Mirismayıl Mirəli oğlu Əliyev () — Azərbaycan dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri (1990–1991).
Həyatı Mirismayıl Mirəli oğlu Əliyev 1941-ci ildə Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur.
Orta təhsilini başa vurduqdan sonra "Lenin" adına sovxozda fəhlə kimi əmək fəaliyyətinə başlamış, 1961-ci ildə Bakı Kənd Təsərrüfatı Texnikumunu, 1965-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun İnşaat mühəndisliyi fakültəsini bitirmişdir. 1966-cı ildən "Azneft" İstehsalat Birliyinin Təmir-Tikinti Təsərrüfatı 3 №-li Tikinti Quraşdırma İdarəsində usta, iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin 5№-li trestində baş mühəndis, 1971-ci ildən isə 3 №-li trestdə idarə rəisi işləmişdir.
Mirismayıl Əliyev 1978-ci ildən Lenin Rayon XDS İK-nin, 1983-cü ildən Oktyabr Rayon XDS İK-nin, 1985-ci ildən Lenin Rayon XDS-nin sədri olmuş, 1988–1989-cu illərdə Bakı Şəhər Xalq Deputatları Soveti Baş Mənzil İdarəsi Tikinti Trestinin müdiri, 1990–1991-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri vəzifələrində çalışmışdır. 1991-ci ildə Azərbaycan Respublikasının Maddi-Texniki Təchizat Komitəsi sədrinin müavini təyin edilmiş, 1997-ci ildən "BP Xin-Plast" şirkətinin direktoru olmuşdur.
Mirismayıl Əliyev XII çağırış Azərbaycan Ali Sovetinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Qanun layihəsinin işlənib tamamlanması üzrə Redaksiya komissiyasının üzvü olmuşdur. "Lenin" ordeni və medallarla ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Lenin Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Naxçıvan MSSR Nazirlər Sovetinin sədrləri Kateqoriya:Naxçıvan Muxtar Respublikasının baş nazirləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin XII çağırış deputatları