İslamda həmrəylik – Əqidə və şəriət məsələlərində etiqad edilməsi və qəbul olunması zəruri sayılan mövzulardan başqa digər müxtəlif anlayışları, ümumilikdə isə islam məzhəblərini "vahid İslam ümməti" adı altında bir araya gətirmək, müsəlmanlar arasındakı fikir müxtəlifliyinə səbəb olan məsələlərə obyektiv münasibət bəsləmək, İslamda məzhəblər arasında ortaq məxrəcə gələ bilmək imkanlarını araşdırmaq, fikir müxtəlifliyinin təbii qəbul etmək və qarşı tərəfin fikrinə hörmətlə yanaşmaq prinsiplərin əsas tutan ideyadır. Ideyanın əsas məqsədi məzhəblərarası yaxınlaşmanı təmin etməkdir.

İdeyanın İnkişaf Tarixi

Qurani-Kərim Həmrəylik islamın içindən qaynaqlanır. İslamın müqəddəs kitabı Qurani-Kərimdə deyilir: 1) "Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizi müsəlman adlandırdı" (Həcc, 78).

2) "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın" (Əli İmran, 103)

3) "Allaha və Peyğəmbərinə itaət edin, birbirinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir" (Ənfal,46).

Peyğəmbərin "Üxuvvət" islahatı İslam dinində din qardaşlığı qan qardaşlığından daha dəyərli hesab olunur. Bu ideoloji yanaşmanın kökündə islamın müqəddəs kitabı olan Qurani-Kərimdən qaynaqlanan "dini qardaşlıq" prinsipi durur. Bu prinsip daxili həmrəyliyi qoruyur. İslamı qəbul etmiş iki şəxs arasındakı etnik, dil və digər fərqlər silinir və onların arasında düşmənçilik yolverilməz hesab olunur. Bu həmrəylik ideyasının ən gözəl nümunəsini Peyğəmbərin təsis etdiyi "üxuvvət" (qardaşlıq) sosial islahatında görmək mümkündür. Bu islahat nəticəsində hər məkkəli bir mədinəli ilə qardaş elan edilmiş və bütün mülkləri ikiyə bölünərək paylaşılmışdı. Nəticədə həm mənəvi, həm də maddi birlik təsis edilərək güclü bir cəmiyyət qurulmuşdu. İctimai vəhdətin məhz bu dövrdə ən yüksək nöqtəsinə çatdığı hesab olunur. Peyğəmbərin bu islahatı sonradan yaradılacaq dövlət üçün daxili sosial-siyasətin yeridilməsi və sosial vəhdətin yaradılmasına böyük nümunə oldu.

Seyid Cəmaləddin Əfqani – Şiə və Sünni Birliyi thumb|Seyid Cəmaləddin Əfqani

1892-ci ildə Osmanlı hökmdarı İkinci Əbdülhəmid S. C. Əfqaniyə məktub yazaraq onu İstanbula dəvət edir. Bu ərəfədə Londonda yaşayan və İngiltərənin müstəmləkəçiliyinə qarşı gedən Əfqani bu təklifi böyük həvəslə qəbul edir. Əfqani Londonda yaşayarkən belə bir fikir irəli sürmüşdü ki, məhz islam aləmində birliyə və həmrəyliyə nail olunarsa, bu ingilislərin yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı ən böyük mübarizə olacaq. Bu ideya Ərəbistanı itirmək təhlükəsi ilə üz-üzə qalmış Əbdülhəmid üçün çox cəlbedici oldu. Belə ki, həmin dövrdə ingilislər ərəb tayfaları arasında millətçi hissləri qaldıraraq onları Osmanlıya qarşı çıxmağa təhrik etdikləri tarixi mənbələrdən məlumdur.

İstanbula gələn kimi, dövrün qabaqcıl islam alimlərinə məktublar yazaraq onların da fikrini bu sahəyə yönəldən Seyid Cəmaləddin Əsədabadi qısa bir müddət ərzində "İslami Birlik" cəbhəsini qurur və müsəlmanların itirdiyi nüfuzunu təkrar geri qazandırmağa çalışır. Bu hədəfini reallaşdırmaq üçün təxminən dörd il səy göstərir.

Əfqani ümumilikdə islam həmrəyliyinin mahiyyətini belə izah edirdi:

"Müsəlman dünyasında ingilislərə və digər düşmənlərə qarşı mübarizə islami vəhdətdə mümkündür. Şiə və sünni müsəlmanlarının vəhdətindən sonra düşmənlərlə mübarizə aparmaq daha effektiv olacaq. Şiə və sünni ayrı seçkiliyi əhəmiyyətsizdir."

"Peyğəmbərin və əhli-beyti adına müxtəlif dövr və zamanlarda bir çox insanlar və qruplar zühur etdi. Qulatlar kimi bəziləri doğru yoldan azdı. Bunlar Əli ibni Əbu Talibin Allah olduğunu müdafiə edirdilər. Bir çoxları əhli-beytə qarşı məhəbbətdə həddini aşdı. Bu iki qrup da "Biz əhli-beytdən iki qrup həlak olmuşdur. Həddindən artıq sevənlər və xəyanət edən düşmən" ifadəsini müdafiə edənlərin hökmünün çərçivəsinə daxildir."

"Qulatlar, artıq, keçmiş zamanda qalıb. Artıq, bu dövrdə çox az sayda bu cür insanlar yaşayır. Bütün bunların ortaya çıxmasına ümmətin cahilliyi (elmsizliyi) və məmləkət sərhədlərini genişləndirməyə tamah edən hökmdarların axmaqlığı səbəb olmuşdur.

Dövlətlərin başçıları hökmdarları qəribə vahimələrlə və əhli-beyt şiələri ilə əhli-sünnət davamçılarını bir birinə qırdırır. Halbuki, hər iki dəstə də Qurana və Məhəmmədin peyğəmbərliyinə inanırlar."

"Müaviyəyə qarşı müharibə məsələsində imam Əlinin üstün tutulub dəstəklənməsi məsələsinə baxsaq, bunun o zaman faydalı olduğunu və ya haqqın ortaya çıxarılaraq batilin yox edilməsi məqsədi daşıdığını qəbul etsək belə, bizcə bu gün bu ifadənin davam etməsi keçmiş bir millətlə birlikdə dövrü keçmiş bu məsələyə ilişib qalmaq deməkdir. Bu isə zərərdən və islam birliyi bağlarının parçalanmasından başqa bir nəticəyə səbəb olmayacaq."

"Bu gün ərəb olan-olmayan əhli-sünnə ittifaq edib Əli ibni Əbu Talibin xilafətə Əbu-Bəkrdən daha layiq olduğunu söyləsə və qəbul etsə nəyisə tərəqqi etdirəcəkmi? Ya da şiənin vəziyyəti düzələcəkmi?"

"Yaxud, şiə əhli-sünnəyə qatılıb "Əbu Bəkirin xilafət məqamına İmam Əlidən əvvəl gətirilməsi daha doğrudur" desə, bu sünni müsəlmanlarının inkişafına səbəb olacaqmı?" "Bu onları içlərində olduqları zillət və alçaqlıqdan çəkib qurtaracaq və cəmiyyət strukturlarını yıxılmaqdan qoruyacaqmı?"

"Müsəlmanların bu qəflətdən oyanmaları, ölüm gəlmədən bu ölüm yuxusundan qalxmalarının zamanı daha gəlmədi mi?"

"Ey millət! And olsun ki, möminlərin əmiri Əli ibni Əbu Talib, ümumiyyətlə, əsl şiə, heç bir dünyəvi fəaliyyəti bacara bilmədiyi bir dövrdə qalxıb əhli-sünnətlə vuruşmaz, ya da sırf Əbu-Bəkri üstün tutmaları səbəbiylə sünnilərdən ayrılmağa heç vaxt razı olmaz."

Cəmaləddin Əfqani hesab edir ki, islam dünyasının geri qalmasının səbəbi onun elmdən və Quranı anlamaqdan geri qalması ilə bağlıdır.

Əfqaninin bu istiqamətdə dərin araşdırmaları və ortaya qoyduğu mövqe Osmanlı din xadimlərini iki yerə böldü. Birinci qrup Əfqani ilə razı olsa da ikinci qrup şiələrlə ittifaqa qısqanclıq və düşmənçiliklə yanaşaraq bu məsələnin olmayacağında təkidli mövqe tutdular. Nəticədə Osmanlının içində parçalanma təhlükəsi hiss olundu. Seyidin bu fəaliyyətlərini görən Sultan Əbdülhəmid mövqe və səltənətinin təhlükədə olduğunu düşünərək Seyid Cəmaləddini həbs etdirir.Mehrdad Kia, Pan-Islamism in Late Nineteenth-Century Iran, Middle Eastern Studies, Vol. 32, No. 1, pp. 30–52 (1996).

Seyid Cəmaləddin hicri 1314-cü ildə (1897 m.) polis tərəfindən nəzarət altında saxlanıldığı vaxt vəfat edir və İstanbuldakı "Şeyxlər" qəbiristanlığında dəfn edilir.

Bununla da bəlkə də Osmanlını dağılmaqdan və Yaxın Şərqi ingilis istilasından qoruyacaq bir prosesin – islam həmrəyliyinin qarşısı alınmış oldu.

Birinci Dünya müharibəsindən sonra Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyası Yaxın Şərqi itirdi. Regionda avropanın böyük müstəmləkəçi dövlətləri dağıdıcı və bölücü fəaliyyətə başladı. Bu ideoloji böhranda və boşluqda qalan regionda pərən düşən ərəb cəmiyyətlərində islamda həmrəylik yaratmaq məqsədilə 1947–49-cu illərdə "Məzhəblərarası Yaxınlaşma Mərkəzi" (Darut-təqrib beynəl-məzahibil-islamiyyə) adlı bir qurum yaradılır və eyni zaman kəsiyində ərəb millətçiliyi və kommunizm ideologiyasının birləşməsindən BƏƏS partiyası yarandı. "Darut-təqrib" adlı qurum bütün islam dünyasında böyük həmrəylik ideyasının təbliğatçısına çevrilir və "Risalətul-İslam" adlı rüblük jurnal nəşr etdirir, İranda əhli-sünnə alimlərinin, Misirdə isə şiə müəllimlərinin klassik əsərlərini çap etdirir, müştərək konfrans və simpoziumlar keçirirdi. Bütün bunlara baxmayaraq, BƏƏS də siyasi güc olaraq regionda güclü materialist ideyaların təbliğatçısı oldu. BƏƏS-in qurucuları Mişel Əfləq və Səlahəddin Bitar, Fransanın Sarbon universitetində oxuyarkən sosialist yönlü siyasi mühitlə əlaqədən sonra sosializm və ərəb millətçiliyinin qatı təəssübkeşçilərinə çevrilmişdilər. 1963-cü ildə regionun güclü dövlətləri olan İraq və Suriyada BƏƏS partiyası hakimiyyətə gəldi. Həqiqət isə ondadır ki, bu hadisənin baş verməsi regionda islam həmrəyliyi ideyasın baş tutmasına əngəl olan əsas hadisələrdən biri oldu.

Şeyx Mahmud Şəltutun Tarixi Fitvası İslam dünyasında həmrəyliyə xidmət edəcək bir fitva, əhli-sünnənin böyük alimi Şeyx Mahmud Şəltutun tərəfindən verilmişdir. Bu fitvaya görə ən mühüm addımlarından biri də ibadətlərin və müamilələrin (Müamilə dedikdə — alış-veriş, icarə, şirkət, girov, sülh, zəmanət, lüqətə (itirilmiş mal), birovuz vermək, qəsb (oğurluq), hibə (bağışlamaq), vəsiyyət, fəraiz (dinə görə mirasçıların hər birinə düşən paylar), itq (kölə və ya cariyə azad etmək), əmanət, iqrar (başqasının öz üzərindəki olan haqqını bildirmək və xəbər vermək), dava (şəxsin başqası üzərində olan haqqını isbat etmək üçün istədiyi şey) və qəza (hökm vermək) kimi mövzular) islamın mötəbər məzhəblərindən biri olan on iki imamçı şiə məzhəbinin fiqhinə uyğun olaraq yerinə yetirilməsi icazəlidir. M. Şəltut, bu fitvası 1958-ci il 1 oktyabr tarixində verilmişdi (bu hadisə bütün islam dünyası üçün vacib olan gündə baş verdi – Peyğəmbərin və İmam Sadiqin doğum günündə). Fitvanın mətni belədir: M. Şəltutdan soruşuldu: "Bəzi şəxslər müsəlmanın ibadətlərinin və müamilələrinin düz olması üçün onun tanınmış dörd (sünni) məzhəbindən birinə təqlid etməsinin vacib olmasına etiqad edirlər. Hansı ki o məzhəblərin arasında on iki imamçı şiə və zeydi şiəliyi məzhəbləri yoxdur. Bu barədə sizin rəyiniz nədir? Məsələn, on iki imamçı şiə məzhəbinə təqlid etməyi yasaq buyurursunuzmu?"

M. Şəltut tərəfindən verilən cavab belə oldu:"1. İslam dini öz ardıcıllarından heç birinə müəyyən bir məzhəbə tabe olmağı vacib etməmişdir. Biz deyirik ki, hər bir müsəlmanın səhih bir yolla nəql olunmuş və hökmləri xüsusi kitablarında yazılmış hər hansı bir məzhəbə təqlid etməyə haqqı vardır. Bu məzhəblərdən birinə təqlid edən şəxs öz məzhəbindən başqa bir məzhəbə keçə bilər. Bu barədə onun üzərində heç bir çətinlik yoxdur.

2. On iki imamçı şiə məzhəbi kimi tanınan cəfəri məzhəbinə əsasən ibadət etmək digər əhli-sünnə məzhəbləri kimi icazəlidir. Müsəlmanlar bunu bilməli və haqsız olaraq müəyyən məzhəblərə kor-koranə bağlılıqdan xilas olmalıdırlar. Allahın dini və şəriəti bir məzhəbə bağlı deyildir, yaxud bir məzhəbə məhdudlaşdırılmamışdır. Bütün müctəhidlər Allah yanında məqbuldurlar. Fikir və ictihad əhli olmayan şəxsin onlara təqlid etməsi və fiqhlərində müəyyənləşdirdikləri fikrə əməl etməsi icazəlidir. Bu mövzuda ibadətlərlə müamilələr arasında heç bir fərq yoxdur".

Şiə Vəhdət Fitvaları İslam həmrəyliyi ideyasına dəstəkçi olan və islamın daxilən parçalanmasına qarşı çıxaraq öz mövqeyini fitvalarla göstərən şiə alimlərinin sayı kifayət qədər çoxdur. Bu alimlərin tutduğu mövqe sırf cəmiyyətin parçalanmasına qarşı yönəlmişdir və islam həmrəyliyinin güclənməsinə xidmət edir. Bəzi alimlərin mövqelərini nəzərdən keçirək: