Məlikmüzəffər Şahsuvar bəy Süleyman bəy oğlu Zülqədər (; ; ) — 1466–1472-ci illərdə Zülqədəroğulları bəyliyinin doqquzuncu hökmdarı.

Zülqədəroğulları bəyliyi Kiçik Asiyanın böyük dövlətləri – Osmanlı imperiyası, Məmlük sultanlığı və Ağqoyunlular arasında əsas mövqedə yerləşən kiçik bir bufer dövlət olmuşdur. Zülqədəroğulları bəyliyinə nəzarəti uğrunda rəqabət aparan Məmlüklər və Osmanlılar daim bəyliyin daxili işlərinə müdaxilə etmiş, Zülqədəroğulları sülaləsindən öz namizədlərini hakimiyyətə gətirməyə çalışmışdır. 12 illik hakimiyyəti boyu hər iki sultanlıqla sülh münasibətlərini saxlamağı bacaran Süleyman bəyin (hakimiyyəti: 1442–1454-cü illər) ölümündən sonra onun böyük oğlu Məlik Arslan bəy (hakimiyyəti: 1454–1465) hökmdar olmuş və eyni siyasəti davam etdirməyə çalışmışdır, lakin Məmlük sultanı Seyfəddin Xoşqədəm (hakimiyyəti: 1461–1467-ci illər) Məlik Arslan bəyin Osmanlılarla ittifaqa meyil etdiyindən şübhələnmiş və onun qətlini əmr etmişdir. Bundan sonra Məmlüklər öz himayələrində olan Süleyman bəyin digər oğlu Şahbudaq bəyi (hakimiyyəti: 1465–1468, 1472–1473-cü illər) Zülqədəroğulları bəyliyinin taxtına oturtmuşdur.

Osmanlı sultanı II Mehmeddin (hakimiyyəti: 1444–1446, 1451–1481-ci illər) dəstəyi ilə Məlikmüzəffər Şahsuvar bəy Şahbudaq bəyi devirmiş və beləliklə, taxtı ələ keçirmişdir. Region üzərində nəzarəti itirmək istəməyən Məmlüklər 1466–1469-cu illərdə Zülqədəroğulları bəyliyinə qarşı bir neçə uğursuz yürüş təşkil etmişdir. 1469-cu ildə Məlikmüzəffər Şahsuvar bəy Məmlük sərkərdəsi Yeşbəy ibn Mehdini iki dəfə məğlub etmiş, Suriyaya hücum etmiş və Məmlük sultanı Qayıtbaya sülh təklif etmişdir. Sultan təklifi rədd etmiş və Zülqədəroğulları bəyliyinə qarşı yeni ordu hazırlamışdır. 1471-ci ilin baharında Yeşbəy Zülqədəroğulları bəyliyinə qarşı üçüncü səfəri başlatmış və bu dəfə uğurlu olmuşdur. Məlikmüzəffər Şahsuvar bəy məğlub edilmiş və bəyliyin şimalına qaçmışdır. Qədirli və Kozanı ələ keçirən Yeşbəy Hələbə qayıtmışdır.

İlk növbədə II Mehmed Məlikmüzəffər Şahsuvar bəyə kömək etmişdir, lakin Məlikmüzəffər Şahsuvar bəy Osmanlılarla əlaqələri kəsmiş və özünü müstəqil hökmdar elan etmişdir. Bu, Osmanlı dövlətinin verdiyi dəstəyin itirilməsinə səbəb olmuşdur. 1471-ci ildə II Mehmed və Qayıtbay razılığa gəlmişdir. Mehmed Zülqədəroğulları bəyliyini, Qayıtbay isə Qaramanoğulları bəyliyini dəstəkləməkdən imtina etmişdir. II Mehmed kimi müttəfiqin itirilməsinə əlavə olaraq, Məlikmüzəffər Şahsuvar bəy Məmlüklər tərəfindən rüşvətlə alınmış bəzi türkman bəylərinin sədaqətini də itirmişdir. 1472-ci ilin baharında Yeşbəy Məlikmüzəffər Şahsuvar bəyi Zamantı qalasında yaxalamış və danışıqlardan sonra onu əsir almışdır. Məmlük əmiri, sultan Qayıtbayın qohumu Timraz Zülqədəroğulları bəyliyi azadlıq və edamdan yayınmaq zəmanəti vermişdir. Buna baxmayaraq, Məlikmüzəffər Şahsuvar bəy və onun üç qardaşı Qahirədə çəngəldə asılmışdır. Şahbudaq bəy ikinci dəfə Zülqədəroğulları bəyliyinin taxtına oturtulmuşdur.

Zəmin Zülqədəroğulları bəyliyi Anadolunun cənubi və Suriyanın şimalında yerli türkman ağası Zeynəddin Qaraca bəy (hökmdarlığı: 1337–1353) tərəfindən Məmlük sultanlığının vassalı kimi qurulmuşdur. Qaraca bəy Elxanlılar dövlətindən ayrılaraq türk-monqol zabiti Ərətna tərəfindən idarə olunan Ərətna bəyliyinin Mərkəzi və Şərqi Anadoluda ortaya çıxdığı dövrdə Zülqədəroğulları bəyliyini qurmuşdur. Məmlük sultanı Nəsrəddin Məhəmməd 1337-ci ildə Qaraca bəyi "Türkmanların əmiri" və Maraşdan Əlbistana qədər uzanan torpaqların naibi kimi tanımışdır. Əlbistan 1335-ci və ya 1337-ci ildə Zülqədəroğulları bəyliyi tərəfindən ələ keçirilmişdir. Beləliklə, Əlbistan dövlətin süqutuna qədər Zülqədəroğulları bəyliyinin paytaxtı olmuşdur. Qaraca bəy vəfat edənə qədər qonşuları ilə mübarizədə və Misir hökmdarlığına qarşı üsyanlarda iştirak etmişdir.

thumb|right|Zülqədəroğulları bəyliyi Anadolu xəritəsində. Təqribən 1400-cü il.

Zülqədəroğulları ilə Məmlüklər arasında münaqişə onun oğulları Qarsəddin Xəlil bəy (hökmdarlığı: 1353–1386) və Şaban Sülü Sevdi bəyin (hökmdarlığı: 1386–1398) dövründə davam etmiş, hər ikisi Məmlük sultanı Bərkukun (hökmdarlığı: 1382–1389, 1390–1399) əmri ilə sui-qəsd nəticəsində öldürülmüşdür. Şahbudaq bəyin babası Mehmed bəyin (hakimiyyəti: 1399–1442-ci illər) və atası Süleyman bəyin (hakimiyyəti: 1442–1454-cü illər) hakimiyyətləri dövründə Zülqədəroğulları bəyliyi Osmanlı dövləti və Məmlük sultanlığı ilə dostluq münasibətləri qurmağa siyasi nikahlar vasitəsilə cəhd göstərmişdir. Süleyman bəy öz qızı Sitti-Mükrimə Xatunu paytaxt Əlbistandan Ədirnəyə Osmanlı şahzadəsi və gələcək sultan Mehmed Çələbi ilə toyu üçün müşayiət etmişdir.

Süleyman bəyin geniş hərəmi və çoxlu övladı var idi. O, Süleyman bəy 28 avqust 1454-cü ildə vəfat etmişdir və varis kimi çoxsaylı oğullar buraxmışdır. Bu, taxt-tac uğrunda mübarizəyə səbəb olmuşdur. Onun övladlarından birinci Məlik Arslan bəy (hakimiyyəti: 1454–1465) taxta çıxmışdır. Onun hökmdar olduğu dövrdə Zülqədəroğulları bəyliyi Qaramanoğulları bəyliyinin daxilində vərəsəlik uğrunda gedən döyüşlərdə, həmçinin Ağqoyunlu hökmdarı Uzun Həsənə (hakimiyyəti: 1453–1478) qarşı mübarizədə iştirak etmişdir. Məlik Arslan bəy ilk vaxtlar Misir ilə dostluq münasibətləri saxlamışdır, lakin onun Osmanlı dövləti ilə dostluğu davam etdirmək cəhdləri Məmlük sultanı Seyfəddin Xoşqədəmin (hakimiyyəti: 1461–1467) narazılığına səbəb olmuşdur.

İqtidara yüksəlişi Məlikmüzəffər Şahsuvar bəyin doğum tarixi dəqiq məlum deyil. Buna baxmayaraq, onun müasiri və o dövrün hadisələrinin şahidi olmuş tarixçi İbn İyas onun 1472-ci ildə vəfat edən zaman 40 yaşında olduğunu qeyd etmişdir. Beləliklə, Məlikmüzəffər Şahsuvar bəy təqribən 1432-ci ildə anadan olmuşdur.

Məlik Arslan bəyin hakimiyyətinin sonlarında Osmanlı imperiyası və Məmlük sultanlığı arasında Anadolu uğrunda mübarizə kəskinləşmişdir. Məmlük sultanı Seyfəddin Xoşqədəmin (hakimiyyəti: 1461–1467-ci illər) Məlik Arslan bəyin Osmanlılarla açıq-aşkar əlaqələrindən qəzəblənmişdir. Məlik Arslan bəyin qardaşı Şahbudaq bəy Məmlük dövlətində olan zaman kömək axtarmış və Zülqədəroğulları bəyliyinin taxtını ələ keçirmək istəmişdir. O, Məmlükləri Məlik Arslan bəyə qarşı qoymaq üçün hər hansı bəhanədən istifadə etmişdir. Nəticədə, Məmlüklər Məlik Arslan bəyin Osmanlı sultanının hakimiyyəti altına keçmək istədiyindən şübhələnməyə başlamışdır. Şahbudaq bəy sultanı Məlik Arslan bəyin qətlini sifariş etməyə təşviq etmişdir. Xoşqədəm Qahirədən şimala bir fədai göndərmişdir. Məlik Arslan bəy 1465-ci ilin oktyabrında, Əlbistanda cümə namazı zamanı məsciddə qətlə yetirilmişdir.

Şahbudaq bəy Məmlüklərdən mənşur alaraq taxtı ələ keçirmişdir. 30 noyabr 1465-ci ildə Zülqədəroğulları bəyliyinin elçisi Qahirəyə gəlmiş, Şahbudaq bəyin taxta çıxdığını təsdiqləmişdir. Xoşqədəm buna görə yeni hökmdara fəxri xələt göndərmişdir. Şahbudaq bəy dərhal təbəələrinin müxalifəti ilə üzləşmişdir. Onlar onu parrisiddə ittiham etmiş, Osmanlı sultanı II Mehmeddən (hakimiyyəti: 1444–1446, 1451–1481-ci illər) Şahbudaq bəyin rəqibi və onun himayəsindəki qardaşı Məlikmüzəffər Şahsuvar bəyin (hakimiyyəti: 1466–1472-ci illər) Əlbistanda taxta çıxarmağı xahiş etmişdilər. Məlikmüzəffər Şahsuvar bəy əvvəllər II Mehmedin səfərlərində iştirak etmiş və Frakiyada yerləşən Çirmənin sancaqbəyi təyin edilmişdi. 4 dekabrda II Mehmed Məlikmüzəffər Şahsuvar bəyin atası Süleyman bəyə məxsus olan Bozox və Artuqabadın valisi təyin etmiş, ona fərman ilə Zülqədər və bozox türkmanları üzərində səlahiyyət vermişdir. Bu türkmanlar Şahbudaq bəyin hakimiyyətindən narazı qaldıqlarından və ya başqa səbəblərlə Bozox və Tokat ətrafında dağılmışdılar. Osmanlı dövlətinin dəstəyi ilə Məlikmüzəffər Şahsuvar bəy qardaşına qarşı yürüş təşkil etmişdir. Şahbudaq bəy ona qarşı hər hansı bir hücumun həm də Məmlüklərə qarşı olacağını elan etmişdir. Odur ki, 1466-cı ilin yanvar–fevral aylarında Şahbudaq bəy Qahirədən kömək istəmişdir. Xoşqədəm bunun cavabında Hələbin valisi Bərdi bəyi Şahbudaq bəyə kömək üçün göndərmişdir. Məmlük qüvvələri müdaxilə etməzdən əvvəl Məlikmüzəffər Şahsuvar bəy qardaşını Zamantı qalası yaxınlığında məğlub etmişdir və Bərdi bəy 1466-cı ilin aprelində geri dönməli olmuşdur. Beləliklə, Osmanlı ordusunun köməyi ilə Məlikmüzəffər Şahsuvar bəy Şahbudaq bəyi taxtdan qovmuş və hakimiyyəti ələ keçirmişdir.

Xoşqədəm ilə mübarizə

İlkin qarşıdurmalar thumb|right|250px|Məmlük sultanı Seyfəddin Xoşqədəmin adına Qahirədə zərb edilmiş qızıl dinar. 1462-ci və ya 1463-cü il. Seyfəddin Xoşqədəm Şahbudaq bəyin əvəzinə Zülqədəroğulları bəyliyinin taxtı üçün tezliklə yeni namizəd tapmışdır. Məlikmüzəffər Şahsuvar bəyin əmisi Rüstəm bəy ona qarşı rəqib təyin edilmişdi, Yeşbəy ibn Mehdi isə Hələbin valisi təyin edilmiş və Rüstəm bəyə kömək göstərmək tapşırığı almışdır. Yeni təhlükədən xəbər tutan Məlikmüzəffər Şahsuvar bəy II Mehmedə elçi göndərmişdir. Elçi Osmanlı hökmdarını Albaniya səfərinin uğurlu alınması münasibətilə təbrik etdikdən sonra Zülqədəroğulları bəyliyindəki vəziyyəti bildirmişdir. Məmlüklərə qarşı köməkdən əlavə, Məlikmüzəffər Şahsuvar bəy sultandan Zülqədəroğulları bəyliyi ilə Qaramanoğulları bəyliyinin sərhədlərini dəyişdirilməsini, həmçinin Mihaloğlu İsgəndər Paşanın əfv edilməsini xahiş etmişdir. II Mehmed Məlikmüzəffər Şahsuvar bəy məktub göndərmiş və bunun Qahirədə Məmlük sultanına ötürülməsini bildirmişdir, sərhəd məsələsində II Mehmed Amasya qazısına Məlik Arslan bəy və İbrahim bəyin (hakimiyyəti: 1424–1464-cü illər) hakimiyyəti dövründə Zülqədəroğulları–Qaramanoğulları sərhədinin necə olduğunu müəyyənləşdirməyi tapşırmışdır.

II Mehmed Məlikmüzəffər Şahsuvar bəyin hüquqlarını qorumaqda qərarlı olmuşdur. 1466-cı ilin noyabrında II Mehmeddən Seyfəddin Xoşqədəmə göndərilən məktubda Osmanlı hökmdarı Məlikmüzəffər Şahsuvar bəyi Osmanlı imperiyasının müttəfiqi adlandırmışdır. O, Xoşqədəmin diqqətini Məlikmüzəffər Şahsuvar bəyin Süleyman bəyin qanuni varisi olaraq ölkəsini idarə etdiyinə çəkmişdir. Osmanlı sultanı Məmlük sultanlığına iki dövlətin yaxın münasibətləri olduğunu xatırlatmış, Məlikmüzəffər Şahsuvar bəyə dost kimi davranmağı xahiş etmişdir. Xoşqədəmin məktubu alıb-almadığı və ya aldıqda buna necə cavab verdiyi məlum deyil, lakin hər halda, Məlikmüzəffər Şahsuvar bəyin Zülqədəroğulları bəyliyimin hökmdarı kimi olması Məmlüklər üçün qəbuledilməz idi, çünki o, Tripolinin valisi Dəmirdaşın Məmlük sultanlığını öz süzereni kimi tanımaq təklifini rədd etmişdi.

Məmlüklərin birinci yürüşü Məmlük hakimiyyəti Məlikmüzəffər Şahsuvar bəyə qarşı Rüstəm bəyin namizədliyini dəstəkləməyə davam etmiş, lakin bütün səyləri boşa çıxmışdır. Rüstəm bəy qardaşı oğlunu məğlub edə bilməmişdir. Odur ki, Məlikmüzəffər Şahsuvar bəyin bu mübarizədə üstünlüyü o qədər böyük olmuşdur ki, bu, ona sərhəddəki Məmlük şəhərlərini ələ keçirməyə imkan vermişdir. Beləliklə, Besni, Gərgər, Birəcik və Rumqala Zülqədəroğulları bəyliyinun əlinə keçmişdir. Məlikmüzəffər Şahsuvar bəyin bu irəliləyişi və Osmanlı dövlətinin ona dəstəyi Məmlük sultanı Xoşqədəmi qəzəbləndirmişdir. 1467-ci ilə aid erməni dilində yazılmış kolofonda yazılmışdır ki, Məlikmüzəffər Şahsuvar bəy "öz torpağında çoxlu dağıntılar törətmişdir. O, çoxlu türkmanı öldürmüşdür. O, çoxlu vəhşiliklər həyata keçirmişdir". Kolofonda daha sonra bildirilmişdir ki, Məlikmüzəffər Şahsuvar bəy Fekeni ələ keçirəndən sonra sonra 2 iyunda Sis şəhərini və qalasını yandırmış, ardınca cənuba doğru yola düşmüşdür. O, burada Adana, Tarsus, Ayas və digər şəhərləri ələ keçirmişdir. Bundan əlavə, Hələb və Dəməşqin Məmlük valiləri Məlikmüzəffər Şahsuvar bəyə ünvanladıqları məktublarda II Mehmedə hörmətlərini bildirmişdilər. O bu xəbəri, həmçinin Hələbə və Darəndəyə hücumlarını II Mehmedə çatdırmışdır. II Mehmed Məlikmüzəffər Şahsuvar bəyin Osmanlı dövlətinə xidmətini təqdir etdiyini, lakin Zülqədəroğulları bəyliyi ilə Məmlüklər arasında açıq münaqişədən narazı qaldılığını ifadə etmişdir. O, həmin dövrdə Məlikmüzəffər Şahsuvar bəyin Məmlük sultanlığı ilə münaqişəni qızışdırmasını uyğun hesab etmirdi.