Güney Qışlaq qəbiristanlığı — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Güney Qışlaq kəndinin girişində, yol kənarında yerləşən arxeoloji abidədir.
Haqqında Qəbiristanlıqda XX əsrin 50–60-cı illərinədək dəfn mərasimləri keçirilmişdir. Qəbirlərin bir qisminin baş daşları düşmüş, bir çoxunun səthi isə qalın torpaq qatı ilə örtülmüşdür. Bu səbəbdən bəzi baş daşlarının üzərindəki kitabələri və tarixləri müəyyənləşdirmək çətindir.
Qəbirlərin ətrafı əsasən kiçik ölçülü daşlarla əhatələnmişdir. Bəzi qəbirlərin üzərində daşlar təpə formasında toplanmış, bir neçəsinin ətrafı isə iri həcmli daşlarla dairəvi şəkildə düzülmüşdür.
Baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr və tarixlər vardır. Onların bəzilərində hicri təqvimi ilə 1121 və 1372-ci illər qeyd edilmişdir. Qəbirüstü abidələrin kitabələrinə əsasən, Güney Qışlaq qəbiristanlığı XVII–XX əsrlərə aid edilir.
İstinadlar
Kateqoriya:Şahbuz rayonu Kateqoriya:Şahbuz rayonu qəbiristanlıqları