Krotonalı Alkmeon (yun. Ἀλκμαίων ο Κροτωνιάτης, təxminən m. ö. V – IV yüzilliklər) ilk yunan filosoflarından biri, pifaqorçular məktəbinin təmsilçisi, təbib, bioloq. Cənubi İtaliyanın Krotona şəhərində yaşamış, Pifaqordan dərs aldığı ehtimal edilir.

Təbabət və biologiya sahəsində araşdırmaları Zamanımıza çatmayan "Təbiət haqqında" kitabın müəllifi olmuşdur. Zoologiya, botanika və anatomiya elmləri üzrə araşdırmalar aparmış və özəl fikirlərlə çıxış etmişdir. Zamanının başqa filosoflarından fərqli olaraq Alkmeon dünyanın yaranması və quruluşu haqqında fikirlərə önəm verməmişdir.

Anatomiya Alkmeon beyinə gedən göz sinirlərini araşdırarkən belə nəticəyə gəlmişdir ki, görmək, eşitmək, hiss etmək kimi duyğular göz, qulaq, dəri kimi orqanlardan özəl kanallar vasitəsilə beyinə ötürülür. Orada onlar "emal" olunur və düşüncə yaranır. Beləliklə, beyin düşüncənin və idrakın mərkəzidir. Antik botanik Teofrastus "Duyğular haqqında" kitabında yazmışdır ki, bununla Alkmeon düşüncə ilə duyğu anlayışlarını bir-birindən ayırmışdır. Onların hər ikisi insandadır; heyvanlarda isə yalnız duyğusallıq vardır.Лебедев А. В. Фрагменты ранних греческих философов . М.: Наука, 1989, c. 268. Burada o duyğusallığa (empirizmə) üstünlük verərək deyirdi ki, hər şeydən öncə duyğu gəlir, onsuz dünya qavranılmaz.

Embriologiya Alkmeon ibtidai embrioloji fikirlərlə də çıxış etmişdir. Onun fikrincə, embrion (döl) kişi və qadın toxumlarının birləşməsindən yaranır. Bu birləşmədə kişi toxumu çoxluqda olanda oğlan, qadın toxumu çoxluqda olanda isə qız doğulur. Ana bətnində ilk olaraq baş yaranır. Qidanı isə embrion hansısa orqanı ilə deyil, bütün cismi ilə anadan alır.

Fəlsəfəsi Alkmeon həm də insanın yetkinliyə çatmasını bitkilərdə gedən proseslərlə müqayisə edirdi. Belə ki, toxum atmaqdan öncə bitkilər gül açır. Eləcə də, yetkinlik çağı gəlməmişdən öncə insanın cinsi orqanlarının ətrafında tüklər böyüyür.

Alkmeona görə, insan sağlamlığı onun içində olan isti-soyuq, quru-nəm, şirin-acı kimi bir-birinə qarşı duran qüvvələrin bərabərliyidir. Bunu o "izonomiya" adlandırmışdır. Bu qüvvələrdən hansısa biri başqalarına üstün gəlirsə, onda xəstəlik başlanır. Bunu da Alkmeon dövlət və cəmiyyətin qanunları ilə müqayisədə görürdü. Toplumda da qüvvələr nisbəti bərabər paylaşanda stabillik olur. Bu müvazinət pozulduqda isə qarışıqlıq yaranır. Müvazinətin pozulmasını, eləcə də bir qüvvənin başqalarını üstələməsini Alkmeon dövlət quruluşu ilə müqayisə edərək "monarxiya" (krallıq) adlandırmışdır.Маковельский А. О. Досократики . Минск: Харвест, 1999, c. 378.

Alkmeon insanı mikrokosm kimi dəyərləndirmiş və onu kosmosun hissələri olan cisimlərlə müqayisə edirdi. Belə ki, ölməz olan insan ruhu kosmosun ölməz hissələri olan günəşə, aya və ulduzlara uyğundur. Onun ruhu kosmik cisimlər kimi dairəvi hərəkətdədir. Bu hərəkət dayanan kimi ölüm baş verir. Ruhun ən yüksək hissəsi insanın beynində yerləşir.

Mənbə

Ədəbiyyat

Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915. Foca A. The origin of experimental medicine in the school of Alcmaeon from Kroton and the diffusion of his philosophy within the Mediterranean area.Skepsis, v. 13–14, 2002, p.242–253. Лебедев А. В. Фрагменты ранних греческих философов. М.: Наука, 1989. Маковельский А. О. Досократики. Минск: Харвест, 1999.

Həmçinin bax Pifaqor Pifaqorçular məktəbi Neopifaqorçuluq

İstinadlar Kateqoriya:E.ə. IV əsr şəxsləri Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Yunanıstan filosofları Kateqoriya:Qədim Yunanıstan filosofları Kateqoriya:Sokrataqədərki filosoflar Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi Kateqoriya:E.ə. V əsr filosofları