Sabah Saleh oğlu Şəriəti () — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Sabah Şəriəti 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub.

Sabah Şəriəti həm də 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının gümüş medalına, 2019-cu ildə Belarusda isə II Avropa Oyunlarının bürünc medalına sahib olub.

Sabah Şəriəti Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Həyatı Sabah Saleh oğlu Şəriəti 1989-cu il yanvarın 1-də Sənəndəc şəhristanının Sənəndəc şəhərində anadan olub. 2002-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Cəmşid Xeyrəbadidir.

Karyerası

2009–2010-cu illər: İran yığması Sabah Şəriəti 2009-cu ilin aprelində Azərbaycanda baş tutan "Azerbaijan Wrestling Federation Cup" beynəlxalq turnirində mübarizə apardı və turnirin qalibi oldu. 2010-cu ilin fevralında isə o, İranın Qum şəhərində baş tutan Yadigar İmamın xatirəsinə həsr olunan beynəlxalq turnirdə 8-ci pillənin sahibi oldu.

Daha sonra Sabah Şəriəti İran yığmasının məşqçilərinin ona etimad göstərməməsinə görə üç il beynəlxalq turnirlərdə mübarizə apara bilməmişdi. Etimad göstərilməməsinin əsas səbəbi, həmin illərdə yunan-roma güləşi üzrə İran yığmasının "bir nömrəli" güləşçisinin 2011-ci il Asiya Çempionatının qalibi və Dünya Çempionatının bürünc medalçısı olan Bəşir Babacanzadənin hesab olunması idi. Məhz bu səbəbə görə Dünya və Avropa Çempionatlarında İranı Bəşir Babacanzadə təmsil edirdi. 2013-cü ilin yanvarında İran əsilli güləş mütəxəssisi Cəmşid Xeyrəbadi yunan-roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə təyin ediləndən sonra 2013-cü ildə Sabah Şəriəti milliləşdirildi və Azərbaycan yığmasına gətirildi.

2013–2014-cü illər: Azərbaycan yığmasına gəlişi Sabah Şəriəti Azərbaycan yığmasının heyətində beynəlxalq səviyyədə birinci turnirinə 2013-cü ilin noyabrında qatıldı. Şəriəti 22–24 noyabrda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində mübarizə apardı. Turnirin final görüşündə o, Gürcüstan nümayəndəsi Yaqub Kacayanı 6:1 hesabı ilə məğlub etdi və qızıl medalın sahibi oldu.

Sabah Şəriəti 2014-cü ildə birinci turnirinə 1–2 fevralda İstanbul şəhərində baş tutan Vehbi Emrenin xatirəsinə həsr olunan beynəlxalq turnir çərçivəsində qatıldı. O, birinci görüşdəcə Rusiya təmsilçisi Vitali Lindsiyə məğlub oldu və 12-ci pillənin sahibi oldu. Daha sonra Sabah Şəriəti 1–2 martda Macarıstanda baş tutan Qran-Pri beynəlxalq turnirində çıxış etdi və turniri 7-ci pillədə başa vurdu.

2014-cü ilin əsas turnirlərindən biri 1–6 apreldə Finlandiyanın Vantaa şəhərində baş tutan Avropa Çempionatı idi. Avropa Çempionatlarında debüt edən Sabah Şəriəti, 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə 2012-ci il London Olimpiadasının bürünc medalçısı və 2 dəfə Dünya Çempionatının qalibi olan Estoniya nümayəndəsi Nabi Heyi ilə üz-üzə gəldi. Titullu rəqibi ilə görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu. Heyi 4:0 hesabı ilə irəlidə olsa da, Şəriəti geridönüş edə bildi. Nəticədə Sabah Şəriəti gözlənilmədən təcrübəli rəqibinə 5:4 hesabı ilə qalib gəldi və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, 2012-ci il London Olimpiadasının digər bürünc medalçısı olan İsveç təmsilçisi Yohan Euren ilə qarşılaşdı. Bu səfər Sabah Şəriəti rəqibinə 0:4 hesabı ilə məğlub oldu və Avropa Çempionatında mübarizəni dayandırdı.

Avropa Çempionatından sonra Sabah Şəriəti birinci turnirinə 15–16 mayda İranın Tehran şəhərində baş tutan yunan-roma güləşi üzrə Dünya Kuboku çərçivəsində qatıldı. Azərbaycan yığması "A" qrupunda Cənubi Koreya, Ermənistan, Finlandiya və İran yığmaları ilə mübarizə apardı. Azərbaycan yığması birinci görüşdə İran güləşçiləri ilə üz-üzə gəldi və 0:8 hesabı ilə məğlub oldu. Bu görüşdə Azərbaycan yığmasının heyətində Valera Rodrigez çıxış etdi. Növbəti görüşdə Azərbaycan güləşçiləri Ermənistan yığması ilə üz-üzə gəldi və 8:0 hesabı ilə qalib gəldi. Komandanın heyətində Sabah Şəriəti Vaçi Yeğiazaryan üzərində 4:1 hesabı ilə qələbə qazandı. Qrup mərhələsinin üçüncü görüşündə Azərbaycan güləşçiləri Cənubi Koreya yığması ilə üz-üzə gəldi və gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə rəqibi üzərində 5:3 hesabı ilə qələbə qazandı. Komandanın heyətində Sabah Şəriəti Kim Yonq-Mini 4:0 hesabı ilə məğlub etdi və qələbədə pay sahibi oldu. Qrup mərhələsinin sonuncu görüşündə Azərbaycan güləşçiləri Finlandiya yığması ilə üz-üzə gəldi və 6:2 hesabı ilə qələbə qazandı. Həmin görüşdə Sabah Şəriəti rəqibinə məğlub olsa da, bu ümumi nəticəyə təsir göstərmədi. Qrup mərhələsinin nəticələrinə əsasən İran yığması final görüşünə, Azərbaycan yığması üçün bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bürünc medal uğrunda görüşdə Azərbaycan yığması Macarıstan güləşçiləri ilə üz-üzə gəldi. Həlledici görüşdə Azərbaycan yığması rəqibin üzərində 6:2 hesabı ilə inamlı qələbə qazandı. Komandanın heyətində Sabah Şəriəti Balint Lamini 1:0 hesabı ilə məğlub etdi və qələbədə pay sahibi oldu. Bununla da Azərbaycan yığması yunan-roma güləş üzrə Dünya Kubokunun bürünc medalına sahib oldu.

Sabah Şəriəti növbəti uğurunu iyulda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində qazandı. Finala gedən yolda bütün rəqiblərini məğlub edən Sabah Şəriəti, turnirin həlledici görüşündə bir il əvvəl analoji turnirin final görüşündə qalib gəldiyi Gürcüstan nümayəndəsi Yaqub Kacaya ilə üz-üzə gəldi. Görüşün əvvəllərində Şəriəti 5:1 hesabı ilə irəlidə olsa da, görüşün 1:16-cı dəqiqəsində Kacaya rəqibinə inamlı fənd tətbiq etdi və təmiz təmzi qələbə qazandı. Bununla da Sabah Şəriəti turnirin gümüş medalına sahib oldu.

2014-cü ilin əsas turniri 8–14 sentyabrda baş tutan Dünya Çempionatı oldu. Dünya Çempionatlarında debüt edən Sabah Şəriəti, turnirin birinci görüşündə İsveç nümayəndəsi Yohan Euren ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 2:2 hesabı ilə başa çatdı. Qaydalara əsasən son xalı qazanan güləşçi görüşün qalibi hesab olunurdu. Nəticədə Yohan Euren son xalı qazandığı üçün görüşdə qalib gəldi. Sabah Şəriəti isə Dünya Çempionatında mübarizəsini dayandırdı.

Sabah Şəriəti 2014-cü ildə beynəlxalq səviyyədə sonuncu turnirinə 6–10 noyabrda Rusiyada baş tutan Komandalararası "Alrosa Cup" beynəlxalq turniri çərçivəsində qatıldı. Azərbaycan yığması birinci görüşdə Bolqarıstan güləşçiləri ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 4:4 hesabı ilə başa çatsa da, görüşlərdə toplanan hesablara əsasən Azərbaycan yığması qalib gəldi. Komandanın heyətində qələbədə pay sahibi olan güləşçilərdən biri də Sabah Şəriəti idi. Növbəti görüşdə Azərbaycan güləşçiləri Rusiya yığması ilə qarşılaşdı və rəqibinə 2:6 hesabı ilə məğlub oldu. Azərbaycan yığmasının heyətində qələbə qazanan güləşçilər Şəhriyar Məmmədov və Sabah Şəriəti idi. Reqlamentə əsasən Azərbaycan yığması bürünc medal uğrunda görüşdə mübarizə apardı. Həlledici görüşdə Azərbaycan güləşçiləri Macarıstan yığması ilə üz-üzə gəldi və 6:2 hesabı ilə inamlı qələbə qazandı. Komandanın heyətində Sabah Şəriəti Balint Lam üzərində qələbə qazanaraq bürünc medalın qazanılmasında pay sahibi oldu. Ümumi olaraq turnir ərzində Azərbaycan yığmasının heyətində üç görüşün hamısında qalib gələn yeganə güləşçi Sabah Şəriəti oldu.

Sabah Şəriəti ilin sonunda Azərbaycan Çempionatında mübarizə apardı və bütünc rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.

2015-ci il: Avropa Oyunlarında final Sabah Şəriəti 2015-ci ildə birinci turnirinə Azərbaycan yığmasının heyətində fevralda İranın Tehran şəhərində baş tutan Dünya Kuboku çərçivəsində qatıldı. Azərbaycan yığması "A" qrupunda Almaniya, İran və İsveç yığmaları ilə mübarizə apardı. Azərbaycan yığması birinci görüşdə İran güləşçiləri ilə üz-üzə gəldi və 6:2 hesabı ilə qalib gəldi. Komandanın heyətində Sabah Şəriəti Bəhnam Mehdizadə üzərində 8:0 hesabı ilə qalib gəldi və qələbədə pay sahib oldu. Növbəti görüşdə Azərbaycan güləşçiləri Almaniya yığması ilə qarşılaşdı. Bu görüşdə də Azərbaycan yığması rəqibi üzərində inamlı qələbə qazandı — 7:1. Həmin görüşdə Sabah Şəriəti Eduard Popp üzərində 1:0 hesabı ilə qalib gəldi və növbəti dəfə qələbədə pay sahibi oldu. Qrup mərhələsinin sonuncu görüşündə Azərbaycan yığması İsveç güləşçiləri ilə üz-üzə gəldi və 7:1 hesabı ilə qalib gəldi. Sabah Şəriətinin görüşdə rəqibi, ötən il ərzində Avropa və Dünya Çempionatlarında məğlub olduğu İsveç nümayəndəsi Yohan Euren idi. Bu səfərdə o, əzəli rəqibinə məğlub oldu — 0:2. Qrup mərhələsinin nəticələrinə əsasən Azərbaycan yığması final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə Azərbaycan yığması Rusiya güləşçiləri ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 4:4 hesabı ilə başa çatsa da, görüşlərdə toplanan hesablara əsasən Azərbaycan güləşçiləri qalib gəldi. Bununla da yunan-roma güləşi üzrə Azərbaycan yığması tarixində birinci dəfə Dünya Kubokunun qalibi oldu.

Dünya Kubokundan sonra güləş üzrə Azərbaycan yığmasının bütün diqqəti I Avropa Oyunlarına yönəldi. 12–28 iyunda baş tutacaq I Avropa Oyunlarında mübarizə aparacaq güləş üzrə Azərbaycan yığmasının heyəti iyunun 8-də açıqlandı. Heyətdə Sabah Şəriətidə yer aldı. Sabah Şəriəti iyunun 14-də I Avropa Oyunlarında mübarizə apardı. Sabah Şəriəti 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Niholay Kuçmı ilə üz-üzə gəldi. Sabah Şəriəti rəqibi üzərində 8:0 hesabı ilə inamlı qələbə qazandı və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, ötən il Qızıl Qran-Pri turnirinin həlledici görüşündə məğlub olduğu Gürcüstan təmsilçisi Yaqub Kacava ilə qarşılaşdı. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Sabah Şəriəti qələbə qazandı — 5:2. Bununla da o, I Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda Sabah Şəriəti Belarus nümayəndəsi İosif Çuqoşvili ilə üz-üzə gəldi. Həmin görüşdə Sabah Şəriəti 5:0 hesabı ilə qalib gəldi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə o, 2012-ci il London Olimpiadasının bürünc medalçısı, 1 dəfə Dünya və 4 dəfə Avropa Çempionatlarının qalibi olan Türkiyə təmsilçisi Rıza Kayaalp ilə üz-üzə gəldi. Həmin görüşdə o, rəqibinə 1:3 hesabı ilə məğlub oldu. Bu minvalla da Sabah Şəriəti I Avropa Oyunlarının gümüş medalına sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Sabah Saleh oğlu Şəriəti "Tərəqqi" medalı ilə təltif edildi.

2015-ci ilin əsas turniri 6–12 sentyabrda Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatı oldu. Həmin Dünya Çempionatında 1–6-cı pillələrin sahibi olan güləşçilər, 2016-cı ildə baş tutacaq XXXI Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqdı. Sabah Şəriəti Dünya Çempionatının birinci görüşündə Macarıstan nümayəndəsi Balint Lam ilə üz-üzə gəldi. Həmin görüşdə o, rəqibi üzərində 3:1 hesabı ilə qələbə qazandı və növbəti mərhələyə adladı. Bu mərhələdə Sabah Şəriəti Venesuela təmsilçisi Ervin Karaballo ilə qarşılaşdı və rəqibi üzərində inamlı qələbə qazandı — 9:0. Bununla da Sabah Şəriəti Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda o, I Avropa Oyunlarının final görüşündə məğlub olduğu Rıza Kayaalp ilə üz-üzə gəldi və bu səfər də rəqibinə məğlub oldu — 0:6. Mübarizəsini bürünc medal uğrunda görüşdə davam edən Sabah Şəriəti, bu görüşdə Ukrayna təmsilçisi Olehsandr Çerneshi ilə qarşılaşdı. Həmin görüşdə o, rəqibinə məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu. Sabah Şəriəti medala sahib ola bilməsə də, Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazandı.