Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası — Gəncədə fəaliyyət göstərən konsert kompleksi. Filarmoniya binası 2012-2017-ci illərdə Cavad xan və Zərdabi küçələrinin kəsişməsində memar Ramiz Hüseynovun layihəsi əsasında inşa edilib.
Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir, lakin, 1990-cı ildən Gəncədə Dövlət Filarmoniyası yenidən fəaliyyətə başlayır.
Tarixi Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. Böyük Vətən Müharibəsi zamanı Fikrət Əmirov döyüşlərdən kantuziya ilə qayıtdığından onu işləmək üçün Gəncə Filarmoniyasına göndərirlər. 1946-1949-cu illərdə Filarmoniyaya xalq artisti Məhəmməd Bürcəliyev rəhbərlik edir. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir.
1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə Gəncədə yeni mahnı və rəqs ansambılı fəaliyyətə başlayır. Gəncədə ilk simfonik orkestr 1969-cu ildə Şirin Rzayev tərəfindən yaradılmışdır. Daha sonra xalq artisti Fikrət Verdiyevin rəhbərliyi ilə “Göy-göl ” mahnı və rəqs ansambılı özfəaliyyət olaraq fəaliyyətə başladı. Daha sonra Heydər Əliyevin təşəbbüsü və köməkliyi ilə “Göy-göl” mahnı və rəqs ansamblına dövlət statusu verildi. Həmçinin bu dövrdə Gəncədə Kamera Orkestri də fəaliyyətə başladı. 1990-cı ildə Gəncədə Dövlət Filarmoniyası yenidən yaradıldı.
Yeni binanın inşası Gəncə Dövlət Filarmoniyasının təməli 21 yanvar 2012-ci ildə İlham Əliyevin Gəncə səfəri zamanı qoyulmuşdur. 15 mart 2014-cü ildə tikintidə ciddi dağıntılar baş verib. 17 fevral 2016-cı ildə Gəncəyə səfər edən prezident İlham Əliyev filarmoniya binasında işlərin gedişi ilə tanış olub.
10 noyabr 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat" əlavə pul ayırılıb. 10 noyabr 2017-ci ildə İlham Əliyevin iştirakı ilə filarmoniyanın yeni binasının açılış mərasimi keçirilib.
Memarlıq xüsusiyyətləri Gəncə Dövlət Filarmoniyasının binası Gəncənin Nizami rayonu ərazisində, Cavad xan və Zərdabi küçələrinin kəsişməsində, əvvəllər Bakı kinoteatrının yerləşdiyi ərazidə inşa edilib. Klassisizm üslubunda inşa edilmiş altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb.
Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja vardır. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.
Fəaliyyəti 450px|thumb|left|Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrı
23 iyun 2017-ci ildə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib.
2022-ci ildə Rəşad Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edilib.
23 noyabr 2023 cü ildə Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Azərbaycan Respublikasının əməkdar artisti Ramil Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edilib.
Filarmoniyanın tərkibində “Göy-Göl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestri fəaliyyət göstərir.
İstinadlar
Kateqoriya:Gəncə mədəniyyəti Kateqoriya:Azərbaycan musiqisi Kateqoriya:Filarmoniyalar Kateqoriya:Gəncədəki binalar və tikililər Kateqoriya:Azərbaycanda musiqi meydanları Kateqoriya:Azərbaycanda konsert zalları Kateqoriya:Azərbaycanda filarmoniyalar Kateqoriya:Gəncənin görməli yerləri Kateqoriya:1935-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1949-cu ildə ləğv olunanlar Kateqoriya:1990-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Gəncə Dövlət Filarmoniyası