Əzizağa (Əziz) Məşədi oğlu Əzizbəyov () — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Xalq Komissarları Soveti və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1941–1948), intendant xidməti general-mayoru (1944). Məşədi Əzizbəyovun oğlu, Püstəxanım Əzizbəyovanın atası.
Həyatı Əzizağa Əzizbəyov -cü ildə Bakı şəhərində inqilabçı Məşədi Əzizbəyovun ailəsində anadan olmuşdur. 1919-cu ildən gəmiçilik idarəsində, 1920-ci ildən şəhər nəqliyyat ekspedisiya kontorunda, 1921–1922-ci illərdə isə Quba qəzasının Rustov kəndində komsomol təşkilatçısı vəzifəsində işləmişdir. Oradan Moskvaya, Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinə ali təhsil almağa göndərilmişdir. Xəstəliyinə görə təhsilini başa vurmamış, Bakıya qayıdaraq 1927-ci ilədək Dövlət Pambıqçılıq İdarəsində katib, Bakı Sovetində şöbə müdiri vəzifələrində çalışmışdır. 1927-ci ildə isə Azərbaycan Balıq Trestinə işə göndərilmişdir. O, 1928-ci ildə balıq vətəgələrində ilk dəfə kommunist partiyası özəklərini təşkil etmiş, Azərbaycan K(b)P Quba Qəza Komitəsinin plenum üzvü, Xaçmazda isə partiya komitəsinin plenum və büro üzvü seçilmişdir.
Əzizağa Əzizbəyov 1930-cu ildə Azərbaycan K(b)P Mərkəzi Komitəsində təlimatçı vəzifəsinə irəli çəkilmiş, bir neçə ay sonra isə Bakı balıq zavoduna direktor təyin olunmuşdur. 1933–1938-ci illərdə Azərbaycan Balıq Trestinin müdiri vəzifəsində işləmişdir. 1938-ci ilin iyun ayında Azərbaycan SSR xalq ticarət komissarı təyin edilmiş, 1941-ci ildən Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini (1946-cı ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini) vəzifəsində çalışmışdır.
thumb|200px|right|Əzizağa Əzizbəyovun xatirə lövhəsi (Bakı) İkinci Dünya müharibəsi zamanı, 1943-cü ildə, ona intendant xidməti polkovniki, 16 may 1944-cü ildə isə intendant xidməti general-mayoru rütbəsi verilmişdir. Bu dövrdə o, Xalq Komissarları Soveti sədrinin müavini vəzifəsi ilə yanaşı, 1942–1943-cü illərdə Zaqafqaziya arxa cəbhə xidməti rəisinin müavini, SSRİ Xalq Müdafiə Komissarlığının Zaqafqaziya bazasının rəisi vəzifələrində çalışmışdır.
Əzizağa Əzizbəyov 1948-ci ildə baş vermiş "Azərbaycan işi" ("Азербайджанское дело") kimi tanınan siyasi-maliyyə qalmaqalında əsas fiqurlardan biri olmuşdur. Belə ki, SSRİ Dövlət Nəzarəti Nazirliyinin apardığı yoxlama nəticəsində məlum olmuşdur ki, o, Nazirlər Soveti sədrinin müavini vəzifəsindən istifadə edərək Şüvəlanda dövlət vəsaiti hesabına şəxsi bağ evi tikdirmiş və təsərrüfat məhsullarını bazar qiymətinə sataraq şəxsi qazanc əldə etmişdir. SSRİ dövlət nəzarəti naziri Lev Mexlisin təqdimatına əsasən Əzizağa Əzizbəyov 1948-ci ilin may ayında vəzifəsindən azad edilmiş, partiyadan qovulması qərara alınsa da, sonradan bu, şiddətli töhmətlə əvəz edilmişdir.
Əzizağa Əzizbəyov 1950-ci illərdə Soçi balıq kombinatının direktoru təyin olunmuş, sonralar isə Bakıya qayıtmışdır. 1963-cü ildən ittifaq əhəmiyyətli təqaüdçü olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmiş, II çağırış SSRİ Ali Sovetinin Millətlər Sovetinin və I–III çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Lenin", "Qırmızı bayraq", "Qırmızı əmək bayrağı" (2 dəfə), "Qırmızı ulduz" ordenləri və medallarla təltif olunmuşdur.
Əzizağa Məşədi oğlu Əzizbəyov 24 iyun 1966-cı ildə Bakı şəhərində vəfat etmiş, Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
İstinadlar
Kateqoriya:Məşədi Əzizbəyov Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Bolşeviklər Kateqoriya:SSRİ general-mayorları Kateqoriya:Azərbaycan general-mayorları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər