Zeynəddin Əhməd Qaraca bəy Zülqədər oğlu (, ) və ya Zülqədəroğlu Zeynəddin Qaraca Türkmani (; ) — Anadolunun cənubunda və Suriyanın şimalında hökmranlıq etmiş Zülqədəroğulları bəyliyinin və eyniadlı sülalənin banisi, 1337–1353-cü illərdə hökmdarı, lokal türkman tayfa başçısı.
Hakimiyyətə gəlməzdən əvvəl Qaraca bəy Məmlüklərin şimal sərhədinin idarəçiliyi üzərində digər yerli türkman sərkərdəsi Taraqlı Xəlil bəy ilə rəqabət aparırdı. O, 1335-ci ildə Hülakülər dövlətinin dağılmasından istifadə edərək Kilikiya regionunda yerləşən əraziləri ələ keçirməyə başlamışdır. Qaraca bəy Məmlük sultanı Nəsrəddin Məhəmməd tərəfindən tanındıqdan sonra Məmlük sultanlığının Anadolu uclarında vassal dövlətin başçısı olmuşdur. Hökmranlığı dövründə Qaraca bəy iddialı olmuş və təsirini genişləndirməsinə qarşı olan müxtəlif Məmlük valiləri ilə toqquşmuşdur. Qaraca bəy Məmlüklər daxilində baş tutan siyasi qarışıqlıqdan istifadə edərək 1348-ci ildə müstəqilliyini elan etmişdir, lakin bu onun həbs edilməsinə və 1353-cü ildə edam olunmasına səbəb olmuşdur.
Erkən həyatı XIII əsrdə Anadolunun cənubunda yerləşən Maraş regionu Kilikiya çarlığı tərəfindən idarə olunurdu. Bu region 1298-ci ildə mərkəzi Misirdə olan Məmlük sultanlığının hakimiyyəti altına keçmişdir. Qaraca bəy Məmlüklər tərəfindən regionun bir hissəsini idarə etmək hüququ verilmiş yerli türkman bəylərindən biri idi. Qaraca bəy Elxanlılar dövlətindən ayrılaraq türk-monqol zabiti Ərətna tərəfindən idarə olunan Ərətna bəyliyinin Mərkəzi və Şərqi Anadoluda ortaya çıxdığı dövrdə Zülqədəroğulları bəyliyini qurmuşdur.
thumb|right|Zülqədəroğulları bəyliyindən əvvəl Anadolunun cənubu və Suriyanın şimalı.
Tarixçilər Qaraca bəyin Bayat tayfasından olduğunu güman edirlər. Tayfanın yay otlaqları Tavr dağlarının şərqində yerləşirdi. Osmanlı tarixi üzrə ixtisaslaşmış Türkiyə tarixçisi Yınançın yazdığına görə, Zülqədəroğulları camaatının təşkil etdiyi icmalar Bayat, Əfşar və Bəydili tayfalarından ibarət idi, lakin Zülqədəroğulları bəylərinin hansına mənsub olduğu naməlumdur. Zülqədəroğulları arasında Bayat tayfasının nümayəndələri çoxluq təşkil etdiyinə görə bəylərin də Bayat tayfasından olması mümkündür. Zamanta qalası yaxınlığında yerləşən Süleyman bəy məscidində ailənin köklərinin Xorasandan olduğunu bildirən kitabə var. Atası 1310-cu və ya 1311-ci ildə vəfat etdikdən sonra Qaraca bəy Suriyanın şimalında Bozox tayfa konfederasiyasının lideri olmuşdur. Onun haqqında mənbələrdə ilk dəfə 1317-ci ildə bəhs edildiyi güman edilir. O zaman Məmlük sultanı Nəsrəddin Məhəmməd Birqada yaşayan bir türkman bəyinə əmir titulu vermişdi.
Qaraca bəyin adının Qaraca ibn Zülqədər olması səbəbilə onun atasının adının Zülqədər olduğu qənaətinə gəlinir. Zülqədər adının və ya ləqəbinin mənası və mənşəyi dəqiq məlum deyil, lakin onun türkmənşəli olduğu güman edilir. Başqa bir varianta görə, bu, Əbdülqədir adının təhrif olunmuş halıdır. Annemari fon Qabayn adın təfsirinin başqa variantını təklif etmişdir: tulqa + dar = dəbilqə taxan. Sonradan bu ad ərəbləşdirilmiş və təhrif edilmişdir. "Zülqədər" ərəb dilində "qüdrətli" deməkdir və bu variant sonrakı Osmanlı mənbələrində rast gəlinir.
Hakimiyyəti
Bəyliyin qurulması thumb|right|Nəsrəddin Məhəmmədin hakimiyyəti dövründə (1310–1341) Məmlük sultanlığının təxmini sərhədləri və Məmlüklərin qonşuları, o cümlədən Zülqədəroğulları bəyliyi.
Məhəmməd Olcaytunun oğlu Əbu Səid Bahadur xan 1335-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra Hülakülər dövlətinin parçalanması başlamışdır. Bu, Anadoluda bir çox kiçik dövlətlərin müstəqillik qazandığı bir qarışıqlıq dövrü idi. 1335-ci ilin mayında Zeynəddin Qaraca bəy 5 min atlı ilə ilk dəfə Kilikiya çarlığının ərazisini işğal etmişdir.
Başqa bir lokal hökmdar – Taraqlı Xəlil bəy ibn Tarafi, daha əvvəl Ərətna bəyliyindən Əlbistanı ələ keçirmişdi. Məmlük sultanlığına sədaqət andı içərək bölgədəki nüfuzunu genişləndirmək üçün Taraqlı Hələb əmiri Altunboğaya 100 at hədiyyə göndərmiş və Qahirədə sultanı ziyarət etmişdi. Bu Qaraca bəyin siyasi mövcudluğuna təhdid yaratdığına görə Qaraca bəy öz oğlu Qarsəddin Xəlil bəyi ordu ilə Taraqlı Xəlil bəyə qarşı göndərmişdi. 1335-1337-ci illərdə Taraqlı Xəlil bəyi məğlub edən Zülqədəroğulları bəyliyi Əlbistanı ələ keçirdi. Taraqlı Xəlil bəyin müttəfiqi Altunboğa Qaraca bəyi təhdid edərək Hələbə gəlməsini tələb etmişdir. Bu səbəbdən Qaraca bəy Altunboğanın rəqibi və Dəməşqin valisi Dəniz ilə ittifaq qurmuşdur.
Sultan sonda valilər Taraqlı bəyi və Qaraca bəyi Qahirəyə çağırmışdır. Dəniz Qaraca bəyi müdafiə edərək sultana onun regionda Məmlük hakimiyyətini daha yaxşı qoruya biləcəyini tövsiyə etmiş və Taraqlı Xəlil bəyin min atlıdan artıq qüvvəyə malik olmadığını vurğulamışdır. Bu səbəbdən Nəsrəddin Məhəmməd 1337-ci ildə Qaraca bəyi "Türkmanların əmiri" və Maraşdan Əlbistana qədər uzanan torpaqların naibi kimi tanımışdır.
Sərhədlərin genişləndirilməsi Anadoluda monqol hakimiyyətinin süqut etməsi Qaraca bəyin regionda irəliləməsinə şərait yaratmışdı. Növbəti il Qaraca bəy Ərətna bəyliyindən Harput, Gəmərək və Gürünü də ələ keçirmişdir. 1338-ci ilin avqustunda Darəndə vəlisi Mərcan Xəsim Ərətna bəy ilə məsləhətləşmək üçün Sivas şəhərinə getmişdi. Bundan istifadə edən Qaraca bəy şəhərə hücum etmişdir. Gecə saatlarında Zülqədəroğulları bəyliyinə tabe döyüşçülər qala mühafizəçilərindən birinin onlara endirdiyi kəndirlərdən istifadə edərək şəhər divarlarına dırmaşmışdılar. Qısamüddətli və qanlı döyüşdən sonra mühafizəçilər öldürülmüş, qala Qaraca bəyin əlinə keçmişdir. Qaraca bəy bunu dərhal Dəməşq validi Dənizə bildirmiş və ondan Darəndəni nəzarətə götürmək üçün qoşun göndərməsini istəmişdir. Fəth edilən şəhəri qəbul edən Məmlük sultanı Qaraca bəyə xələt göndərərək minnətdarlığını bildirmişdir.
Ərətna bəyi bu hücumdan qəzəblənmiş və 1339-cu ildə onunla Qaraca bəy arasında döyüş baş tutmuşdur. Hər iki tərəfdən 500 nəfər itki olmuşdur. Ələddin Ərətna bəy döyüş meydanını tərk edə bilmişdi, lakin Qaraca bəy onun hər iki oğlunu və qəniməti ələ keçirmişdi. Tezliklə sultan Nəsrəddin Məhəmmədin vasitəçiliyi ilə Zülqədəroğulları Ərətna bəyliyindən qəsb olunmuş 20,000 baş iribuynuzlu mal-qaranın bir hissəsini qaytarmağa məcbur olmuşdular.
Qaraca bəyin Ərətna torpaqlarına basqını zamanı türkman əmirinin oğlu Daşqın Zülqədəroğulları bəyliyinə hücum etmişdir. Daşqın Hələbin valisi Altunboğanın dəstəyini almışdı, çünki Altunboğa öz himayəsindəki Taraqlı Xəlil bəyin nəzarətində olmuş Əlbistanın Qaraca bəy tərəfindən alınmasından qəzəblənmişdi. Daşqın ilə mübarizə aparmaq üçün Qaraca bəy Dəməşqin valisi Dənizdən kömək istəməli olmuşdur. Dəniz Altunboğaya təzyiq göstərərək Daşqını cəzalandırmış və nəticədə Daşqın həbs edilmişdir. Dəniz 1340-cı ildə Çukurovaya ekspedisiyasından qayıdan zaman Daşqını öldürməyə cəhd etmişdi, lakin Daşqın ona sadiq döyüşçülərin köməyi ilə həbsdən qaçmışdır.
Qaraca bəy ilə Ərətna bəy arasında sülh uzun sürməmişdi. 1340-cı ildə Qaraca bəy yenidən qonşu əraziyə hücum etmişdir. Tarixçi Yınança görə, bu hücum Məmlük sultanı tərəfindən əmr edilmişdi. Ərətna bəyin elçisi Qahirəyə Zülqədəroğullarının qarətçiliyindən şikayət etmək üçün gələn zaman ona Ərətna bəyliyində xütbədə Məmlük sultanı adının oxunmaması və pulların sultanın adına sikkə edilməməsi günah kimi qoyulmuşdu. Cəzasızlıqdan istifadə edən Qaraca bəy Ərətna bəyliyi ərazisinə basqınlarını davam edirmiş və Dəniz Qaraca bəyin hərəkətlərini dəstəkləməyə davam etmişdir. Ərətna bəy Qahirəyə getmək üçün hazırlaşan zaman Dəməşqin valisi Dəniz ona öz ərazisindən keçməyə icazə verməmişdir. Bu dostluq münasibətləri sultan Nəsrəddin Məhəmməddə Dənizin Qaraca ilə birləşərək üsyan qaldıracağı qorxusunu oyatmışdı. Sultan Dənizi İsgəndəriyyə şəhərinə çağırmış və orada həbs etmişdir. Bir az sonra, 1341-ci ildə Dəniz edam olunmuşdur.
Qarışıqlıq dövrü Dostu və himayədarı Dənizin öldürülməsi Qaraca bəyi qəzəbləndirmişdi və o, Məmlük sultanlığı ilə əlaqələri kəsmişdir. Qaraca bəyin müstəqil hökmdar olmaq iddiası Məmlük sultanı Nəsrəddin Məhəmmədin 1341-ci ildə vəfat etməsindən və Misirdə bu səbəblə baş vermiş qarışıqlıqlardan sonra üzə çıxmışdır. O, Hələbi ələ keçirmək üçün birgə kampaniya təşkil etmək məqsədilə Ərətna bəyin etibarını qazanmağa çalışmışdır. Hələbin əmiri Daşteymur Misirdən kömək istəmiş, lakin Qahirədə saray daxilində hakimiyyət uğrunda davam edən mübarizələr səbəbindən bu istək nəticəsiz qalmışdır. Məmlük əmiri Qavsun Mansur Əbu Bəkri devirərək üçün Əbu Bəkrin yeddi yaşlı qardaşı Əşrəf Küçüyü Məmlük taxtına oturtmuşdur. Bu, Daşteymurun üsyan qaldırmağına səbəb olmuş və o, artıq ümumi vəziyyətin dəyişdiyini görüb Məmlüklərdən qaçaraq Qaraca bəyin himayəsi ilə şimalda Ərətna bəyə sığınmışdır. Dəməşq valisi Altunboğa Daşteymuru və onun müttəfiqi Qaraca bəyi Antep şəhərinə qədər təqib etmişdir. Bu əsnada bəzi Məmlük sərkərdələri Altunboğanın Dəməşqdə olmamasından istifadə edərək şəhəri ələ keçirmiş və Nəsrəddin Məhəmmədin digər oğlu Nəsir Şihabəddin Əhmədi sultan elan etmiş, Əmir Qavsunun bütün tərəfdarlarını öldürmüşdülər. Şihabəddin Əhməd Daşteymuru yeni vəzifə üçün Qahirəyə dəvət edən zaman Qaraca bəy ona Qahirəyə qədər yoldaşlıq etmişdir, lakin Daşteymur naməlum səbəblərə görə həbs olunmuş və edam edilmişdir, Qaraca bəy isə tezliklə şimala, Maraş şəhərinə qayıtmışdır.
1343-cü ilin əvvəlində Ərətna bəy Qarambukada Şeyx Həsəni məğlub etmişdir. O, qənimətin bir hissəsini Hələb valisi Yalbuğaya hədiyyə olaraq Hələbə göndərmişdi. Qaraca bəyin Məmlüklərlə münasibətləri 1343-cü ildə, Zülqədəroğulları türkmanlarının Ərətna bəyin Yalbuğaya göndərdiyi hədiyyələri daşıyan karvanı qarət etməsindən sonra daha da pisləşmişdi. Yalbuğa bunu quldurluq kimi qiymətləndirmiş və 1343-cü ilin martında Qaraca bəyi cəzalandırmaq üçün ordu göndərmiş, lakin Zülqədəroğulları bəyliyinə tabe qüvvələr Məmlük ordusunu məğlub etmiş və onlar geri çəkilməyə məcbur qalmışdılar. Bu məğlubiyyət Yalbuğanı növbəti yürüşü daha ciddi təşkil etməyə vadar etmişdir. Qaraca belə bir qüvvəyə qarşı dura bilməyəcəyini anlayaraq tələsik Düldül dağında sığınacaq tapmışdır, lakin o, ərzaqla dolu karvanı dağa qaldırmağa vaxt tapa bilməmişdir. Yalbuğa karvanı ələ keçirərək Zülqədəroğulları ordusunun bütün ərzaqlarını, eləcə də qadın və uşaqları ələ keçirmişdir.
thumb|right|Düldül dağı Maraşın cənub-qərbində yerləşir.
Bu uğurdan sonra Yalbuğa ehtiyatını itirmiş və məsləhətçilərinin etirazına baxmayaraq, dağda gizlənmiş türkmanlara hücum etmişdir. Məmlük qoşunları yamaclara qalxmağa başlayanda Zülqədəroğulları pusqudan hücum edərək onları məğlub etmişdilər. Yalbuğanın atı oxla vurulmuş və o, bayrağını itirərək çətinliklə canını qurtarmışdır, lakin Qaraca daha ehtiyatlı davranmışdır. Qisasdan çəkinən Qaraca bəy Qahirəyə üzr məktubu göndərmuş və münaqişəyə görə məsuliyyəti Hələb valisinin boynuna armışdır. Sultanın qəzəbini cəlb etməmək üçün həmçinin, əsir götürülmüş Məmlük qoşunlarını və karvana hücum etmiş quldurları Qahirəyə göndərmişdir. Qaraca bəy nəticədə Məmlük sultanı tərəfindən əfv edilmişdir.
Kilikiyaya yürüşləri