Rusiya Federasiyasının Qəhrəmanı () – Rusiya Federasiyasında təqdim olunan ən yüksək fəxri ad.

Bu ad Rusiya Federasiyası Prezidentinin qərarnaməsi ilə "Rusiya dövlətinə və onun xalqına xidmət edən, qəhrəmanlıq nümayiş etdirmiş" şəxslərə verilir. Mükafata layiq görülmək üçün Rusiya Federasiyasının vətəndaşlığında olmaq məcburi deyildir.

Bu fəxri ada təsis olunduğu 20 mart 1992-ci il tarixindən indiyə qədər 1090 nəfər layiq görülmüşdür.

Tarixi "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adı 5 may 1934-cü il tarixində Sovet İttifaqı Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsis edilmiş "Sovet İttifaqı Qəhrəmanı" fəxri adının davamçısı hesab olunur. Hazırkı medalın üzərində olan "Qızıl Ulduz" da məhz Sovet dizaynıdır. "Qızıl Ulduz" memar Miron Merjanov tərəfindən dizayn olunmuş və 1 avqust 1939-cu il tarixində Ali Sovetin Rəyasət Heyəti tərəfindən təsdiq olunmuşdur.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin 20 mart 1992-ci ildə Rusiya Federasiyasının 2553-1 saylı Qanununa əsasən bu mükafatı təyin etdi. Rusiya Konstitusiyasının 71-ci maddəsi titul, orden və medalların hökumət tərəfindən təqdim olunmasına icazə verir. 89-cu maddə isə Rusiya prezidentinə yeni dövlət mükafatını yaratmaq haqqı verir. Bu mükafat Rusiya Prezidenti tərəfindən bir vətəndaşa verilə biləcək ən ali titul hesab olunur.

Laureatları Mükafatın ilk laureatları əsas etibarilə iki kateqoriyaya bölünmüşdü: Çeçenistan müharibəsinin iştirakçıları və kosmonavtlar. Bəzi digər hallarda isə məsələn, mayor Denis Vetçinov 2008-ci ildə baş vermiş Cənubi Osetiya müharibəsinin əvvəllərində vəzifə borcunu yerinə yetirərkən həlak olduğuna görə bu mükafata layiq görülmüşdür. Bir sıra hallarda sui-qəsd nəticəsində öldürülmüş hökumət nümayəndələri də bu titulla mükafatlandırılırdı. Məsələn, Çeçenistan hökumətinin keçmiş başçısı Əhməd Kadırov 2004-cü ildə Çeçenistanın paytaxtı Qroznı şəhərində baş tutmuş Qələbə Günü paradında bombalı hücum nəticəsində həlak olmuşdu. Bu hadisədən bir neçə gün sonra prezident Vladimir Putin onu bu titulla mükafatlandırmışdır. İnsidentdən bir müddət sonra Putin bu dəfə atasının yerinə hökumət başçısı təyin olunan Ramzan Kadırovu ölkəsi üçün gördüyü işlərə görə eyni mükafata layiq görmüşdür.

Bütün rusiyalı kosmonavtlar kosmosa səyahət edib qayıtdıqdan sonra Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb. Kosmonavtlar, həmçinin Rusiya Federasiyasının Pilot-kosmonavtı tituluna da sahib ola bilər. Kosmonavt Sergey Krikalyov isə Sovet İttifaqı Qəhrəmanı ilə yanaşı Lenin ordeni tituluna da layiq görülmüşdür.

Bu iki kateqoriyadan başqa bəzi idmançılar, mülki şəxslər və hərbçilər də bu titulu əldə etməyi bacarmışdır. Belə şəxslərdən ən çox tanınmış aşağıdakı şəxsləri misal göstərmək olar: Sualtı qayıq kapitanı olan Gennadi Lyaşin Kursk sualtı qayığında torpedo mərmisinin partlayışı nəticəsində həlak olmuşdur. O, partlayış baş verdikdən sonra qəhrəmanlıq nümayiş etdirərək bir neçə dəfə gəminin ekipaj üzvlərini xilas etməyə cəhd etmişdir. Lyaşin ölümüdən sonra "Rusiya Federasiyasının Qəhrəmanı" adına layiq görülüb. Atlet Larisa Lazutina Yaponiyanın Naqano şəhərində təşkil olunan 1998 Qış Olimpiya Oyunları çərçivəsində müxtəlif medallar qazanaraq ölkəsini yüksək səviyyədə təmsil etdiyinə görə bu fəxri ada layiq görülüb. AK-47 avtomatı və PK pulemyotunun dizayneri olan məşhur silah konstruktoru Mixail Kalaşnikov 10 noyabr 2009-cu il tarixində bu mükafata layiq görülüb.

Həmçinin bax Rusiya Federasiyası Rusiya Federasiyasının ordenləri

İstinadlar

Xarici keçidlər

The Commission on State Awards to the President of the Russian Federation WarHeroes.ru, list of Heroes of the RF and SU who earned it by military service

Kateqoriya:Rusiyanın fəxri adları Kateqoriya:Milli Qəhrəmanlar Kateqoriya:Rusiya Silahlı Qüvvələri