Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan — Azərbaycan Xalq Cümhuriyyəti bugünkü Naxçıvan Muxtar Respublikasının tarixində.

Ümumi məlumat "Azərbaycan parlamentinin yaradılması haqqında qanun"da göstərilirdi ki, Azərbaycan ərazisini təşkil etdiyinə görə, parlamentə Zəngəzurdan iki və İrəvan quberniyasının Azərbaycan hissəsindən (Naxçıvan, Şərur, Ordubad nəzərdə tutulur) üç nəfər millət vəkili seçilməlidir.

Azərbaycan parlamentinin 1919-cu il yanvarın 8- də və 25-də keçirilmiş iclaslarında Naxçıvan bölgəsinin və ümumiyyətlə, keçmiş İrəvan quberniyasının azərbaycanlı əhalisinin vəziyyəti ilə bağlı məsələlər müzakirə edilmiş, Ermənistan hökumətinin Naxçıvan və digər qəzaların azərbaycanlı əhalisinə qarşı yeritdiyi etnik təmizləmə siyasəti qətiyyətlə pislənmişdi.

Azərbaycan hökuməti 28 fevral 1919-cu il tarixli qərarı ilə Naxçıvan General-Qubernatorluğunu yaradaraq Behbud xan Naxçıvanskini ora general-qubernator təyin etmiş və cari xərclər üçün 2 milyon manat vəsait ayırmışdı.

1919-cu ilin martında Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Naxçıvan bölgəsinin ingilislərin köməyi ilə erməni idarəçiliyinə keçəcəyi barədə xəbərlərin yayılması Azərbaycan hökuməti tərəfindən ciddi etirazla qarşılanmış və yerli əhalinin dəstəyi ilə bu idarəçiliyə son qoyulması üçün təsirli tədbirlər görülmüşdü. Naxçıvan bölgəsi əhalisinin fəal müqaviməti sayəsində iyul ayında erməni idarəçiliyi ləğv edildi.

Naxçıvan erməniləri diyarın təkləndiyindən və daxildəki ziddiyyətlər, habelə hakimiyyətsizlik məngənəsində boğulduğundan istifadə edərək Naxçıvanın ən yaxın vaxtlarda Ermənistana birləşdiriləcəyi barədə şayiələr yayır, bu yerlərin Ermənistanın bir hissəsi olduğunu iddia edirdilər. Erməni qüvvələri vəziyyətin mürəkkəbliyindən, qarışıqlıqdan istifadə edərək Böyük Ermənistan yaratmaq üçün ərazi iddiaları irəli sürürdü. Ermənilər torpaq iddialan ilə bağlı layihə hazırlamış və bunu Ənvər paşaya təqdim etmişdilər. Bu layihəyə görə Naxçıvan və Ordubadla birlikdə Sürməli, Axalkələk, Eçmiədzin, İrəvan (qəzası), Borçalı, Qazax, Şərur-Dərələyəz, Qarabağ və Zəngəzur qəzaları Ermənistana verilməli idi. Ermənilər bu tələblərini onunla əsaslandırırdılar ki, guya bu qəzaların əhalisinin 70 faizi ermənilərdir . Əslində isə Şərur-Dərələyəz qəzasında əhalinin 72,3 faizini, Naxçıvan qəzasında 62,5 faizini, İrəvan qəzasında 60,2 faizini, Sürməlidə 70 faizini, Qara-yazıda 89 faizini azərbaycanlılar təşkil edirdi . Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən Naxçıvan diyarının əhalisi bu cümhuriyyərə ilə birləşməyə hazır olduğunu bildirsə də mövcud siyasi və beynəlxalq vəziyyət Naxçıvan əhalisinin arzusunu həyata keçirməyə imkan vermirdi. Naxçıvanı Azərbaycandan ayırmaq meyilləri getdikcə güclənirdi. Naxçıvan Milli Komitəsi haqlı olaraq türklərlə əlaqəni daha da genişləndirməyi lazım bildi. Həmin vaxtda türklər Şərur-Dərərləyəz və İrəvan-Culfa dəmir yolunu öz əllərinə keçirərək Naxçıvana doğru irəliləyirdilər. Kazım Qarabəkir paşanın komandanlığı altında olan türk diviziyası Şərur qəzasına daxil olduqdan sonra hücumu müvəqqəti dayandırmış və beləliklə Andranikin Naxçıvanı ələ keçirməsi üçün əlverişli imkan yaranmışdı. Belə bir şəraitdə Naxçıvan Milli Komitəsi daşnakların sayca üstün qüvvələri ilə döyüşə girmədən geri çəkilməyi məqsədəuyğun sayırdı. Bununla belə bütün xalq öz torpaqlarının müdafiəsi üçün ayağa qalxdı. Nehrəm kəndində qonşu kəndlərin nümayəndələrinin fəal iştirakı ilə xalq qoşun dəstələri yaradıldı. Xalq qoşunu 1918-ci il iyunun axırlarında Nehrəm kəndi yaxınlığında Andranikin quldur dəstəsi ilə qarşılaşaraq onu əzdi. Andranik rüsvayçılıqla Qarabağ dağlarına qaçmağa məcbur oldu. Bu hadisələrdən sonra, yeni daşnak talanlarına yol verməmək məqsədilə türk qoşunları Naxçıvana, Ordubada və Culfaya daxil olmuşdular. Türklərin daşnaklara qarşı döyüşdə kifayət qədər qətiyyətli olmaması Naxçıvan Milli Komitəsi ilə onların arasında soyuqluq yaratmışdı. Türklər Naxçıvana daxil olan vaxt ilk siyasi tədbir kimi Naxçıvan Milli Komitəsini və milli hissələri buraxmışdılar. Xəlil bəy isə Naxçıvanın general-qubernatoru təyin olunmuşdu (5, s. 36). Lakin vəziyyət uzun sürmədi. Tezliklə Naxçıvan Milli Komitəsinin və onun silahlı dəstələrinin fəaliyyəti bərpa edildi. 1918-ci ilin ikinci yarısında müharibə cəbhələrində Türkiyənin vəziyyəti çətinləşdikcə o, Naxçıvanda daha güclü və sabit yerli hakimiyyətin yaradılmasına meyl göstərirdi. Elə yerli hakimiyyət ki, daşnakların hücumuna davam gətirsin və diyarı heç vaxt onların tapdağı altına qoymasın. Türkiyə Mudros müqaviləsinin şərtlərinə uyğun olaraq qoşunlarını Naxçıvandan çıxarmağa məcbur oldu. 1918-ci ilin noyabrında yerli əhali Qafqazda altıncı olan Araz-Türk Cümhuriyyətinin müvəqqəti müstəqilliyini elan etdi. Bu cümhuriyyəti bir tərəfdən erməni iddialarmı dəf etməyə, digər tərəfdən isə cümhuriyyətinın bütün əhalisinin həm din, həm də dil cəhətdən can atdığı Azərbaycanla birləşməni hazırlamağa cəhd edirdi. Araz-Türk Cümhuriyyətinin əhalisi 1 milyon nəfər, ərazisi 8696 km² olmaqla tərkibinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Kəmərli, Mehri və s. bölgələr daxil idi . Cümhuriyyətin paytaxtı Naxçıvan şəhəri, hökumətin sədri isə Əmir bəy Əkbərzadə olmuşdur. Araz-Türk Cümhuriyyətinin silahlı qüvvələrinin köməyi ilə yerli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı. Araz-Türk Cümhuriyyətinin yaradılması ilə türklərin Naxçıvan diyarı ilə əlaqələri tamam kəsilmirdi. Türk ordusunun polkovniki Xəlil bəy Araz-Türk Cümhuriyyətində səlahiyyətli nümayəndəliyin başçısı təyin olunmuşdu. Bundan başqa, türklərin Naxçıvanda 5 zabit və 300 əsgəri qalırdı. Araz-Türk Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə (1918 noyabr — 1919 mart) baxmayaraq Bölgənin azərbaycanlı əhalisinin qüvvələrinin düşmənlərə qarşı mübarizə üçün birləşdirilməsinə və bölgənin ermənilərə keçməsinə imkan verməməklə onun toxunulmazlığını və bununla da ADR-in ərazi bütövlüyünü təmin etdi. Naxçıvan əhalisi bölgənin Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inadla mübarizə aparırdı. Onlar 1919-cu il yanvarın 4-də ; Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə ünvanlanmış müraciətdə Naxçıvan, Şərur və Ordubad qəzalarında ermənilərin I törətdikləri vəhşiliklər haqqında geniş məlumat verilirdi. Müraciətdə deyilirdi: 1917-ci ilin dekabr ayından başlayaraq 1918-ci ilin iyun ayına qədər erməni hərbi hissələri tərəfindən İrəvan quberniyasında 200-dən artıq müsəlman kəndi; yandırılmış, əhalinin böyük əksəriyyəti öldürülmüş, bir hissəsi isə dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşdur. Müsəlmanların kütləvi şəkildə yaşadıqları İrəvan quberniyasının Sürməli, Eçmiədzin, Şərur qəzaları erməni qoşunları tərəfindən tutulmağa başladığı vaxt dinc müsəlman əhalisinin bir hissəsi öldürülür, bir hissəsi də öz yaşayış yerlərini tərk edərək dağlara çəkilib İran sərhədlərinə keçməyə məcbur olmuşdular ki, burada onları hər dəqiqə ölüm gözləyir. Məcburi təmizlənmiş yerlərə, Türkiyə Ermənistanından qaçmış erməniləri yerləşdirirlər . 1918-ci il noyabrın 4-də İrəvan müsəlmanları, dekabrın 22-də Ordubad şəhərinin və ətraf ərazinin müsəlmanları, yanvarın 4-də Ordubad qəzasının sakinləri, yanvarın 2-də İrəvan quberniyasının ictimai xadimləri yaranmış ağır vəziyyətlə bağlı Azərbaycan hökumətinə müraciət etmiş və tədbirlər görülməsini xahiş etmişlər (4, 1919, 4 noyabr, 50–31 yanvar). 1919-cu il yanvarın 7-də Azərbaycan hökuməti Ermənistan hökumətinə nota göndərməyə məcbur oldu. Notada Azərbaycan xalqına qarşı zorakılığa son qoyulması tələb olunurdu (4, 1919, 7 yanvar). Yanvarın 8-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti vəziyyəti müzakirə etdi, qəbul olunmuş qətnamədə hökumətə ciddi tədbirlər görməyi tapşırdı. Yanvarın 25-də Parlament İrəvan quberniyasındakı hadisələrə dair məsələni yenidən müzakirə etdi. M.Ə. Rəsulzadə bəyanatla çıxış edərək bildirdi ki, Naxçıvan qəzasında ermənilər günahsız müsəlmanların qanını tökür. O, hökuməti bir daha kəskin tədbirlər görməyə çağırdı (4, 1919, 31 yanvar). Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin Naxçıvandakı vəhşiliklərinə son qoymaq üçün Müttəfiqlərin Qafqazdakı Ali Komissarına müraciət etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə Naxçıvan bölgəsinin əla-qəbrinin yaradılmasında və əhalinin problemlərinin həllində İrəvan quberniyasından olan ictimai xadimlərin, onların yaratdıqları müxtəlif təşkilatların mühüm rolu olmuşdur. 1919-cu ilin yanvarın 2-də İrəvan quberniyası ictimai xadimlərinin müşavirəsi keçirilmiş, burada Araz-Türk Cümhuriyyətinin yaranması, bölgədəki vəziyyət haqqında məlumat verilmiş və çıxış yollan göstərilmişdir. Yanvarın 5-də Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlı nümayəndələrin fövqəladə iclası keçirilmiş və İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı adlı cəmiyyəti yaradılmışdı . Bir gün sonra İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığının idarə heyəti seçildi: T. Makinski, H. Qasımov, R. İsmayılov. M.Ə. Sidqi, A. Makinski. İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı öz nümayəndəsi kimi Mirabbas Mirbağırovu İrəvan quberniyasına göndərdi. Burada əsas məqsəd yerlərdə vəziyyətlə tanış olmaq və müəyyən tövsiyələr hazırlamaq idi. İrəvan quberniyasından olan qaçqınlar üçün vəsait ayrıldı. Azərbaycan hökumətinin Naxçıvan üçün ayırdığı 900 min manatı P. Bayrambəyov və Y. Qazıyevə vermişdi AXC hökumətinin razılığı ilə M. Mirbağırov Gəncəyə gəlmiş, burada ona 12 nəfər Azərbaycan zabiti qoşulmuş və onlar Ordubadda əhali ilə görüşdükdən sonra 1919-cu il fevralın 19-da Naxçıvana çatmışlar .M. Mirbağırov və onunla gələn heyət yerli hökumətin rəhbərləri, ingilis general-qubernatoru və xalqın nümayəndələri ilə görüşləri oldu. Fevralın 23-də keçirilən yığıncaqda xalq yekdilliklə Azərbaycana birləşmək arzusunda olduqlarını bildirdilər. Nümayəndələr Azərbaycanın təmsilçiləri kimi mövcud yerli hökuməti tanıdıqlarını bildirdilər. M. Mirbağırov könüllü surətdə Azərbaycana birləşmək barədə rəsmi akt tərtib etməyi məsləhət gördü. Siyasi, iqtisadi, hərbi, mülki və mədəniyyət məsələlərinə dair maddələrdən ibarət olan akt hökumətin, Milli Şuranın və əhalinin nümayəndələri tərəfindən imzalandı . Mirabbas Mirbağırov (Mirbağırzadə) 1919-cu ildə Naxçıvanın Azərbaycana birləş-məsi haqqında akt qəbul etdirmiş Mirbağırzadə missiyası"nın başçısı kimi xatırlanır. M.Mirbağırov Naxçıvanda olduğu müddətdə bölgədəki və ətraf yerlərdəki siyasi-hərbi vəziyyətlə tanış oldu, əhalinin və ictimai qüvvələrin mövqelərini öyrəndi. Bütün bunlardan sonra Azərbaycan hökumətinə aşağıdakı təkliflərini verdi: 1. Bu mahalı idarə etmək üçün müttəfiqlərin, İran və Ermənistanın təsirinə qarşı mübarizə aparmağa qabil olan, özgə təsiri altına düşməyən və müəyyən məqsədyönlü siyasəti inadla və ardıcıllıqla həyata keçirən, habelə iradəli, cəsur, qətiyyətli, rüşvətə meyl etməyən azərbaycanlı general-qubernator təyin olunmalıdır. 2. Bölgəyə Hərbi nazirliyin yuxanda sadalanan keyfiyyətlərə malik olan nümayəndəsi də göndərilməlidir. 3. Mülki və məhkəmə idarələrinin rəhbərliyinə baş məmurlar mütləq azərbaycanlılar təyin edilməlidirlər. 4. Yerli hərbi işi təşkil etmək üçün göndərilən zabitlər kifayət etmədiyindən əlavə zabitlər dəstəsini bölgəyə yollamaq lazımdır. 5. Azərbaycanın uzaq ucqarları, məhsuldar torpağı, çoxlu məhsulu, duzu və digər faydalı mineralları olan və müttəfiqlərin, fars-erməni diplomatiyasının məkrli siyasəti ilə üzləşən Naxçıvan və Şərur Azərbaycan Cümhuriyyəti tərəfindən səxavətlə təchiz olunmalıdırlar.