzqiz" və Bakıda nəşr olunan müxtəlif jurnallar üçün nəşrlərin bədii tərtibatını hazırlamışdır. Azərbaycan, rus və Qərbi Avropa klassiklərinin bir sıra yubiley nəşrlərini də tərtib etmişdir. Bunlar arasında Nizami Gəncəvi, Şota Rustaveli, Vilyam Şekspir, Migel de Servantes, Viktor Hüqo, Aleksandr Puşkin, Lev Tolstoy, Nikolay Qoqol, İvan Krılov və Taras Şevçenkonun əsərləri olmuşdur.
Böyük Vətən müharibəsi illərində Mixail Vlasov "Vışka" qəzetinin redaksiyasında rəssam kimi çalışmışdır. Bu dövrdə Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasına (1942) və Anna Zegersin "Yeddinci xaç" romanına (1943) illüstrasiyalar çəkmişdir.
Mixail Vlasov kitab qrafikası sahəsində fəaliyyətini sonrakı illərdə də davam etdirmişdir. O, Nikolay Qoqolun "Peterburq povestləri"nə və "Azərbaycan nağılları"nın bir sıra nəşrlərinə illüstrasiyalar hazırlamışdır. Həmçinin Mirzə Ələkbər Sabirin "Şeirlər" kitabına (1949), "Azərbaycan nağılları"na (1951), Nikolay Qoqolun "Seçilmiş əsərləri"nə (1952; "Köhnə dünya mülkədarları", "Neva prospekti", "Burun", "Portret", "Kolyaska" və b.) illüstrasiyalar çəkmişdir.
Mixail Vlasov 12 dekabr 1972-ci ildə vəfat etmişdir.
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960 "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 29 iyun 1964
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan rəssamları