Aza körpüsü — Azərbaycanın Ordubad rayonunun Azadkənd kəndində yerləşən, Səfəvilər dövründə tikilmiş tarixi memarlıq abidəsi, körpü.
Körpü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərarı və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.
Tarixi Aza körpüsü XVII əsrdə Ordubad rayonunun, Azadkənd kəndində, Gilançayın üzərində tikilib. Azadkənd ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5m, uzunluğu 46 poqonometrdir. Beş aşırımı olan körpü qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa olunub. İnşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulmuşdur. Tağların dördündə dalğakəsən var. Körpü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın dövründə tikilib.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə körpü yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Körpü müxtəlif dövrlərdə baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dağıntılara məruz qalıb. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığına görə körpü 1997-ci ildə əsaslı şəkildə bərpa olunub.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə Aza körpüsü ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.
Körpü istifadəyə yararlıdır. Naxçıvandan və Ordubaddan Azadkənd kəndinə gedən əhali və nəqliyyat vasitələri bu körpüdən istifadə edirlər.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycandakı körpülər Kateqoriya:Ordubad rayonunun abidələri Kateqoriya:Naxçıvan Muxtar Respublikasındakı körpülər Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış tarixi və mədəni abidələr