Elçin Əliyev () — 2007-2013-cü illərdə Azərbaycanı, 2018-2021-ci illərdə isə Türkiyəni təmsil edən yunan-roma güləşçisi, 2010 və 2012-ci illərdə Avropa Çempionatının qalibi.
Karyerası Elçin Əliyev 2007-ci ildə Belqrad şəhərində (Serbiya) baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2008-ci ildə isə o, İstanbul şəhərində gənclər arasında Dünya Çempionatını 8-ci pillədə başa vurdu.
Daha sonra Elçin Əliyev 2009-cu ildə Fransada Kristo Lutte Turnirini qızıl medalla, Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini isə 7-ci pillədə başa vurdu.
2010-cu ilin yanvarında İstanbul şəhərində Vəhbi Əmrə Turnirinin qalibi olan Elçin Əliyev, apreldə Avropa Çempionatında debüt etdi. Azərbaycanda baş tutan Avropa Çempionatının 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Vüqar Rəhimova, 1/4 final mərhələsində Norveç nümayəndəsi Anders Renningena, 1/2 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Alexander Kostadinova qalib gələn Elçin Əliyev, final görüşündə Rusiya nümayəndəsi, olimpiya çempionu Nazir Manqiyev üzərində qələbə qazandı və Avropa Çempionatının qalibi oldu. Daha sonra Elçin Əliyev iyulda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini və sentyabrda Rusiyada Dünya Çempionatını 8-ci pillələrdə başa vurdu.
2011-ci ildə isə Elçin Əliyev İstanbul şəhərində Vəhbi Əmrə Turnirində mübarizə apardı və turnirin bürünc medalına sahib oldu.
Elçin Əliyev 2012-ci ilin yanvarında İstanbul Qran-Prisini bürünc medalla başa vurdu. Daha sonra o, martda Avropa Çempionatında mübarizə apardı. Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatının 1/8 final mərhələsində Ermənistan nümayəndəsi Roman Amoyana, 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Dmitri Xaroya, 1/2 final mərhələsində isə Türkiyə nümayəndəsi Fatih Üçüncüya qalib gələn Elçin Əliyev, final görüşündə Macarıstan nümayəndəsi Peter Modos üzərində qələbə qazandı və növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Daha sonra Elçin Əliyev sentyabrda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.
2013-cü ilin martında Elçin Əliyev Gürcüstanın Tbilisi şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Serbiya nümayəndəsi Kristian Qazdağa, 1/4 final mərhələsində Türkiyə nümayəndəsi Fatih Üçüncüya, 1/2 final mərhələsində isə Moldova nümayəndəsi Victor Çobanuya qalib gələn Elçin Əliyev, final görüşündə Belarus nümayəndəsi Elbəy Taciyeva məğlub oldu və Avropa Çempionatının gümüş medalına sahib oldu. Daha sonra Elçin Əliyev iyulda İspaniya Qran-Prisini gümüş medalla başa vurdu.
2014-cü ilin yanvar-fevral aylarında Elçin Əliyev və Azərbaycan Güləş Federasiyası arasında saqqal mövzusunda mübahisə yaşandı. Yanvar ayında Azərbaycan Güləş Federasiyasının Baş Katibi Əjdər Cəfərov Elçin Əliyevə saqqalının uzun olduğunu və beynəlxalq qaydalara əsasən onu qısaltmalı olduğu ilə bağlı dəfələrlə xəbərdarlıq etdi. Bundan sonra Elçin Əliyev sələfi təriqətinə mənsub olmasının şiə olan İranlı məşqçinin xoşuna gəlmədiyini bildirdi və yığmadan ayrıldığını açıqladı. Fevralın 4-də Əjdər Cəfərov və Elçin Əliyev arasında görüş oldu. Görüş zamanı Elçin Əliyev "Saqqala toxuna bilmərəm. Allah-təalanın əmridir." deyə bildirdi. Bundan sonra ona saqqalını turnirlər zamanı beynəlxalq qaydalara uyğun olaraq qısatlması xahiş olundu. Nəticədə fevralın 6-da Elçin Əliyev Azərbaycan yığmasının heyətinə qayıtdı.
Bununla belə saqqal davasından sonra Elçin Əliyevə beynəlxalq turnirlərdə şans verilmədi. Nəticədə Elçin Əliyev məşqlərini dayandırdı və bazarda alverlə məşğul olmağa başladı. 2018-ci ildə müsahibə zamanı Elçin Əliyev o günlər barədə bunları demişdi: "Yığmamızın toplanışından ayrıldıqdan sonra bazarda utana-utana, gizlənə-gizlənə alver edəndə bir nəfər də sahib çıxmadı. Allahın dinini qorumalı idim. Sadəcə, Rəbbimə ibadət edirdim".
Saqqal davasından sonra sərbəst güləş üzrə Azərbaycan yığmasından uzaqlaşdırılan Elçin Əliyev 2018-ci ildən Türkiyə bayrağı altında beynəlxalıq turnirlərdə mübarizə aparmağa başladı. 2018-ci ildə Rusiyada Avropa Çempionatını 14-cü pillədə başa vuran Elçin Əliyev İspaniyada Aralıq dənizi Oyunlarının gümüş medalına sahib oldu. Ümumi olaraq 2018-2021-ci illərdə 8 beynəlxalq turnirdə çıxış edən Elçin Əliyev cəmi 2 gümüş medala sahib oldu. Elçin Əliyev 2021-ci ildə 30 yaşında idmanla vidalaşdı.
Uğurları SıraİlYarışEv sahibiNəticə Azərbaycan12007Gənclərin Avropa Çempionatı Serbiya1.22008Gənclərin Dünya Çempionatı Türkiyə8.32009Kristo Lutte Turniri Fransa1.4Qızıl Qran-Pri Azərbaycan7.52010Vəhbi Əmri Turniri Türkiyə1.6Avropa Çempionatı Azərbaycan1.7Qızıl Qran-Pri Azərbaycan8.8Dünya Çempionatı Rusiya8.92011Vəhbi Əmri Turniri Türkiyə3.102012İstanbul Qran-Prisi Türkiyə3.11Avropa Çempionatı Serbiya1.12Qızıl Qran-Pri Azərbaycan1.132013Avropa Çempionatı Gürcüstan2.14İspaniya Qran-Prisi İspaniya2. Türkiyə152018Avropa Çempionatı Rusiya14.16Aralıq dənizi Oyunları İspaniya2.17Vəhbi Əmri Turniri Türkiyə7.18Almaniya Qran-Prisi Almaniya12.192019Vəhbi Əmri Turniri Türkiyə8.20D. Kolov - N. Petrov Turniri Bolqarıstan11.212021Fransa Qran-Prisi Fransa2.22Vəhbi Əmri Turniri Türkiyə5.
İstinadlar
Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Türkiyə güləşçiləri Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Yunan-Roma güləşi üzrə Avropa çempionları