Şaxəbığcıqlı xərçəngkimilər () — Xərçəngkimilər sinfinə aid olan yarımdəstə.

Xarici quruluşu Şaxəbığcıqlı xərçənglərn bədəni şəffaf xitin kutikula ilə örtülür və baş, gövdə, postabdomen hissələrinə bölünür. Başda xitin kutikula bütöv zireh əmələ gətirir. Bir çox növlərdə bel hissə gövdə ilə birləşir, digərlərində (Sididae, bir çox Chydoridae) baş zirehi gövdədən ayrılır. Baş zirehinin ön kənarı çox vaxt dimdikvari dartılaraq rostrum əmələ gətirir.

Şaxəbığcıqlıların çoxunun gövdəsində xitin kutikula ətraflarla birlikdə gövdəni örtən nazik ikitaylı çanaq əmələ gətirir. Bəzən başda əmziklər olur. Başın beş cüt çıxıntısı vardır. Ön antenalar birşaxəli olub duyğu orqanları kimi çıxış edir. İkinci antenalar ön antenalardan daha irdir, iki şaxədən təşkil olunmuşdur və üzməyə xidmət edir.

Gövdədə öz hərəki funksiyasını itirmiş 4–6 cüt ayaq vardır. Bunlar qidanı tutmağa xidmət edir. Şaxəbığcıqlıların çoxu ətrafdakı sudan xırda qida hissəciklərini süzmək üçün ayaqlardan istifadə edir.

Bədənin son şöbəsi olan postabdomen və ya kauda ətraflardan məhrumdur. Onun üst kənarında anal dəlik yerləşir. Mürəkkəb gözü və ya 22–300 fasetdən ibarət olan tək faset gözü vardır. Tək sadə nauplius gözü və ya piqment ləkəsi 4 piqment qədəhdən ibarətdir. Bağırsaqlar qida borusuna, orta və arxa bağırsağa bölünür. Qan dövranı sistemi zəif inkişaf edib. Qəlsəmə kisələri vasitəsilə tənəffüs edir.

Yayılması Şaxəbığcıqlı xərçənglər dənizlərin planktonunda və şirin sularda yaşayırlar. Hazırda məlum olan 380 növ şaxəbığcıqlı xərçəngdən Xəzər dənizində cəmi 57 növ və yarımnöv yaşamaqdadır. Bunlardan 15-i şirin su, 42-si isə Xəzər növüdür.

Polifemidlərdən Xəzər dənizində Xəzər endemiki olan Polyphemus exiguus Sars növü tapılmışdır. Orta və Cənubi Xəzərin açıq hissələrində, Şimali Xəzərin isə daha duzlaşmış rayonlarında yaşayır. Bu növün kütləvi inkişafı yayda müşahidə edilir.

Həyat tərzi Cercopagis cinsi Xəzər dənizində 10 növlə təmsil olunmuşdur: C.longiventris Mord.-Bolt., C.neonillae Sars, C.pengoi Ostr., C.grasilima Sars, C.spinicaudata Mord.-Volt., C.socialis (Grimm), C.robusta Sars, C., prolongata Sars, C.anonyx Sars, C.micronyx Sars. Azov və Aral dənizlərində, eləcə də Qara dəniz limanlarında yayılmış C.pengoi-dən başqa bütün bu növlər Xəzər dənizinin endemikləri sayılır.

Növlərin çoxu polimorf olub çətinliklə ayırd edilir. Bədənin ölçüsündən 4–10 dəfə uzun olan ikiqat əyrili quyruq çıxıntısı bu növlər üçün səciyyəvidir. Orta Xəzərdə yayda və payızda C.longiventris üstünlük təşkil edir.

Orta və Cənubi Xəzərin açıq hissələrində Cercopagis cinsinin nümayəndələri planktonda mühüm rol oynayaraq planktonyeyən balıqların, o sıradan kilkə və bəzi siyənəklərin qidasını təşkil edir.

Apagis cinsi Cercopagis cinsinə çox yaxındır, yalnız quyruq çıxıntısında ikiqat əyrinin olmaması ilə ondan fərqlənir. Xəzər dənizində 4 növü aşkar edilmişdir: A.cylindrata Sars, A.beklemishevi Mord.-Bolt., A.longicaudata Sars, A.ossiani Morad.-Bolt. Onlardan A.cylindrata Orta və Cənubi Xəzərdə geniş yayılmışdır, bəzən isə hətta Şimali Xəzərin cənub hissələrinə də keçir. Qalan növlər çox nadir hallarda Orta və Cənubi Xəzərdə təsadüf edilir. Onların hamısı Xəzər endemikləridir.

Polifemidlərdən Xəzər dənizində tapılmış Pleopsis polyphemoides Leuck. Cənubi Xəzərin planktonunda 1957-ci ildə peyda olmuşdur. O, Volqa-Don kanalı vasitəsilə Azov dənizindən gəlmişdir. Kosmopolit yayılmaya malik olub, bütün açıq dənizlərdə təsadüf olunur. Xəzər dənizinin planktonunda Evadne cinsinin nümayəndələri də böyük rol oynayır. Bu cinsin 4 yarımnövü vardır: E.anonyx tipica Sars, E.anonyx prolucta Sars, E.anonyx deflekta Sars, E.anonyx prolongata Behn. Onların hamısı Orta və Cənubi Xəzərdə yayılaraq, Şimali Xəzərin şirinləşmiş zonalarına girmirlər. Bunlar eləcə də Aral dənizində və Pont-Azov hövzəsinin şirinləşmiş sularında yayılmışlar. Sadalanan yarımnövlər Xəzər dənizinin endemikləridir.

Xəzər dənizində 17 növ və yarımnövlə təmsil olunmuş Podonevadne cinsi də növ tərkibinin müxtəlifliy ilə seçilir: P.trigona typica Sars, P.t.trigonoides Sars, P.t.intermedia Sars, P.t.pusilla SarsP.t.rolundata Behning, P.comptonyx typica Sars, P.c.simillis (Sars), P.c.orthonyx (Sars), P.c.hamulus (Sars), P.c.attenuata (Sars), P.c.kajdakensis (Tschung), P.c.podonoides (Sars), P.c.macronyx (Sars), P.c.globosa Mord.-Bolt., P.angusta (Sars). Bunlar Orta və Cənubi Xəzərdə yayılmışlar. Bəziləri isə Şimali Xəzərin duzlaşmış rayonlarına da girir. Bu cinsin nümayəndələri Xəzər avtoxton faunasına aiddir.

Cornigerius cinsinin 3 növü və yarımnövü vardır. Onlardan C.maeoticus hircus (Sars) bütün Xəzər dənizinə, o sıradan şirinləşmiş zonalara da yayılmışdır. C.arvidi Mord.-Bolt. Orta və Cənubi Xəzərdə yazda və yayda rast gəlinir. Homogenetik dişiləri və erkəkləri məlum deyil. C.bicornis Zernov əsasən yazda rast gəlir və Xəzərin nadir növü sayılır.

Nəhayət, şaxəbığcıqlılardan Xəzər dənizində Caspievadne maximowitchi (Sars) da yaşayır. Xəzərin endemiki olan bu növ daha çox yaz-payız arasında təsadüf olunur.

Xəzər dənizi polifemidlərinin ümumi sayından (24 növ) 16-sı endemikdir, 5-i isə həm də Qara və Azov dənizlərində yaşayır. Bunlara C.pengoi, P.trigona, C.maeoticus, C.bicornis, C.anonyx aiddir. 3 növ Aral dənizində də rast gəlir: C.pengoi, C.camptonyx, P.trigona. Xəzər şaxəbığcıqlı xərçənglərindən P.trigona eləcə də duzluluğu 7%-ə çatan Çalkar gölündə aşkar edilmişdir (Beninq, 1928), Qara və Azov dənizlərində polifemidlər poliqalin və meyomezoqalin sularda rast gəlinmir, əsasən çayların dənizə tökülən hissəsində və limanlarda yaşayırlar; tamamilə şirin suda yaşaya bilirlər. Məsələn, C.maeoticus Dunay çayının şirin sulu limanlarında yaşayır. C.pengoi və P.trigona ilə birgə bu növə Kaxovka su anbarında rast gəlinir (Morduxay-Boltovskoy, 1964). C.maeoticus Simlyansk su anbarında da tapılmışdır (Şeynin, 1964).

Şimali Xəzərin zooplanktonunda 29 növ şaxəbığcıqlı xərçəng tapılmışdır ki (Kuraşova, 1971), bunlardan 13-ü şirin su, 16-sı Xəzər avtoxton növüdür. Şirin su növlərini Volqa suları Şimali Xəzərə gətirir. Bunlara Alona rectangula Sars, Alonella nana Baird, Chydorus sphaericus (Muller), Moina rectriostris Leyd., Pleuroxus Schoedi, Acroperus harpae (Baird), Syda cristallina (Mull.) və b. aiddir. Bosmina longirostris (Mull.), Chydorus sphaericus kütləvi növlərdir. Şimali Xəzərdə dəniz şaxəbığlılarından P.trygona typica, P.angusta sayca üstünlük təşkil edirlər. Şimali Xəzərdə şaxəbığcıqlıların biokütləsi 20,1–142,2 mq/m³, o sıradan qərb hissəsində 21,0–229,5 mq/m³, şərq hissəsində 166–48,0 mq/m³ arasında dəyişir. Orta Xəzərdə 35, Cənubi Xəzərdə isə 31 növ şaxəbığcıqlı xərçəng yaşayır. Onların arasında Evadne cinsinin nümayəndələri üstünlük təşkil edir. Onlar Xəzərin sahil və açıq zonalarında kütləvi şəkildə yaşayırlar. Cənubi Xəzərdə aşkar edilmiş 16 növ şaxəbığcıqlı xərçənglər arasında Evadne trigona typica, E.camptonyx, E.anonyx producta, Cercopagis micronyx və b. üstünlük təşkil edir (Qasımov, 1966 b). Onlar planktonda ilboyu yaşayırlar. Sahilyanı zonada 10 m dərinlikdə də bu növlərin böyük inkişafı qeydə alınmışdır. Payızda kütləvi növlər arasında E.trigona və Polyphemus exiguus daha çox inkişaf edir.

Qafqazın şirin sularında 132 növ və yarımnöv şaxəbığcıqlı xərçəng aşkar edilmişdir. Onlardan 95-i Azərbaycanın su hövzələrində yaşayır. Azərbaycan su hövzələrinin zooplanktonun aparıcı növlərindən biri – Mingəçevr və Varvara su anbarlarında, Aşağı Kür göllərində və nohurlarında rast gələn Diaphanasoma brachyurum (Liev.)-dir. D.b.leuchtenbergianum Fischer yarımnövü Hacıqabul gölündə, Yevlax ətrafındakı axmazlarda, D.sarsi Richard isə Kiçik Qızılağac körfəzində və Lənkəran rayonunun Nügədi istilində aşkar edilmişdir.

Mingəçevir və Varvara su anbarlarında D.brachyurum iyul-avqustda 22,5–27,0 °C temperaturda maksimuma çatan yay formasıdır. Yumurta kisəsində 1–4 yumurta olur.

Daphnia cinsi 14 növ və yarımnövlə təmsil olunmuşdur. Onların arasında ən irisi D.magna Straus-dir. Canlı yem kimi Kür nərə zavodlarının hovuzlarında yetişdirilir. Digər növ – D.pulex (De Geer) Aşağı Kür və Böyük Qafqaz su hövzələrində, eləcə də Lənkəran təbii vilayətinin durğun sularında geniş yayılmışdır. D.p.schodleri Sars yarımnövü Göygöldə tapılmışdır. D.longispina hyalina (Leyd.) Azərbaycan faunasında arktika yarımnövü olub, Kiçik Qafqaz, Naxçıvan MR göllərində, Varvara və Mingəçevir su anbarlarında tez-tez təsadüf olunur. Simocephalus vetulus (Müll.) Varvara su anbarında kütləvi növdür. Cinsi yetkin yaşa qədər 4 dəfə şəkil dəyişir. 20 sutka ərzində dişi 248 ədəd körpə verir. Bir nəsildə partenogenetik yumurtaların miqdarı 1–10, bəzən isə 22 ədədə çatır. Mingəçevir su anbarında efippial yumurtalı dişilər may-iyun aylarında qeydə alınır (Əhmədov, 1975). Tropik növlərdən S.elizabethae (King) Lənkəran rayonunun ləklərində və Naxçıvan MR Adilağa gölündə, P.s.serrulatus (Koch) – Kürdəmir rayonu Şilyan gölündə, S.expinosus (Koch) – Xaçmaz, Sabirabad, Yevlax, Bərdə, Ağdam, Astara və Lənkəran su hövzələrində, S.expinosus Schoedler isə Lənkəran rayonu Nügədi və Kərmətuk kəndlərinin istillərində tapılmışdır.

Azərbaycanın su hövzələrində Moina cinsinin 5 növü yaşayır. Onlardan M. macrocopa (Straus), M. microphthalma Sars, M.branchiata (Jur.) Lənkəran təbii vilayətinin və Aşağı Kürün su hövzələrndə qeydə alınmışdır. Lənkəran zonasının xırda su hövzələrində və Kür çayının kürütökmə-böyütmə təsərrüfatlarının nohurlarında C.quadrangula (Mull.), C.laticaudata Mull., C.reticulata curzii Sting və C.r.serrata Sars aşkar edilmişdir. Sonuncu yarımnöv yalnız Astara subtropik sovxozunun su anbarında qeydə alınmışdır. Küryanı axmaz və göllərdə su bitkilərinin arasında istisevər növ olan C.cornuta (Sars) yaşayır. Bu növ Kiçik Qızılağac qoruğunda da qeydə alınmışdır. Lənkəran təbii vilayətinin və Naxçıvan MR göl və nohurlarının səciyyəvi növü Scapholeberis mucronata (Müll) sayılır. Lənkəran zonasının çəltik ləklərində hərdənbir S.aurita (Fischer), S.aurita curvirostris Weresh. və S. kingi Sars rast gəlinir. Ceyranbatan su anbarında, Naxçıvan MR Adilağa gölündə, Yuxarı Kür və Əli-Bayramlı balıq təsərrüfatlarının nohurlarında Macrothrix hirsuticornis Norm. et Brady, Lənkəran zonasının çəltik ləklərində – M.daday Behning, M.spinosa King, M.sthadini Much., Abşeron yarımadasının su hövzələrində Echinisca tripectinata (Weisig), Lənkəranda isə – E. shadini Much. tapılmışdır. Mingəçevir su anbarında az hallarda Macrothrix gzonlandis Lillj., Ilyocriptus sordidus (Liev.), Kürün axmazlarında isə Acantholeberis curvirostris (Mull.) rast gəlinir.

Chydorus sphaericus Müller müxtəlif su hövzələrində su bitkilərinin arasında, onların saplağına və yarpağına yapışaraq yaşayır. Varvara su anbarında mayda və avqustda 2 maksimum verir. Bəzən dekabrda da 11–14 °C temperaturda maksimum verir. Yumurta kisəsində yumurtaların sayı 1–4 arasında dəyişir. Yumurtlayan dişilərin maksimal sayı yazda qeydə alınır və növün ümumi sayının 33–37%-ni təşkil edir (Əhmədov, 1971). Böyük Qafqazda, dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşən Muran gölündə Ch.latus Sars və Ch. sphaericus (Müll.) tapılmışdır.