Səttar Bəhlul oğlu Bəhlulzadə () — Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960), Azərbaycan SSR xalq rəssamı (1963), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). Səttar Bəhlulzadə Azərbaycan impressionizminin banisi hesab olunur. Sağlığında Səttar Bəhlulzadənin Bakıda (1955, 1974), Tiflisdə (1955, 1960), Praqada (1966), Moskvada (1973) fərdi sərgiləri keçirilmişdir. Vəfatından sonra rəssamın Moskvada, Yaltada, Minskdə, müstəqillik illərində Nyu-York, İstanbul (1994), London (1995), Bonn (1996), Daşkənd, Parisdə (2009) fərdi sərgiləri təşkil edilmişdir. Fərdi sərgilərindən başqa S. Bəhlulzadənin əsərləri həm keçmiş sovet respublikalarının paytaxtlarında, həm də dünyanın bir çox şəhərlərində — Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana və b. şəhərlərdə keçirilən Azərbaycan təsviri sənəti, Azərbaycan rəngkarlığına həsr olunmuş sərgilərdə nümayiş olunub. Hazırda Səttar Bəhlulzadənin 18 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.
YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008–2009-cu illərdə Səttar Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamını əsas tutaraq xalq rəssamı Səttar Bəhlulzadənin xatirəsinin anılması məqsədilə 2009-cu ildə Bakıda, Daşkənddə, Parisdə YUNESKO-nun iqamətgahında rəssamın fərdi sərgiləri təşkil edilmiş, respublika üzrə rəssama həsr edilmiş silsilə tədbirlər həyata keçirilmişdir.
Həyatı 334x334px|thumb|left|Səttar Bəhlulzadə
Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabr ayının 15-də Bakı yaxınlığındakı Əmircan kəndində anadan olmuşdur. Atası ona həmin il yanvar ayında vəfat edən qardaşı Əbusəttarın adını vermişdi. Səttar ərəbcə "örtən", "gizlədən" deməkdir. Məktəb illərində riyaziyyat fənninə olan marağı və istedadına görə ilk əvvəllər onun rəsm çəkməsinə yaxınları keçici bir həvəs kimi yanaşmışdılar. Səttarın anadan olduğu Əmircan kəndi çoxəsrlik mühafizəkar ənənləri ilə tanınan bir yer idi və burada kişilər əsasən tarla və bağlarda işləyirdilər. Burada ailələr öz uşaqlarını rəsm məktəblərinə göndərmir, rəsm çəkməyi uşaq hobbisi sayırdılar. 1920-ci illərdə Azərbaycanda peşə məktəblərinin fəaliyyətə başlaması ilə bir çox rəssamlıq məktəbləri də işıq üzü görməyə başlayır. Beləliklə ailəsi onun həvəs və istedadına biganə qala bilməyərək 1927-ci ildə Azərbaycan Dövlət Peşə Rəssamlıq Məktəbinə göndərir. Buradakı tələbəlik illərində müəllimi, məşhur rəssam Əzim Əzimzadənin diqqətini çəkən Səttar onun baş rəssam olduğu "Kommunist" qəzetində müxtəlif mövzularda karikaturalar çəkmək təklifi alır. Təklifi böyük məmnuniyyətlə qəbul edən gənc rəssam bu üslub onun üçün yeni olsa da, çəkdiyi rəsmlərlə yumorun və qroteskinin uğurlu bütövlüyünü əldə edə bilmişdir. Karikaturadakı bacarığını görən Əzim Əzimzadə ona təhsilini qrafika sahəsində davam ettirməyi tövsiyə edir. Onun tövsiyəsi ilə Səttar Bəhlulzadə 1933-cü ildə V. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitunun qrafika fakültəsinə daxil olur. Burada o dövrün məşhur qrafika sənətçiləri V. A. Favorski, P. Y. Pavlinov, K. N. İstomin və L. A. Brunidən dərs almışdır. 3-cü kursda olarkən müəllimi tanınmış rəssam Q. M. Şaqal ona rəsm fakültəsinə keçməyi tövsiyə edir. Səttar heç tərəddüt etmədən bu təklifi qəbul edir və 3-cü kursdan təhsilini Şeqalın atelyesində davam etdirir. Realist sənət ənənələrini dərindən mənimsəyən rəssamın hazırladığı "Qadın Model" (1939) və "Qaraçı qadın" (1939) etüdləri bu dəyişikliyin bəhrəsidir. Moskvada yaşadığı illərdə müəllimindən aldığı təhsillə yanaşı, onun məsləhəti ilə Tretyakov qalereyasında və Puşkin muzeyində yerli və xarici rəssamların əsərlərinin surətlərini çıxarırdı. Görkəmli rəssam bu əsərlərin ona qazandırdıqlarını, xüsusən də bu araşdırmalar nəticəsində lirik rəsmlərə keçdiyini hər fürsətdə vurğulayırdı. Bu müsbət təsir onun mənzərə janrındakı ilk əsərlərində (Qudyalçay vadisi (1953), Qızılbənövşəyə gedən yol (1953)) aydın görünür. Səttar Bəhlulzadə buraxılış işi kimi Babək hərəkatı mövzusunu seçmiş və 1939-cu ildə bu mövzuda araşdırma aparmaq məqsədilə Bakıya qayıtmışdır. 1940-cı ildə diplom işi kimi "Babək üsyanı" və "Bəzz qalasının müdafiəsi" tablolarını çəksə də, İkinci Dünya müharibəsi başladığına görə diplom işini müdafiə edə bilməmişdir. Hər iki əsər hazırda Azərbaycan Dövlət İncəsənət muzeyində sərgilənməkdədir. Müharibədən sonra dəfələrlə müdafiə üçün Moskva Dövlət Rəssamlıq İnstitutu tərəfindən çağırılsa da getməmiş, səbəbini soruşanlara isə "diplomsuz rəssam olmur?" cavabını vermişdir. Rəssam 1941-ci ildə SSRİ Sənətkarlar Birliyinə üzv seçilmişdir. Müharibə illərində bir müddət təhsil aldığı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində müəllim olaraq çalışsa da, müharibədən sonra buradakı işindən ayrılır.
Yaradıcılığı left|thumb|"Qubalı Fətəli xanın portreti" 1945-ci il, rəssam Səttar Bəhlulzadə, Azərbaycan Milli İncəsənət Muzeyi thumb|200px|Azərbaycan rəssamlıq məktəbi Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzülar və tarixi şəxsiyyətlərin təsviri ("Babək üsyanı", "Fətəli xan", "Xəttat Mir Əli" və s. əsas yer tutmuşdu. 1945-ci ildə ərsəyə gətirdiyi Qubalı Fətəli xan və Xəttat Mirzə Təbrizi portretləri Azərbaycan İncəsənət Muzeyində saxlanılır. Bəhlulzadə bildirir ki, Babək üsyanı tablosu müəllimləri tərəfindən bəyənilmiş və ona tarixi mövzularda çalışmağı tövsiyə etmişdilər. Lakin rəssam onların bu istəklərinə qarşılıq verməmiş və mənzərə janrında əsərlər yaratmağa başlamışdır. Bu dövrdə Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyil getdikcə güclənmiş, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır. "Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir". Rəssam ölkənin bir çox yerlərini xüsusilə Abşeronu gəzib dolaşmış, gördüklərini "Buzovna neft mədənləri", "Bilgəh", "Əmircan", "Zağulba","Sübh çağı", "Maştağaya yol" əsərlərində kətan üzərində təsvir etmişdir. 1946–1947-ci illərdə Respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri nümayiş etdirilmişdir. Beləliklə ilk dəfə təbiət janrında müəyyən təcrübələr aparan rəssam "Yol", "Buzovna" kimi əsərlərini sənətsevərlərə təqdim edib, müsbət reaksiyalar aldıqdan sonra "Xəzərdə axşam", "Əmircan", "Əbədi palıdlar", "Abşeron tacı" kimi əsərləri ərsəyə gətirmişdir.
1950-ci illər Rəssam 1950-ci illərdə Quba ərazisinə səyahət etmiş və Qubanın təbiətinə həsr olunmuş silsilə əsərlər yaratmışdır. Sənətçi Quba təbiətinin gözəlliyini "Qudyalçay sahili", "Qızılbənövşəyə gedən yol", "Bahar nəğməsi" adlı əsərlərində təsvir etmişdir. "Qızbənöşəyə yol" tablosunda Quba bölgəsinin təbiətini, lirik mənzərələrini əks etdirən rəssam "Bahar nəğməsi" əsərində Şahdağın ağ zirvəsinə doğru uzanan geniş ərazini boyalardakı ahəng və rəng zənginliyi ilə təsvir etməklə tabloya monumental keyfiyyət qazandırmışdır. 1954-cü ildə çəkdiyi "Yaşıl xalça" və "Bağlar arasında" tablolarında hissə-hissə toxundurduğu ağ ləkələrlə ritm və rəng ahəngini vahidlikdən çıxarmışdır. 1955-ci ildə rəssam Azərbaycanın cənub bölgəsi olan Lənkərana yollanır. Rayonun təbiətindən ilhamlanan rəssam "Doğma düzənliklər" (1957) tablosunda geniş düzənlikləri, yamyaşıl ağacları, yaşılbaş ördək və quş sürülərini təsvir etmişdir. Əsər 112x270 ölçüsündə üfüqi çizgidə rəsm edilmişdir.
Sonralar Azərbaycanın digər bölgələrindən biri Qarabağa səyahət edərək burada zəngin etüd və rəsmlər çəkib. 1956-cı ildə Qarabağ-Şuşa bölgəsində çəkdiyi silsilə əsərlərində -"Cıdır Düzü", "Çaxmaq meşəsi, "Dumana bürünmüş dağlar" kimi onlarla başqa rəsm əsərlərində bölgənin poetik gözəlliyini əks etdirmişdir. "Cıdır Düzü" və "Dumana bürünmüş dağlar" tablolarında səmada buludların arasından süzülərək keçən günəş şüaları və gümüşü-mavi rənglərin ahəngindən istifadə edən rəssamın dağ təsvirləri emosional effekti gücləndirib. Bu əsərlər silsiləsi 1957-ci ildə əvvəlcə Moskvada, sonra isə Bakıda uğurla nümayiş etdirilmişdir. Rəssam beş ildə (1952–57) Quba və Şuşa rayonlarında çəkdiyi mənzərə silsilələrində təbiətdə mövcud olan rəngləri bütün incəlikləri ilə araşdıraraq kompozisiyasını zənginləşdirməyə nail olmuşdur. Bu rəsmlərdə rənglərin harmoniyası, rəng keçidləri və onların yaratdığı lirizm, romantik ruh diqqəti cəlb edir.
1960-cı illər left|thumb|321x321px|"Torpağın arzusu" 1963 1960-cı illər Səttar Bəhlulzadənin yaradıcılığında kəskin dönüş nöqtəsi oldu. O, kompozisiya həllində əhəmiyyətli dəyişikliklər etdi. Bundan əlavə, rəsmlərində fərqli hissələrin inteqrasiyasının, başqa sözlə, bütünlə birləşməsinin ön plana çıxdığını görürük. Rəssamın son rəsmlərində kölgə yerini təzadlı rənglərə verib. Bütün bu köklü dəyişikliklərlə yanaşı, rəssamın gerçəkliyə, canlı təbiətə emosional ifadə dili ilə yanaşması Azərbaycan sovet rəssamlığı tarixində bir ilk sayıla bilər. Rəssam vətəninin daim dəyişən, yeniləşən təbiətini fırçası ilə bəzən poetik-emosional, bəzən sərt həyəcanlı bir ifadə ilə təsvir etmişdir ("Torpaq, Su, Günəş və Əmək " 1961, "Torpağın arzusu" 1963 , "Gülüstan" 1965, "Araqvi" 1960 və s.). Bu əsərlər zəngin rəngləri, mükəmməl üfüqü və kompozisiya quruluşu ilə diqqəti cəlb edir. Bu mənzərələrin mövzusu olan bölgələr bir çox rəssamlar tərəfindən təsvir edilmişdir. Bununla belə, Behlulzadə "sosialist realizmi"nin estetik prinsiplərindən və reallığa həddən artıq bağlı olan sənətkarlardan, xüsusən də bu silsilə əsərlərində öz fərqliliyini nümayiş etdirmişdir. thumb|301x301px|Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mahmud Tağıyev Yaradıcılığının bu dövründə ən önəmli nüanslarından biri rəssamın mavi rəngdən və onun tonlarından istifadə edərək yaratdığı əsərlər idi. Bunlar bu dövrün orijinal və təzadlı sənət əsərləridir. Bu əsərlərə "Xəzər gözəli" (1961), "Mavi əfsanə" (1961), "Petrol daşları" (1961), "Kür boyu", "Əbədi alov", "Mavi göl", "Kəpəzin gözyaşları" tablolarını nümunə göstərmək olar. Rəssam 1961-ci il, 75x120 sm ölçülü "Mavi əfsanə" adlı əsərində Bakı sahilində mavi səmanın sonsuzluğunda bir axşam təsvir etmiş və əsərə emosional "romantik" anlar qatmağa nail olmuşdur.
Rəssam 105x150 sm ölçüdə 1965-ci ildə tamamladığı "Kəpəzin gözyaşları" əsərində günəşin doğuşunu təsvir edərkən isti və soyuq rəng və tonlardan birlikdə istifadə etmişdir. Burada rənglərin tonal zənginliyini dar çərçivəyə sığdırmadan fəlsəfi təfəkkürlə təsvir etdiyi görünür. Əsərdə ön planda insanların içini isidən sarı və qırmızı kimi rənglərlə yanaşı arxa planda soyuq xəyal effekti yaradan mavi və onun tonlarından istifadə olunub. Bu Səttar yaradıcılığına xas bir nüansdır.
Azərbaycan təsviri sənət tarixində lirik mənzərə janrının banisi olan Səttar Bəhlulzadənin əsərlərində 1940–1950-ci illərdə realizm ənənələri üstünlük təşkil edirdisə, sonrakı illərdə onun realizmdən fərqli fərdi üslubunun formalaşmasını, artıq Bəhlulzadə dəst-xəttinin meydana gəldiyini aydın görürük. Ümumiyyətlə, 60-cı illərdə Behlulzadənin mənzərələri ənənəvi təsvir sənətinə yenilik gətirmişdir.
Bu dövrdə Səttar Behlulzadəyə sərgilərində sənətsevərlərlə yanaşı, dövrün T. Salahov, T. Nərimanbəyov, M. Cavadov, E. Rzaquliyev kimi gənc və dinamik rəssamlar da dəstək vermişdilər. Toğrul Nərimanbəyov Səttar Bəhlulzadəni tərif edərkən bunları söyləmişdir:
"Səttar şəxsiyyəti Azərbaycanımızın təbiəti kimi lirik, yumşaq və poetikdir. Onun insani tərəfi və yaradıcılığı çox oxşardır, biri digərini tamamlayır. İllər keçsə də, Bəhlulzadənin rəngarəng siması, yüksək sənəti hələ də bir çox rəssamları ruhlandırır. Çünki Səttarın böyük sənəti Azərbaycanın özü kimidir".