Fərəculla Helu (1906-26 iyun 1959) — Livan kommunisti, LKP-nın baş katibi.
Həyatı
Fərəculla Helu 1906-cı ildə yoxsul kəndli ailəsində anadan olmuşdur. O zaman Livanın sadə adamlarının həyatı dözülməz dərəcədə ağır idi. Ölkə Osmanlı imperiyasının əyaləti idi. Xalq öz əməyinin bəhrəsini yerli feodallara və türk canişinlərinə verərdi. Minlərlə livanlı yurdundan didərgin düşüb, okeanın o tayına xoşbəxtlik axtarmağa gedərdi. Fərəcullanın iki böyük qardaşı da anaları ilə bərabər o taya gedir. Üç yaşlı Fərəculla böyük bacısının nəzarəti altında böyüyür.
Coşqun hadisələr ölkəni lərzəyə gətirir. Livan xalqı suriyalı qardaşları ilə ələlə verib, türk zülmünə qarşı mübarizə aparır. 1915-ci ildə Beyrutun mərkəzi meydanında, sonralar həlak olmuş Mübarizlər Meydanı adlandırılan yerdə Livan xalqının milli-azadlıq hərəkatının başçıları e'dam edilir. Fərəculla da, həyatlarını azadlıq yolunda qurban vermiş adamlar haqqında ilk dəfə onda eşidir.
Fərəcullanın uşaqlıq dövrü ağır və fərəhsiz keçir. Sonralar o, tərcumeyi-halında öz məktəb illəri haqqında belə yazır: «Evimizin lap yanında kənd məktəbi vardı, məni də kiçik yaşından dərsə getməyə məcbur etdilər. Ancaq bu, nə oxumaqdı! Sinifdə nə parta, nə də skamya vardı. Şagirdlər bütün günü quru yerdə otururdular.
İlk müəllimim yaxşı yadımdadır: tosqun, bəstəboy, cır səsli bir kənd ruhanisi idi. Sinifdə onun yeganə skamyası yanında həmişə bir yığın çubuğu hazır durardı, bunlarla fərsiz şagirdləri döyəclərdi. Divar dibində də falaqqa vardı. Lap çox günahı olan şagirdlərin əllərini falaqqaya salıb, çubuqla vurardı. Yalvar-yaxarın köməyi olmurdu. Bu məktəbdə mən fərli bir şey öyrənmədim, amma çubuqların «ləzzəti» heç vaxt yadımdan çıxmayacaq».
Birinci Dünya müharibəsi illərində balaca Fərəculla Livan yoxsullarının qisməti olan bütün aclıq və məhrumiyyətlərə mə'ruz qalır. Ölkə aclıq keçirirdi. Ata, yanında qalmış dörd uşağı dolandırmaq üçün özünu oda-közə vururdu. Amerikadakı böyük oğlunun əməlli köməyi dəymirdi. Əmşid adlanan yerdə, Fərəcullanın keçdiyi yeni məktəbdə müəllim cavan olsa da, tədris üsulu və çubuqlar eynilə qalırdı. Ancaq Fərəculla böyük həvəslə oxuyurdu. Diribaş və fərasətli oğlan tezliklə diqqəti özünə cəlb etdi. Onu hətta konsertlər, tamaşalar təşkil edən, müsahibələr keçirən «məktəb cəmiyyəti»nin rəhbəri təyin etdilər. Fərəculla livanlıların şanlı keçmişi, ərəblərin səlibçilərə və türklərə qarşı qəhrəman mübarizəsi haqqında oxumağı və bu haqda yoldaşlarına danışmağı çox sevirdi.
Məktəbdə o, ilk dəfə olaraq şagirdlərin ictimai vəziyyətlərindəki fərqi bütün kəskinliyi ilə hiss etdi. Fərəculla xatiratında yazır ki, onların arasında bir varlı balası vardı. Bütün müəllimlər, hətta müdir də ona yaltaqlanırdı. Dərs ilinin qurtarması münasibətilə göstəriləcək tamaşada bu vecsiz gombula baş rol tapşırılanda, uşaqlar daha dözə bilmədilər və tə'til e'lan etdilər. Başçıları Fərəculla idi. O nəql edirdi: «Qalmaqal düşəcəyindən qorxan müdir bizə güzəştə getdi. Ancaq o vaxtdan mənə əyri-əyri baxmağa başladılar və dərsdə necə yaxşı cavab verdimsə qiymətimdən kəsdilər».Rumyantsev V.P. Fərəculla Helu, Nəşriyyat: "Azərnəşr", "Bakı", 1966. Səhifə: 58.
Fəqət elə bir gün gəldi ki, Fərəculla məktəbdən ayrılmağa məcbur oldu. Böyük qardaşı Amerikadan məktub göndərdi, o yazırdı ki, işsiz qalmışdır və ailəyə daha kömək edə bilməyəcək. Fərəculla iş axtarmalı oldu. Nəhayət çətinliklə Bənias yaxınlığındakı malikanədə vergi siyahısı tutan qulluqçu yeri tapıldı. Amma Fərəculla orada çox işləmədi: qızmar günəş altında qəpik-quruş üçün ön dörd saat kənd təsərrüfatında çalışan fəhlələri müdafiə etdiyinə görə idarə müdiri onu işdən çıxartdı.
Bu müddətdə Livanda böyük dəyişikliklər baş verdi. Çoxəsrlik türk zülmündən yenicə qurtaran Livan, Fransanın müstəmləkəçilik əsarəti altına düşdü. 1920-ci ildə o, Fransanın mandatlı ərazisinə çevrildi.
İllər keçirdi. Fərəculla indi kənd məktəbində müəllimlik edirdi. O öz xalqının taleyini düşünür, müstəmləkə ağalığına qarşı milli azadlıq mübarizəsinin çox ciddi məsələlərini irəli sürən Misir qəzet və jurnallarını oxuyurdu. 1925-ci ildə Suriyada imperializm əleyhinə qalxmış üsyana Fərəculla böyük hüsn-rəğbətlə yanaşdı. Müəllimlərlə, dostlarla mübahisələrində o, ərəblərin müstəqillik hüququnu qızğın müdafiə edirdi. Təhsilini davam etdirmək fikri Fərəculla Heluya rahatlıq vermirdi. 1929-cu ildə tale onun üzünə güldü: Xəmsə (Suriya) orta məktəbində aşağı siniflərdə ərəb dili müəllimi oldu, onun özü üçün də təhsilini davam etdirməyə imkan yarandı. İyirmi üç yaşlı Fərəculla Yenidən məktəb skamyası arxasında oturdu. Biliyə bütün varlığı ilə can atması, sə'y və inadı tezliklə ona təhsildə müvəffəqiyyət qazandırdı. Məhz bu zaman o, marksist ədəbiyyatı ilə tanış olmağa başladı. Sonralar Helu xatırlayırdı: «Mən öz həmpeşəm olan müəllimlərlə müxtəlif siyasi və ictimai problemləri müzakirə etməyə çalışırdım, lakin görürdüm ki, dərk edə bilmirlər». O vaxt o, öz-özündən soruşmuşdu:–«Yoxsa mən də məktəbi bitirəndə bunlar kimi olacağam?» Bu dövrdə Fərəculla Helunun gələcək həyat yolunu qəti müəyyənləşdirən hadisələr baş verdi. Onun əlinə tarixçi P.Şalın V.İ.Lenin haqqında məqaləsi çap edilmiş fransız həftəlik jurnalı keçdi. Fərəculla belə nəql edirdi: «Leninin həyat və fəaliyyətindən bəhs edən ilk hekayəni oxuyanda ürəyim həyəcznla döyündü. Başa düşdüm ki, hansı yolu seçməliyəm». O, Lenin haqqında yazılan məqaləni axıradək oxumaq üçün böyük çətinliklə fransız jurnalının pərakəndə nömrələrini yığdı. Helu yazırdı: «Mən yay tə'tili günlərində həmin jurnalları dönə-dönə oxudum, orada yazılanları tamam başa düşmək üçün xeyli vaxt lüğətləri araşdırdım. Bilmək istəyirdim ki, kommunist ideyalarını bizim ərəb ölkələrində necə yaymaq olar... Əsas məsələni başa düşmüşdüm. İnqilabçı üçün dözüm, mətanət və soyuqqanlılıq zəruridir. Bunlar Lenini fərqləndirən sifətlərdir». O gündən Fərəculla Helu həyatını Livan xalqının müstəmləkəçilərdən azad olması uğrunda inqilabi mübarizəyə həsr etməyə qəti qərar verdi. 30-cu illərin əvvəli Suriya və Livanda milli azadlıq və fəhlə hərəkatıkın yüksəlişi dövrü idi. Dünya iqtisadi böhranı zəhmətkeşlərin maddi vəziyyətini xeyli pisləşdirdi. Levant ölkələrində vətənpərvər qüvvələrin Fransa müstəmləkəçilərinin ağalığına qarşı narazılığı artırdı. 1931-ci ildə Fərəculla Helu Xəmsədə Suriya Kommunist Partiyası Dəməşq təşkilatı rəhbərlərindən Xalid Bəkdaşla görüşüb tanış oldu. Bu görüşdən sonra onlar ayrılmaz dost oldular. Elə həmin il Fərəculla Helu Suriya Kommunist Partiyası sıralarına daxil oldu, doğma Cübeyldə partiya özəyini yaratdı və onun katibi seçildi.
Livanda kommunist qrupları hələ 1924-cü ildə meydana gəlmişdi. Elə o ilin oktyabrında onlar birləşdi və Suriya Kommunist Partiyasını (SKP)Kommunistlər, habelə Suriyada və Livanda milli azadlıq hərəkatının digər nümayəndələri təşkil etdilər. 1925-ci ilin iyulunda, Suriyada imperialistlərə qarşı xalq üsyanı qalxanda kommunist partiyası qadağan edilmişdi. Onun rəhbərlərindən bir hissəsi həbs olunmuş, bir hissəsi isə uzağa sürgün edilmişdi. Lakin partiya gizli fəaliyyətə keçsə də, işini dayandırmamışdı.
Fransanın mandatı altında olmaq şərtilə müstəqil Livan dövlətinin yaradılması haqqındakı qərarı tanımaq istəmirdilər. O illərdə Suriya ilə Livanı vahid bir dövlət sayırdılar. 1930-cu ildə SKP-nin I qurultayı oldu. Kommunist partiyasının qurultayda qəbul olunan manifestində Suriya və Livanın milli istiqlaliyyəti uğrunda, fəhlə-kəndli hökuməti yaradılması uğrunda, fəhlə qanunvericiliyi uğrunda, torpaqların feodallardan və xaricilərdən alınıb kəndlilər arasında bölüşdürülməsi uğrunda mübarizə aparmaq vəzifələri qarşıya qoyulurdu. Fərəculla Helu kommunist partiyası sıralarına ağır vaxtda daxil oldu: partiyada rəhbərliyə soxulmuş, SKP-ni əsil inqilabi qüvvəyə çevirmək məqsədilə kütlə arasında aparılan işi gücləndirməyin zərurətini başa düşməyən opportunistlərə və təriqətçilərə qarşı mübarizə genişlənirdi. Xalid Bəkdaş, Nikola Şəuyi və Artin Madoyanla birlikdə Fərəculla Helu inqilabi mübarizədə ilk ciddi imtahandan keçdi. Partiya ona yad olan ünsürlərdən təmizləndi. Partiya, fəaliyyətinin ilk günlərindən Fərəculla Helu xalqla qırılmaz tellərlə bağlı olmuşdur. Cübeyldə özək təşkil etdikdən sonra partiya onu ölkənin başqa rayonlarına göndərdi. Beyrutda, Trablisdə, Hələbdə, Dəməşqdə, Livanın, Suriyanın başqa şəhər və kəndlərində fəhlə və kəndlilər onu yorulmaz, coşqun təbliğatçı kimi tanıdılar. Məhz bu illərdə Fərəculla Helunun qəlbində Suriya və Livan xalqlarının bütün ərəb xalqlarının müqəddəratlarının birliyinə, onların öz azadlıqları uğrunda birgə mübarizəsinin zəruriliyinə sarsılmaz inam yarandı.
XX əsrin 30-cu illərində Livanda fəhlə hərəkatı gücləndi. Kommunistlərin nəşr etdiyi «Səud əl-Əməl» («Əməyin səsi») adlı fəhlə qəzeti çıxmağa başladı. Kommunistlərin tə'siri ilə zəhmətkeşlər təkcə iqtisadi tələblərlə deyil, siyasi tələblərlə də çıxış etməyə başladılar. Belə ki, 1933-cü ildə mətbəə fəhlələri, tə'til mübarizəsi nəticəsində, öz həmkarlar ittifaqlarını leqallaşdırmaq hüququ qazandılar.
1934-cü ildə Fərəculla Helu ilk dəfə Sovet İttifaqına gəldi və Orta Asiya respublikalarını gəzdi. SSRİ-də sosializm quruculuğunun əzəməti ona böyük tə'sir bağışladı. Xüsusilə Orta Asiya xalqlarının nailiyyətləri onu heyran etdi. Helu öz təəssüratını 1937-ci ildə Beyrutda nəşr olunmuş «Yeni insanlar yeni dünya qururlar» kitabında ümumiləşdirdi. Fərəculla Helu həmişə mübarizənin qaynar ocağında olur, zəhmətkeşlərin hüquqlarını müdafiə məqsədilə, birinci növbədə fəhlə qanunvericiliyi və həmkarlar ittifatları azadlığını tə'min etmək uğrunda nümayişlər və başqa çıxışlar təşkil edirdi. 1934-cü ildə Suriya Kommunist Partiyasının gizli «Nidal Əş-Şəab» («Xalqın mübarizəsi») qəzeti çıxmağa başladı. Onun banilərindən və redaktorlarından biri Fərəculla Helu idi. 1935-ci ildə Helu SKP MK-nın üzvlüyünə seçildi.
1936-cı ildə Suriya və Livan milli azadlıq mübarizəsinin yeni yüksəlişi dövrünə qədəm qoydu. Yanvarın 20 də Dəməşqdə məşhur əlligünlük tə'til başlandı. Bu tə'til Fransa hökumətini məcbur etdi ki, ölkəyə istiqlaliyyət vermək barədə Suriya hökuməti ilə danışıqlara başlasın. Danışıq aparılacağı haqda belə bir və'd Livan hökumətinə də verildi. Fərəculla Helu, həmişəki kimi, mübarizənin ön xəttində idi. O Dəməşqə gəlib, fransız müstəmləkəçiləri əleyhinə kütləvi xalq çıxışlarının təşkili işinə fəal surətdə qoşuldu. Nümayişlərin birində Helu həbs olundu və iki həftəlik məhbusluqdan sonra silahlı nəzarətçilərlə Livana aparıldı. Fransa hökuməti Suriya ərazisində görünməyi Fərəcullaya qadağan etdi.
Xalq hərəkatının böyüməsi, Suriya ilə Livanın bütün milli antiimperialist qüvvələri ilə vahid cəbhə yaratmaq sahəsində Suriya Kommunist Partiyasının taktikası onun nüfuz və tə'sirinin artmasına səbəb olurdu. 1936-cı ildən Suriya Kommunist Partiyası əslində açıq fəaliyyət göstərirdi. Partiya nümayiş və mitinqlər keçirir, vərəqələr yayır, xalqa müraciətlər çap edir, həmkarlar ittifaqlarında fəal iş aparırdı. Onun rəhbərləri milli partiyaların görkəmli liderləri ilə, hökumət nümayəndələri ilə daim əlaqə saxlayırdılar.
1936-cı ilin noyabrında Fransa–Livan müqaviləsi bağlandı. Danışıqlara görə, müqavilə qüvvəyə mindiyi gündən üç il sonra Livan üzərində Fransa mandatı ləğv edilirdi. Dəfələrlə Livanın Baş naziri olmuş görkəmli dəvlət xadimi Riad Solh Fransa–Livan danışıqlarının müvəffəqiyyətlə qurtarmasında hökumətə yaxından kömək etdikləri üçün Livan Kommunist Partiyasının rəhbərlərinə camaat qarşısında öz təşəkkürünü bildirdi.