Azərbaycan ekologiyası — Azərbaycan Respublikası ərazisindəki ekoloji vəziyyət. İqtisadiyyatın inkişafı, demoqrafik artımı, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir. Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur.
Ekoloji problem Azərbaycanın nəzarətsiz qalmış ərazilərində meşə zolaqlarının qırılması və yandırılması, Araz çayı və qollarının çirkləndirilməsi, flora və fauna növlərinin məhv edilməsi, mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsini halları baş verir. Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisinə ziyan dəymişdir ki, 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, mədəni üzüm, şümşə, eldar şamı, Qafqaz xurması, söyüdyarpaq armud və s. növ ağaclar ərazidən məhv olaraq dünya florasının xəzinəsindən silinmək üzrədir.
Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu ki, 1990-cı illərdən etibarən praktiki cəhətdən əraziyə nəzarət imkanı olmadığından sözügedən fauna və floranın hazırkı vəziyyəti barədə məlumat yoxdur.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 388,6 hektarı -Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də təhlükədə olmaqdadır.
261 min hektar meşə, o cümlədən 13 197,5 hektar qiymətli meşə sahələri, 215 ədəd təbiət abidəsi, 5 ədəd geoloji-paleontoloji obyekt, hündürlüyü 45 metr, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələrinin əksəriyyəti məhv olunmuşdur.
Kəlbəcər rayonunda “Qırmızı kitab”a daxil edilmiş 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları da kütləvi şəkildə qırılaraq ixrac olunur. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki vardır ki, bunlardan 200-ə qədəri dərman bitkiləri olmaqla, onlar da kütləvi şəkildə xaricə idxal olunur. Bu isə bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə səbəb olur.
Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olan “Xan Mağarası” əvvəllər mühafizə olunurdu. Həmin abidələr 1990-illərdən başlayaraq digər məqsədlər üçün istifadə olunur.
İqlim dəyişmələri ilə mübarizə üzrə qlobal səylərə töhfə vermək üçün Azərbaycan 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürmüşdür.
Azərbaycanın ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su ehtiyatları bu gün çirkləndirilmiş və qurudulmuşdur.
Dağlıq Qarabağ ərazisində yerləşən Sərsəng su anbarından təzyiq vasitəsi kimi də istifadə edilir. 560 milyon m³ tutumu olan bu su anbarının suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan əhalisi azərbaycanlılardan ibarət olan kəndlərə və yaşayış məntəqələrinə buraxılır və nəticədə isti yay mövsümündə bu ərazidə kəskin su qıtlığı yaranır. Yaşayış məntəqələri, kənd təsərrüffati sahələri və kommunikasiya xətləri qışda su altında qalır. Yayda isə insanlar su qıtlığına məruz qalır və səhralaşma nəticəsində torpağın degradasiyası müşahidə olunur.
Sərsəng su anbarı respublikanın iqtisadiyyatında mühüm rol oynamış, əvvəl real olaraq 78 min hektar əkin sahəsinin suvarılmasına xidmət etmişdir.
1993-cü ildən 2018-ci ilə qədər Sərsəng su anbarından istifadənin mümkünsüzlüyü ölkənin iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatına ciddi zərərin vurulmasına səbəb olmuşdur. Onun texniki qurğularına xidmət göstərilmir və su rejiminə riayət olunmur. Su anbarı qəza vəziyyətində olduğundan, ondan aşağıda, dağətəyi və aran hissədə yerləşən ərazilərdəki 400 min əhali təhlükə altında yaşamaqdadır.
Məhz bütün bunları nəzərə alaraq, -ci ildə Avropa Şurası Parlament Assambleyasının fakt araşdırıcı missiyası ölkəmizdə olmuş və Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin sudan istifadə etmələri ilə bağlı 2085 (2016) nömrəli qətnamə qəbul edilmişdir. Qətnamədə vacib humanitar problemi nəzərə alaraq, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb edilmişdir.
Ölkəndə ən zəngin faydalı qazıntı yataqları , 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, bu da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi. Ərazilərdən keçən təbii su mənbələri də hal-hazırda həddindən artıq çirklənməyə məruz qalır.
Araz və Kür çaylarının qolları olan uyğun olaraq Oxçuçay və Ağstafaçayın ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaratmışdır.
Qeyd olunanlarla yanaşı nüvə və radioaktiv materialların, habelə nüvə yanacağı tullantılarının qaçaqmalçılığında xüsusi rol oynaması faktlarının artması barədə məlumatlar praktiki olaraq Azərbaycanın nəzarətsiz qalmış ərazilərində radioaktiv tullantıların basdırılması dəqiq olduğuna əsas verir.
Belə ki, 1989-cu ilin dekabr ayında baş vermiş zəlzələdən sonra fəaliyyəti dayandırılan Metsamor AES-in işləmədiyi 1995-ci ilin oktyabr tarixinə qədər 6 il ərzində bu müəssisədəki və digər müəssisələrdəki nüvə materiallarının təhlükəsizliyinə ciddi beynəlxalq nəzarətin olmamasını nəzərə alınaraq həmin dövrdə nüvə materiallarının nəzarətdən çıxaraq yayılması imkanlarının nə dərəcədə böyük olduğunu göstərir.
Təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarına od vurularaq yandırılmış, on min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurmuşdur. 2006-cı ildən başlayaraq mütəmadi olaraq törədilən yanğınlar nəticəsində 110 min hektardan çox münbit torpaqlar məhv olmuşdur. Planlaşdırılan hədəflərə nail olmaq məqsədilə qısamüddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla qərarların qəbul edilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması, ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi və s. prinsiplər qəbul edilmişdir.
Dövlət Neft Şirkəti tərəfindən fəaliyyət zamanı 1 mln. ağac əkilib.
2021 ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2 mln. ağac əkilib.
Ekoloji siyasət İqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir. Bu məqsədlə ölkədə çirklənmiş ərazilərin bərpası, meşə ilə örtülü ərazilərin miqyasının artırılması, biomüxtəlifliyin mühafizəsi, aid ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizinin dəniz ətraf mühitinin qorunması, iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, hidrometeoroloji müşahidə sistemlərinin və monitorinq şəbəkəsinin modernləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq, əhalinin ekoloji şüur səviyyəsinin artırılması fəaliyyət istiqamətlərindən olmuşdur.
2018-ci ildə neft və neft məhsulları ilə çirklənmiş ərazilərin ekoloji bərpası məqsədilə “Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazisinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası”, Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində “Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası”, “Abşeron yarımadasında çirklənmiş torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi” və s. layihələr həyata keçirilir.
Bununla yanaşı tullantıların, o cümlədən plastik tullantıların idarə olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir, tullantıların təkrar emalının təşkili üçün təşviqat işləri aparılır.
Meşə ilə örtülü ərazilərin miqyasının artırılması istiqamətində aparılmış meşəsalma və meşəbərpa tədbirləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi 2018-ci ilin siyahısına əsasən ölkə ərazisinin 12 faizini təşkil edir. 2002-2018 illərdə ölkədə 152,4 min ha meşəsalma və meşəbərpa tədbirləri aparılmış, 96,445 milyon ağac əkilmişdir.
Qeyri-meşə fondu torpaqlarında yaşıllaşdırma tədbirləri çərçivəsində arid ərazilərlə səciyyələnən ərazilərdə ümumilikdə 4438 hektar ərazidə 5 386 min ağac əkilmişdir. Yaşıllaşdırma layihələrinin davamlılığının təmin edilməsi üşün ərazilər damcılı suvarma sistemləri ilə təmin olunmuşdur. Suvarmada alternativ su mənbələrindən - duzsuzlaşdırılmış dəniz suyundan, həmçinin tullantı sularından təkrar istifadə olunur. Bundan başqa, məhsul verən ağaclara, o cümlədən zeytun və digər meyvə ağaclarının əkilməsinə üstünlük verilir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildəki 478 min hektardan 893 min hektara qədər artırılaraq ölkə ərazisinin 10,3%-nə çatdırılmışdır (10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı).
Su hövzələrində bioloji resursların artırılması istiqamətində 2002-2018 illərdə 7 milyard ədədə yaxın balıq, o cümlədən nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılmışdır.
Ölkədə iqtisadi inkişafla əlaqədar infrastruktur layihələri həyata keçirilir ki, bu da öz növbəsində ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinin tətbiqini zəruri edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidmətlərin elektron qaydada göstərilməsi qurumlararası razılaşdırma prosesinin operativliyi və şəffaflığı baxımından əhəmiyyət kəsb edir.
Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi istiqamətində mütərəqqi üsulların tətbiq edilməsi, mövcud ekoloji sistemlərin qorunması, qanunvericiliyin təkmilləşdirilməsi, çirklənmiş ərazilərin ekoloji bərpası, meşələrin və yaşıllıq ərazilərinin artırılması, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən istifadənin inkişafı və enerji effektivliyinə nail olunması, ətraf mühitin monitorinqi və hidrometeoroloji müşahidə sisteminin təkmilləşdirilməsi, ekoloji problemlərin təhlili, həlli yollarının müyyənləşdirilməsi, insan kapitalının inkişaf etdirilməsi və əhalinin ekoloji təfəkkürünün artırılması prioritet istiqamət olaraq qəbul edilmişdir.
Ekoloji vəziyyət