İmamqulu xan Rzaqulu xan oğlu Qasımlı-Avşar (1758-1783) — Urmiyanın xanı.

Həyatı

İmamqulu xan Rzaqulu xan oğlu 1758-ci ildə Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 1772-ci ildə Urmiyanın hakimi olmuşdu. Avşar elinin və Qasımlı oymağının böyükləri Kərim xan Zəndə məktubla müraciət edib, onun hakimiyyətinin təsdiqlənməsini istədilər. Məktubu Şiraza Mirzə Məhəmmədcəfər İmanlı-Avşar aparmışdı. Kərim xan Zənd ona başsağlığı verib, xanlığını təsdiqlədi.

İmamqulu xan qurucu bir şəxsiyyət idi. Xanbulağı adlı yerdə imarət tikdirmişdi. Bu imarətin qalıqları hələ də qalır. Bürcşah adlı yurdun sağında "Dilguşə" adlı bağ saldırmışdı.

İmamqulu xan xanlığın əvvəlki əzəmətini bərpa etmək istəyirdi. Bu məqsədlə 4 mindən 12 minə qədər qoşun toplamışdı. İmamqulu xan qorxmaz sərkərdə idi. Bütün savaşlarda qoşunun başında dayanardı.

İmamqulu xan Kərim xan Zəndə vergi ödəməkdən boyun qaçırmışdı. Kərim xan Zənd də hirslənib, 1778-ci ildə (hicri-qəməri 1190-cı ildə) Fətəli xanın oğlu Cahangir xan Araşlı-Avşarı İmamqulu xanın əvəzinə Urmiyaya hakim təyin etmişdi. İmamqulu xan bu xəbəri eşitcək Mirzə Məhəmmədcəfər İmanlını şahanə sovqatla və bir neçə illik vergilərlə Şiraza göndərdi. Vəzirinə möhkəm-möhkəm tapşırdı ki, kəşfiyyat aparıb, bu məsələdən hali olsun. Kərim xan pay-parçanı alıb, İmamqulu xana yenidən xanlıq təliqəsi göndərdi.

1778-ci ildə Nəzərəli xan Şahsevən Təbrizə hücuma keçmişdi. Tarixçi Mirzə Rəşid Ədibüşşüəra yazır: "Nəzərəli xan Təbriz zəlzələsindən istifadə edib, Təbrizə yürüş etmişdi. Nəcəfqulu xan Dünbili onun qarşısını ala bilməyəcəyini düşünüb, Xoya qaçmışdı. Xoyda qardaşıuşaqları Əhməd xan, Salman xan, Məhəmməd bəylə məsləhətləşib, Urmiya hakimi İmamqulu xana yardım məqsədilə müraciət etmişdi. İmamqulu xan bir şərtlə ona kömək etməyə razılaşmışdı ki, Təbriz xanlığı ondan asılı olacaq. Nəcəfqulu xan qohumları ilə məsləhətləşib, həmin şərtlə razılaşmışdı. İmamqulu xan ağır qoşunla Təbrizin müdafiəsinə gəlmişdi. Təbrizin Təsuc şəhərində Dünbili xanları İmamqulu xanı qarşılayıb, gəlişinə qurbanlar kəsdilər. Sərabın hakimi Əli sultan Şəqaqi Nəzərəli xanın müttəfəqi olduğundan, ilk hücumu Səraba etdilər. Əli sultan Şəqaqi müdafiə etməyə gücü olmadığından Xalxala qaçdı. Nəcəfqulu xan onu izləmək istədi. İmamqulu xan məsləhət görməyib, birlikdə Təbrizə qayıtdılar. Nəzərəli xan da Təbrizi tərk edib, Ərdəbilə çəkilmişdi. İmamqulu xan Təbrizdə 8 gün qalandan sonra Urmiyaya qayıtdı".Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh.194-195.

İmamqulu xanla Təbriz yürüşündə iştirak edən Balbas əşirətinin başçısı Qərəni ağa Məməş Marağa yolu ilə qayıdarkən Sulduz mahalında qarətlə məşğul olmuşdu. Bu xəbəri eşidən İmamqulu xan Sərməst bəy Avşara tapşırdı ki, Qərəni ağanın yanına gedib, qarət olunmuş malları yiyəsinə qaytarmasını istəsin. Əgər boyun qaçırsa, ona qarşı savaş açsın. Özü də qoşun toplayıb, Sərməst bəyin ardınca getdi. Bilirdi ki, əgər savaş başlasa, Sərməst bəy az miqdar qoşunla bacarmayacaq. Qərəni ağanın da tərsliyinə bələd idi.

Qərəni ağa ilə söhbətləşəndən sonra bəlli-başlı cavab almayan Sərməst bəy Avşar savaş əmri verdi. Savaş zamanı yenilib, qaçdı. Sərməst bəy qaçarkən arxadan vuruldu. Yerdə çabalayarkən özünü yetirən Qərəni ağa onun başını kəsdi. Bu heyndə Avşar qoşunu özünü yetirdi. Çatan qoşun savaşa başladı. İmamqulu xan Sərməst bəyin ölməyini öyrənib, özü də savaşa qatıldı. Qərəni ağa tablamayıb, qaçdı. Digər balbas başçıları da onun ardınca götürüldülər. İmamqulu xan balbasları cəzalandırıb, xeyli qənimətlə Urmiya şəhərinə qayıtdı.

Zəki xan Zənd Sənəndəc hakimi Əmənulla xan Ərdalani ilə savaşarkən ikincisi yenilib, qaçmışdı. Qaçıb, İmamqulu xana sığınmışdı. Zəki xan Mirzə Şəfi bəy Mirzə Məhəmmədcəfər oğlu Əbdülməliki-Avşarı İmamqulu xanın yanına göndərmişdi. Ondan xahiş etmişdi ki, Əmənulla xanı təhvil versin. İmamqulu xan Zəki xanın təhdidindən hirslənib, baş sərkərdəsi İbrahim xan Divanbəyinin başçılığı ilə 4 min avşarı Zəki xanın üstünə göndərdi. Əmənulla xanı da onlara qoşdu.

Danışıqlardan qayıdan Mirzə Şəfi bəy qəziyyəni necə varsa Zəki xana çatdırmışdı. Zəki xan da Mirzə Şəfini yalançılıqda günahlandırıb, həbs etmişdi. Zəki xan Zənd Avşar qoşununun yetişdiyini görüb, müqavimət göstərə bilməyəcəyini düşünüb, İraq tərəfə qaçdı. Yolda vəziri Mirzə Şəfi bəy Avşarı öldürdü. Əmənulla xan Ərdalani İmamqulu xanın sərkərdələrinə, avşar əsgərlərinə ənam-ərməğan verib, Urmiyaya yola saldı.

İmamqulu xan Xoy hakimi Əhməd xanla müttəfiq idi. O da Qarabağ hakimi ilə dostluq edirdi. 1780-ci ildə İbrahimxəlil xanla Əhməd xanın arası dəymişdi. 1783-cü ildə Əhməd xan Dünbili ilə İbrahimxəlil xan Cavanşir barışdılar. Sonra yenidən savaşdılar. İran tarixçisi yazır: "1195-ci ildə (miladi 1782-ci ildə, tarixçinin yanlışı var-Ə. Ç.) İbrahimxəlil xan Cavanşir Xoyu tutmaq xəyalına düşdü, Xoy və Səlması işğal etmək üçün qoşunlarını Şirvan və Qarabağdan Naxçıvan yolu ilə oraya göndərdi. Qarabağ orduları Arazın 40 km-liyində olan "Nazik" qalasını mühasirə etdilər. Lakin Əhməd xan Dünbülü Ərum (Urmiya-Ə. Ç.) bəylərbəyi İmamqulu xan Əfşardan kömək istədi. İmamqulu xan kürd və əfşarlardan ibarət qoşunla Xoya gəldi. Əhməd xan iki gün sonra Çəmənbağda (şəhərin şərqində) Ərumi qoşunlarını qarşıladı və müttəfiqlər qarabağlılarla döyüşə girib, onları məğlub etdilər.Riyahi, Məhəmməd Əmin. Xoy tarixi. II cild. Tehran, Tus, 1372, səh. 181, 164 Tarixçi Mirzə Rəşid Ədibüşşüəara "Tarixi-Əfşar" kitabında yazır: "Bu il Təbriz zəlzələsinin ikinci ildönümü idi ki, İbrahimxəlil xan Cavanşir Molla Pənahın təhriki ilə (Cənubi) Azərbaycana hücum etmişdi. Qarabağın münəccimi Molla Pənah rəml atmışdı ki, guya Qarabağ xanı Azərbaycanın şahlığına nail olacaq, o da bu düşüncə ilə Qarabağdan və Şirvandan qoşun toplayıb, arzusunu həyata keçirməyə başlamışdı. Bütün başçıları və o cümlədən İmamqulu xan Əfşarı özünə tabe etmək istəyirdi. Ona görə də Əbdüssəməd bəy və Mirzəli bəyin başçılığı ilə bir dəstəni Xoy və Salması almağa göndərdi. Naxçıvan tərəfdən yüksək əhvali-ruhiyyə ilə qoşun hərəkata başladı. Qarabağ qoşunu Xoya bağlı Nazikhəlqəyə hücuma keçdi. Bu qalanın əhalisinin kənarda vuruşmaq üçün gərəkli qüvvələri olmadığı üçün müdafiə ilə keçindilər. Əhməd xan Dünbili bu sel və yel kimi gələn bəlanı Xoydan dəf etmək üçün İmamqulu xan Əfşara müraciət edib, yardım istədi. İmamqulu xan cavanşirlərin bu xətasını qeyrətinə sığışdırmayıb, əmr verdi ki, qoşun tərtib etsinlər. Az müddət ərzində dəstələr tərtib edilib, təcrübəli sərkərdələrə paylandı. Əskər ağa miraxur Əbdülməliki tayfasından, Əlirza sultan Qasımlı öz tayfasından, Xanəmir bəy Xələc Barandust tayfasından, Hüseynəli xan Araşlı, Məhəmmədxan bəy Qasımlı, Lütfulla bəy Ustaclı, Allahyar bəy Araşlı və Rəhim xan Qasımlı və Rüstəm xan Qasımlı, Hüseynqulu bəy Araşlı tayfasının ağsaqqalı, Tahir sultan Gündüzlü və başqaları toplandılar. Sərhəddə yaşayan əşirətlərdən, o cümlədən Sovucbulağın hakimi Şeyxəli xan Mükri, Balbas tayfasından Qərəni ağa Müzəyyin, Şəkkak tayfasının başçısı Mirzə ağa, Üşnəviyyənin hakimi Cəfər sultan Zərza öz adamlarını cəm edib, görüş yerinə gəldilər. İmamqulu xan bəylərbəyi hərəkətə keçməzdən əvvəl İbrahim xan divanbəyinin başçılığı altında ağır silah-sursatı Xoy tərəfə göndərdi. Bir gün sonra özü Əlibəyli və Qaslı çəməninə yetişib, ordunu yerbəyer etdi. Oradan köç edib, Xoyun ətrafındakı Çəmənbağ məntəqəsinə yetişdilər. Xoyun hakimi Əhməd xan Dünbili İmamqulu xandan öncə gələn ordunu toy-bayramla qarşılayıb, iki gün qonaqladı. Əhməd xan Dünbili cah-cəlalla Xoydan Nazik qalaya tərəf hərəkət etdi. O zaman oraya yetişirlər ki, Molla Pənah, Əbdüssəməd ağa və Mirzəli bəy Cavanşir qalanı mühasirədə saxlayıblar. Qaladakıların vəziyyəti çətinləşmişdi. Qalaya yetişcək savaş başladı".Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh.200-202.

İmamqulu xan 1783-cü ildə Təbrizi ələ keçirdikdən sonra Qubalı Fətəli xana məktubla müraciət edərək, onu Qarabağ hakimi İbrahimxəlil xanın üzərinə getməyə çağırmışdı.RMDTA, f.52, II hissə, vərəq 43-44.

Təbriz hakimi Nəcəfqulu xan Dünbili İmamqulu xanın asılılığından çıxmaq istəyirdi. Tarixçi Mirzə Rəşid Ədibüşşüəra yazır: "Hicri qəməri 1196-cı ildə (1783-cü ildə) novruz bayramında İmamqulu xan Avşar elinin başçılarını saraya toplayıb, hər birinə layiq olan xələt və ənamlar payladı. O cümlədən maliyyə vəkili Mirzə Əbülhəsən İmanlıya, Sayınqala avşarlarının başçısı Mahmud xana, Barandust əşirətinin Xələc tayfasının ağsaqqalı Xanəmir bəyə, Araşlı oymağının ağsaqqaları Allahyar bəyə, Hüseynqulu sultana mənsəblər verdi. Ölmüş Sərməst bəyin əvəzinə Əlirza sultan Qasımlını eşikağasıbaşı təyin etdi. Onun bacısını alandan sonra, özünə də xan ünvanı da verdi.

Sonra Azərbaycan əyalətinin hər vilayətinə vergi toplamaq üçün avşar elindən bir nəfəri məmur etdi. Təbriz hakimi Nəcəfqulu xanın yanına Xanəmir bəy Xələci göndərdi. Ona göndərdiyi məktubda yazırdı: "İbrahimxəlil xan Cavanşir, Nəzərəli xan Şahsevən və Əli xan Şəqaqi cəsarət edib, Təbriz qalasına yürüş etdiklərindən, o bölgənin rəiyyətlərinə külli halda xəsarət dəymişdi. Avşar qoşununun yardımı ilə kürdlər onlara öz zərbi-şəstlərini göstərdilər. Amma mən müxtəlif səbəblərə görə, onların ardınca getməyi məsləhət görmədim. Həqiqətən də onlar sona qədər cəzalarını almadılar. İndi mənim məqsədim var ki, birlikdə bu iç düşmənləri darmadağın edək. Sonra isə çöldəki düşmənlərin bəlasını dəf edərik. Qonşuluq borcu budur ki, sən də bir kamil qoşun tərtib edəsən. Bu məqsədlərə nail olmaq üçün gərəkdir ki, bir miqdar məvacib də sən göndərəsən. Az vaxt ərzində Urmiyadan hərəkət edib, Əhməd xan Dünbilini də götürüb, məqsədimizə çatacağıq".Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh.204-205.

Xanəmir bəy Xələc Təbrizə yetişib, məktubu Nəcəfqulu xana verdi. Nəcəfqulu xanın qırımından başa düşdü ki, vergi vermək fikri yoxdur. Yerləşdiyi Mirzə Zaman xanın evindən çıxıb, sağollaşmadan Urmiyaya qayıtdı. Əhvalatı İmamqulu xana bildirdi. İmamqulu xan çox narahat olub, Urmiya avşarlarından, Sayınqala avşarlarından, Marağa müqəddəmlərindən, Zərza, Mükri və Baban əşirətlərindən 8 min nəfərlik qoşun hazırladı. Qoşunu hazırlamaqda məqsədi öncə Təbriz hakimi Nəcəfqulunu tənbeh etmək, sonra Əlimurad xan Zəndə yaxşı bir qulaqburması vermək idi. Qoşunu öncə topxana ilə Təbrizə göndərib, özü də ardınca getdi. Nəcəfqulu xan bu yürüşü eşidib, Təbrizə çəkildi və müdafiə ilə məşğul olmağa başladı. İmamqulu xan sərkərdələrinə göstəriş vermişdi ki, Nəcəfqulu xan Dünbiliyə bildirsinlər ki, biz Nəzərəli xan Şahsevənlə və Əli xan Şəqaqi ilə savaşa gedirik, sən də silah-sursatla yardım et. Nəcəfqulu xan onların hiyləsini başa düşüb, elçiləri rədd etdi. Öncə Təbriz hakiminə yardım edən Nəcəfqulu xan Şahsevən və Hüseynqulu sultan Şəqaqi Əli xan Şəqaqidən üz döndərib, İmamqulu xan Qasımlı-Avşara qoşuldular. Sərab hakimi Əli xan Şəqaqi onların dönüklüyünü görüb, Nəzərəli xan Şahsevəndən yardım istədi. Nəzərəli xan Ərdəbildən çıxıb, yardım üçün Səraba tələsdi. Əli xan Şəqaqiyə qoşulub, dönük başçıların, Nəcəfqulu xan Şahsevənin və Hüseynqulu sultan Şəqaqinin üstünə getdilər. Sərabın ətrafında qarşılaşıb, döyüşdülər. Nəzərəli xan bu savaşda qalib gəldi. Hüseynqulu sultan Marağaya tərəf qaçdı. Nəzərəli xan onu izləməyə başladı. Marağa qalasını mühasirə etdi. Marağanın hakimi Əhməd xan Müqəddəm İmamqulu xanın yanında idi. Nəzərəli xan 20 gün Marağanı mühasirədə saxladı. Uğur qazanmayacağını görüb, ətraf kəndləri qarət edib, Ərdəbilə döndü.